Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə
10 yanvar 2026
# 11:00

Kulis.az Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsət xadimi, şair Barat Vüsalla müsahibəni təqdim edir

Belə deyirlər ki, bar gətirəndən sonra çiçəkləyən bir agac var: Turunc! Şair o ağaca bənzəyir. Yazıb yaratdıqca (bar verdikcə) çiçəklənir ömrü- günü,həyatı.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsət xadimi, şair Barat Vüsal da ömrünün və yaradıcılığının çiçəkləndiyi dövründə yaşayır.”Barat” sözünün bir mənası “Gizli vərəq” deməkdir. “Gözümdən anrı görürəm” deyən şairin bəzi “gizlinləriylə” oxucularımızı tanış etmək istədik.

- Barat müəllim, adınızın fərman, pul, məktub, bəxşiş anlamını daşıdığını bilirik. Sən demə “Gizli vərəq” anlamı da varmış. Bu, təsadüfidirmi?

- Nə bilim, vallah! Deyilənə görə, uşağa ad qoyulanda Allahın əmrilə mələklər o adı valideynin qulağına pıçıldayır, yaxud ürəyinə damızdırır.Yəqin siz gizli vərəqə meyilli olduğumu demək istəyirsiniz?

- Hə!

- Şeirlərimdə bunlar az ya çox dərəcədə öz əksini tapıb. Məsələn, “Nəsimi türbəsi önündə” adlı şeirimdə belə misralar var:

Dözüb könüldə qəm, dözüb gözdə nəm,
Gərək gizlənməyəm, gərək gizlənəm!
Mən gizlin Aşkaram, aşkar Gizlinəm,
Açılmaz açımın, sirrinəm babam!

- Nizami deyirdi ki, dünyanın gözü qələmlə işıqlandı. Nəsimini çox sevən bir şair kimi qələmə və əbədiyyata (“taxta qılınc”a!) münasibətiniz?

- Hürufilər “taxta qılınc”a inanırdılar. Və taxta qılınca bütün ariflər inanıblar. Fizuli “İnşallah,qalibəm mən!” demirdimi? Lövhü-Məhfuzda (gizli lövhədə) Allahın bu sözləri yazılmayıbmı: "And olsun ki, mən və peyğəmbərim qalib gələcəyik!".

- Heyif ki, bu “gizli vərəq” dən (lövhədəki o sözdən) hamının xəbəri yoxdur.

- Hardan olsun ki?! Yunus İmrəyə görə, bundan yalnız dərviş könüllülər halıdırlar:

Bu Dərvişlik baratın oxumadı müftilər,

Onlar nə bilsin bunu, bu, bir gizli vərəqdir!

Özü də o gizli vərəq ki, Şəms Təbrizilər, Cəlaləddin Rumilər o vərəqin təkcə yazılı tərəfini oxumaqla kifayətlənməyiblər... O vərəqin o üzünü də, heç bir söz yazılmamış ag üzündəki sözləri də oxuyurdu onlar! Keçmişdə xüsusən, orta əsrlərdə hürufilər kəmərinə taxta qılınc bağlayırdılar. Qələbəyə çox yaxın ikən qələbənin bir addımlığındahər şeyi elə bil, bilə-bilə əldən verirdilər. Polad qılınca “təslim” edirdilər. Taxta qılınc insanı qoruyurdu, polad qılınc insanı qoruyacağına and içirdi. ...And içənə inandılar!?

- Sizə desəydilər ki,taxta yoxsa polad “qılınc” götürərdiniz? Nə cavab verərdiniz?

- Əlbəttə, taxta qılınc götürərdim və götürmüşəm də! Siyasət və ədəbiyyat (Qılınc və qələm) başqa-başqa sahələr olduğu kimi taxta qılıncla polad qılınc da bir-birindən tam fərqlidir. Təkcə kəsərinə görə yox, məram və məqsədinə görə! Siyasətin əlində polad qılınc var. Ədəbiyyatın belində taxta qılınc.Döyüş gedir min ildi. Siyasət hər dəfə silahını (silah növünü) dəyişdirir,təkmilləşdirir, zor-xoş qələbə çalmaq üçün. Ədəbiyyat isə hər dəfə çalışır ki, belindəki (əlindəki yox!) taxta qılınc daha çox “körş” olsun-qana batmasın! İslamın yaranışından təxminən altmış il sonra İmam Hüseyn Kərbəla çölündə deyirdi:

“İslamı kürk kimi əyminə tərsinə geyinənlərlədi davam!“

İsa Muğanna dünya tarixi təhrif edilib, deyəndə polad qılıncın (silahın) qorxusundan adamlar səslərini qısırlar. Taxta qılınc “Artıq sizin içinizdə bircə adam qalıb.Onadamı gülürsünüz?” deyib acı-acı” başını bulayır”.Başqalarını bilmirəm. Mən hələ də taxta qılıncın qalib gələcəyinə inamımı itirməmişəm.

Dünya əlimə polad qılınc vermək istəyir. ...Mən üzümü taxta qılınca söykəmişəm!

- Xəqaniyə görə kim yeni bir dünya qurmaq üçün səy etsə, Allah ona kömək edər.

- Xəqani düz deyir. Həmişə tarix boyunca ən böyük sənətkarlar Allaha üz tutublar. Quranı, müqəddəs kitabları dərindən öyrəniblər. Biliblər ki, Allahın “Gizli vərəq”indən yalnız onu sevməklə, onu sevdirməklə xəbər tutmaq olar, hali olmaq olar. “Quran”da da məhz belə deyilir: “Biz öz sirrimizi yalnız bizi sevənlərə açırıq.”

Şair öz varlığını onu yaradana, onun yaratdıqlarına qurban verməlidir. Şair dilindən asılı olan Tərəzi kimi, gözündən nəfəs alan Ney kimi olmalıdır. O zaman özünü qurban verməyə hazır ola bilər, deyə bilər:

Mənim sığındığım bircə nəfəsdi,
Sığına bilmərəm başqa nəfəsə!

Yaxud belə yazmalıdır:

…ha yazdım, baxıb gördüm,
Ondan əvvəl yazı var!

Yəni Allahın yazısı, Alın yazısı, Lövhü-Məhfuz (həmin əsas o “gizli vərəq”).

- Ədəbiyyatın qələbəyə kömək edəcəyinə inanırsınızmı?

- İnanıram! Belə olmasaydı, zaman-zaman ədəbiyyatdan, qələm adamından çəkinərdilərmi? Onda niyə İran şairi Eşqinin dodaqlarını tikirdilər ki, danışa bilməsin? Şəhriyarın bir şeirindən sonra İran şahı Rza şah Pəhləvi “Türkə xər” deməyi qadağan eyləyərdimi?! C.Bruno “Məni də şair sanın!” deyərdimi?!

- Deyirlər, yaşıl təfəkkürlü, yaşıl beyinli insanlar var. Dünyanı təhlükələrdən onlar xilas edəcək.

- Məncə, yaşıl ürəkli insanlar da var. Bunlar şairlərdir, aşıqlardır, aşiqlərdir. Yaşıl qanlı adamlar olduğu da məlumdur. Ayın da rənginin yaşıl olduğu deyilir. Üstünə Günəş işığı düşdüyü üçün sarımtıl rəngə çalır. Məncə, söz də yaşıl rəngdədir.

- Şeir yazmasanız yaşaya bilərdinizmi?

- Yox!”Fransız yazıçısı Ekzüperinin təbirilə desək, poeziyasız, məhəbbətsiz yaşamaq olmaz!”

- Heç şeirdən, poeziyadan bezdiyiniz vaxt olubmu?

- Olubdu. 1975-ci ildə Sabirabadda müəllim işlədiyim zaman birdən necə oldusa hamıya, hər şeyə acığım tutdu. Şeirlərimi peçə basıb yandırdım. Bu yandan da Çitada əskərlikdə olan qardaşım Akifdən daha bir məktub gəldi. Məndən yeni şeirlər istəyirdi. Yazdım ki, şeir yazmıram, yazmayacam da! Çox keçmədi ki, ondan belə bir cavab aldım:

“Mən inanmazdım ki, mənim qardaşım ədəbiyyata xəyanət etsin!”

Bu sözlər məni ayıltdı, ədəbiyyata yenidən daha ciddi şəkildə bağlandım.

- Belə düşünmək olarmı ki, klassik şairlərin müəmmalı əsərləri, davranışları da dediyimiz “gizli vərəq”ə bağlılıqlarıyla əlaqədardır?

- Aşıq Ələsgər boş yerəmi deyirdi ki, “Aşıq olanın… tamam sözü müəmmalı gərəkdir?!” Təkcə klassiklərin yox, elə müasirimiz İsa Muğannanın özü də, sözü də başdan-başa müəmma, elm, “gizli vərəq” deyilmi? Sizə qəribə bir fakt deyim. Amerika yazıçısı Müller yazdıqlarının ona yuxarıdan diktə edildiyini deyəndə hamı dərhal inanır. İsa Muğanna “mən göylərdən Ün eşidirəm” deyən kimi ağız büzməyə başlayırlar. Götürək məni. Mən bənövşələrin səsini eşitmişəm, deyirəm. Mənə də gülürlər. Unudublar N.F. Qısakürəyin dediyini: “Şair Allahın Məchullar aləminin dərbədər səyyahıdır.” Mən də Ün eşitmişəm. Amma kimə deyim, kimi inandırım?! Hardan inansınlar! Axı insanlar qəribə işlərlə məşğuldurlar.

- Belə olanda neyləmək lazımdır?

- Heç nə! Yeni insan yetişdirmək lazımdır. Bu elmə dünyada Yevgeniya elmi deyirlər. Bu Elmi İsa Muğanna Saf Ağ Elmi adlandırır. Hələ ki, bu Elmə şübhə ilə yanaşırlar, inanmaq istəmirlər. Axı başı qəribə işlərlə qarışmış insan buna hardan inansın. İnsan niyə belədir? Qurur, tikir, ucaldır, əvəzində “yıxılır”, “uçur”, “alçalır”. Son vaxtlar yazdığım bir şeirdə buna cavab axtarmağa çalışmışam:

Gedirsən, çıxmısan guya göyə sən,
Düşmüsən atından,
Niyə qalmısan?
Bu Göyün üstəyəm, deyə-deyə sən,
Bu Göyün altında niyə qalmısan?!

- Belə çıxır ki, insan (hər kəs) öz işi ilə məşğul deyil…

- Bu yerdə qədim Bablistanda daş üstündəki bir yazını xatırlamaq lazım gəlir: “Zamana xarab olub. Allahların insana qəzəbi tutub. Uşaqlar ata-analarına qulaq asmırlar. Yerindən duran kitab yazmağa can atır.” Özü də nə kitab… İçi boş-boş sözlərlə dolu. Etiraf edək ki, çoxumuz belə boş sözlər yazmaqla məşğuluq. Böyük günah içindəyik. Necə deyərlər:

Gördüyümüz adama təmiz deyə bilmirik,
Hər nə varsa tüstülü əskimizə bükülüb.
Ömrü boyu çalışır, təmizləyə bilmirik,
Alnımıza yazılan yazının mürəkkəbi
Üstümüzə tökülüb…

Mirzə Cəlil belə yerdə deyibdi ki, “Mənə boş sözlər yox, Arazın o tayı, bu tayı lazımdır.”

- Barat müəllim, belə boş sözlərin (boş kitabların) az olması üçün nə etməliyik?

- Şərəf və şəxsiyyətimiz olmalıdır. Çünki bundan daha qiymətli bir şey yoxdur. “Bu Ev (Kəbə) mübarək bir yerdir. İnsanın şərəfi və şəxsiyyəti bu Evdən daha müqəddəsdir.” (Məhəmməd Peyğəmbər)

- Biz bilirik ki, özünüzün də, sözünüzün də kifayət qədər nüfuzu var. Son vaxtlar sizin təklifinizlə “Şairlər Vətəni” Qazaxda Prezidentin sərəncamı ilə “Ədəbiyyat Muzeyi” inşa olunub. Rəhbərlik etdiyiniz Filialda təmsil olunan ədəbi qüvvələrə, xüsusən də gənclərə nə tövsiyyə edərdiniz?

- Deyərdim ki, dini bilirsiniz? Dili bilirsinizmi? Dilin dilini bilirsinizmi? Quş dinini, Ağac dilini, Daş dinini necə?! Bilirsinizsə buyurun, yazın, yaradın. Asif Ata demişkən, sadalanmayın, sədalanın!

- Şeirlərinizdəki Allah sevgisi, Türk ruhu özünüzü qane edirmi?

- Mənə qalanda deyə bilərəm ki, şair elə belə olmalıdır də! Haqqa, Allaha, Ruha, Kökə, Millətə, Xalqa bağlı! Hər kəsin öz kredosu olmalıdır:

Alim gərək kitab-dəftər araya,
Şair gərək millət! – deyə, xalq! – deyə!

- Şair olduğunuz üçün bu gün daha çox öyünürsünüz, yoxsa təəssüf hissi keçirirsiniz?

- Öyünc hissim daha çoxdur. Qələmin qələbəsinə, taxta qılıncın qələbəsinə, gizli vərəqə Allah özünün və Peyğəmbərlərinin qələbə çalacağına inandığı qədər inanıram. Mövlanə demişkən, məni də daha düşündürən şairlik deyil, o qələbədir. “Mən daha haqq aşiqiyəm!” deyən Mövlanə üçün şairlik sən demə bir vasitəymiş…

Gəncliyimdə bir falçının dediyi sözləri xatırlayıram. Onda mən uzaq bir yerdə işləyirdim. O, ovcuma baxıb dedi: “Sən uzaq yerdə işləyirsən. Qəriblik hissi keçirirsən. (Bu, qaş-qabağımdan görünə bilərdi.) Qorxma, hər şey yaxşı olacaq. Sənin qələmin var, o səni xilas edəcək.” …Bax, bunu o hardan bildi?

- Mənbələrdə və rəvayətlərdə daha bir “gizli vərəq”dən – Allahın gizli bir ordusu olduğundan söhbət açılır.

- Hə-ə… yadıma düşdü. Türkdür o ordunun adı, yəqin onu demək istəyirsiniz?

- Şübhəsiz! Ancaq məni maraqlandıran başqa şeydir. Sizin şeirlərinizdə Ağac, At obrazları yetərincədir. Bunlar yəqin ki, həmin o türkə “gizli ordu”ya – “gizli vərəq”ə olan inamla bağlıdır?

- Gəl, əvvəlcə Ağacdan başlayaq. Türkün Ağac koğuşundan çıxmasıyla bağlı əfsanəni unutmayaq. Deyirlər ki, hətta qədimdə hunlar Ağaca Atdan qurban kəsirmişlər. Türk üçün Ağac da müqəddəsdir, At da! At elə doğur ki, onun nə vaxt doğduğunu heç kim görə bilmir. (Bu da həmin müqəddəsliklə – “gizli vərəq”lə bağlıdır yoxsa?) Şairlərin də nə vaxt dolduğunu və “doğduğunu” bilən yoxdur.

- Fizuli deyirdi ki, “mən” “Leyli və Məcnun” əsəri ha yazmıram. Mənə səadət nəsib olubdu, barat verilibdi.

- Fizuli çox düz deyirmiş. Mən də şeir ha yazmıram, mənə də səadət nəsib olubdu, Barata da barat verilibdir!

- Barat müəllim! Şeirlərinizdən hiss olunur ki, siz Eşqə bağlı adamsınız… Şeirlərinizdən birində deyirsiniz ki:

Amanat ha deyiləm,
Tək həyat ha deyiləm.
Mən Barat ha deyiləm,
Adım – Allah eşqidir!

- Eşq üç hərfli bir sirdir. Hələ heç kim bu üç hərfli sirdən vaqif ola bilməyib. Elə Nəsimi də bunu deyirdi: “Yazayım zərrəcə eşqin sirrini”. Məşhur övliya Veysəl Qəranidən soruşurlar ki, “Dərdin nədir?” – “Eşqə səfər” deyir. Fizuli aləmdə nə varsa eşq olduğunu, elmin bir qeylü-qal olduğunu bildirib.

- Bəs onda niyə Allahın kitabında – Quranda Eşqdən yox, Elmdən bəhs olunur? “Biz sizə Elm verdik” deyilir?!

- Bu suala Aşıq Ələsgərin yaradıcılığında kifayət qədər cavab var: “Elm içində ümmanam”, “Elmi hardan tapdı cümlə aşiqlər, elm tapıb sinədəftər olmuşam” və s.

Daha dəqiq qənaətə gəlsək, belə bir formul alınar: Elm – insanın eşqidir. Eşq – Allahın elmidir!

Bilirsiniz ki, peyğəmbərimiz buyurub ki, “Elm Çində də olsa, arxasınca get”, “Beşikdən qəbrəcən öyrən!” Amma insanlar bu sözlərin məğzini unutdular. Elm öyrəndilər, oxudular – vəzifə tutmaq üçün, çörək qazanmaq üçün. Mühüm vəzifələrini yaddan çıxartdılar: Əsas Elmə – Allah Eşqinə qovuşmağı!

- Məhəmməd Füzuli tövsiyə edirdi ki, “İnsanı inkişafa yönəltmək lazımdır”. Amma demirdi ki, necə, hansı yolla?

- Necə yəni hansı yolla?! Elə şeirlə! Sazla, sözlə! Bəlkə elə insanı ağaca, daşa, torpağa döndərməklə?! (Bəlkə, elə Tanrı bizi buna görə axırda torpağa döndərir?! Ço-ox, lap çoo-ox yaşayaq deyə?!)

- Doğrudan da, dünyada qəribəliklər çoxdur. Məsələn, belə deyirlər ki, dünya adicə bir uşaq ovcuna sığar. Sizcə sığarmı?

- Sığar… Sığar! Şeir – həmin uşaq ovcudur!

Qeydlər dəftərimi gözdən keçirirdim. Əlimə salfetkada yazılmış bir yazı keçdi. Balaca qız nəvəmin xəttiydi. Əslində bu, yazı yox, bir duaydı. (Bəlkə də, nəvəmin şeiriydi?!)

“Allahım, hamını qoru!
Bütün ailələri qoru, Yarəbbi!
Bizim ailələri qoru! Kimsə ölməsin!
Meşəyə doğru gedəndə bu gün qavırsanlıq çoxuydu hər yerdə.
Mənim tək amacım Ailəmdir, Allahım!
Bütün ailələri qoru, Allahım!” (Aydan)

Bu yazını oxuyanda inandım ki, özü balaca olsa da ürəyi, arzusu, duası – amacları o qədər böyükdür ki, dünya doğrudan da uşaq ovcuna sığar.

- Qələm əhli olduğunuz üçün sizə qibtə edən olubmu?!

- Qibtə edəni deyə bilmərəm. Qələmə görə məni kəndimizdəki bir lal-kar kişinin həmişə hamıdan yaxşı tanıdığını görmüşəm. Muru idi onun adı. Tələbəydim. Kənd yolunda qarşılaşdıq. Hal-əhvalatdan, əl tutduqdan sonra bir əlini açdı, o biri əlinin şəhadət barmağını ovcunun içinə sarı tuşlayaraq sanki yazı yazırmış kimi işarə etdi. Yəni: “Yenə yazırsanmı?!” Mən də başımı tərpətdim. Üzümdən öpdü, baş barmağını yuxarı dikəltdi. Sanki dedi: “Əla!”

- Yuxular aləminə bağlılığınız yuxuya daha çox alüdəliklə, yoxsa inanmağınızla ilgilidir?!

- İnanmağımla! “Ruh Gəmisi” adlı kitabımda ön söz yerinə gördüyüm yuxulardan söhbət açmışam. Bu, məndən asılı deyil. “Cəmiyyət daxili və gizli (!) həyatıyla uyuyur və röyasını şair görür.” (H.F. Qısakürək)

Müsahibəni götürdü Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin əməkdaşı Leyla Əliyeva

Kulis.az Barat Vüsalın yeni şeirlərini də oxuculara təqdim edir.

NƏSİMİNİN TÜRBƏSİ ÖNÜNDƏ

Mən də yanındaydım “Bəzmi-Əzəl”də,

Ruhkən söylədiyin “Bəli”nəm babam!

Məniydim “Nəsimi mənəm!” deyən gənc,

Onda da varıydım bəli, mən babam!

Türbənin önündə daim durmuşam,

Amanat deyiləm, qaim durmuşam.

Olub yeddi qatı Göyün, durmuşam,

Yerin təki qədər dərinəm, babam!

Həmişə yanında olmuşam sənin,

Yanında kamala dolmuşam sənin.

Balanam...balanam...bilmişəm sənin,

Göyərən qolunam, əlinəm, babam!

Mən şeir yazmıram, səni gəzirəm,

Mən Dan içindəki Danı gəzirəm.

Mən sənin dediyin dini gəzirəm,

Mən Elməm, mən Eşqəm, Təliməm, babam!

Dözüb könüldə qəm, dözüb gözdə nəm,

Gərək gizlənməyəm, gərək gizlənəm.

Mən gizlin Aşkaram, aşkar Gizlinəm,

Açılmaz açımın...sirrinəm, babam!

Səni elə duydum, qüvarlanıram,

Ah, sənə kim qıydı...qubarlanıram.

Səni elə sevdim, ölsəm, sanıram,

“Nəsimi!” söyləsəm, dirilləm, babam!

Adı bir olanın min adı mənəm,

O Kəbədi, mənəm Minadı, mənəm,

Bütün həyatların həyatı mənəm,

Bütün ölümlərə ölüməm, babam!

Gəlmişəm, görsünlər çıxmayıb canın,

Saralıb...sönməyib Günəşi Danın!

Gəlmişəm, kəsilsin tökülən qanın,

Dur, geyin, soyulmuş dərinəm, babam!

MƏNƏM

Beşikdəki körpəyəm,

Gordaki indi mənəm.

Yenə nardaki şeytan,

Nurdaki indi mənəm.

Altımda boz köhlənim,

Adım Xızırdır mənim.

Musa adı köhnəlib,

Turdaki indi mənəm.

Demə ki, hanı,aşiq?

Bu can canana aşiq!

Nəsimi Dardan düşüb,

Dardakı indi mənəm!

Nə ki, bu suda axır,

Butadı, buta, axır.

O Əvvəl, bu da Axir,

Burdakı indi mənəm!

Harda bəndə yaşayır,

Ölür, həm də yaşıyır.

O yar məndə yaşıyır,

Yardakı indi mənəm!

İz də həqdi, yol da həq,

Ağacda həq, kolda həq.

Orda həq var, orda həq,

Harda ki, indi mənəm.

QIL KÖRPÜ

Haqqı gəzirsənsə də,

Yol-körpünün üstündə,

“Qıl körpü”nün üstündə!

Qorxma, diriləcəksən,

Öl!- körpünün üstündə,

“Qıl körpü”nün üstündə!

O çiçəklər çiçəyi,

Gül körpünün üstündə,

“Qıl körpü”nün üstündə!

Kişisənsə ağlama,

Gül!- körpünün üstündə,

“Qıl körpü”nün üstündə!

Qılanda namazını

Qıl, körpünün üstündə,

“Qıl körpün”nün üstündə!

“Ol” nə deməkmiş aşiq?

Ol, körpünün üstündə,

“Qıl körpünün üstündə!

Barat şeirini oxu,

Gəl, körpünün üstündə,

“Qıl körpü”nün üstündə!

BÖYÜDÜB

Sönməzdir ocağımız,

Közü nənəm böyüdüb.

Süfrəmizdə çörəyi,

Duzu nənəm böyüdüb.

İstəyəndə götürüb,

Evə aşıq gətirib.

Beşiyimdə yatırıb,

Sazı nənəm böyüdüb,

Dönübdü baş tacıma,

Acıyıbdı acıma.

Paylayıb beş bacıma,

Nazı...nənəm böyüdüb.

Gülür, sevinir hər gün,

Qəlbtək döyünür hər gün.

Niyə böyüyür hər gün?

İzi nənəm böyüdüb!

Dalda yox, öndəyik biz,

Birdəyik, mindəyik biz.

Nə xoşbəxt bəndəyik biz,

Bizi nənəm böyüdüb!

Niyə mail olmayım,

Sözə dair olmayım?

Necə şair olmayım,

Sözü nənəm böyüdüb!

QORUDUĞUM UŞAQ

Deyirlər balaca uşaq kimisən,

Bu sözlər yalan yox, düzdü haqq üçün.

Çünki yaranmışam yarınmağa yox,

Kiməsə, nəyəsə yaramaq üçün!

Özümlə vuruşub hərb eyləmişəm,

Özümü ümmana qərq eyləmişəm.

Az qala bir ömür sərf eyləmişəm,

Özümü axtarıb aramaq üçün!

Əldən verməmişəm öz sağlığımı,

Hamıya çox yaxın uzaqlığımı.

Üzündən öpmüşəm uşaqlığımın,

Nəyim var, qurbandı o uşaq üçün!

Möhtac olmamışam sənə, ay gədə,

Öz odum-ocağım olub hər vədə!

Mən ömür sürmədim kimlərdənsə də,

Alov ummaq üçün, od ummaq çün!

Yaman hallanıram uşağam deyə,

Yaman şellənirəm uşağam deyə.

Yaman aldanıram uşağam deyə,

Neynim, zirehim yox qorunmaq üçün!

Hərdən orda-burda şeir yazıram,

Deyimmi nə adla şeir yazıram?

Bu qoca Baratla şeir yazıram,

O uşaq Baratı qorumaq üçün!

***

Allahına- Tanrısına

Bağlı olana bağlıyam.

Haqsız işlərlə nə işim?

Haqlı olana bağlıyam!

Ağlım hələ ki başımda,

Ağrı yolumda, qarşımda.

Biz qızın bağrı başında,

Şəkli olana bağlıyam!

Gəzdi qələm yer üzündə,

Yazdı belə hər üzünə:

“Həm Sözündə, həm özündə

Sağlıq olana bağlıyam!”

O deyəni mən deyənəm,

Söylə desə, söyləyənəm.

Ağlını Eşq eyləyənə,

Ağlı olana bağlıyam!

EHTİRAM

Özüdür Yaradan... yaratdığı da,

Bircə bir var,

Başqa bir yoxdu, gördüm.

Həyatla ölümün arasındayam,

Belə beşik yoxdu, gor yoxdu, gördüm.

Sən Ona vararsan ha varsan Eşqə,

Suvarsan ata yox, suvarsan Eşqə!

Nə varsa Gizliymiş nə varsa Aşkar,

Nə varsa srr imiş...

Sirr yoxdu, gördüm?!

Yermi var hər kəsin öz yeri kimi,

Ocaq yeri kimi, köz yeri kimi?

Dünyada Allahın nəzəri kimi,

Ocaq yoxdu,gördüm, pir yoxdu, gördüm.

Barat, Allah nə var, bizə veribdi,

Ürəyə veribdi, gözə veribdi,

Qalxıb öz yerini Sözə veribdi,

Özü oturmağa yer yoxdu, gördüm!

***

Bir çiçək də açammaz,

Daşa tərəf getməyən.

Qanad açıb uşammaz,

Quşa tərəf getməyən.

Yenməz, özünü yenməz,

Dura bilməz laldinməz,

Gözdə işığa dönməz,

Qaşa tərəf getməyən!

Arzuya ay çatammaz,

Günəşə Ay çatammaz.

Bir ev, Saray yapammaz.

Köşkə tərəf getməyən.

Hardan bilsin, nədədir-

Ceyran göbəyindədir.

Ətir nə bilər nədir,

Müşkə tərəf getməyən.

Yollara vurulammaz,

Yollara yar olammaz.

Ölsə də, var olammaz,

Heçə tərəf getməyən!

Vaxt bilmir, vədə bilmir,

Heç nəyə yetə bilmir.

Heç yana gedə bilmir,

Eşqə tərəf getməyən!

GÜL BAXÇASI

Arada döyüşə gedir,

Arada bax, gül əkirəm.

Mən çıxmışam öz əlimlə,

Dara da, bax, gül əkirəm.

Əkir, sözü oxşayıram,

Könlü-gözü oxşayıram.

Sənə özüm oxşayıram,

Yaradan, bax, gül əkirəm!

Mən Abbasam,Gülgəziynən,

Gəl, iyləyib gül, gəziynən!

Mən gülşəndə gül gəzmirəm,

Xarabada gül əkirəm!

Atsan göyə, nə düşməyir,

Nə dönməyir, dəyişməyir?

Ətri beyinə işləyir,

Harada bax, gül əkirəm!

Haqdandı bil, yaşam, haqdan,

Heç artarmı yaş, nahaqdan?

Bezməmişəm yaşamaqdan,

Hələ də bax, gül əkirəm!

Sanma burda qarşındayam,

Orda-pirdə peşimdəyəm.

Niyə zirvə başındayam,

Dərədə bax, gül əkirəm!

Gələcək yazım, gələcək,

Güləcək arzum, güləcək.

Öləndə lazım gələcək,

Gora da bax, gül əkirəm!

Dostam çiçək-güllər ilə,

Gül bəsləyən ellər ilə.

A könlüm, könüllər ilə,

Barata bax, gül əkirəm!

YOL

Mən getdiyim yolla gəlmə,anlaşılmaz yoldu bu,

Könüllər bilir ki nədir, canlar bilməz yoldu bu!

Əkəndə canımı əkir, tökəndə qanımı tökür,

Qəmim də qəmini çəkir, qəmlər bilməz yoldu bu!

Kamı vardır kam içində, canı vardır can içində,

Gözləri var nəm içində, nəmlər bilməz yoldu bu!

Odur dərinlər dərini, yaxşı bilir öz yerini,

Birinin bildiklərini minlər bilməz yoldu bu!

Bilməz haqqa şəkk eyləyən , bilər haqqı dərk eyləyən,

Anlar haqqı haqq eyləyən, cəmlər bilməz yoldu bu!

Oddan oda düşsün gərək, xamdı, yansın, bişsin gərək,

Aşiqtək cam içsin gərək, xamlar bilməz yoldu bu!

O divlər, şeytanlar, cinlər bizlərə güldükcə gülər,

Deyim, bilsə kimlər bilər, kimlər bilməz yoldu bu!

Yol içində itib yollar, elə bil ki, bitib yollar,

Dinlərdədir bütün yollar... dinlər bilməz

yoldu bu!

Sevən kəs sevir o Biri,

O, Elm, Eşqdi, O, bilik...

Hər nə bilirsə O, bilir,

Onlar bilməz yoldu bu!

TOY ÇADIRI

Ömrü boyu oynamaqdan

Şair elə bil, doymayır.

Onun yolunda oynayır,

Bunun yolunda oynayır.

Qana batır, lalələnir,

Kama çatır, halələnir.

Vaxt olur ki, şələlənir,

Şələ belində, oynayır.

Ola bilmir heç vaxt zalım,

Olammır da, ağrın alım!

O qızların, bu qızların

Şirin dilində oynayır.

Bax bir bunun inadına,

Bir adına, min adına!

Qalxır Durna qanadına

Durna telində oynayır.

Dərd verəni salmır dərdə,

Qurban olum belə mərdə.

Dözəmməyib, düşmənlə də

Hərdən zulumla oynayır.

Yanır nadan oynayanda,

Gülür adam oynayanda.

Eh, nə zaman oynayanda,

Adam halında oynayır.

Bir toya bax, qərib süzür,

Öz toyuna gəlib süzür.

Öz içinə girib süzür,

Çıxıb çölündə oynayır!

İlhamı ki, aşıb-daşdı,

Bir də gördün qanad açdı.

Yazdığı şeir şabaşdı,

Qələm əlində oynayır.

Dayanmadan toy çaldırır,

Qəlbi olur toy çadırı.

Ölməyir ha, qol qaldırıb,

Şair ölümlə oynayır!

Şair ölümdə oynayır?!

OTURMAQ HAQQI

Gərək yuxarı başda adı bəlli otursun,

Odur gizli, otursun, odur bəlli, otursun.

Ağsaqqal oturası bircə stulda belə,

İnanmıram haçansa keçib dəli otursun.

Bu ona bənzəyir ki, arif qalsın ortada,

Hələ də hərif-hərif çaşıb hərif otursun.

Məğlub olan kəslərin baş tərəfdə nə işi,

Gərək zəfər taxtında ancaq qalib otursun.

Heç olarmı... olarmı görərək ayaq üstə,

Həzrəti Məhəmmədi... Həzrət Əli otursun?!

Yəqin ki, deyibdilər hürufilər, sanıram,

Hansı məclisdə isə... “Başda Hərf otursun!”

Bala çıxarmaq üçün yuva qurmayıbmış ha,

Hər quş öz yuvasını sanki qurub, otursun.

O bağban da o bağa girib ki, öz barından

Bir az yeyib otursun, bir az dərib otursun.

Aşiq deyil, adicə aşıq bilib bəlkə də,

Qoymayıblar Qəribi qərib-qərib otursun.

Dağa-daşa düşməsin, o gözələ deyin ki,

Ürəyimin başında edim tərif, otursun.

Heç otura-otura evmi ucaltmaq olar,

Bənna odur ki, evi hörüb... hörüb otursun.

Yoldadı bax, görürsən, günəş səhərdən bəri,

Yorulubdu o ki var, durub Qürub... otursun.

Gördüm ki, qalxıb verib Allah yerini Sözə,

Mən də qalxdım yerimdən, Allah gəlib otursun!

BİRCƏ HƏRFƏM

Hərflərin içində

Xasdanam- bircə hərfəm.

Yerlə-yemişlə dolu,

Bostanam- bircə hərfəm.

Tap vaxtında itiyi,

Əsl kitab-bitiyi.

Nəsiminin dediyi,

Dostdanam-bircə hərfəm.

Gör bu zərif hərfi...tək,

Həm də aşiq,ariftək,

Ancaq Əlif hərfitək,

İstənən bircə hərfəm.

Fitrətin nədi, görüm,

Qüdrətin nədi, görüm!

Oxu, qurtar, di görüm,

Dastanam-bircə hərfəm!

# 251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər