Kənddə itin də dərdin çəkirlər, şəhərdə yasa gələn yoxdu

Kənddə itin də dərdin çəkirlər, şəhərdə yasa gələn yoxdu
22 may 2013
# 12:37

...Xeyli vaxt idi ki, ölüm pəncərədən, qapıdan, eyvandan boylanırdı. Özünü içəri dürtməyə çalışırdı. Bir-iki dəfə buna nail olmuşdu. Ona yaxınlaşmaq istəmişdi. Evdəki tükürpədici çığırtı, vay-şivən onu geri qaytarmışdı. Lap düzü, ölüm də ondan qorxmuşdu. Yaxına gəlsə də, başının üstünü kəsdirsə də istədiyini, nəyə gəldiyini unudub yavaşca geri dönmüşdü. Amma qırımından bilinirdi ki, ara sakitləşən kimi yenə gələcək.

Başının üstünü kəsdirən ömür-gün yoldaşının əzgin, yorğun, saralmış sifətinə baxdı. Neçə illər birgə ömür sürdüyü uşaqlarının anasına yazığı gəldi. Özünə isə bir daha nifrət etdi. Neçə illərdir cavan, gözəl ömrünü ona xərcləmiş, hər bir nazına, şıltaqlığına dözmüş qadına əzab-əziyyətdən savayı heç nə verməmişdi. Dörd bir tərəfdən ona hücum çəkən Əzrayılın qabağına da bu qadın əliyalın çıxmışdı. Sayı-hesabı bilinməyən qohum-qardaş gözə dəymirdi. Ayağa dura bilsə, əziyyətlərinin əvəzinə azacıq da olsa ona nəsə qaytarmaq istəyirdi.

Özünə gəldi. Bu səs qonşusunun və dostunun idi.

Şükür, hər şey ötmüşdü.

Ömür-gün yoldaşının yanaqlarına ilişib qalan göz yaşlarını gördü. Onun gözləri sevinirdi. Bir cüt qara gözlərin bu cür sevincini heç vaxt görməmişdi. Bu anda bu gözləri çəkə bilsəydi...

- Qorxutmuşdun bizi-qonşusu dedi bu sözləri.

Gecədən xeyli keçmişdi qonşu həyat yoldaşı ilə evlərinə getdi. Sonra uşaqları da göndərdi ki, yatsınlar: “Özümü lap yaxşı hiss edirəm. Narahat olmayın. Keçib getdi hər şey”.

Bir özü idi, bir də həyat yoldaşı. Tez-tez özünün və alnının tərini silən həyat yoldaşının əlindən tutdu.

İllərlə əzab-əziyyətini çəkmiş bu qadına ilk dəfə ürəyi yandı.

“Sən də dincəl, üzülmüsən. Bir şey lazım olsa çağıraram” dedi.

...Yoldaşı da uzandı yerinə. Birtəhər dikəldi. Düz şəhərə baxan pəncərəyə tərəf dayandı. Ara-sıra maşın səsləri gəlirdi. Çilçıraqlı şəhər öz adi günlərindən birini başa vururdu. Cavan ömrünün xeyli hissəsini burada yaşamasına baxmayaraq zəndeyi-zəhləsi gedirdi bu şəhərdən. Bu şəhərə nifrət edirdi. Bu şəhər onun hər şeyini almışdı əlindən. Gəncliyini, sevincini və nəhayət sağlamlığını.

Bu şəhərdə gördü ağlasığmaz naqislikləri, nadanlıqları. Əgər oxumaq, təhsil almaq məsələsi olmasaydı heç bu şəhərə tərəf bir addım da atmazdı. Şəhərə gəldiyi ilk günlərdə xəlvətə çəkilib xısın-xısın ağlamışdı.

Bir dəfə bir yerdə qaldığı dostu onu ağlayan yerdə tutmuşdu. “Nə olub, niyə ağlayırsan” deyə soruşanda “rəhmətlik nənəm yadıma düşüb”-, dedi.

Tətildə kəndə gedəndə 3-4 gün vaxtından gec qayıdırdı.

Doymurdu kəndlilərindən. Bir dəfə tələbə yoldaşı ilə getmişdi.

Gecə-gündüz təriflədiyi kəndi görəndən sonra dostu məəttəl qalmışdı. Tozlu torpaqlı, palçıqlı, isti, susuz, qazsız, yolsuz bu kəndin nəyini tərifləyirdi kəsdirə bilməmişdi.

Yarlı-yaraşıqlı, saysız-hesabsız kinoteatrları, mədəniyyət sarayları səliqəli sahmanlı küçələri gözəlləri ilə dolu olan şəhərdən kəndə qaçan dostuna gülmüşdü də.

Onu şəhərə gəzməyə çıxarmaq müşkül bir iş idi. Kitabxanaya və hərdən muğam konsertlərinə gedərdi. Bulvara ildə cəmi bir dəfə son imtahandan sonra kollektiv surətdə getmişdilər.

Sonra uzun illər yaşamalı oldu bu şəhərdə. Məcburən, sənətinə görə. Çoxları onu mərifətli, abırlı, bacarıqlı adam kimi tanıyırdı. Yaşından xeyli qoca kimi aparırdı özünü. Onun qəbul etməyənlər də az deyildi... Xüsusilə açıq-saçıq qadınlar, yerli-yersiz bərkdən gülən qızlar. Zəhləsi gedirdi onlardan. Bədəninin məhrəm yerlərini nümayiş etdirən, ağına-bozuna baxmayıb bərkdən gülən qadınlar qızlar ondan çəkinirdi. Arxasınca “ feodalizm qalığı” deyirdilər.

İdarəyə başçı keçəndə belə qadınlar iki şeydən birini seçməli olurdular. Və əksər seçdikləri iki şeydən biri idarədən getmək idi.

O işlədiyi illərdə idarələrində bir nəfər də olsun yaltaq qoymadı qalsın. Haram işlə məşğul olanların kökünü kəsmişdi. Və həmin haramzadələr harada gəldi şər, böhtanlar yağdırırdı onun ünvanına. Kasıb-kusuba, zəhmətkeşə, sənətini, peşəsini bilənlərə xüsusi diqqət verirdi... Sonra hər şey dəyişdi. Əvvəldən nifrət etdiyi bu şəhərin əksəriyyəti yalana, oğurluğa, rüşvətə qurşandı. Hamı bir-birini aldadırdı. Hamı yalanla nəfəs alırdı. Az-az adam qalmışdı ki, bu bəlalardan uzaq olsun. O az adamlara da sanki ayrı planetdən gələn adamlar kimi baxırdılar. Əcaib bir şəhərin sakini olmaq dəhşətli idi... Qəribə camaatı var idi bu şəhərin.

Bir neçə il əvvəl işçisinin anası ölmüşdü. Heç kim yox idi. Nə qohum, nə qonşu. Cəmi üç nəfər var idi. Vəssalam. Kollektivi ilə yola verdi hər şeyi. Kəndlərində isə belə deyildi.

Yadına düşdü ki, qonşuları Əlhüseynin çox ağıllı iti var idi. Sanki dil bilirdi, nə desən başa düşürdü. Hansı çolpanı desən məhz həmin çolpanı tutub gətirərdi. Uşaqlarla ləzzətlə oynayırdı. Həmin itə nəsə olmuşdu. Eşidən bilən tökülmüşdü Əlhüseyngilə ki, görsünlər itə nə olub. Bu şəhərdə isə...

Hər şeyini almış nifrət elədiyi bu şəhər nədənsə bu səhər məhrəmləşmişdi onunla. Ömrünü qara qəpik kimi xərclədiyi bu şəhərə də yazığı gəldi. Onun sakinlərinə də. Qınadığı adamları da başa düşmək istəyirdi.

Kəmfürsət yenə qayıdıb gəlmişdi. Müqavimət göstərmək istəsə də bacarmırdı. Güc bəla ilə uşaqlar yatan otağa baxdı. Mışıl-mışıl yatan balalarına yaxınlaşmaq istəsə də bacarmadı. Qıymadı...

Həyat yoldaşına baxdı. Qəribə idi, ömründə onu belə məsum mələk kimi görməmişdi. Və bir az əvvəl yanaqlarında (gördüyü iki damla yaşın ilişib qaldığı) ilişib qalan iki damla göz yaşı yerində idi. (İlahi, necə də parıldayırdı) Bu iki damla göz yaşı onu daha da mələkləşdirirdi...

Səhər açılırdı. Bir azdan sükut pozulacaqdır. Qara yağmurlu hava var idi...Gözləyirdi bu səhəri...

Sahib Mürsəloğlu

# 2092 dəfə oxunub

Müəllifin son yazıları

# # #