Hərislik, dələduzluq, ironiya – AZƏRBAYCANDA YENİ SERİAL

Hərislik, dələduzluq, ironiya – <span style="color:red;">AZƏRBAYCANDA YENİ SERİAL
6 fevral 2015
# 17:29

“SOY” prodakşn “Miras” adlı yeni serialın çəkilişinə başlayıb.

Şikətin Kulis.aza göndərdiyi serial sinopsisində bildirilir:

“Miras isə iki mərtəbəli evdir. Bütün hadisələr də bu villada baş verir. Evin sahibi 80 yaşlı bir qadındır. O, tənhadır, köməksizdir, qohumlardan heç kimi yoxdur. Buna görə də o, hər yerə elanlar verir – villasını iki ailəyə kirayə verir. Tələb etdiyi şərtlər sadəcə ailələrin ona kömək göstərməsi, yaşlı bir qadına mümkün qədər qulluq etmələridir. Ailələrin bu elana maraq göstərməsinin əsas səbəbi isə elanın axırıncı cümləsidir – Qadına yaxşı baxan ailə, qadının ölümündən sonra villaya sahib olacaq! Yəni ev kiməsə MİRAS qalacaq.

Təbii ki, bu cür şansdan yararlanmaq üçün yüzlərlə ailə elana cavab verir. 2 mərtəbəli evin sahibəsi onların arasından iki ailəni seçir. Serial başlayır.

Yaşlı qadının tələbi onların ev kirayəsini bir illik öncədən vermələridir. Təbii ki, milyonlarla qiyməti olan villaya görə bu şərt elə də qəliz deyil və ailələr canla-başla razılaşırlar.

Vətəndaşlarımızda ildən –ilə artan və aramızda böyük nüfuza sahib olan həmyerlilərimizin HÖVSƏLƏSİZliyi yenə də öz işini görür. Heç ölüm mələyi ilə görüşə tələsməyən qarı əksinə, gündən –günə cavanlaşır, həyata can atır. Bu da villaya sahib olmaq istəyən ailələri qıcıqlandırır. Serialın əksər buraxılışları qarını tezliklə aradan götürmək üzərində qurulur. “Bədbəxt hadisə” ailələrin əsas ideyasıdır.

İki qoçun başı, bir qazanda qaynamaz. Deməli, ikinci bir xətt – ailələrin öz aralarındakı mübarizəsidir. Hər ailə qarının yanında digər ailəni gözdən salmaq və özlərinə xal qazanmaq istəyir.

Serialın hər seriyasının kulminasiyası isə gülərüz, köməksiz, aciz, yaşlı ev yiyəsinin əslində göründüyü kimi olmamasıdır. Qarı dünyada hələ rast gəlinməyən, nadir “dələduz” imiş. Onun məqsədi kirayə haqqını bir il öncədən almaq, sonra isə ailələri 1-2 ay içində öz xoşları ilə evi tərk etməyə məcbur etməkdir: gecə səs-küylü partilər təşkil etməklə, anormal sifarişlər və xahişlər etməklə, anormal həyat tərzi ilə, qorxu və həyəcan içində yaşatmaqla, ümumi ayaqyolunu, hamamı və mətbəxi məqsədyönlü şəkildə uzun müddətə zəbt etməklə və cəhənnəm həyatı yaşatmaqla.

Təbii ki, ailələr villanın xətrinə bütün bunlara dözməyə çalışacaqlar. Amma yazarın qəddar fantaziyası ilə yazılacaq tiraniyaya hansısa ailənin dözməsi mümkün deyil.

Qarı nənə hər zaman bir addım öndədir – onun otağında üzərində saysız monitorlar olan geniş bir lövhə var. Hər monitor, evin müxtəlif künclərində quraşdırılan gizli kameraların görüntüsünü əks elətdirir.

Qarı nənənin bu ideyası həm onun özünə sərf edir, həm də serial mövsümündə müəyyən vaxtdan sonra hər hansı ailəni dəyişmək imkanı verir.

İlkin nəzərdə tutulmuş ailə üzvləri bir ailədə; yaşlı ata, cavan analıq və çox savadlı qız, digər ailədə; oğlan, qaçırılmış qız və qızın anasıdır. Hərəsinin öz xasiyyəti, öz tipi, öz gülüş yaradan elementləri var. Məkanlar; geniş qonaq otağı, yataq otaqları, ümumi tualet, ümumi hamam, ümumi mətbəx, geniş foye, villanın yaşıl bağçası, qarının iqamətgahı və darvazanın ağzı.

Darvazanın ağzı keçid planlara qulluq edən məkandır. Orada öz növbəsini gözləyən onlarla ailə var. Gözləmə, müasir klinikalarda və ya mobil operatorların müştəri xidmətlərinin gözləməsini xatırladır, yəni elektron formada. Orada da epizodik personajlar və zarafatlar nəzərdə tutulur. Ümumi gedişatda personajlar və məkanlar artıb, azalıb və ya dəyişə bilər.

Əlavə personajlar kimi qarıyla əlbir olan polis və 90 yaşlı nəzarətçi var. Onlar sahibənin qohumlarıdır. Bu fakt gizli saxlanılır.

Hərislik, dələduzluq, ironiya, müasirlik və bənzərsiz yumorla yüklənəcək bu komediya serialı, geniş tamaşaçı auditoriyasının marağına səbəb olacağına əminik”.

Serialın baş prodüseri Oqtay Əliyev, quruluşçu rejissor Səyavuş Hüseynlidir. Baş rolları Şükufə Yusupova, Vidadi Əliyev, Şövqi Hüseynov, Telman Əliyev, Günəş Mehdizadə, Təranə Əliyeva, Xuraman Əlizadə, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva ifa edir.

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #