Saman altından su yeridənlər – ORFOQRAFİYA QALMAQALI

Saman altından su yeridənlər – ORFOQRAFİYA QALMAQALI
31 yanvar 2018
# 15:31

Kulis.az AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərovun “İlana zəhər verən” yazısını təqdim edir.

“Orfoqrafiya qaydaları” ilə bağlı yazdığımız “Dilçilərə hücum edən dillilər” adlı yazımız bir qədər sərt və ötkəm idi. Amma buna da əminik ki, əsl yazıçı və şairlər, jurnalist, tarixçi və etnoqraflar, riyaziyyatçı və iqtisadçılar heç bir zaman bu yazının onlara aid olduğunu düşünüb bizdən inciməzlər. Çünki biz yazının əvvəlində iradımızın kimlərə aid olduğunu açıq şəkildə yazmışıq. Bir də təkrar edirik, bizim bu yazımızın namusla, vicdanla öz işini görən şair, nasir, jurnalist, tarixçi, etnoqraf, riyaziyyatçı iqtisadçı və dilçilərə heç bir dəxli yoxdur. Bizim iradımız hansı ixtisas sahibi olmasına baxmayaraq, heç bir şey bilmədiyi halda hər şey haqqında yazan, qarşısına çıxan hər kəsə, hal-hazırda isə dilçilərə, Dilçilik İnstitutuna və şəxsən bizə təhqirlər yağdıran “uzun dilli”lərdir.

“Dilçilərə hücum edən dillilər” adlı yazının sonunda demişdik ki, “üzündə abırı, həyası qalanlar bundan sonra yəqin ki, yersiz təhqir və böhtanlardan əl çəkəcəklər. Heç bir işi gücü olmayan, ona-buna şər atmaq və sataşmaqla gündəmdə qalmağı özləri üçün bir həyat tərzinə çevirənlər isə daha da coşacaqlar. Amma qoy olsun. Çirkab və hikkə ilə dolu olanlar bütün qəzəblərini qussunlar və bununla da bitsin. Çünki yaranı sağaltmaq üçün əvvəlcə onu deşib içindəki çirkabı axıtmaq zəruridir. Yaranacaq pis qoxuya isə, sadəcə, dözmək lazımdır”.

Bəli, “dözmək lazımdır” demişdik, “onların səviyyəsinə enmərik” söyləmişdik, amma hücumun bu qədər alçaq yolla ediləcəyini təxmin etməmişdik. Bu səbəbdən də susmaq çətindir. Təəssüf ki, belələrinə elmi və mədəni dildə yox, onların anladığı dildə cavab vermək lazım gəlir.

“Uzun dilli”lərdən biri bizim haqqımızda xoşagəlməz, ürək bulandıran bir yazı yazıb. Amma öz adı ilə çap etdirməyə cəsarəti və qeyrəti çatmadığına görə eyni bir yazını 2 müxtəlif şəxsin adı ilə fərqli saytlarda yayımladıb. Adını çəkmək istəmədiyimiz bir şəxs “bunu mən yazmışam” desə də, yazının üslubundan və ifadə tərzindən, orda işlədilən deyim və terminlərdən yazını kimin yazdığını və ya yazılması üçün materialı kimin verdiyini təxmin etmək olur. Əlimizdə dəqiq fakt və sübut olmadığına görə hələlik onun da adını çəkmirik. Xalq arasında belələrinə “ilana zəhər verən” və ya “saman altından su yeridən” deyirlər. Bu şəxs anlaya bilmir ki, hərfbəhərf eyni olan bir yazını müxtəlif saytlarda iki fərqli şəxsin adı ilə yayımlatmaq onun saxtakarlığını və iyrənc məqsədini açıq şəkildə ifşa edir.

Adlarından və imzalarından istifadə olunan şəxslərdən biri tanınmış dilçi-jurnalist Qulu Məhərrəmli, digəri isə Emil Cəfərlidir. Eyni bir yazı Modern.az informasiya agentliyinin saytında və Paralel.az gündəlik elektron qəzetdə tanınmış dilçi-jurnalist Qulu Məhərrəmlinin imzası ilə, 3 başqa saytda isə Emil Cəfərlinin imzası ilə yayımlanmışdır.

Qulu müəllimlə əlaqə saxladıqdan sonra əmin olduq ki, onun bu yazılardan, ümumiyyətlə, xəbəri yoxdur. Qulu müəllim adına və imzasına yaraşmayan, xələl gətirən bu yazının həmin saytlardan silinməsini bu saytların rəhbərlərindən tələb etdi və həmin yazı o mənbələrdən dərhal silindi. Bu məqamda kütləvi informasiya vasitələrinin, xüsusilə də müasir dövrümüzdə böyük populyarlıq qazanan və elektron məkanda yayımçılıqla məşğul olan sayt, agentlik, qəzet rəhbərlərindən xahiş edirik ki, müxtəlif şəxslərin adından və nüfuzundan istifadə edərək böhtançılıqla, qara yaxmaqla məşğul olanlara öz səhifələrində yer verməsinlər. Reytinq və populyarlıq kütləvi informasiya vasitələri üçün vacib şərtdir. Amma bu vacib məsələ belə təmiz ada kölgə salmasa, yaxşıdır.

Emin Cəfərlini tanımırıq və onunla əlaqə yarada bilmədik. Buna görə bu yazıdan xəbəri olub-olmadığını dəqiq deyə bilmirik. Çox güman ki, heç onun da bu yazıdan xəbəri yoxdur. Çünki tamamilə başqa bir şəxs “bu yazını mən yazmışam” deyir. Amma nə üçün bu yazını öz adı və imzası ilə deyil, başqa şəxslərin adı və imzası ilə nəşr etdirdiyini izah etməkdə çətinlik çəkir. Çox güman ki, o, özünü qabağa verərək kimisə qorumağa çalışır.

Həmin yazını yazan, daha doğrusu yazdıran şəxsin bizə əsas iradı ondan ibarətdir ki, biz eşşəkarısı sözünü “eşşək arısı” şəklində, yəni səhv yazmışıq. Heç cür anlaya bilmir ki, dırnaq içində verilən söz ya kiməsə istinaddır, ya da yazan şəxsin istəyinə uyğun olaraq, məqsədyönlü şəkildə ədəbi dildə olduğundan fərqli tərzdə işlədilən söz və ya ifadədir. Yazıdan anlayışı olmayan bu şəxs haradan bilə bilər ki, eşşəkarısı vahid söz kimi yazılanda vurğu sözün sonuna düşür və lazım olan effekti vermir. Amma söz birləşməsi kimi yazanda bu ifadənin təsir gücü, bədii effekti artır. Bu effekti artırmaq üçün həmin birləşməni sadəcə “eşşək arısı” şəklində deyil, “eşşşşək arısı” şəklində də yazmaq olardı.

Həmin şəxs belə iddia edir ki, guya bu yazı ilə “şairləri və jurnalistləri müdafiə edir”. Bu söz çox köhnə, lətifə tipli bir təmsili yada salır: “Bir il qış çox sərt gəlir. Heyvanlar yeməyə bir şey tapa bilmirlər. Oturub məsləhət edir, çıxış yolu axtarırlar. Qərar verirlər ki, başqa yol yoxdur, güclü gücsüzü yesin. Tülkü o dəqiqə atılıb aslanın boynunu qucaqlayır və deyir: “Aslana toxunanı parça-parça edərəm”. Ey bizim haqqımızda yazını yazan, daha doğrusu yazdıran..., bir özün düşün, aslanların, yəni əsl şair və jurnalistlərin sənin müdafiənə ehtiyacı varmı? Və daha bir sual: əsl şair və jurnalistlərə kim hücum edir ki? Şəxsən bizim onlarla bir dərdimiz yoxdur. Bizim yeganə iradımız ixtisas və peşəsindən asılı olmayaraq müzakirəyə çıxarılan “Orfoqrafiya qaydaları” ilə bağlı təklif vermək əvəzinə, dilçiləri və Dilçilik İnstitutunu təhqir edən şəxslərədir.

“Orfoqrafiya qaydaları” layihəsi ilə bağlı son vəziyyəti də qeyd edək ki, indiyə qədər müxtəlif ixtisas sahələrindən olan şəxslər, o cümlədən Qəzənfər Kazımov, Aqil Abbas, Qulu Məhərrəmli, Firudin Cəlilov, İdris Abbasov, Buludxan Xəlilov, Mayıl Əsgərov, Rasim Heydərov, Rafiq Yusifoğlu, Firuz Mustafa, Salam Sarvan, Nazim Nəsrəddinov, İradə Musayeva, Qətibə Vaqifqızı, Nəriman Əbdürrəhmanlı, Təranə Şükürlü, İlkin Əsgərov, Akif Aşırlı, Aynur Camalqızı, Səadət Şıxıyeva və başqaları kimi çoxsaylı dilçi, ədəbiyyatçı, jurnalist, şair və digər ixtisas sahibləri qaydalarda mövcud olan maddələrə irad, yeni maddələrin əlavə edilməsi və mövcud maddələrə düzəlişlə bağlı çoxsaylı təklif veriblər. Bütün bu təkliflər işçi qrup tərəfindən analiz və müzakirə olunur. İndiyə qədər 69 maddəlik qaydalarla bağlı 250-dən artıq təklif daxil olub və gəlməkdə də davam edir.

Təbii ki, bütün təkliflər qəbul oluna bilməz, amma mütləq şəkildə nəzərə alınması lazım gələn dəyərli fikirlər kifayət qədərdir. Onlardan da bəzilərinin layihəyə əlavə edilməsi və Dövlət Dil Komissiyasına təqdim olunması gözlənilir. İndidən belə deyə bilərik ki, layihədəki bəzi maddələrin çıxarılması, bəzilərinə düzəliş edilməsi və bəzi yeni maddələrin əlavə olunması mümkündür. İşçi qrup gələn təklif, irad və qeydləri analiz edir.

Dilimizin qeydinə qalıb düzgün hesab etdiyi təklifləri Dilçilik İnstitutuna göndərən və ya kütləvi informasiya vasitələrində, internetdə yayımlayan hər kəsə təşəkkür edirik. İndiyə qədər internetdə və digər kütləvi informasiya vasitələrində yayımlanan, amma Dilçilik İnstitutuna göndərilməyən təkliflərin müəlliflərindən isə xahiş edirik ki, həmin təklifləri ən qısa müddət ərzində Dilçilik İnstitutunun elektron poçtuna göndərsinlər. Qaydalarla bağlı sadəcə “belə olsun” deyə təklif vermək kifayət deyil. Təklifləri elmi şəkildə və ya müəlliflərin bacara bildiyi istənilən formada əsaslandırmaq və izah etmək, təklif müəllifi haqqında şəxsi məlumatları təkliflərə əlavə etmək zəruridir. Əsaslandırılmayan və ya anonim şəkildə göndərilən təkliflər ciddi hesab olunmur.

Bunu da qeyd edək ki, “Orfoqrafiya qaydaları” son varianta salındıqdan, Dövlət Dil Komissiyası tərəfindən qəbul və Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra mövcud orfoqrafiya lüğətindəki (2013) qondarma, müxtəlif yazılış şəkilləri ilə verilən, ədəbi dildə işlənməyən sözlər lüğətdən çıxarılacaq. Bir sözlə, lüğət bu qaydalar əsasında tam şəkildə yenidən təftiş olunacaq.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #