Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satan şair kim idi?

Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satan şair kim idi?
8 avqust 2025
# 15:54

8 avqust Türkiyənin məşhur şairi Edip Cansevərin doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

"İkinci Yeni" ədəbi cərəyanının önəmli nümayəndələrindən biri olan Edip Cansever, yaşadığı dövrün mürəkkəbliyində insanı və yalnızlığı dərindən anlamağa çalışan bir şair idi.

Ömər Edip Cansevər 8 avqust 1928-ci ildə İstanbulda dünyaya gəlib. Uşaq yaşlarından ədəbiyyata maraq göstərən şair, ilk şeirini 13 yaşında yazıb və bu şeir 1944-cü ildə "İstanbul" dərgisində nəşr olunub.

Daha sonra bir çox ədəbi jurnalda şeirləri çap edilən Cansevər "Yeditepe” dərgisindəki dərcini isə öz poeziyasının başlanğıcı kimi dəyərləndirirdi.

İlk şeirlərini məşhur yazıçı Ahmet Hamdi Tanpınara göstərən Cansevər 1946-cı ildə İstanbul Liseyini bitirib.

Daha sonra Yüksək Ticarət Məktəbinə daxil olsa da, təhsilini yarımçıq qoyaraq Qapalı çarşıda atasından qalma dükanda xalça və antik əşyalar satmağa başlayıb.

Cansevərin ilk gənclik şeirlərini topladığı "İkindi üstü" adlı ilk kitabını 1947-ci ildə cəmi 19 yaşında olanda işıq üzü görüb.

1954-cü ildə nəşr olunan ikinci kitabı "Dirlik düzenlik"də yer alan "Masa da masaymış ha" adlı şeir, türk poeziyasının ən məşhur nümunələrindən sayılır.

1957-ci ildə nəşr olunan "Yerçekimli Karanfil" adlı kitabı ilə Cansever poetikasında ciddi dönüş yaşadı. Bu kitabda o, söz sırasını və çağrışım ardıcıllığını pozaraq özünəməxsus bir şair olmağa yönəldi. 1958-ci ildə bu kitabı ilə "Yeditepe Şiir Armağanı"na layiq görüldü.

"İkinci Yeni" ədəbi cərəyanının aparıcı adlarından biri olmasına baxmayaraq, Cansevər bu cərəyanın bəzi yönlərini qəbul etmirdi. Onun fikrincə, poeziya fərdiyyətçilikdən və toplumdan uzaq durmaqdan ibarət deyildi. Cansevərə görə, şeir cəmiyyətlə bağ qurmaq və mütəmadilik tələb edən bir sənət idi.

Cansevər çətin anlaşılan, qapalı, lakin mənadan uzaqlaşmayan bir poeziya anlayışına sahib idi. O, bəzən poetik dilə düz yazı üslubu da daxil edərək fərqli ifadə formaları sınamışdı. Həm poeziyası, həm də həyat tərzi ilə daim diqqət çəkən bir sənətkar idi.

17 şeir kitabı yazan Cansevər 28 may 1986-cı ildə İstanbulda 58 yaşında dünyasını dəyişib.

Cemal Süreya onun üçün belə yazmışdı:

"Yeşil ipek gömleğinin yakası / büyük zamana düşer / her şeyin fazlası zararlıdır ya / fazla şiirden öldü Edip Cansever"

Ölümündən sonra onun son şeirləri, nəsr yazıları və müsahibələri "Gül dönüyor avucumda" adlı kitabda toplanıb.

19 yaşında evləndiyi həyat yoldaşı Mefharet Cansevər ilə 39 illik evlilikləri boyu o, Edip Cansevərin ən sadiq oxucusu olmuşdu.

Şair İsmet Özel 2006-cı ildə verdiyi bir müsahibədə Canseverə şeirlərini oxuması üçün göndərdiyini və aldığı tərif dolu məktubu illərlə yanında daşıdığını bildirib. Cansevər məktuba belə başlamışdı: “Mərhaba, Rəis”.

Cansevərin ailəsi ilə yaxın dostları olan Turqut Uyar və həyat yoldaşı Tomris Uyar arasında dərin bir dostluq var idi.

Bir gün Turqut və Tomris boşanacaqlarını bildirəndə Cansever buna qarşı çıxmış, hətta maddi yardım təklif etmişdi. Lakin münasibət artıq sonlanmışdı.

Boşanma sonrası üçü birlikdə Süleymaniye məhkəməsindən çıxaraq Kadıköy vapuruna minmişdilər. Canseverin “Haraya?” sualına Tomris cavab verməmişdi. Əslində getdiyi yer Cemal Süreya idi. Cansever bu haqda belə demişdi:

“Tomris Cemal Süreyaya əslində iki il əvvəl Çiçək Pasajındakı baxışlarıyla getmişdi".

Bu sözlər Canseverin, illərlə dostluq etdiyi Tomris Uyarla olan münasibətlərindəki qırılma nöqtəsini ifadə edirdi. Onların arasında qırılmaz kimi görünən bağ zamanla səssiz bir ayrılığa çevrilmişdi.

Ədəbi irsi və həyatı ilə Edip Cansevər türk ədəbiyyatının müasir simalarından biri kimi yaddaşlarda yaşayır.

# 140 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər