Şairin oğlunu öldürdülər beləcə... - ŞEİRLƏR

Şairin oğlunu öldürdülər beləcə... - <span style="color:red;">ŞEİRLƏR
22 iyul 2015
# 11:15

Kulis Esmira Məhiqızının yeni şeirlərini təqdim edir.

Orxan Əli Kərim oğlu üçün… nəsə

bir şairin oğlunu öldürdülər beləcə,
qoymadılar yaşasın, yaşamı qıymadılar.
nə dənizi, nə göyü, nə də bu küçələri,
Bakıda ən sevdiyi axşamı qıymadılar.

həbslərə atdılar, atıb sevindilər də,
günündən, gəncliyindən, sağlığından çaldılar.
bir şairin oğlunu şair oğluydu deyə,
öldürməyə yol tapıb belə xəstə saldılar.

havanı da, suyu da, hələ ağcaları da,
həmişə xoşladığı yeri də qısqandılar.
suların gətirdiyi o pərişan xəzrini,
səhərin gətirdiyi yeli də qısqandılar.

bir şairin oğlunu sevməyə qoymadılar,
gözlərindən çəkdilər gözəl olan hər şeyi.
ürəyində qoydular ürəkli arzuları,
dodağında qırdılar, dondurdular gülməyi.

nə varsa qısqandılar... xəyalını, ağlını,
öz saldığı cığırı, yolu da sevmədilər.
gözlərində işığı, işıqda sabahları,
üzündəki o gözəl nuru da sevmədilər.

bir şairin oğlunu qandalladılar necə,
unutdular şairi, unudulmuş şeir tək.
küsdü şairin oğlu, çıxıb getdi bir gecə,
dedilər ölüb getdi...
bəs şairə nə deyək.

Gecənin bir rəngi olur

yenə də silirəm pəncərələri,

yenə də gecədir, qaralır şüşə.

gündüzlər genişlik gördüyüm yöndən,

axşamlar sıxılır, daralır şüşə.

yenə saçlarımı açıb tökmüşəm,

itib bəyazları, dənləri yoxdu.

bir qadın əlinin qaraltısında,

bir qızın ağaran əlləri yoxdu.

saçlarım tökülür pəncərələrdən,

necə pəncərəyə tellər yaraşır.

necə də bu yorğun, şair qadına,

o qızda gördüyü əllər yaraşır.

elə qaranlıqdı, bu qaranlığın

səssizlik adında ahəngi olur.

gündüzün o qədər çalarları var,

gecənin qaradan bir rəngi olur.

bəzi bəxtlər kimi, talelər kimi,

qaradan başqa rəng tanımır gecə.

bəzən ulduz olmur, bəzən ay çıxmır,

bəzən göyündən də yarımır gecə.

bizim Zəminə tək yarımır gecə,

bizim Zəminənin gözləri kimi.

arada bir işıq saralıb keçir,

bizim Zəminənin göz yeri kimi.

yenə də silirəm pəncərələri,

oğlum bəsdi, deyir, gecədi, axı.

oğlum hardan bilsin, Zəminə kordu,

gecələr şüşədən Zəminə baxır.

***

bu yaz yenə yaz havası gəlmədi...
qaranquşlar yuvalarda üşüdü.
uçuşlara qanadlanan əllərim,
səhər-səhər dualarda üşüdü.

uzaq qalan o yaz düşdü yadıma,
o yay düşdü, payız düşdü yadıma,
oralarda bir qız düşdü yadıma,
xatirələr buralarda üşüdü.

obalıqdan elə çıxdı obalar,
yetim qaldı pəncərələr, qapılar,
bu yaz yenə... yazsız gəldi havalar,
havalar da havalarda üşüdü.

harayıma hay verməyən ellərin,
qış yolunda buz bağlayan tellərin,
əllərimdə izi qalan əllərin,
yaraları yaralarda üşüdü.

gör haçandı... o yaz kimi yaz olmur,
o dadlıqda şeir olmur, söz olmur,
yanan kənddə o balaca qız olmur,
görən o da... haralarda üşüdü.

***


bir uşaq ocaqda küllə oynayır...

baxıram... pəncərəm sellə oynayır,

görəndə qapım da yellə oynayır,

o gün... küləklərin yanından ötdüm.

necə var elədi, gərdiş dəyişmir,

dünyadan dünyaya gediş dəyişmir,

olumlu-ölümlü vərdiş dəyişmir,

o gün... fələklərin yanından ötdüm.

hər yerin axırı, elə heç yeri,

heç yerin içində sonum puç yeri,

alın yazısında çiyin köç yeri,

o gün... mələklərin yanından ötdüm.

nələr yoxa çıxdı, nələr qaldılar,

o dağda zirvələr mələr qaldılar,

yaralı durnalar lələk saldılar,

o gün... lələklərin yanından ötdüm.

gördüyüm günün də üzü tutulur,

bir sözün badına yüzü tutulur,

indi ələklərin gözü tutulur,

o gün... ələklərin yanından ötdüm.

***

heç bilə bilmədim... niyə həsrətlər,

adamın boyundan yuxarı olur.

əvvəl sevdaların gözü tutulur,

sonra sevdaların axırı olur.

anlıya bilmirsən nədir istəyin,

düzülüb qatara köç oynayırsan.

bütün oyunlarda heç-heçə də yox,

bütün oyunları heç oynayırsan.

gah ağdan keçirsən, gah da qaradan,

sonda...ağ içində qara olursan.

özün də bilmirsən...

bu yolu hardan-

hara başlıyırsan, hara olursan.

heç bilə bilmədim...nəçiyəm, kiməm,

durub, bu gərdişdə özümü yordum.

görünməz üzündə görünənlərin,

kor kimi döyükdüm, gözümü yordum.

arzular beləcə yetim uşaq tək,

o darda, bu darda yazıq oldular.

bir ömür ağrılar yaxına gəldi,

bir ömür sevinclər uzaq oldular.

anlaya bilmirsən bu nədir belə,

sürdüyün həyatın adı nə imiş.

sənə bu dünyanın bugündən belə,

doğması nə imiş, yadı nə imiş.

beləcə...tükənir ömür dediyin,

ömür dediyinin sonrası olmur.

olmur e, olmur e...

sonraların da

daha bir ömürlük arası olmur.

# 1044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #