Müqayisə etsək nadan görünəcəyik – İsrafil İsrafilov yazır…

 Müqayisə etsək nadan görünəcəyik – İsrafil İsrafilov yazır…
29 oktyabr 2019
# 17:30

Kulis.az sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun “Müqayisə etsək...” məqaləsini təqdim edir.

SSRİ bir dövlət kimi tarixin arxivinə köçdükdən sonra MDB adlanan təşkilata daxil olan ölkələrin həyatında ictimai-siyasi ovqat yetərincə həssas olduğu kimi, mədəniyyət qıtlığı da aşkarda idi. Bu zaman stereotip düşüncənin təsirilə estetik baxışlar yenə Moskva mədəni həyatına yönəlirdi. Halbuki bu həyatın o zamankı çaşqınlıq və tərəddüdlə müşayiət edilən mühiti səhnə sənətinin inkişafı üçün o qədər də əlverişli deyildi.

Rusiyanın teatr aləmində, ən azı, son iyirmi ildə baş verən mədəniyyət hadisələrini sadəcə sadalamaq xeyli vaxt aparar. Amma ən əsas hadisələri qeyd etmək və dəyərləndirmək pis olmazdı. Odur ki, təkcə son illərdə biri digərini üstələyən istər inzibati-təşkilati, istər ictimai-mədəni, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlər Rusiya paytaxtının teatr həyatında özünü biruzə verən keyfiyyət dəyişmələri kimi diqqət çəkir.

Bu mərhələdə T.Çxeidzenin Peterburq BDT-a bədii rəhbər (sonralar onu A.Moquçi əvəz etdi) təyin edilməsi, Lev Dodinin başçılıq etdiyi MDT-nin ardıcıl səhnə uğurları ilə şöhrətlənməsi və “Avropa teatrı” statusu ilə liderlik mövqeyi qazanması, məşhur Aleksandrinski teatrnın Valeri Fokinin rəhbərliyi ilə səhnə innovasiyalarına imza atması, Vasilyev adasındakı teatrın yenilik iddiaları ilə Peterburqun teatr üfüqlərində görünməsi şimal paytaxtının mədəni həyatına müsbət təsir göstərirdi.

Elə Moskvanın da teatr həyatında son illərdə xüsusi canlanma müşahidə edilməkdədir. S.Arçibaşovun Mossovet teatrının baş rejissorluğundan kənarlaşdırılması, Tuminasın Y.Vaxtanqov adıan teatr rəhbərliyinə gətirilməsi, K.Serebrennikovun Qoqol adına teatra baş rejissor təyin edilməsi, sonuncunun bu teatrı qısa müddət ərzində “Qoqol mərkəzi” kimi tanıtdırmaq istiqamətindəki səyləri, teatr mütəxəssisləri tərəfindən əsl mədəniyyət hadisəsi kimi qəbul edilir.

Qoqol Mərkəzi

Maraqlıdır ki, “müqəddəs yer boş qalmır” deyimində olduğu kimi, rus teatrının yaradıcılıq meydanı uzun müddət boş qala bilməzdi və qalmadı da. Yəni Rusiyanın nüfuzlu teatrlarında inzibati və yaradıcı rəhbərliklə bərabər sənət meyilləri də dəyişdi. Bu nə verdi? - sualı ilə tələsmədən həmin prosesi labüdləşdirən mətləbləri xatırlayaq. Bu məqamda xüsusi qeyd edək ki, artıq Rusiya teatr mədəniyyətində baş verən yaradıcılıq özünəməxsusluğu ilə minlərlə teatrsevərin və mütəxəssisin diqqətini cəlb edən, əsasən, əyalət teatrlarında formalaşan, sanki mərkəzəqaçma qanunauyğunluqlarının təsiri ilə Moskva səhnələrini zəbt edən rejissor simaları özünütəsdiq xəttini keçmişdilər. Belə ki, Lev Dodin Pyotr Fomenko, Andrey Moquçi, Kama Ginkas, Eymuntas Nekroşus, Valeri Fokin, Kirill Serebrennikov kimi səhnə xadimləri rus teatrının ənənələrinin layiqli davamçıları kimi postsovet teatr məkanında başlıca mövqe qazanmışdılar.

Moskva teatr mühitində olduğu kimi, Aleksandrinski teatrında V.Fokin, Malı Teatrda L.Dodin, G.Tovstonoqov adına Dramatik Teatrda A.Moquçi (o, T.Çxeidzeni əvəz edib) orijinal teatr baxışları və heyrətamiz tamaşa müəllifləri kimi, haqlı olaraq, sənət aləminin nüfuzlu simalarına çevrilmişdilər.

“Qoqol mərkəzi”ndə fransız rejissor David Bobe Şekspirin məşhur faciəsini “Hamlet: olum, ya yox?” adı ilə tamaşaya hazırlayır və bu zaman K.Serebrennikovun yetişdirmələri olan “Yeddinci studiya”nın aktyorlarını işə cəlb edir. Elə bunun ardınca “Qoqol mərkəzi”nin yaranmasının birinci ildönümündə K.Serebrennikov Qoqolun məşhur “Ölü canlar” pyesi əsasında eyniadlı tamaşa ilə onun Qoqol adına teatra bədii rəhbər təyin edilməsinə skeptik münasibətlərini gizlətməyən teatr ictimaiyyətini heyrətləndirə, “Ölü canlar”ın finalındakı “Rusiya, sən məndən nə istəyirsən?” zonqu ilə riqqətə gətirə bilir. Yeri gəlmişkən, Moskva teatrallarını “Qızıl Maska” festivalı çərçivəsində heyrətləndirən tamaşaların müəllifi L.Dodin özünün son səhnə işlərini təqdim etməklə rus teatr sənətinin son illərdəki axtarış istiqamətlərini göstərmiş oldu. “Qızıl Maska” festivalının baş direktoru Mariya Revyakinanın təbirincə desək, “unikal teatr” olan Peterburq Malı Teatrın bədii rəhbəri L.Dodin öz tamaşaları ilə, az qala, hamıya bəlli olan klassik süjetləri müasirləşdirmək yolunun teatr sənəti, elə sənətkar üçün də darıxdırıcı və mənasız olduğu həqiqətinə inandıra bilir. Onun fikrincə, klassika süjet deyil, düşüncə tərzi, üslub, poetika, mürəkkəb, çoxqatlı fikirdir. Süjeti və onun mahiyyətində qərarlaşan mənanı əsas tutmaq müasir rejissor üçün əsl yaradıcılıq meyarıdır.

Hazırda, təkcə Moskva və Peterburq şəhərlərində deyil, Rusiyanın ayrı-ayrı əyalət teatrlarında da əcnəbi rejissorların dəvətlə tamaşa hazırlaması, eyni zamanda rusiyalı rejissorların Avropa, ABŞ, Çin və Yaponiya teatrlarına tez-tez dəvət alması çox şeydən xəbər verir, daha dəqiq desək, rus teatrının keyfiyyətcə yeni oyanış faktını təsdiqləyir. Təkcə onu qeyd etmək kifayətdir ki, yola saldığımız ötən illər ərzində Kşiştof Varlikovski, Peter Ştayn, Teodoros Terzopulos, Kşiştof Zanussi, Robert Lepaj, Aleksandr Morfov, David Bobe kimi dünya şöhrətli rejissorların Rusiya teatrlarının səhnəsində neçə-neçə uğurlu tamaşaları rus teatrına xaricdə yaranan marağın konkret yaradıcılıq ifadəsi hesab edilə bilər. Bu zaman, təbii olaraq, səhnəqrafiyanın, səhnə dizaynının, dramaturji səhnə ssenarisi materialının işlənməsi və tətbiqi imkanları, rejissuranın, sözün həqiqi mənasında, yaradıcı ambisiyalarının aktyor ifaçılıq sənətinin oyun şərtləri ilə realizə edilməsi, teatr sənətinin bədii-estetik özünüifadə hüdudlarının aşılması kimi perspektivlər, müxtəlif teatr baxışlarının əməkdaşlıq prosesində qarşılıqlı bəhrələnmələrini şərtləndirir.

Moskvanın teatr həyatında son dövrdə müşahidə edilən canlanmanı təsadüfi, yaxud produktiv xaosun təzahürü hesab etmək doğru olmazdı. Çünki diqqət çəkən həmin prosesdə konkret ideya-bədii istiqamət, dürüst müəyyənləşdirilmiş estetik meyarlar açıq görünməkdədir.

Maraqlıdır, görəsən, nə baş verir?

Əslində, qeyri-adi heç nə baş vermir. Sadəcə, Rusiyanın səhnə sənəti ərazisindən Moskva teatr orqanizmi boy verib yüksəlməyə səy edir, özünün ictimai-estetik statusunu təsdiq edib, yeni mövqe qazanmağa çalışır. Yəni bir zamanlar ittifaqın siyasi mərkəzi olması ilə bərabər həm də mədəni mərkəzi mövqeyində olan Moskva teatr aləmi yenidən həmin mövqeyini bərpa etmək əzmindədir. Və bu iddianın konkret fəaliyyət sayəsində realizə edilməsi, hələ ki, maraqlı və uğurlu təsir bağışlayır.

Son illərin teatr mövsümlərində Rusiya səhnələrində yuxarıda qeyd etdiyimizdən başqa göstərilən tamaşalar, o cümlədən Taqankadakı teatrda “Kral ölür”(E.İonesko), “Orkestrin məşqi” (A.Stadnikov), “Sevdiklərinizdən ayrılmayın” (A.Yanovskaya),“İdeal ər”(O.Uayld),“Karamazov qardaşları”(F.Dostoyevski) və digər neçə-neçə yaradıcılıq təqdimatları, təbii olaraq, mədəni həyatda əks-səda doğurub. Bu başdan onu da qeyd etmək lazımdır ki, adı çəkilən tamaşalar teatrallar, eləcə də sadə tamaşaçılar tərəfindən birmənalı qarşılanmır, böyük diskussiyaların, üzüntülü müzakirələrin predmetinə çevrilir.

Taqanka teatrı. "Kral ölür" tamaşası.

Ölkənin teatr sahəsində infrastruktur təkmilləşməsi prosesi müşahidə edilir, səhnə sənətinə sərmayə qoyuluşunun həcmi ildən ilə artır. Telekanallardan başlamış bütün kütləvi informasiya vasitələrində rus teatrının tarixi, nəzəriyyəsi, keçdiyi yol və bu günü sistemli şəkildə təbliğ edilir. Bundan başqa teatr təhsilinin metodoloji əsasları çağdaş dünya elmi-nəzəri standartlarına uyğunlaşdırılır, hətta Rusiyanın bəzi məktəblərinin ədəbiyyat dərsləri teatrda keçirilir.

Hər il Rusiya paytaxtında onlarla beynəlxalq və ölkə səviyyəli teatr festivalları, çoxsaylı qarşılıqlı qastrollar, onlarla müxtəlif mövzulu elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və s. təşkil edilir. Maraqlıdır ki, ölkənin təkcə böyük şəhərlərində deyil, mərkəzdən çox-çox uzaq olan və əyalət sayılan bölgələrində belə teatr həyatında indiyədək görünməyən bir canlanma müşahidə edilir. Belə ki, Perm, Yaroslavl, Novosibirsk, Omsk, Saratov və s. ərazilərində mədəniyyət hadisəsinə çevrilən əsl sənət “püskürmələri” baş veməkdədir. Bu məqamda beynəlxalq miqyasda nüfuz və şöhrət qazanmış “Solo”, “Qızıl Maska”, “Çexov” kimi teatr festivallarını yada salmaqla Rusiya teatr mühitinin ahəngdarlığının haradan qaynaqlandığını bilmək olar.

Rusiyada cari ilin “Teatr ili” adlandırılması bu ölkənin teatr həyatına yeni ahəng verən başlıca amillərdən hesab edilə bilər. Analoji proseslər Rusiya Federasiyasının subyektləri olan türkdilli ölkələrdə də yaranır. Müşahidələr açıq şəkildə göstərir ki, təkcə bir neçə il ərzində Tatarıstanda, Başqırdıstanda, Altayda, Haakasiyada, Tuvada və sə respublikalarda səhnə sənətinin inkişaf vüsəti birə beş artmışdır. Bu ölkələrin teatr həyatında diqqətçəkən yeniliklər, o cümlədən milli dramaturgiyanın yeni dirçəlişi, istər səhnə ədəbiyyatı yaradanlar içərisində, istərsə də rejissor, aktyor, səhnəqrafiya sahəsində yeni simaların görünməsi, bu sahə üçün yüksək ixtisaslı kadr hazırlığı işinin qurulması, sözügedən teatrların dünya teatr məkanına uğurlu inteqrasiya səyləri göz qabağındadır. Yeri gəlişkən daha böyük Qazaxıstan, Özbəkistan, Qırğıstan kimi türkdilli respublikaların da teatr sahəsindəki uğurları yetərincə böyükdür. Diqqət etsək, Qazaxıstanın paytaxtında Opera Balet teatrı ilə yanaşı ayrıca Opera, ayrıca Balet teatrlarının da açılması, həmçinin Müzikl teatrının, neçə-neçə kukla teatrlarının fəaliyyət göstərməsi bu ölkədə səhnə sənətinin inkişaf ahənginin sübutu sayıla bilər.

Maraqlı olduğu üçün belə bir faktı qeyd edək ki, Tatarıstanın təxminən iyirmi minə yaxın əhalisi olan Buinsk adlı şəhərində dövlət teatrı fəaliyyət göstərir və həmin teatr hər il dünyanın adlı-sanlı kollektivlərinin iştirak etdiyi beynəlxalq teatr festivalları keçirir.

Eyni sözləri Başqurdstan, Hakasiya, Dağıstan teatr həyatı haqqında da söyləmək olar.

Heç şübhə yoxdur ki, sözügedən teatrların istər inzibati, istər maliyyə, istər yaradıcılıq problemləri var, amma bunların sənət məsələlərinə təsiri hissedilən dərəcədə deyil və dövlət idarəetmə sistemində onların işinə yersiz müdaxilə yox, hərtərəfli dəstək duyulur.

Qazaxıstan Respublikasının paytaxtında, eləcə də Alma ata, Aktau kimi böyük şəhərlərində hər il çoxsaylı beynəlxalq festivalların keçirilməsi təəccüblü deyil. Amma onun ayrı-ayrı vilayətlərində, Qızıl Orda, Taldı Korqan, Kostonay, Kokşetau, Yezkazqan, Uralsk və s. paytaxtdan min kilometrlərlə uzaq bölgələrində belə beynəlxalq teatr festivallarının təşkil edilməsi təəccüb və qibtə doğurur.

Qazaxıstanın T.Jurgenev adına İncəsənət Akademiyası ölkənin bütün bədiisənət sahəsi üçün kadr hazırlığı işini elə yüksək elmi, pedaqoji və tətbiqi yaradıcılıq səviyyəsində qurmuşdur ki, bu təhsil ocağı Moskvanın Dövlət Teatr Sənəti İnstitutu, Varşava İncəsənət Akademiyası kimi məşhur təhsil müəssisələri ilə rəqabət apara bilər.

XXI əsrin ikinci onilliyini başa vurmaqda olduğumuz hazırkı dövrdə mədəniyyətlərarası qarşılıqlı əlaqələr prosesində ölkələrdən bədii yaradıcılıq sahəsində birinin digərindən göz görəsi geriliyi narahatlıq doğurmağa bilməz.

Ötən günlərdə Qazaxıstanın Xəzərin o biri sahilində yerləşən Aktau şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Özbəkistan, Tacikistan, Gürcüstan, Türkmənistanla bərabər Ermənistanın da teatr kollektivi iştirak edirdi və teatrın qarşısında həmin ölkələrin bayraqları dalğalanırdı. Təəssüf ki, o festivalda nə Azərbaycanın teatr kollektivi var idi, nə də Azərbaycanın dövlət bayrağı dalğalanırdı. Belə festivallara teatr kollektivlərini göndərmək üçün Mədəniyyət Nazirliyinin bir qayda olaraq pulu olmur. Amma Gürcüstan və Ermənistanın Mədəniyyət Nazirlikləri belə tədbirlərdə iştirak etmək üçün həmişə maliyyə vəsaiti tapa bilir.

Burada obyektiv səbəblər axtarıb özünü doğrultmaya vaxt sərf etmədən, mövcud vəziyyəti doğuran səbəblər üzərində düşünmək və konstruktiv mülahizələrə qulaq verib, ən optimal nəticələr əldə etməyin yollarını axtarmaq daha səmərəli olardı.

Nəinki Mərkəzi Avropa, yaxud Asiya ölkələri, hətta qonşu Gürcüstanın da teatr həyatı, bu ölkələrdə teatr sənətinə verilən önəmlə bağlı onlarla örnək göstərmək olar ki, onların heç biri bizim teatr sənətinin xeyrinə deyil. Çünki müqayisə etmək cəhdimiz belə nadanlığımızı büruzə verə bilər.

# 3999 dəfə oxunub

Müəllifin son yazıları

# # #