Vyanada Anarın alman dilində çap edilmiş kitabı təqdim edilib

Vyanada Anarın alman dilində çap edilmiş kitabı təqdim edilib
21 iyun 2013
# 14:55

İyunun 19-da Vyanada Azərbaycanın Xalq Yazıçısı Anarın alman dilində çapdan çıxmış kitabının təqdimatı olub. Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə “Renate Rollfinke” nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, kitabsevərlər, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər. Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova əsas qayəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etmək olan mərkəzdə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib. Anarın həyat və yaradıcılığına nəzər salan L.Qasımova ədibin müasir Azərbaycan ədəbiyyatının ən tanınmış siması olduğunu diqqətə çatdırıb, onun yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunub. Bildirilib ki, bu il təkcə Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif ölkələrində Xalq Yazıçısı Anarın 75 illik yubileyi geniş qeyd olunur.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Anarın alman dilində nəşr olunmuş hekayələr kitabında yazıçının ən populyar əsərlərinin toplandığını bildirib, həmin hekayələrdə real həyat cizgilərinin, ictimai-siyasi yüklü hadisələrə baxışın, estetik-bədii zövqlə qələmə alınmış təsvirlərin diqqəti cəlb etdiyini vurğulayıb.

Anar çıxışında bu kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirib, təkcə Avropanın deyil, eyni zamanda, dünya mədəniyyətinin mərkəzlərindən biri sayılan Vyana şəhərində kitabının təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu ifadə edib.

# 2238 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #