Yusif Səmədoğlu Stalinlə necə görüşdü? – Seyran Səxavət yazır...

Yusif Səmədoğlu Stalinlə necə görüşdü? – Seyran Səxavət yazır...
21 iyun 2019
# 15:45

Kulis.az tanınmış yazıçı Seyran Səxavətin yenicə çıxan “Kenquru” kitabından eyni adlı hekayəni tədim edir.

Bakıda Yusif Səmədoğlu ilə qəbirüstü söhbət

- ...

- ...

- ...

- ...

- ...

- ...

- Salam, ay qağa!

- ...

- Salamməlöyküm, qağa!

- ...

- Yusif müəllim, salam!

- Kimsən?

- Seyranam, dana, ay qağa, Seyran.

- Hansı Seyran?

- Seyran Səxavətəm, dana, ay qağa...

- Bəs sən ölməmisən?

- Yox, ay qağa...

- Axı, mənim hesabımınan sən çoxdan ölməliydin...

- Yoox... ölməmişəm... qağa...

- Deyirəm axı... buralarda gözümə dəymirsən...

- Yox... yox... ay qağa, nə danışırsan... yox, ölməmişəm, ölsəm, sənin xəbərin olardı dana... Sənnən yaxın adamım var?!

- Seyran, oralarda işin çox qalıb hələ?

- Nədi ki, ay qağa?

- Heeç... elə-belə soruşdum... qorxdun?

- Yooox... ay qağa... o qədər də qorxmadım...

- Deyəsən, bir balaca üyüdürsən?

- Lap az, ay qağa... durum yalannan deyim ki...

- Həəəəə... Seyran...

- Eşidirəm, ay qağa...

- Buralara tez-tez gəlirsən?

- Hə... tez-tez... Sənin doğum günündə gəlirəm, sonra özümün ad günümdə... Sənnən ötrü darıxanda, sonra, sən bizi atıb getdiyin günü gəlirəm...

- Mən sizi atıb getmədim ee... Məni apardılar... Siz də məni saxlaya bilmədiniz...

- Yox, tez-tez gəlirəm, ay qağa...

- Axı mən heç səni buralarda görməmişəm...

- Heç mən də səni buralarda görməmişəm...

- Bilirsən niyə?

- Yox...

- Torpağın üstündən torpağın altı görünməz... düzdü?

- Düzdü, ay qağa...

- Əgər düzdürsə, deməli, torpağın altından da üstü görünməz... ürəyinə salma, torpaq şüşə deyil ki... torpaq şüşə kimi olsaydı çoxdan qırıq-qırıq olmuşdu. Şüşə qırıntılarının da bu tərəfindən baxsan, o biri tərəfi görə bilməzsən – şüşə gərək bütöv olsun, sınmasın... Seyran...

- Bəli, qağa...

- Sən yazıb-oxuyanda eynək taxırsan?

- Hə... taxıram... eynəyim iki yarımdı.

- Heç eynəyin sınıb?

- Yox, ay qağa.

- Sən bir dəfə mənim xətrimə eynəyinin şüşəsini elə sındır ki, ovulub yerə tökülməsin, eləcə çat-çat olsun... sonra da tax gözünə, dünyaya bax, kitab oxu... Onda bilərsən ki, ikiayaqlıların hamısının gözünün qarası bax o eynək kimi çat-çatdı, dəyişmək mümkün deyil. Burda optikalıq da bir iş yoxdu. Dünyaya da çat-çat olmuş göz qarasının arxasından baxıb feyziyab olurlar... Elə bilirlər ki, dünya onların gördükləri kimidi. Bu, ikiayaqlıların hamısına aiddi...

- Qağa, hamısına?...

- Hamısına!

- Kenquruya da?

- Yox!

- Niyə, ay qağa!

- Çünki Kenquru dördayaqlı olmağa çox meyillidi – o, nə vaxtsa, mütləq dördayaqlı olacaq!

- Ay qağa, vallah, sən dahisən!

- Nə?!

- Deyirəm, sən dahisən!

- Ağzına gələni danışma! Özünsən! Dahinin biri dahi! Bir də buralara gəlmə!!!

- Qağa, qəfil ağzımdan çıxdı, məni bağışla.

- Kenquru bağışlasın! Dahi... yox bir... Mən dahi olsaydım, heç ölərdim... hə?!

- ...

- ...

- ...

- Ümumiyyətlə, sən Kenquru haqqında bir şey bilirsən?

- Bilirəm, ay ağa...

- Nə bilirsən?

- Özümə görə bir az bilirəm...

- Seyran, Kenquru görməyəni mən adam hesab eləmirəm, sən Kenquru görmüsən?

- Hə, qağa... kinoda görmüşəm, bir də...

- Bir də harda?

- Salyan tərəfdə... Maşınnan Lənkərana gedirdim... hə... sürüynən çıxdılar qabağıma.

- Denən Kenquru canı...

- Kenquru canı...

- Allah səni güldürsün, ay Seyran... Öləndən bəri belə gülməmişdim... gözümdən torpaq tökülənə qədər... ay səni...

- Ay qağa, nəyə gülürsən, mənə inanmırsan?

- İnanıram, inanıram, sənin dediyin Salyan kenqurularıdı... ay səni... özləri də yay kimi dartınıb ox kimi süzerdilər, eləmi, dərdin alem?

- Yusif müəllim, mənə inanmırsansa, çıxım gedim?

- Nə yaman ciddiləşdin? Yoox... inanıram, getmə... Hara gedirsən ee.. nə var? Bakıda yel əsib qoz tökülüb. Bir də ki, Bakıda elə həmişə külək əsir də... Bu cür küləyin qabağında ağacda qoz qalar ki, tökülə də... Hamısı min il bundan qabaq tökülüb, özü də göy-göy, sarfa-sarfa, yetişməmiş... Bəri bax, sən Bakıda heç qoz ağacı görmüsən?

- Niyə görməmişəm...

- Harda görmüsən?

- İçərişəhərdə... meşədi də, “Qız qalası”nın başı gücünən görükür.

- De, Kenquru canı...

- Kenquru canı... bir də metroda külək əsməyən yerdə - Qara Qarayev, Əhmədli, Xalqlar dostluğu... Baksovetin yeri də qoz meşəsi olub, sonra hamısını kəsdilər, Baksoveti tikdilər...

- Seyran, bağışla ee, ölənnən sonra yaddaşım yaman korlanıb, səni gücnən tanıdım, səsinnən tanıdım. Düz deyirsən, oralar meşə olub, cırcıramaların səsi indi də qulağıma gəlir. Hə... Sənnən arxayın oldum, çox nigaran idim sən sarı...

- Niyə?

- Niyə nədi? Yalan danışmırdın... İndi Allaha şükür, cəh-cəh vurursan... Sən də qayıtdın nahaqqın yoluna... Sən sarı arxayın oldum. Düzdü, bir az gecikmisən, ancaq heç olmasa, bundan sonra rahat yaşayarsan. Yetmiş nə yaşdı ki... hələ gələcəyin qabaqdadı...

- Yaxşı eşitmədim ee, ay qağa...

- Sənin də qulağın torpağınan doludu?

- Ay qağa, orda da şəkil çəkirsən?

- Hə...

- Bəs nəynən şəkirsən, aparatın var?

- Yoox... aparatım Bakıda qaldı. Burda heylə şeylər işləmir... gözümnən çəkirəm.

- Gözünən?!

- Hə... gözümünən. “Nikon”nan da yaxşı çəkir. Bütün canlıların gözüynən şəkil çəkmək olur – lap qaranquşun gözləriynən də - bahar mənzərələri, şedevr... bircə qoyun gözünnən başqa...

- Deməli, ay qağa, bütün canlıların gözü şəkil çəkir?

- Hə... Ancaq özlərinin xəbəri olmur. Dünyadan köçəndə də özləriynən gətirirlər, burda bir-birinə göstərirlər ki, bax gör, mən necə gözəl yerlərdə olmuşam, necə adamlar görmüşəm. Şəklin arxasına da yazırlar ki, “baxıb xatırlama, xatırlayıb bax”.

- Birinci dəfədi eşidirəm, ay qağa.

- Birinci dəfə niyə eşidirsən ki? Bir başını işlət də, bəs onu yetmiş ildi nə gəzdirirsən? Burda qəliz bir şey yoxdu. Mən Bakıda olanda nə təhər şəkil çəkirdim. Sən dururdun qabağımda, mən də aparatı götürüb gözümün birini qıyıb o birisiylə sənə baxıb çəkirdim. Sənə də elə gəlirdi ki, mən aparatınan... əlində isə mən gözümnən çəkirdim.

- Düz deyirsən ee, ay qağa... Vay dədə, vaaay, gör heç ağlıma gəlib... Qağa, vallah sən...

- Yaxşı, yaxşı, genə başlama!!!

- Yox, ayrı söz deyirəm ee... qağa.

- De görüm.

- Qağa, vallah sən da... dəhşətsən, dəhşət...

- Nə?!

- Deyirəm sən dəhşətsən!

- Ağzına gələni danışma!Özünsən! Dəhşətin biri dəhşət! Bir də buralara...

- Qağa, qəfil ağzımdan çıxdı, məni bağışla...

- Kenquru bağışlasın! Dəhşət... Yox bir... Mən dəhşət olsaydım, heç doğulardım... Hə?!

- ...

- ...

- ...

- Ən nadir şəkilləri canavar gözləri çəkir. Mən bura təzə gələndə bir Yalquzaq Canavarın ucu-bucağı görünməyən foto sərgisi asılmışdı. Bütün dünya axışıb gəlmişdi. Sərgi əvvəl bir gün, sonra üç gün, sonra yeddi gün, sonra da qırx gün çəkdi. Axırda bu qərara gəldilər ki, sərgiyə olan kütləvi marağı nəzərə alıb onun vaxtını qırx il uzatsınlar, uzatdılar da. Sərgi salonuna göydən yüz bağlama dollar səpələsən biri də yerə düşməz...

- Göydə qaparlar?

- Yox, ay adam! Yox! Yox! Yox!

- …

- ...

- Bağışla, ay qağa, qəfil ağzımdan çıxdı.

- Ağzından çıxdı!... Dollar bağışlasın! Ağzında bir ovuc torpağı saxlaya bilmirsən?!

- Dilimi deyirsən, ay qağa?

- Hə! Hə! Hə!... Yaxşı, çoxdandı diri adam incitməmişdim – gör neçə ildi bura gəldiyim. Özündən asılı olmayaraq ölüləri incidəndə ləzzət də vermir – bilmirsən ki, inciyiblər, yoxsa inciməyiblər.

- Yaxşı, qağa, sərgidən danış eee... Allahın altında mən də görəydim o sərgini.

- Darıxma... nə vaxt qismət olsa, görəzsən... Çox maraqlıdı. O sərgi açılandan birinci dəfədi ki, mən gəlib öz qəbrimdə dincəlirəm. Biz sənnən təsadüfən... Bir az gec gəlsəydin... Mən o sərginin bələdçilərinin istirahət elədikləri beşulduzlu qəbirdə qalırdım, bir azdan gedəcəm.

- Qağa, kimləri gördün orda?

- Denən, kimləri görmədim? Qocaların çoxunu tanımadım. Ancaq cavanlardan Hitler, Stalin, Çerçil, Ruzvelt... Hələ getməyiblər, burdadılar. Elə acgözlüklə tamaşa eləyirlər ki, elə bil öz sərgiləridi. Maraqlı bir hadisə oldu... istəyirsən danışım...

- Vaxtını almıram ki, ay qağa?

- Mənim vaxtım çoxdu, torpağın vaxtına şərik olmuşam – daha doğrusu, eləyiblər... Hə... Sərgi açılan günü Hitler özünü humanist göstərmək xətrinə Ruzveltin oturduğu kolyaskanı sürürdü, şəkillərə birlikdə tamaşa eləyirdilər. Stalinlə Çerçil isə əks tərəfdə bir yerdə gəzişə-gəzişə baxırdılar. Mən də onların arxasınca gəzirdim, onun hər addımına fikir verirdim, necə olmasa da, ikimiz də qafqazlıyıq də... Birdən Stalin dayanıb Çerçilə dedi:

- Cənab Çerçil, şalvarımın dal cibində nə isə tərpənir, gör o nədi?

Çerçil əlcəkli əlini Stalinin şalvarının dal cibində üstdən gəzdirdi:

- Cənab generalisimus, burda nə isə tərpənir.

Stalin demisini tüstülədə-tüstülədə dedi:

- Cənab Çerçil, gör o nədi?

Çerçil əlini salıb Stalinin arxa cibindən anaş qurbağa boyda ətcəbala bir uşağı çıxardıb ingiliscə iyrənə-iyrənə Stalinin ayaqlarının altına tullayıb dedi:

- Bu kimdi belə?

Stalin təmkinini pozmadan cavab verdi:

- Mixail Sergeyeviç Qorbaçov – sukin sın.

Bu yerdə mən özümü saxlaya bilmədim. Yaxınlaşıb tanışlıq verdim. Dedim, Səməd Vurğunun oğluyam, tanıdı, gülümsədi. Ona dedim ki, yoldaş Stalin, axı Siz Qorbaçovu tanıya bilməzdiniz... O Sizdən çox sonra... Demisinə bir qüllab vurub dedi ki, o sukin sını yuxuda görmüşəm, mənim yuxum həmişə çin olub. Bax belə...

- Ay qağa, bəs o anaş qurbağa sonra nə təhər oldu?

- Heç nə təhər... Şarl De Qolun gözü qalmışdı o qurbağada, ağzının suyu axırdı. Axı, fransızlar qurbağa yeyən olurlar.

- Qağa, Canavar özü ordaydı?

- Hə... bəs müəllifsiz şey olar? Heç kəs onun gözünün içinə baxmırdı ha... baxa bilmirdilər...

- Niyə ki, ay qağa?

- Baxan kimi hamısının tükü tökülürdü... İxtazavr, dinazovr baxa bilirdi, cavanlardan da ancaq fil.

- Sən də baxa bilmirdin?

- Bircə dəfə gözüm sataşdı, gözlərim qamaşdı, elə bildim ki, “svarkaya” baxıram – az qaldı gözlərim çıxsın.

- Qağa, gərək, Stalinnən şəkil çəkdirəydin.

- İstəyirdim, çəkdirəm... ancaq Levan qoymadı.

- Levan Adyan?

- Yoox... Lovrenti Povloviç Beriya.

- O da ordaydı?

- Hə, dəstə-tifaq hamısı ordaydı, Mikoyan da...

- Ay qağa, Beriya nə dedi ki, qoymadı?

- Dedi ki, rədd ol burdan. Mən də dedim rədd olmuram, bu sərgiyə rəsmi dəvətnaməm var. O da qayıtdı ki, bəlkə burdan sonra sənə Sibirə dəvətnamə verək. Bunu deyən kimi verdim şalvara... rədd oldum...

- Ay qağa, o siz tərəflərdə də Sibir var?

- Sibir harda yoxdu ki... Stalin Bayıl türməsini mənnən soruşdu ki, o türmə durur; dedim ki, indi ondan da yaxşısını tikiblər, bir cüt göz istəyir tamaşa eləsin, bığaltı gülümsədi.

- Qağa, o sərgidə çıxış eliyən-zad oldu?

- Əlbət ki... düz bir il altı ay çıxış elədilər: Hitler, Mussolini, Ruzvelt, Şarl de qol, Çankayşi, Mao... hamısı...

- Bəs Stalin çıxış eləmədi?

- Yoox. Ona söz verəndə dedi ki, mən öz fikirlərimi yazıb göndərəcəm.

- Ay qağa, nə deyirdilər ki?

- Yerindən duran Canavarı tərifləyirdi, deyirdilər ki, Canavar dahi sənətkardı. Hitler dedi ki, sərgiyə baxandan sonra bu qərara gəldim ki, dahi sənətkarımız Canavar deyil – canavar dərisi geymiş İnsandı... Hamıdan çox onu alqışlayırdılar – Hitleri. Sonra da Canavarın boynunu qucaqlayıb üzündən altı dəfə öpdü. Canavar üz-gözünü turşutdu, deyəsən, Hitlerdən iyrənirdi, mən şəxsən belə başa düşdüm. Hitler də bunu hiss elədi, ancaq özünü o yerə qoymadı. Bu vəziyyətdə Hitler dəvəyə oxşayırdı, yəqin ki, nə vaxtsa, Canavardan heyfini çıxacaqdı, qisas alacaqdı... mənə elə gəlirdi. Sonra Borman çıxdı kürsüyə, Hitlerin, bir də Mussolinin adından Canavara hədiyyə verdi.

- Nə hədiyyə, ay qağa?

- Hitlerin kömürlə çəkdiyi, böyük ölçülü bir rəsm idi. Əsərdə nəhəng adam kəlləsinin içində böyrü üstə uzanmış Canavar balalarını əmizdirə-əmizdirə iştahla insanın beynini yalayırdı. Bu əsər o qədər böyük ustalıqla çəkilmişdi ki, diqqətlə baxanda Canavarın ağzının marçıltısını eşitmək, udqunduğunu görmək olurdu. Şəxsən mən eşitdim də, gördüm də... Uşaq vaxtı körpəni necə bələyib bələk bağı ilə də bağlayıb bürüyürlər – Diri, diri... Bax, məni də dəhşət elə bürümüşdü. Mən bələk də görmüşəm, kəfən də... ancaq kəfən bu cür bələyin yanıda ipək parçadan tikilmiş çeçunça kəstyum kimi bir şeydi. Özün hesabını götür də indi...

- Ay qağa, ay qağa, ay qağa, ay qağa...

- Nədi? Noolub? Ağı deyirsən?

- Qağa, sən... az qalmışdı ağzımdan çıxsın...

- Mən də az qalmışdım səni qovam...

- Ağzımdan çıxmadı ki, ay qağa.

- Mən də səni qovmadım ki, qaqulya.

- Hə... yaxşı ki, ağzımdan çıxmadı...

- Hə... yaxşı ki, səni qovmadım...

- Yaxşı oldu, ay qağa.

- Yaxşı oldu, qaqulya. Heç belə yaxşı olmamışdı.

- Olmamışdı, olmamışdı...

- Seyran, noolub? Hə? Birtəhərsən. Sən bir yüz əlli qram hortdad getsin.

- Səndə var, qağa?

- Məndə çoxudu, bəsdi deyincə... hamısını Bakıda sizinən içdim. Bura gələndə özümünən bir şüşə də götürmədim. Buralarda da ki, bilirsən də “suxoy zakon” du. Yaxşı gəl söhbəti dəyişək.

- Söhbət dəyişmək ölkəni dəyişmək kimi bir şeydi, mən girən kol deyil, gücüm çatmaz, qağa.

- İstəyirsən, mən dəyişim.

- Dəyiş.

- Yaxşı, Zaxar Petroviç, nə təhərdi?

- Zaxar Petroviç kimdi, ay qağa?

- Zakir Fəxrini deyirəm.

- Hə... Onun vəziyyətini özünün iki misrasıyla deyim?

- De...

- Ay qağa, tay Zakir bizi hərləmir... işi-gücü fələyinəndi, fələyinən oturub-durur.

- Nə deyir ki?

- Nə deyəcək? Deyir ki: Silkələmə, fələk, məni. Çiynimdəki tabut düşər...

- Hə... bildim...

- Söhbət dəyişmədi, ay qağa...

- Biz dəyişəndə söhbətimiz də dəyişəcək, qoy belə qalsın, öz sözümüzü danışaq, elə rahatdı...

- Düzdü, ay qağa, adam öz söhbətini eliyəndə elə bil ki, oturub evində yuxarı başda hörmətinən-izzətinən ağalıq eləyir, özünə mərhəm olmayan şeylərdən danışanda isə elə bil ki, yad ölkədədi, qəribçilik çəkir...

- Yaxşı, Seyran, İntiriş nağayrır - İntiqam Qasımzadə?

- İntiriş yaxşıdı. “Azərbaycan” jurnalında baş redaktor işləyir. Şirin zarafatım var; hərdən deyirəm, ay İntiqam, indi harda işləyirsən? Deyir ki, “Azərbaycan” jurnalında baş redaktor əvəziyəm, baş redaktorum da Yusif Səmədoğludu – bax, heylə. Hərdən milli tərkibdən, etnoslardan, Qarabağdan şirin-şirin mübahisə eləyəndə söhbəti belə yekunlaşdırıb canını qurtarır: - Mən Şuşada Mehmandarovun evində doğulmuşam! Bildin?! Deyirəm ki, bunu çoxdan bilirəm, təzə nə deyə bilərsən? Deyir ki, təzəsi də, köhnəsi də, hamısı elə budu! Başını girləyir də...

- Baş girləmək elə bir ixtisasdı ki, sonradan peşəyə çevrilir – peşələrin ən çətinidi. Allah adamın dostudu, ağıllı baş düşməni! Ağıllı başla özünü idarə etmək dövləti idarə etmək qədər çətindi, müşküldü. Bu birmənalıdı, belədi, başqa variant-zad da yoxdu. İkinci, yarımağıllı baş... burda vəziyyət o qədər də pis deyil; belə ki, yarımaağıllı baş bir gün dostdu, o biri gün düşmən... Ən gözəli, rahatı isə ağıl olmayan başı girləməkdir. Kim nə deyir “bəli, baş üstə” – baş yoxdu axı... Hamı da deyir ki, “halal olsun, üzüyola adamdı”. Beləliklə, “üzüyola adam” imici çadırının altında ömrünü vurur başa, dünyadan da gedəndə xəbəri olmur; nədən ötrü gəlmişdi, niyə getdi, onun getməyindən niyə heç kəsin xəbəri olmadı və ilaxır və sair...

- Qağa, məni burdan qovsan da deyəcəm: Sən filosofsan!

- Filosof da özünsən... bayaq dediklərin də... özünsən...

- Qağa, sənə bir şad xəbərim var... 2002-ci ildə “Nekroloq” əsərimə görə mənə Azərbaycan Yazıçılar Birliyinin Yusif Səmədoğlu adına “ilin ən yaxşı romanı” mükafatını verdilər.

- Noolsun ki?

- Necə yəni noolsun... başa düşmədim...

- Başa düşmədin?

- Hə... ay qağa, başa düşmədim.

- Hə... noolsun ki, başa düşmədin, sonra başa düşərsən də...

- Nə vaxt, ay qağa?

- Nə vaxt olsa... ola bilər ki, heç axıracan başa düşməyəsən... bu, vacib də deyil, çünki bunnan da vacib şeylər var...

- ...

- ...

- ...

- Ay Seyran, sənin huşun-başın yerindədi?

- Bura gələnə qədər hə... nədi ki?...

- Əgər huşun-başın yerindədirsə, niyə köhnə xəbəri təzə xəbər kimi sırıyırsan mənə, hə? Yadından çıxıb? Mükafat alan günü gəlmişdin bura, əlində də bir dəstə gül. Soruşdun ki, ay qağa, mənə sənin adına olan mükafat veriblər, sən bilən bu nə məsələdi? Mən nə dedim? Dedim ki, ehtiyatlı ol... yadındadı?

- Bıy... hə, ay qağa, düz deyirsən, hə...

- Sonra da dedin ki, milyoner olmuşam, bir milyon mükafat almışam, o vaxt deyəsən bir milyon iki yüz dollarıdı; dedin ki, gedək yeyib-içək, düzdü?

- Düzdü...

- Mən nə dedim, dedim ki, buralarda qanun-qayda belədi ki, bizi heç hara buraxmıllar, qarantindi. Sən əl çəkmədin, heykəlimin üz—gözünnən öpə-öpə yalvardın ki, noolar ikicə saatlığa gedək. Düzü, mən də pis oldum, pis oldum ki, bəlkə, havalanıb eləmisən. Çünki, məni diri bilirdin, mənnən diri adam kimi danışırdın, mən nə fikirləşməliydim ki?.. Elə bil “Ulduz”da işlədiyimiz vaxtlardı, sən də işin axırında gəlmisən ki, qağa, gedək “inturist”ə... bax, heylə... indi o köhnə xəbəri mənə təzədən sırıyanda yenə narahat oldum... Ancaq yox... maşallah yaxşısan...

- Yaxşıyam, hə, qağa?

- Yaxşı deyilsən ee, lap yaxşısan...

- Sağ ol, ay qağa...

- Sən də sağ ol, qaqulya.

- ...

- ...

- ...

- Birinci dəfə bu xəbəri mənə deyəndə özüm dillənmədim. Mükafat məsələsini sənnən qabaq bilirdim.

- Nə təhər? Bilirdin?...

- Hə... Anardan mən xahiş eləmişdim...

- Anardan mənim xahişimi eləmişdin?

- Hə... təəccüblənib eləmə... bizim burda öz kanallarımız var...

- Nə danışırsan, ay qağa, həmişəliik ora gələndə mənim də öz kanalım olacaq?

- Nəyinə lazımdı, mənim kanalım var də, sən də istifadə eliyərsən...

- Ay qağa, özümün kanalım olsa, pis olar ki?

- Elə bilirsən burda hər yetənin kanalı olur? Heç mənim adıma yoxdu; məni Səməd Vurğunun kanalına qoşublar, səni də qoşarıq ora... Belə baxanda kanalı neynirsən ee, o da bir cür başağrısıdı...

- Hə... qağa... bəri bax, Vaqif Səmədoğlunu görüb eləyirsən?

- Eşitmişəm gəlib, buralardadı... ancaq görüşməmişik...

- Bəs niyə, ay qağa?

- Bilirsən də, bir ildən çoxdu ki, gəlib, ancaq nəyisə bir dəfə də könlümdən görüşmək keçməyib.

- Niyə?

- O niyəni araşdırdım, getdim buranın baş inzibatçısının yanına, dedim siz bilərsiniz, doğma qardaşımınan görüşmək yadıma da düşmür, bu nədən olar? Dedi ki, belə də olmalıdı, hələ çox tezdi. Buraların qanununa görə mən Vaqifi yetmiş beş ildən, Səməd Vurğunu isə əlli ildən sonra görə bilərəm – hər kəs nə qədər yaşayıbsa, o qədər vaxt keçməlidi. Onlar isə məni altmış üç ildən sonra görə bilərlər – bu, ancaq doğmalara aiddi, tanışlara dəxli yoxdu. Özü də uzaqdan-uzağa bir-birimizi görə bilərik - ən yaxın məsafə qırx metr olmalıdı, otuz doqquz olsa, görüntü itir, bax, belə... Ancaq tanışları tez-tez görürəm, onlar da məni görür, özü də üzbəsurət.

- Qağa, lap axırıncı kimi görmüsən?

- Cabir Novruzu. Dedi, təzə şeir yazmışam, adı da belədi: ... “Sağlığında qiymət verin insanlara”. Mən də dedim ki, elə öləndən sonra da, qiymət versələr, pis olmaz. Cabir dedi ki, istəyirsən şeiri oxuyum sənə, dedim yox, tələsirəm. Cabir təəccüblənib dedi ki, axı burda heç kəs heç yana tələsmir. Mən də dedim ki, noolsun heç kəs heç yana tələsmir – mən tələsirəm. Onnan sonra görməmişəm, deyəsən, yenə yazır...

- Qağa, səni görüb ürəklənmişəm; istəyirəm hamı desin ki, Seyran böyük yazıçıdı. Nə məsləhət görərdin?...

- Sən belə elə... Allah adamı necə, nədən yaradıb – saxsı səsi verən palçıqdan, sonra yaratdığı Allahın xoşuna gəlməyib. Öz ruhundan yaratdığına üfürüb, xoşuna gəlmədiyi adam canlanıb, xoşuna gəlib. Hər adamda Allahın ruhu var; sən də gərək yaratdığın obrazlara bütün ruhunla üfürəsən... bir də görəcəksən ki, yaratdığın obrazlar canlandı, başladılar kitabın içində gəzişməyə, sonra kitabın içində gəzişməkdən bezib kitabdan düşəcəklər həyata, canlı aləmə qovuşacaqlar. Bax, onda sən deyən olacaq...

- Qağa, yaxşı danışırsan ee...

- Nə barədə?

- Tay kəkələmirsən...

- Hə... Bura gələnnən qırx gün sonra dilim açıldı.

- Elə özbaşına açıldı?

- Yoox... açdılar.

- Qağa, yerin rahatdı, darkeş deyil ki?

- Nədi ki? Yerimi genəltmək istəyirsən?

- Yoox... mənim oralara bələdliyim yoxdu... Həmişə sənin yanına gələndə Vaqif Cəbrayılzadənin iki misrası yadıma düşür, pis oluram.

- Vaqif nə yazır ki?

- Onun Lermontova həsr etdiyi bir şeiri var, iki misrası təxminən belədi: “qəbrin içi tüfəngin lüləsi kimi dar, Mixayil Yuriyeviç, elə bilirsən hamının allahı var?”

- Yaxşıdı... Bu Sözün həqiqətidi də... Bir də var Həqiqətin sözü... Birinci variant gözəldi, ikincisi isə sərrastdı, dəqiqdi, reallıqdı. Sən pis olma. Əvvəla pis olmaqdan on səkkiz il keçir. İkincisinə qalan yerdə burda yerim çox gen-boldu – torpaq boyda... Torpaq boyda olduğuna görə torpaq kimi də rahatam; torpaqdan yumşaq heç nə yoxdu. Mən sizin yanınızda olanda, bilsəydim, başımın altına yastıq yox, torpaq qoyub yatardım... Torpaq qoyub yatardım ki, boynum yastıqdan düşməsin...

- Qağa, bura təzə ölü gələndə siz köhnələr neylirsiniz, qarşılamaq, filan – belə bir protokol var?

- Dəqiq yadımdadı, məni bura çiyinlərində gətirəndə heylə sən deyən də könlüm yox idi bura gəlməyə. Baxmayaraq ki, gözüm dünyadan doymuşdu, canım da ağrıdan. Tanıdığım adamlardan ayrılmaq istəmirdim, bir mahnıda deyildiyi kimi “zorunan ayırdılar”. Əgər tanıdıqlarımı tanımasaydım, belə də olmur axı, vecimə almazdım. Buranın giriş qapısından içəri keçəndə, denən buranın çıxış qapısı da olur ki... Hə, bir az da giriş qapısı məsələsini dəqiqləşdirsəm, deməliyəm ki, buranın giriş qapısı ancaq mənim üçün giriş qapısı olsa da, məni yola salmağa gələn minlərlə adam üçün həm də çıxış qapısı idi. Əlqərəz, buranın köhnə sakinlərindən bir kimsə məni qarşılamadı. Ancaq gözümün qabağından səssiz, yumşaq bir ildırım çaxıb getdi. Mən bu ildırımın təbəssümünü doğmalığından, qanından tanıdım – Səməd Vurğunun ruhu idi. Bir şey də deyim, bura qırx gün müddətində gələn olacaqsa, bizə bəri başdan ayan olur, özü də gününə, saatına qədər...

- Nə danışırsan, ay qağa?

- Bəli, bəli, bax, Yazıçılar Birliyinin binasında pillələrlə yuxarı qalxmaq istəyəndə sol tərəfdə elanlar lövhəsi var ha... hamı da ordan keçib gedir axı... məsələn, bu il martın 23-də saat 14-də Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Seyran Səxavətin yetmiş illiyi münasibətilə tədbir keçiriləcək, maraqlananlar dəvət olunur. Buranın köhnə sakinlərinə də ayan olur ki, filan ayın filan tarixində saat filanda Filankəs gələcək, daha doğrusu, gətirəcəklər. Sizin elandan fərqli olaraq “maraqlananlar dəvət olunur” cümləsini yazmırlar – çünki maraqlananlar yoxdu, vəssəlam. Hərə öz torpaq ömrünü yaşamaqdadı... Yaxşı, bu da belə... İndi düzünü de, kişi kimi...

- Kişi kimi danışmaq çətindi axı, ay qağa, özü də qəfildən...

- Mənim xətrimə də... yəni beş-altı cümləlik kişiliyin çatmayacaq, gör neynirsən, mən də kömək eliyərəm...

- Eşidirəm, ay qağa...

- Məni nə təhər xatırlayırlar, dalımca nə deyillər, yəni hərə bir zurna çalır hə?

- Bəri başdan deyim ki, hamı bir zurna çalır, adambaşına bir zurna olsa, onda Azərbaycan xalqı zurnaçılar dəstəsi olardı ki... Özü də elə-belə yox ha... Bəşəriyyətin zurnaçılar dəstəsi. Əslində, bu da böyük şərəf olardı, ancaq...

- Seyran, keç mətləbə.

- Yavaş-yavaş keçirəm də - özümü cəmləyirəm. Axı, sənin bu sualına kişi kimi cavab verməliyəm. Fikrət Sadığın bir şeiri var ee, deyir ki, “üç cür olur zurnaçılar, biri belə zurnaçılar, biri elə zurnaçılar, biri də elə-belə zurnaçılar”. İndi bunların hansının dediyi sənin üçün maraqlıdı: belə zurnaçıların, elə zurnaçıların, yoxsa elə-belə zurnaçıların?

- Elə hamısının, keç mətləbə.

- Qağa, elə götürək mənim özümü – mən o zurnaçıların üçünə də aidəm, həm beləyəm, həm eləyəm, həm də elə-beləyəm. Yəni hamısının əvəzindən, özü də kişi kimi deyəcəm, özümü cəmləmişəm. Həə... Qağa, sənin əvəzinə yaza bilməzdim, çünki, bu, namus məsələsidi, hər kəs özü öz namusunu çəkməlidi – yoxsa yazardım! Qağa, sənin əvəzinə ölə bilməzdim, sənin əvəzinə ölsəydim, sənin ölümünü zədələyərdim – yoxsa, ölərdim. Sən doğulanda da, yazanda da, öləndə də öz əvəzinə doğulmusan, öz əvəzinə yazmısan, öz əvəzinə də ölmüsən. Bunların üçünü də heç kəs Yusif kimi, Yusifin əvəzinə eliyə bilməzdi – özün də elədin. Sözümün canını alıb ayaqlarının altına atmağın məqamı gəldi: Qağa, bağışla ki, sənin əvəzinə ölə bilmədim. Sənin əvəzinə ölməyin bircə yolu olub: - Sənin əvəzinə ölmək üçün gərək sənin əvəzinə doğulaydım, ancaq mən öz əvəzimə doğulmuşam. Öz əvəzimə doğulan birisi kimi sənin əvəzinə ölə bilsəydim, bəs mənim əvəzimə kim öləcəkdi. Əgər mənim əvəzimə ölən birisi tapılsaydı, bəs onun əvəzinə kim öləcəkdi? Heç kim! Əvəzində aləm bir-birinə dəyəcəkdi, Allahın Yer üzündə qoyduğu qayda-qanun, nizam-tərəzi pozulacaqdı. Sonra heç Allahın özü də bu pozuntunu ya nizamlaya bilməyəcəkdi, ya da nizamlamaq istəməyəcəkdi – bax, burasını dəqiq deyə bilmirəm...

- ...

- ...

- ...

- Bir də ki, ay qağa, bizimkilər, insafən ölünün dalınca danışmırlar, heç qabağınca da danışmırlar, qarasına danışırlar – sən isə qara deyilsən, ağappaqsan – kəfən kimi...

- Seyran, deyirsən ki, bizimkilər ölünün dalınca danışmırlar. Axı, bu, mənə aid deyil.

- Qağaaaa! Deməli, sən... öl-mə-mi-sən?!

- Görürsən ki... ancaq sizin yanınızda qalsaydım, çoxdan ölmüşdüm...

- ...

- Mən ölməmişəm, sizinən zarafat eləmişəm...

- ...

- ...

- Ay qağa, sizdə ölümünən zarafat eləmək deyəsən nəsillikcəndi ee – Vaqif Səmədoğlu da zarafat eləyə-eləyə getdi. Zarafat eləməyə adam tapmırsınız ki?

- Qaqulya, yadında saxla, adamlar o qədər də zarafat götürmür, ən yaxşısı Ölümdü – Ölüm çox zarafatcıldı, sən bilməzsən onu. Sən hələ həyatınan zarafatlaşırsan...

- Qağa, ölümün zarafatcıl olduğunu sübut eləyə bilərsən?

- Niyə eləmirəm ki... Yəqin belə şeyləri sən də eşitmisən; bir də görürsən ki, kəndə-kəsəyə xəbər yayıldı ki, filankəs kişi ölüm ayağındadı – ölür. Qohum-əqrəba da yığışıb çadır qurur, cöngə kəsir ki, kişini urvatdı götürsünlər. Bir gün, beş gün, on gün... Kişi ölmək bilmir, bir az da keçənnən sonra ayağa qalxır – sən demə, ölüm bu kişiynən zarafat eliyirmiş, kişi də zarafat götürənimiş də... zarafatcılımış, ölümü o qədər güldürür ki, ölüm də gülə-gülə qayıdır gedir. Ancaq ölüm ayağında olanlar deyəndə ki, mənim başım zarafat-zad götürmür, öz xoşlarıynan düşürlər ölümün qabağına gəlirlər biz tərəfə - buralara.

- Qağa, onda bəs, sən niyə ölümünən zarafat eləmədin ki... niyə onu güldürmədin ki, gülə-gülə qayıdıb gedəydi - əliboş...

- Əvvəlcə bir az zarafatlaşdıq, yaxşı da alınırdı, gördüm ki, ölümün gözləri gülür – mənnən xoşu gəlmişdi. Birdən hiss elədim ki, yanmış ət qoxusu gəlir. Qırxayağa oxşayan ağrılarım dilimi yandırmışdı. Dilimin külünü udanda ilişib qaldı boğazımda, ayıldım ki, burdayam. Buranın həkimləri torpaqdan mənə dil protezi qoydular – indi dilim torpaqdandı...

- Qağa, dilini göstər görüm...

- Göstərə bilmərəm... dilimi çıxartsam, tökülər. Bir dəfə tramvayda konduktor arvada pis söz demişdim. O da mənə qarğış elədi ki, “dilin tökülsün!”

- Ay qağa, yadındadı, müstəqilliyimizin lap o sütül vaxtlarında bir dəstə tanınmış ziyalı, ağsaqqallar yığışıb gəlmişdilər sənin yanına ki, Yusif müəllim, xalqımızın azadlığı yolunda tər dabanından gedib, zəhmətin böyükdü, razılıq ver, prezidentliyə namizədliyini irəli sürək, bizə də, xalqımıza da bir gün ağlayarsan, əl-ələ verib işləyərik, o vaxt onlara bir söz demişdin ee...

- Hə, yadımdadı. Onlara dedim ki, çox sağ olun, məni sayıb gəlmisiniz. Elə mən özüm də bu məsələyə pis baxmıram. Ancaq Sizdən bir söz soruşum. Tutaq ki, namizədliyimi irəli sürürsünüz... Birdən xalq məni prezident seçdi, bəs mən nağayrajam? Nə qədər qılığıma girsələr də, bir şey çıxmadı, suyu süzülə-süzülə çıxıb getdilər.

- Ay qağa, niyə razılıq vermədin ki?

- Ay Seyran, bir özün fikirləş də... mənnən prezident olar?

- Mən bilən olardı...

- Sən bilən olardı... Axı, əsas mən biləndi – mənim bildiyim də buydu –olmazdı.

- Qağa, söhbətdi də eləyirik, prezident olsaydın, mənə nə iş verərdin?

- Səni tutdurardım...

- Məni?!

- Hə, səni.

- Niyə, ay qağa?

- Səni təzədən təşkil eliyərdim, köhnə maşın kimi təzədən yığardım.

- Nə təhər, ay qağa?

- Səni göndərtdirərdim Bayıla...

- Bayıla yox, Kürdəxanıya.

- Mən öz vaxtımnan danışıram... Hə, səni göndərtdirərdim Bayıla, çox yox, üç-dörd il, tapşırardım orda kefinən yaşayardın. Ancaq Bayıla getməmişdən qabaq azadlıqda olanda düz bir il prezident kimi məni tənqid eliyirsən, ağzına gələni deyirsən, özü də xalqın adından, hə, xalqın adından... Bütün bunlardan sonra mən də səni tutdururam, üç-dörd ildən sonra çıxırsan, - pah, xalq qəhrəmanı...

- Bəs sonra?

- Sonra yenə mənnən əl çəkmirsən, elə döşüyürsən qabırğama, rüşvət, korrupsiya və sair.

- Bəs sonra?

- Sonra da tapşırıram ayda 20-30 min pul verirlər sənə, kefinən yaşayırsan. Kefinən yaşamağa başlayannan sonra tənqidin dozasını yavaş-yavaş azaldırsan. Bax, mən səni təzədən təşkil eliyirəm, razısan?

- Razıyam.

- Sənnən özümə müxalifət düzəldirəm, həm də... Bu oyunda sən də udursan, mən də.

- Bəs uduzan kim olur?

- Xalq. Vəzifə nəyinə lazımdı, müvəqqəti şeydi. Ancaq müxalifət əbədidi. Nə təhər fikirləşmişəm?

- Yaxşıdı... Qağa, bəs Zakir Fəxrini hara qoyazsan?

- Aşıqlar Birliyinin sədri.

- Razı olmaz...

- Niyə? Getsin, otursun orda, qoşmadan-zaddan yazdın də...

- Yoox, qağa, getməz ora...

- Bəs hara?

- Vergilər naziri...

- Ora zanitdi.

- Onda heç olmasa, səhiyyə nazirliyinə...

- Axı Zakirin həkimlik diplomu yoxdu.

- Ay qağa, diplomu neynir, xəstələrə iynə vuracaq?

- Yoox ee, oranı bir adama söz vermişəm.

- Bəs sosial müdafiə fondu nə təhər?...

- Ora heç olmaz. Zakirə fond etibar eləmək olar?!

- Bəs onda hara, ay qağa, Zakir ömür boyu əziyyət çəkib ee... Səni də çox istəyir.

- Aşıqlar Birliyinə sədr!

- Qağa, yaman sərt olmusan ee, prezident olmamışdan qabaq belə dəyildin... nə tez...

- Hələ gecikmişəm. Belə olmasam, tapdalayarlar məni. Səməd Vurğun “Vaqif” pyesində Qacarın dilindən nə təhər deyir? Deyir ki, “çox da tərifləmə, mənə Vətəni, bu qılınc olmasa, yeyərlər məni!” Yadındadı? Bir də mənnən heç kəsin xahişini eləmə, qoyun işləyək. Mən kenquru deyiləm ki, hamınızı yığam qaarnımın altındakı torbaya, başlayam əmizdirməyə!... Heç kəs mənim işimə burnunu soxmasın! Kim burnunu soxsa, onun burnunu ovaram!

- Ay qağa, ay qağa, tay bəsdi...

- Nə bəsdi?

- Deyirəm tay prezident işlədiyin bəsdi, istefa ver, əməlli-başlı söhbət eliyək.

- Eliyək də!.. Başla!..

- Yox dana, sən istefa ver, sonra...

- Yaxşı, qaqulya, ancaq pis işləmədim haa...

- Ay sağ ol, bax belə...

- ...

- ...

- ...

- Ay qağa, yerin yaman görünür.

- Nə təhər görünür?

- Nə təhər görünür onu dəqiq deyə bilmərəm. Ancaq sənin yerin göründükcə özümə yer tapa bilmirəm.

- ...

- Qağa, ədəbiyyata kenquru torbasında gələnlərə nə təhər baxırsan?

- Onlara tərəf baxıram ki, deyim də nə təhər baxıram?... Kenquru da Allahın yarımçıq qalmış əsəridi, mənim “Deyilənlər gəldi başa” romanım kimi. Mənim əsərim üzürlü səbəbə görə yarımçıq qaldı; bu roman mənim gözümdə Kenquruya oxşayır. Görəsən, yarımçıq məsələsində Allahın da üzürlü səbəbi olur? Sən bilirsən?

- Yox, ay qağa, mən hardan bilim ee... Heç əsər də Kenquruya oxşayar?! Eh!

- Axırıncı cümləni yaxşı eşitmədim...

- Deyirəm ki, mən hardan bilim, ay qağa...

- Ancaq mən romanımı tamamlasaydım, adını dəyişib Kenquru qoyacaqdım – bunu öləndən sonra fikirləşmişəm.

- ...

- Seyran, fikir vermisən, insanın qolları qılçalarından gödəkdi, qısadı; eynən Kenquru kimi. Bəlkə Allah Kenqurunu bizə oxşatmaq istəyirmiş? Niyə dinmirsən?

- Nə bilim ee, ay qağa, bilmirəm də... Onu da bilmirəm ki, sən yazıçısan, yoxsa Kenquruşünas...

- Mən dünyaşünasam... Kenquru da onun içində gedir. İnsanın gərək hər şeydən xəbəri olsun. Sən bilən, təzə doğulmuş Kenquru balasının boyu nə qədər olar?

- Aşağısı yarım metr...

- Səhvin var, ikicə santimetr.

- Sən allah, düz deyirsən?

- Vallah...

- Ay qağa, iki santimetr üskükdən də balacadı eey.

- Olsun də... Onlar doğulanda birbaşa anasının kisəsinə düşür. Sakitcə kisənin içində yaşayıb böyüyür. Süd əmmək üçün özü çıxır kisədən. Doqquz kilo olana qədər kisədə yaşayıb-yaradır. Kenquru kisəlilər nəslinə aiddi. Altmış cürdülər; adamlar kimi də... Məsələn, ingilis, alman, fransız, erməni və s. Əslən Avstraliyadan, Yeni Zelandiyadandılar. Böyüklərinin çəkisi 90 kilo olur, saatda da 50 km qaça bilirlər. Uzun quyruqları yaltaqlanmaq üçün deyil. Ən çox gecələr gəzib-dolanırlar. Çox mehribandılar. Avropada bir qadın Kenqurunu övladlığa da götürüb – qadın süfrəyə oturmayınca Kenquru da dilinə heç nə vurmur. İngilis səyyahı Ceyms Kukun da ən yaxın dostları kenqurulardı, elə mənim də...

- ...

- Menyularında da iki cür yemək olur: ot, bitki yarpaqları; Yer üzü də ki, otunan, bitki yarpaqlarıynan doludu... Kefdədilər... Bir də ki, Kenqurular heç vaxt balalarının canına and içmirlər, deyirlər ki, qarnımın altındakı bu kisəyə and olsun ki... Bunu da özüm kəşf eləmişəm... Kenquru mənim aləmimdə adamlardan min dəfə maraqlıdı, min dəfə mehribandı, min dəfə də ziyansızdı... Bax, Sən də Kenquruya oxşayırsan... Ancaq bir az... Qarabağ Kenqurusu...

- Qağa, icazə versəydin gələn dəfə Səni ziyarət eləməyə, öz əvəzimə bir Kenquru göndərərdim.

- Çox yaxşı olardı... Ancaq sənin ona kişiliyin çatar?

- Çatar... Özümü oda-közə vuraram...

- Əgər kişiliyin çatmasa, qırx gün qabaq gəl, sənə yardım eliyərəm – humanitar yardım...

- Qağa, yadındadı “İnturist”də işləyən Çiçək adlı xanım?

- Yoox... Sən danışsan yadıma düşər bəlkə də... Burda yaddaş da torpaqdandı, demişəm axı, sənə...

- Həmişə bizə o xidmət eliyirdi; elə sən özün də onun stolunda oturmağa meyilli idin. Bir gün yenə onun stolunda oturmuşduq, yeyib-içirdik. Titrəyə-titrəyə yaxınlaşıb sənə dedi ki, Yusif müəllim, siz dünyanın ən gözəl kişisisiniz, çox şirinsiniz, icazə versəydiniz uzun illər qəlbimdə gəzdirdiyim bir neçə kəlmə sözümü deyim. Sən də centlemen sayağı dedin ki, buyurun. O xanım da çox gözəl idi və buyurdu ki, “Yusif müəllim... bilirəm ki, sizin diriliyinizdən heç vaxt mənə pay düşməyəcək; sizdən artıq dərəcədə xahiş eliyirəm ki, öləndə vəsiyyət eləyin, sizi mən öz əllərimlə yuyum... Sizin ölünüzdə də gözüm var...” – dedi, qaça-qaça çıxıb getdi, hətta stolun hesabını da başqasına verməli olduq, yadına düşdü?

- Bəs mən nə dedim ona?

- Sən də dedin ki, hələ ona çox qalıb, öləndə gələrsən, düzələr...

- Qağa, o qadının dediklərinə əməl elədin?

- Yadıma gəlmir.

- Qağa bəs səni kim yudu?

- Kimin yuduğu yadıma gəlmir, ancaq moyka kimi bir yer idi... hə... hə... o qadın bax, indi yadıma düşdü, yadıma düşdü...

- Qağa, son olaraq, ənənəvi bir sual.

- Duyuram... De gəlsin. Təəccüblənmə, qulağım elə bil ki, yorulub. Ancaq çox yorulmayıb ee... Qulağım elə bil ki, kəkələyir... Sən narahat olma, sualını ver...

- Qağa, Azərbaycan xalqını bütün varlığınla sevirsən. Çünki ondan başqa xalqın yoxdu, gözünün tikəcəyidi; Azərbaycan xalqına nə arzulayardın?

- Məşhur bir deyim var, aha, qulaqlarım dincini aldı, açıldı – demişdim axı, sənə. Hə, məşhur bir deyim var: uşaqlar valideynlərindən çox mühitinə oxşayır. Mən isə deyirəm ki, adamlar valideynlərindən də, mühitindən də çox yediyinə oxşayır. Azərbaycan xalqına arzu eliyirəm, xahiş eliyirəm, lap qarşısında diz çöküb yalvarıram ki,qoyun yeməsinlər, menyularını dəyişsinlər... Canavar əti yesinlər... Tülkü əti yesinlər – onda bu xalqın qabağında heç kəs dayana bilməz! Mən də buralarda başımı dik tutub gəzərəm – kişi kimi...

- Qağa, Allah sənə rəhmət eləsin... Mən gedirəm... Qəbrin nurla dolsun... Elə öz üzünün nuru da bəsdi...

- Çox sağ ol, Allah ölənlərinə rəhmət eləsin. Bir söz də soruşum get.

- Buyur, ay qağa...

- Seyran, bir gün bulvarımızda gəzdiyin yerdə fotoaparatım da çiynimdə qəfil qabağına çıxsam, neylərsən?

- Qaça-qaça gəlib səni qucaqlayaram, bağrımın başına basaram...

- Yalan deyirsən... Qorxarsan... Qışqıra-qışqıra elə qaçarsan ki, bütün Bakı səsini eşidər, bütün Bakı sənin arxanca baxar. Mən də sənin dalınca baxaram. Mən də elə sənin kimi qışqıraram: Seyran qorxma, Seyran qayıt... Seyran qorxma... Seyran qayıt... qayıt... qayıt, qayıt, qa... Axı, sən heç vaxt mənim sözümdən çıxmamışdın, ay Seyran, ay Seyran, ay... Mən... yıxıldım, öldüm. Bu, əsl ölüm idi. Birinci ölüm xəbərim, doğurdan da, zarafat idi. Məni sənin sevgin öldürdü. Sən Yusif Səmədoğlunun qatilisən... Bax, indi mənə demək olar ki, Allah sənə rəhmət eləsin. Bu, məqamında deyilmiş rəhmətdi; məqamında olduğuna görə də halal rəhmətdi... Yusif də belə getdi, özümün özümə heyifim gəldi... Allah bütün Kenqurulara da rəhmət eləsin...

12-13 may 2016-cı il

# 3199 dəfə oxunub

Müəllifin son yazıları

# # #