Savadsız gənclərin, ərgən qızların ümidinə qalan Rövşən Abdullaoğlu

Savadsız gənclərin, ərgən qızların ümidinə qalan Rövşən Abdullaoğlu
31 iyul 2019
# 13:41

Kulis.az Ruzbeh Məmmədin “Biz niyə bu günə qaldıq” yazısını təqdim edir.

O gün ucadan və lap ucadan darıxırdım. Özümü qoymağa yer tapmırdım. Nə qədər çətin də olsa, sabaha çıxdım və baxdım ki, hələ mövcudam, yəni yaşayıram. Mənə yaşamaq eşqi verən isə təkcə ədəbiyyatdır. Ancaq bütün ədəbiyyata olan xoşgörümün içindən bir sual doğur:

Niyə yaşamaq yanğısı ədəbiyyat ilə tamamlansın ki?

Bu suala hövlnak cavab vermək istəməzdim. Düşünürəm ki, cinayət törədən şəxslər cinayətin ağır və ya yüngül olmasına görə müəyyən vaxt həbs cəzası alırlar. Bu cəza dövrü bitir, yenidən həyatlarına davam edirlər. Ədəbiyyat sevgisi insanın ömürlük hər kəsdən, hamıdan uzaqlaşdırma gücünə malikdir. Bəzən ətrafımızda olan insanlarla uyumsuzluq yaranır. Çünki ədəbiyyat boz düşüncələrdən uzaqdır.

Yaxın vaxtlarda şair Salam Sarvanla görüşmüşdük. Şairə dedim ki, şeir yazanların çoxluğunun ziyanı yoxdur. İnsan öldürmürlər bir şey, şeir yazırlar da... Etiraz olaraq bildirdi ki, daha betərini edirlər; hissləri bozlaşdırırlar, mənasız şeirlər zövqləri korlayır. Daha ucadan darıxmaqdan sonra içimə çəkilib susdum. Mənə elə gəlir ki, hələ də susuram.

Azərbaycanda şeir dövrü bitibmi?

İşlədiyim yerdə, olduğum ünvanlarda şair olduğumu biləndə ən çox eşitdiyim söz budur: “Azərbaycanda şeir dövrü bitib. Kimdir şeir oxuyan. Şeir yazanlar da yaxşı yazmır”. Bu fikrin içində həqiqət payı çoxdur. Qeyd edə bilərəm ki, təkcə paytaxt Bakıda onlarla kitab çap edən nəşriyyat var. Bu nəşriyyatların çoxluğu insanların kitab çap etmək imkanını artırıb. Yəni, sən nə yazırsan yaz, apar, nəşriyyat da pulunu alıb kitabını çap eləsin. O nəşriyyat üçün keyfiyyət yox, pul önəmlidir. Beləliklə, kimə salam versən, imzalı şeir kitabını təqdim edəcək. Bu kütləvi şeir kitablarının çapı şeirə olan marağı öldürdü. Mənə elə gəlir ki, şeirlər bu gün toylarda moddur. Əflatun Qubadovun "Ana" segahı ilə şeirlərin təsir modu yüksəlir. Şeir dövrünün bitib-bitməməyi isə naməlum məsələdir.

Bir kitabla ev almaq olarmı?

O gün jurnalda şeirim çap olunmuşdu. Çox cüzi miqdar qonorar yazılmışdı. Etiraz etdim. Bütün boz kütlə üstümə düşdü ki, hələ sən Seyid Lazım ağa cəddinə nəzir boyun olmalısan ki, şeirlərin çap olunub. Niyə? Dünya praktikasından xəbərləri yoxdu. Bilmirlər ki, bir fransız, gürcü yazarı yazdıqları ilə dolanır. Bu gün bizdə yazdığı bədii mətnə görə keçinə bilən yazar varmı? Sovet dövrü bizə qul təfəkkürü verirdisə, istedadımıza da qiymət verib. Bunu klassik şair və yazıçıların avtobioqrafiyasına istinadən deyirəm. Məsələn, o dövrün adi bir şairindən soruş ki, bir kitabın çap olunanda nə qədər məvacib alırdın? Mən maraqlanmışam. Ev və maşın alan yazarlarımız olub. Hansı ki, indi ondan qat-qat üstün mətnlər yazan var. Amma yazdığına verilən, o da verilsə əgər oyuncaq maşın almağa da yetmir...

Bu gün ədəbiyyat lazımdırmı?

Biz heç zaman özümüz istədiyimiz kimi ola bilmədik. Çünki cəmiyyət bizi görmək istədiyi kimi dünyaya təqdim edir. Əgər mən şair olmaq istəyirəmsə, şairliklə dolana bilmirəmsə cəmiyyət məni çilingər, santexnik, avtobus sürücüsü də edə bilər. Əgər mən bu gün jurnalist kimi çalışıramsa, bu, mənim yox, cəmiyyətin mənə sırıdığı taledir. Sabah mən gedib çilingər işləsəm o da mənim yox, cəmiyyətin mənə layiq gördüyü taledir. Belə olan halda ədəbiyyat yaratmaq olarmı? Ölkədə ədəbiyyatla məşğul olanlar hamısı başqa vəzifə idarə edənlərdir. Heç kim deyə bilməz ki, o şair, o yazıçı oturub ancaq ədəbiyyatla məşğuldur. Belə yazıçı taleli ədəbiyyatçımız yoxdur. Hamı iş dalınca qaça-qaça yazır yazdıqlarını. Bax bu ədəbiyyat heç kimə lazım deyil. Necə ki, kitab oxuma eşqi azaldısa, bir gün bədii mətnə, ədəbiyyata olan maraq da sönüb gedəcək.

Özünüinkişaf, psixoloji və detektiv roman yazarları ədəbiyyatçıdırlarmı?

Ölkəmizdə çox sərrast çox bilənlər kütləsi var. Əgər insanların çox toplaşdığı yer varsa, mütləq ora bir köşk qoyurlar. Qəzet adına gətirib siqaret, energetik içkilər, nə bilim ağla gələn hər şey satırlar. Harda kirayə yer varsa ora marketlər soxulur. Bu gün ədəbiyyatın boş yerləri də belədir. Özünüinkişaf və detektiv roman janrında savadsız və bəsit əsərlər çoxalıb. Çünki bu sahənin yetərincə boş olduğu üçün meydan sulayanlar olmalı idi. İndi hamı psixoloji, detektiv roman yazarıdır. Kitabları da yüksək tirajla çıxır. Çünki çoxluğun ədəbiyyatdan başı çıxmır. Adi bir mətnə də ədəbiyyat gözü ilə baxırlar. Universitetlərimizdə savadsız tələbələrin sayı çoxaldıqca bu dərd də böyüyür. O detektiv, psixoloji romanları oxuyan kütlənin əksər hissəsi savadsız, ərgən qızlardır. Onlara sadəcə qulağında qulaqcıq və özünü kitab oxuyan kimi göstərmək eşqi yandırır, daha Milan Kundera ilə ölkəmizdə detektiv yazarları müqayisə etmə bacarığı yox. Boşluqdan istifadə edib cəmiyyətə mənasız kitablarınızı oxutdurduğunuz üçün sizi Kamyu, Nitşe, Kundera bağışlamayacaq...

Niyə özümüzdən razıyıq?

Bir vaxt oldu ki, ölkə klassikasını darmadağın etmək üçün yazarlar toplaşdı. Mən deyə bilmərəm onlar nə yarada bildilər. Alternativ cərəyanın olması ədəbiyyatın inkişafı deməkdir. Zaman keçdi, indi “Qərb bölgəsində yenilik yoxdur”, heç cənub, şimal bölgəsində də yoxdur. Yenilik odur ki, Elşad Barat kimi adam deyir, Mikayıl Müşfiq nə yazıb ki? Bu taleyin ədəbiyyata qarşı ironiyasıdır. Yəni istedadsız adamlar hər şeyə vaxt tapır. Rus ədəbiyyatında Turgenevi, Çexovu da tənqid edənlər olub. Hətta Turgenev buna görə ölkəsini tərk edib. Amma o tənqidçi ədəbiyyata söykənib tənqid edib. Bir bənd səydərəş şeir yazıb tənqid etməyib. Rövşən Abdullaoğlu adlı yazarın bu gün kitabları Əkrəm Əylislidən, İsa Muğannadan çox satılır. Satılmağı yaxşıdır, kitab oxunur. Amma insaflı davranmaq lazımdır; Rövşən özünü oxucuya elə təqdim edir ki, elə bil, “Kür qırağının meşələri”ni yazıb.

Sarkazm doğuran daha başqa hal odur ki, “facebook” şeir yazma arealını genişləndirdiyi kimi, razılıq əlamətini də böyütdü. Razılığından narazı olanlar istedadsızcasına yazılarına olan xoş təriflərdir. Nə olsun istedadsızdır. Ancaq vicdanı hərdən ona pıçıldayır ki, çox mənasız və başıbatmış adamsan.

# 4383 dəfə oxunub

Müəllifin son yazıları

# # #