Modelyerimizin kolleksiyası Fransanın məşhur telekanalında

Modelyerimizin kolleksiyası Fransanın məşhur telekanalında
12 iyul 2017
# 14:40

Azərbaycanlı modelyer Günel Rüstəmovanın 2017-2018-ci illərin payız və qış fəsilləri üçün kolleksiyası Fransanın “France 2” televiziya kanalında yayımlanıb.

Parisdə “Evreux” otelində keçirilən moda nümayişində Günel Rüstəmovanın kolleksiyası daha çox diqqət cəlb edib. Azərbaycanlı modelyerin kolleksiyasında Nizami Gəncəvinin “Fitnə”sinə həsr olunmuş geyim orijinallığı ilə iştirakçılarda daha çox maraq doğurub. Çiynində metaldan yaradılan öküz daşıyan “Fitnə” geyimini məşhur top-model Petra Nemtsova təqdim edib.

G.Rüstəmova kolleksiyasında təbiətlə müasir abstrakt arxitektura qarışığı təsəvvürü yaradır. O, yağlı boya ilə kağız üzərində yaratdığı formaları sonra geyimə çevirir.

Tutqun və açıq rənglərin qarışığından ibarət kolleksiyada bir-birinə dolaşmış mirvari, metal sap texnikasından istifadə edilmiş və yarımşəffaf, jakkard parçalardan hazırlanmış nadir geyimlər unikallığı ilə göz oxşayıb.

G.Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan “Central Saint Martins”də incəsənət və moda sənayesi ixtisasını bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib. G.Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox moda şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli moda şouları keçirilib.

G.Rüstəmova Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir. Bununla yanaşı, o, rəssam kimi də fəaliyyət göstərir. /azertag.az/

# 1145 dəfə oxunub

Müəllifin son yazıları

# # #