Elməddin: “Doğum evinə verməyə 200 dollar tapa bilmədim”

Elməddin: “Doğum evinə verməyə 200 dollar tapa bilmədim”
28 aprel 2015
# 09:35

Son zamanlar bir-birinin ardınca bir neçə yerli film istehsalata buraxıldı. Hay-küylü təqdimat mərasimləri ilə tamaşaçının ixtiyarına verilən bu filmlərin əksəriyyəti komediya janrındadır və belə görünür ki, istehsalçılar gülməli filmlərlə diqqət çəkmək, tamaşaçı yığmaq fikrindədirlər. Hərçənd, bu filmlərə münasibət birmənalı deyil. Amma aralarında digərləri ilə müqayisədə yaxşı mənada fərqlənənlər də var. Belə filmlərdən biri də “Xoxan”dır. Bu filmdə istifadə edilən zarafatların bayağı və 18+ olmaması tamaşaçının ailəsi ilə birlikdə filmi izləməsinə imkan verir. “Xoxan”ın baş rol ifaçılarından olan Elməddin Cəfərov da filmin əsas üstünlüklərindən biri kimi məhz bu məqamı vurğulayır.

“A24.az”ın redaksiyasının qonağı olan aktyor bu günlərə necə gəlib-çıxdığı barədə danışıb, xatirələrini bölüşüb…

“Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm”

- “Xoxan”ın uğurlu alınacağına inanırdınız?

– Filmin uğur gətirəcəyinə inanırdıq. Uğur gözlənilməyən işi kimsə etməz. Sadəcə, biz filmin bu qədər seviləcəyinə inanmırdıq. Əsas məsələ budur ki, filmimizdə komanda işi var idi. Rejissor Samir Kərimoğlu, prodüserlər Zaur və Orxan, aktyor heyəti və s. hamı işini görə bilən insanlar idi. Bu layihədən sonra anladıq ki, komanda işindən uğur qazanmaq olur. Bizdə əsasən fərdi işləməyi sevirlər, ancaq fərdi iş görəndə, o işə yalnız müəyyən bir kütlə baxır.

- Kinoda 18+ zarafatlar və səhnələrin olmaması əsas fərqinizdi…

– Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm. Əgər hər hansı bir aktyorun hərəkətindən anamın, bacımın, yaxud həyat yoldaşımın xoşu gəlmirsə, həmin hərəkəti heç vaxt etmərəm.

Bu hərəkətin doğru olmadığını deyəndə, həmin insan qıcıq olur. Deyir, mən belə istəyirəm. Bu da normaldır, kim nə istəyir, onu edir. Mən isə belə mövzuları işimə yansıtmamağa çalışıram.

- Hansı yerli kinokomediyanı izləyib uğurlu hesab etmisiniz?

– “My name is İntiqam”, “Ay Brilliant”, “Səhra almazı” filmlərini izləmişəm. Düşünürəm ki, hər biri öz-özlüyündə uğurludur. Hər filmin öz kütləsi və baxıcısı var. Uğursuzluq yalnız budur ki, insanlar reklam olunan filmdən daha çox uğur gözləyir. Film nümayiş olunduqda isə istədiklərini və düşündüklərini görə bilmirlər. Məsələn, mən getdiyim filmdə hansı kütlənin olacağını təxmin edə bilirəm və xəyalımda yaratdığımla baxdığım üst-üstə düşəndə, uğurlu hesab edirəm. Ancaq insanlar gözlərində çox şişirdirlər və çox möhtəşəm kino gözləyən yerdə, bir az daha zəif film izləyəndə, uğursuz hesab edirlər. Bu, zamanla düzələcək.

- Yeni filmlərə çəkilməklə bağlı planlarınız var?

– “Xoxan” dan sonra çoxlu təkliflər gəldi. “Xoxan 2”-yə çəkilməyi planlaşdırıram. Təbii ki, filmin adı dəyişdiriləcək. Ancaq mövzu yenə eyni qalacaq. Yeniliklər olacaq. Filmin ssenarisi hələ təsdiqlənməyib.

Bundan başqa, bir-iki filmə, demək olar ki, razılıq vermişəm. Orda Fərda yoxdur, tamamilə başqa kollektivlə çalışacam. 90 faiz təklif edilən filmlərdən imtina edirəm. Çünki ssenari və kollektivi bəyənmirəm. Sözün düzü, bir neçə filmlər də ekrana çıxarıldı. Ancaq onlar sözün əsl mənasında rəzil oldular. Hətta filmlərin birində 15 dəqiqə oturandan sonra mən, zalda oturanlar çıxıb getdik. Birinci sırada oturan aktyor heyəti belə film zamanı utanıb kənara çəkildilər.

“Üz cizgilərim həmişə görünüşümü pozurdu…”

- Aktyor olaraq öz peşəkarlığınızı sübut etmisiz. Lakin sizdə tamaşaçını güldürən əsas səbəblərdən biri üz cizgilərinizin gülüş doğurmasıdır…

– Uşaqlıqdan bəri görünüşümlə bağlı komplekslərim olub. Mən də gənc olmuşam, yaraşıqlı görünmək istəmişəm. Nə geyinirdim, yaraşmırdı. Bədən cəhətdən yaxşıdı, üz cizgilərim isə həmişə görünüşümü pozurdu. Bunu özümə ciddi kompleks etmişdim. Sonra zamanla gördüm ki, reallıq budur, əlimdən heç nə gəlməz. Zaman keçdikcə özüm-özümü bəyəndim, öyrəşdim, razı qaldım. Bu görünüşümə tamaşaçı da öyrəşdi və qəbul etdi. Üz cizgilərimi rahatlıqla idarə edə bilirəm. Bəzən özüm roluma görə idarə edirəm, bəzən isə qeyri-ixtiyarı bəzi mimikalardan istifadə edirəm. İnsanlar deyir ki, mən danışanda belə gülüş yaranır. Artıq bütün bunları normal qəbul edirəm. İkinci yolum yoxdur, plastik əməliyyat da etdirəsi deyiləm ki…

- Gənc həmkarlarınızın fəaliyyətini necə dəyərləndirirsiniz?

– Biz yeni-yeni fəaliyyətə başlayanda, bəzilər acılayırdı, pisləyirdilər. İndidən deyim ki, zəif işlər çox olacaq. Lakin zamanla ələkdən keçəcəklər və ən yaxşıları qalacaq. Onlar peşənin sirlərini öyrənəcəklər, biz onları tanıyacağıq. Gənclərimiz bizim və tamaşaçıların nə istədiyini anlayacaqlar. Bəzən rəzil olan filmlər də olacaq. Rəzil olan rejissor və aktyoru da elə həmin filmə görə silmək olmaz. Şəxsə zaman tanımaq lazımdır. Sadəcə, xahiş edirəm ki, evdəkilərin baxa bilməyəcəyi səhnələri filmlərdə canlandırmasınlar. 18+ mövzuları vizual olmasa da, sözdə göstərirlər. Bunları yığışdırsalar, gələcəkdə uğur qazana bilərlər. Cəmiyyətin mədəniyyətini pozanlara nifrət edirəm. Bacarırsansa, istedadını göstər…

Bu yaxınlarda mağazada telekanalların birində 3 ay veriliş aparıb sonra fəaliyyətini dayandıran bir şəxsi gördüm. Səsi bütün mağazanı bürümüşdü, qışqıra-qışqıra “Noldu mənim istədiyim?” deyə işçilərə müraciət edirdi. Arada mənə tərs-tərs baxırdı ki, yəni “sən kimsən?”. Mənə də qəribə gəlir ki, 18 ildir bu sahədəyəm, insanlar məni tanıyır.

3 ay veriliş aparmaqla nə olub ki, nə əldə etmisən? Belə insanlara uğur arzulamaq heç içimdən gəlmir. Ancaq qoy Allah onun da köməyi olsun. Mən sizlərləyəm, eyniyik. Mənim sizlərdən heç bir üstünlüyüm yoxdur. Tək üstünlüyüm işlədiyim sahənin bu gün dəbdə olmasıdır. Siz necə yatıb-durursunuzsa, mən də eyni cür yaşayıram. Aktyor daima müəllimindən nələrsə öyrənməlidir. Məsələn, virtual müəllimim Paolo Villaggio olub. Sadəcə, onunla görüşə bilməyimiz imkansız idi. Birincisi, mən onu tanıyanda, o, artıq dünyasını dəyişmişdi. İkincisi, İtaliyada Paolodan dərs almağım üçün şərait yox idi. Üçüncüsü, isə o, ümumiyyətlə, dərs deməyib. Paolo mənə çox yaxın xasiyyətdə birisi idi.

Real müəllimim isə Yaşar Nuriyev olub. Hər gün birlikdə məşq edirdik, dərs alırdım. Eyni tamaşada rol alırdıq. Hər dəfə iş bitəndən yarım saat sonra da Yaşar müəllim bizi danlayırdı, acılayırdı. Yaşar müəllimdən başqa, Firəngiz və Fatma xanımdan (Firəngiq Mütəllimova və Fatma Mahmudova –red.) da dərs almışam. İnsan xalq və əməkdar artistlərdən dərs aldıqca, istər-istəməz nələrsə öyrənir. Sonra evə gedib öyrəndiklərini analiz edirsən və özündə olanları da onun üstünə əlavə edəndə, ortaya yeni bir aktyor çıxır.

“2000 nəfərlik konsertdən 75 dollar pul aldıq…”

- Həsən Əliyevin “Toy 2” filmində sizi görməməyimizin səbəbi nədir?

– Filmin qala gecəsi olub? Vallah o gecəyə dəvət olunmamışam. Məni dəvət etmədiklərinə görə filmin harda, saat neçədə nümayiş olunduğunu bilməmişəm. Ancaq Həsən “Tək səbir” adlı yeni veriliş açır. İşlərində uğurlar arzulayıram. Nə kömək lazım olsa, qulluğundayam.

- Yeri gəlmişkən, Həsənlə münasibətiniz necədir?

– Heç çoxdandır görüşmürük… Hər kəsin başı öz işinə qarışıb. Bir dəfə yas mərasimində qarşılaşdıq, normal salamlaşıb görüşdük.

- “Tək səbir” komandası niyə dağıldı?

– İdarəçilik zəif idi. Bizim Həsəndən soyumağımızın əsas səbəbi də bu idi. Hər şey pik nöqtədə olanda, idarə edə bilmədi. İdarə edə bilməməyinin səbəbi isə onun qabiliyyətsizliyi deyildi, çünki Həsən çox qabiliyyətli və idarəçiliyi yaxşı bacaran insandı.

- Həsən deyir ki, komandanın dağılması sizin və Fərdanın öz yolunuzu getmək qərarını verməyinizlə başladı. Bu doğrudur, yoxsa başqa səbəblər var?

– Düz deyir, biz komandadan ayrıldıq. Ancaq ayrılmağa Həsən vadar etdi. 3 il ərzində birlikdə işləməyi bacarmışdıqsa, nə oldu ki, yollarımızı ayırmalı olduq? 100 dollar maaş alırdıq, 105 dollar oldumu maaşımız? Əgər 230 dollara kirayədə qalırdımsa, 100 dollarla necə dolana bilərdim? Bütün bunları idarə etmək lazım idi. Konsert verdik, insan axını oldu. Konsertdən sonra böyük problemlər çıxdı. O boyda Sarayda (Heydər Əliyev Sarayı -red.) 2000 nəfərlik konsertdən 75 dollar pul aldıq. Yolumu getməyim neynəyim ki?

Övladım olanda, doğum evinə verməyə 200 dollar tapa bilmədim…

Məcbur idim toya gedim, film və reklam çəkilişlərini dəyərləndirim. Həsən özünə idman avtomobili, ev və villa aldı. Ancaq biz də kirayəmizi ödəyə biləydik də… Bütün bunlar deyilmir…

- Yeni yaradılan “Tək səbir”ə dəvət alsanız, Həsənlə çalışarsınız yenidən?

– İnanmıram ki, 10 ildən sonra biz yenidən birlikdə çalışa bilək. Çünki ən azından, fikir və maraqlarımız üst-üstə düşməyəcək. Bugünkü xərclərlə yenidən 100 dollara qayıtmaq istəmirəm. “Papa canı, bundan sonra yaxşı olacaq” kimi vədlərə inanmıram daha. Real olaraq maraqlarımın təmin olunduğu yerdə müqaviləylə çalışaram.

- Fərda və Müşfiq şou-verilişlərin aparıcıları oldular. Sizin belə niyyətiniz var?

– Əslində, mən də veriliş aparmışam. “Arı-show” adlı layihə idi. Dövrünün ən reytinqli şou verilişi idi. Ancaq istəmirəm. Seriallarda çəkilməyi uğurlu hesab edirəm. “Qız atası” və “Bacanaqlar” bu gün Azərbaycanın ən reytinqli seriallarıdır və mən ikisində də iştirak edirəm. “Bacanaqlar” baxımlı olması ilə yanaşı, ölkənin ən uzunömürlü serialıdır. 6 ildir davam edən serialın 272-ci bölümündəyik. Tələb olduğu müddətcə serial davam edəcək. Həyatda bir devizim var: bir işi bacardığım qədər etmirəm, sonuna qədər edirəm. Belə getdikcə, bacarmadığını bacarırsan…

- Sizcə, “Bacanaqlar” artıq insanları bezdirmir ki?

– Reytinqimiz çox yaxşıdır, tələbat var. Hər il fərqli və yeni seriallarımız oldu. Amma biz də olduğumuz kimi qalmadıq, inkişaf etdik. Bizdən sonra 40 serial açıldı, hamısı da bağlandı. Dünya praktikasına baxıb öyrəndik ki, serialı necə uzunömürlü etmək olar. Şükürlər olsun ki, öhdəsindən gələ bildik.

- Kollektivin əsas olduğunu söyləmişdiniz, bəs “Bacanaqlar”ın kollektivi ilə aranız necədir?

– Biz kollektivimzlə ailə kimiyik. 6 il ərzində birlikdə çalışdığın insanlarla zamanla ailəyə çevrilirsən. Bəzən günortalar gedib yeməyi kollektivlə birlikdə yeyirəm.

- “Bacanaqlar”ı brend etmək niyyətiniz var?

– Xeyr, belə istəyim yoxdur. Əslində, öləndən sonra xatırlanmağın tərəfdarı deyiləm. Öldüm, bitdi mənim üçün. Sadəcə, onu söyləyim, necə ki, qayınana deyəndə Nəsibə Zeynalovanın olduğu film yada düşür, bacanaqlar deyəndə də bizim serial və qəhrəmanlar yada düşəcək.

- Həyatda bacanağınız var?

– Var. Ancaq dostluğumuz bir o qədər güclü deyil. Çünki yaş fərqimiz çoxdur. Dünyagörüşümüz tam başqadır, çalışdığımız sahələr fərqlidir. O, bir müddət Gəncədə, mən Bakıda yaşamışam. Ayda-ildə bir dəfə görüşürük. Ancaq qohum olaraq bacanağımdı, uzaqdan gələndə, tanıyıram ki, bacanağım gəlir (Gülür).

- Bu gün cəmiyyətdə qohumluq ənənələri çox zəifləyib. Buna münasibətiniz necədir?

– “Skype” və digər sosial şəbəkələr insanları uzaqlaşdırdı. Sosial şəbəkələr müəyyən dərəcədə insanların həyatını rahatlaşdırdı. Ancaq reallığı öldürdü. Bunu çox normal qəbul edirəm. Lazım olanda, dostlarım və qohumlarımla kamera ilə danışıram. 20 il öncə məni tapmaq üçün ev telefonu ilə zəng edib deyirdilər ki, “Elməddinə de, axşam evdə olsun, zəng edəcəyəm”. İndi belə bir şey yoxdur, rahatlıqla öz telefonumla əlaqə saxlaya bilirlər.

- Sosial şəbəkələrdən də istifadə edirsiniz?

– Heç bir sosial şəbəkədən istifadə etmirəm. Çox rahatlıqla öz həyatımı yaşayıb, işlərimi görürəm. Sosial şəbəkəyə ayıracağım vaxtı ailəmə ayırıram.

- Bir müddət “Planet Parni iz Baku” komandasındaydınız, daha sonra sizi iştirakçılar arasında görmədik…

– Bir müddətlik dəvət etdilər, biz də iştirak etdik. Bəzi şərtlərimiz oldu, ssenari ilə, maddiyyatla bağlı, onlar təmin olunmadığına görə iştirak etmədik. Ancaq dostluğumuz qardaşlığımız hələ də davam edir…

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #