Bakıda Azərbaycan Xalça Muzeyinin yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə dünyanın müxtəlif ölkələrindən xalçaçılar, xalq yaradıclığı üzrə mütəxəssislər iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyinin Xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev Xalça Muzeyinin Azərbaycanın mədəni həyatındakı rolundan danışıb. Şöbə müdiri bildirib ki, yarandığı dövrdə dünyada ilk xalça muzeyindən biri olan sənət ocağı bu gün dünyanın ən zəngin xalça və xalça məmulatları kolleksiyasının toplandığı ölkənin ən böyük muzeylərindən biridir: “Sevinirəm ki, muzeyin 50 illik yubileyində dünyanın müxtəlif ölkələrindən qonaqlar, mütəxəssislər iştirak edir. Son illərdə Azərbaycanda muzey işinə böyük diqqət, qayğı var. Ölkənin hər bir guşəsində son dərəcə gözəl muzeylər yaradılıb. Bir neçə bölgə qalıb ki, yaxın vaxtlarda orda da muzeylər istifadəyə veriləcək. Muzey sahəsinə dövlət qayğısı nəticəsində müasir, böyük muzey binası insanların ixtiyarına verilib. Bu muzeyin yaradılması Azərbaycan mədəniyyətinə böyük fayda verib və bundan sonra da bu davam edəcək”.
Xalça Muzeyinin direktoru Şirin Məlikova muzeyin tarixindən danışıb. O əlavə edib ki, muzeyin yaradılmasının 50 illiyinə həsr olunan tədbirlər çərçivəsində dünyanın tekstik muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərsləri, festival keçirilməsi və Tekstil Muzeyləri Şəbəkəsinin yaradılması müzakirə olunacaq.