Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri

Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri
15 iyun 2021
# 17:01

Bu gün Xalq şairi Hüseyn Arifin doğum gündür. Kulis.az bu münasibətlə şairin heç yerdə yayımlanmayan lətifələrini təqdim edir.

Hüseyn Arif nəşriyyatın kafesində vermişel yeyirmiş. Cavanlar başına toplaşıb tanış olurlar. Biri şairdir, biri yazıçıdır, biri jurnalistdir... Sonuncu gənc dinmir.

Hüseyn Arif soruşur:

- Sən nəçisən, a bala?

- Astronom!

Sözün mənasını dəqiq bilməyən Hüseyn müəllim bir də soruşur:

- O nə olan şeydir?

Gənc oğlan:

- Biz göy cisimlərinin arasından axan maddələrin tərkibini və xarakterini öyrənirik.

Hüseyn Arif əlindəki çəngəli dınqıltıyla yerə qoyub qaşlarını çatır və narazı səslə dillənir:

- Oraları korlamayın!

***

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Filarmoniyada Hüseyn Ariflə görüş təşkil olunur. Aparıcı Zəlimxan Yaqub imiş. Birinci hissə başlayır, Hüseyn Arif yoxdur... Ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu əsəbiləşir. Deyir, daş deşiyində də olsa, şairi tapmalısınız. Evinə zəng vururlar. Axşam gəlməyib. Görüşün birinci hissəsini Zəlimxan Yaqub birtəhər yola verir. Fasilədə Hüseyn Arifin evindən zəng gəlir. Həyat yoldaşı imiş. Deyir:

- Hüseyn Qazaxdadır. Axşam dostlarına qoşulub gedib. İndicə evə zəng vurmuşdu. Dedi, filarmoniyada mənimlə görüş keçirilir, maraqlan gör necə keçir?

***

Basindəki evində üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Yuxarı qalxıb nə qədər desələr də xeyri olmurmuş. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:

- Gəl-gəl, bura çox mənzərəlidir, elə bil, Qazaxın “Damcılı”sında oturmuşam.

***

Yazıçı Vaqif Nəsiblə restorana gedirlər. Hüseyn Arif “Azərbaycan” jurnalından qonorar aldığı üçün ürəkli imiş. Bir az da içkinin təsiri, şair lap qızışır və yan masada oturan adamları tanışlarına oxşadıb onların da hesabını ödəyir. Bir azdan məlum olur ki, həmin masadakılar hamısı gürcüdür. Hüseyn özünü sındırmır, Vaqif Nəsibə deyir:

- Zərər yoxdur, qoy gedib Tiflisdə bizim səxavətimizdən danışsınlar!

***

Bir dəstə şair Məmməd Aslana qoşulub Kəlbəcərə gedir. Məmməd müəllimin şəkəri olduğundan dağın döşünə qalxıb, başlayır müalicəvi otlar toplamağa. Bildiyiniz kimi, yeyib-içən adamlar belə şeyləri sevməzlər. Hüseyn Arif Məmməd Aslanın həmişəki hərəkətinə əsəbiləşir və deyir:

- Məmməd yenə qalxdı otlamağa!

***

Deyilənə görə, Hüseyn Arif gənc vaxtı iş otağında bir qadınla öpüşürmüş. Qəfil içəri kimsə daxil olur. Hüseyn pencəyinin yaxasını qaldırıb üzünü onun arxasında gizləyir.

Hüseyn Arif həmişə day-daylıq elədiyi Nüsrət Kəsəmənli ilə bulvarda rastlaşır. Nüsrətin yanında bir xanım var. Hüseyn o vaxt adı qadınlarla çox hallanan həmyerlisinə baxıb, zarafatla deyir:

- Gündə biriylə gəzirsən, bunu da mənə düzəlt!

Nüsrət:

- Qağa, nişanlımdı eee...

Hüseyn Arif:

- Ə, kəs!

Nüsrət:

- Vallah, nişanlımdır!

Hüseyn Arif:

- Nişanlındırsa, kolda-kosda niyə hərləyirsən?

***

Ötən əsrin 80-ci illərində - arağın yasaq olduğu vaxt Hüseyn Arif tanış bir şairin qoltuğunda düyü arağı görür. Məlumat üçün deyək ki, düyü arağı süd kimi ağappaqdır. Deyir, o nədir? Şair deyir, süddür, uşaqlara almışam!

Hüseyn dinmir, şairi özü ilə kafeyə aparır, adama bir boşqab xəngəl sifariş edir. Bir-iki yarpaq yeyəndən sonra deyir:

- Aç o süddən bir az süz, içim, boğazım qovuşub.

Şair dinməz-söyləməz cibindəki araqdan yüz süzür. Hüseyn arağı asta-asta başına çəkib üz-gözünü turşudur:

- Südünə lənət, şair, nə yaman acıdır?!

***

Qazaxa səfər edən Hüseyn Arif Kürdəmirdə yaxşıca vurur. Maşına oturanda deyir:

- Mən Səməd Vurğundan böyük şairəm!

Yol yoldaşlarından biri ona ağıl verir:

- Qağa, bunu Gəncəyəcən de. Ordan o yana demə!

Gəncədə daha bir məclis qurulur. Babat yeyib-içəndən sonra tanış bir qazaxlının maşını ilə yola davam edirlər. Yolda Hüseyn qağa yenə dinc dayanmır, üzünü bayaq ona irad tutan adama tutur:

- Deyicisi olma, mən doğrudan da Səməd Vurğundan yaxşı yazıram...

Maşın asfaltın ortasında qəfil dayanır, sürücü dirəşir ki, Hüseyn Arif də. Onunla gələn adamlar da maşından düşməlidir:

- Səməd Vurğuna zəif deyən adam kim olur-olsun onu maşınımla aparmaram!!!

Nə qədər dil-ağız edirlər, mümkün olmur. Maşın sərnişinləri ucqar bir yerdə düşürüb hirslə aradan çıxır.

O vaxt yol maşınları çox seyrək gəlirmiş. Kürdəmirdə xəbərdarlıq edən adam yolun kənarındakı daşın üstündə peşman-peşman oturan Hüseynə baxıb deyir:

- Dedim axı, Gəncəyəcən... Yaxşı oldu, yolun ortasında qaldıq?!

Hüseyn yenə inad edir:

- Nə olsun? Zato Səməd Vurğundan böyük şairəm!

***

Hüseyn Arif “Azərbaycan” jurnalından yaxşı qonorar alıbmış. Şairin yüksək əhvalla Yazıçılar İttifaqına gəldiyini görən şair Abbas Abdulla yanındakı adamı öyrədir ki, bir hiylə quraq, bəlkə, Hüseyn Arifdən qonaqlıq qopardaq. Tez başlayırlar Hüseynin “Azərbaycan”da çıxan şeirlərini müzakirə eləməyə. Abbas deyir, əla şeirlər idi. Yoldaşı dirəşir ki, heç nə idi. Birini o deyir, birini bu. Hüseyn gənclərin ondan danışdığını görüb pərdənin arxasında gizlənir, çıxmır. Söhbətin uzandığını görən Abbas Abdulla guya hirslənir, yaxınlıqdakı stulu götürüb həmsöhbətinin üstünə cumur:

- Sən kimsən ki, Hüseyn boyda şairə heç nə deyirsən?! Sən öl vurub öldürrəm səni!

Bu vaxt Hüseyn özünü atır Abbas Abdullanın qabağına və əllərini yuxarı qaldırıb qışqırır:

- Eləmə, Abbas! Balaların var!

***

Hüseyn Arifin qaynı onu yanına çağırıb danlayır:

- Xalq şairisən, Yazıçılar İttifaqının Ağsaqqal Şurasının üzvüsən, gərək bu qədər içməyəsən. Axşam bacım zəng vurub mənə, deyir, Hüseyn o qədər içmişdi, paltarını mən soyundurum.

Bir anlıq qaynı ilə danışdığını unudan şair hirslənir:

- Vay, kopaqqızı! Otuz ildir soyundururam, bir dəfə başına qaxmamışam, bircə gecə o məni soyundurdu, aləmə duy vurdu!

# 3436 dəfə oxunub

Müəllifin son yazıları

# # #