Göz yaşı ilə rəsm çəkməzlər – ƏLİL RƏSSAMIN RƏNGLƏR DÜNYASI

Göz yaşı ilə rəsm çəkməzlər – <span style="color:red;">ƏLİL RƏSSAMIN RƏNGLƏR DÜNYASI
26 dekabr 2015
# 09:00

Ceyhunla sosial şəbəkələrin birində tanış olmuşduq. O rəsm çəkə bildiyini yazıb, ardınca da “fiziki qüsurluyam” demişdi.

Mən isə gülüş işarəsi qoyub yazmışdım: “O qədər düşüncəsi, əxlaqı qüsurlu insanlar var ki, onlar heç qüsurlu olduqlarını dilə gətirmirlər.”

Sonra Ceyhun çəkdiyi rəsmlərdən göndərdi mənə. Sadəcə, möhtəşəm idi. Onun hər rəsmi bir həyat idi, nəfəs alırdı sanki. Hər əsərinin beş ayağı, on əli vardı elə bil. Həqiqətən, qüsursuz rəsmlər idi. Ceyhunu canlı görmək, onunla danışmaq istəyirdim. Bu həyat dolu, sevgi dolu adamı bir də yaxından görmək istəyi məni rahat buraxmırdı.

Отображается файл "IMG_8679.JPG"Bir gün məni emalatxanalarına dəvət etdi. O, hər dəfə emalatxanaları haqda danışanda elə sevgiylə danışır ki, adam oranı görmədən belə sevə bilir. Bir də Fikrət müəllimdən. Deyirdi, Fikrət müəllim bizə nəinki bir müəllim, həm də ata qayğısıyla yanaşır. Və təkidlə gəlib həm Fikrət müəllimi həm də emalatxanaların görməyimi istəyirdi.

Bu yaxınlarda yolumu Ceyhungilin emalatxanasından saldım. Həm həyat dolu dostumu canlı görmək, həm də onun danışmaqdan doymadığı Fikrət müəllimi tanımaq üçün...

Emalatxana çox da çətin yerdə deyil. Asanlıqla tapdım. Sanki nağıllar aləminə səyahət etdim bir neçə saatlıq. Həqiqətən də bura şəhərin künçündə kiçik bir dünya idi. Bu məkanda rənglər adamı salamlayır. Vətənin öz rəngi, sevginin öz rəngi, xoşbəxtliyin isə ayrı rəngləri var burda.

Fikrət müəllim buranı öz zəhməti ilə yaradıb. Deyir, bütün ruhumu, canımı bu uşaqlara vermişəm. Onlarla, onların rəsmləri ilə nəfəs alıram. Özü təhsilsiz olsa da yaratdığı əsərlərin bir tək dili yoxdur danışa. Deyir, heç bir yerdən dəstəyimiz yoxdur. Nə ediriksə uşaqlarla öz gücümüzə edirik. Səhər 9-dan axşam 8-ə qədər burda oluram. Tələbələrim də mənimlə bərabər... Nəfəs alıram burda. Tələbələrimə çox güvənirəm. Onların hər birinin uğuru mənim həyat enerjimdir.

Fikrət müəllim maraqlı bir əhvalat da danışdı: “Ürəyimdən əziyyət çəkirdim. Həkimə müraciət etdim. Bizim həkimlər də, maşallah, adamın gözünün içinə baxa-baxa xəstəliyini elə insafsızca deyirlər ki, istəyirsən sakitcənə gedib qəbiristanlıqda yerin behini verəsən. Mənə dedilər ki, əməliyyat olunmasan yaşama ehtimalın yoxdur. Mənim isə əməliyyata yetəcək qədər pulum yox idi. Günlərlə özümü bu emalatxanaya qapadım. Səhər girirdim bura, bir də ayılırdım ki, gecədir. 3 seansa çəkiləcək rəsmləri 4 saata çəkirdim. Başım çəkməyə, öyrətməyə necə qarışmışdısa, bir də ayıldım ki, həkimin mənə qoyduğu müddətdən illər ötüb, amma mən hələ də yaşayıram. Demək, ürəyimi qidalandıran bu boyalar, bu rəsmlərdir. Mənim mənəvi qidam, sağlamlığıma dəstək hamısı bu emalatxanadır və bu rəsmlərdir.”

Emalatxananın ən gənc üzvünün 5, ən böyük üzvünün 40 yaşı var.

Tələbələrlə söhbət zamanı qeyd etdilər ki, bura onlara nəinki bir tədris ocağıdır, həm də rahatlıq yeri, ruh məkanıdır. Şəkillərə baxdıqca azıb qalırsan qəribə bir varlıqla yoxluğun arasında. Burda nə qədər insan, nə qədər təbiət mənzərəsi, nə qədər sevgi, nə qədər yaşamaq cəhdi var. Düşünürdüm, üfürüb bunlara nəfəs verə biləsən və hamısı eyni anda canlana bilə.

Xəyallar aləmi bu olsa gərək. Bu şəklin biri deyirdi ki, insanın içində başlayıb, bitən məhkəmələri olur. Digəri deyirdi ki, xoşbəxtlik bir addımlığındadır, yetər ki, görmək istə. Başqa şəkil “Gözəllik qəbul olunmayan dünyadır” - pıçıldayırdı. bu şəkillərin hamısı danışırdı. Sadəcə dinləmək lazım idi. Hansı tablonun qarşısına keçirdinsə səninlə həmin an ünsiyyətə girə bilirdi. Mən Fikrət bəyi niyə səhər tezdən gecəyə qədər burda olduğunu indi anlayırdım. Bütün pisliklərdən kənar, bütün gözəlliklər qoynundakı həyat burda idi. Bu kiçik otağa həyatı elə gözəl sığdırmışdılar ki, biz bu böyüklükdə dünyaya həyatı belə gözəl sığışdıra bilmirik.

Heç ayrılmaq istəmirdim burdan. Bu mehriban insanlar, bu şəkillər, Fikrət müəllim, dostum Ceyhun sanki bunları illərlədir tanıyırdım. Mən emalatxanadan çıxanda artıq hava qaralmışdı. Çöldə yağış yağırdı, amma mən üşümürdüm, içimdə sonsuz xoşbəxtlik, qəlbimdə o insanların isti münasibətinin hərarəti vardı.

Səkinin qırağı ilə gedə-gedə düşünürdüm: “Həyatın rəngi yoxdur. Biz onu görmək istədiyimiz rəngdədir həyat.”

Göz yaşı ilə rəsm çəkməzlər, çünki göz yaşının rəngi olmur.

Çinarə Omray

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #