Dərbəndimizin teatr bəndi - FOTO

Dərbəndimizin teatr bəndi  - FOTO
18 yanvar 2016
# 17:25

Dərbənd. Bu kəlməni ilk dəfə çox kiçik yaşlarımda eşitmişəm... Bakının Saray kəndində ata-babadan qalma xudmani bir bağımız var. Doxsanıncı illərə qədər, demək olar ki, bütün yayı o bağda keçirərdik. Hər səhər günəş çıxar-çıxmaz anam bizi yuxudan qaldırar, içində ağ şanı, kişmiş, qara şanı üzümləri, bir də bal kimi əncirlə dolu böyük bir ləyəni qarşımıza qoyardı. Bu cənnət meyvələri elə bizim səhər yeməyimiz olardı. Ondan sonra heç nə yemək istəməzdik. O əncir-üzümün və o vaxtların şirinliyini indi nə əvəz edər, görəsən? Elə o zamandan bilirəm ki, Dərbəndi adlı bir üzüm növü də var. Bir də anamın dediyindən onu da bilirdim ki, o üzümü bizlər (Bakı əhli) yemirik. Dərbəndi daha çox mürəbbə bişirmək və sirkə düzəltmək üçün münasibdir. Düzdür, Adəm və Həvva misalı mən də anamın “bu üzüm yemək üçün deyil” sözlərinə məhəl qoymayıb bir-iki dəfə dərbəndidən yemişdim. Amma qabığının qalınlığı, tumlarının iriliyi məni anamın bu xəbərdarlığına inandırdı və mən bir daha dərbəndi üzümünə tərəf yaxınlaşmadım. Sonralar bildim ki, bu ad sadəcə üzüm növünün adı deyil. Bizdən ayrı düşmüş Dərbənd adlı bir parçamız da var şimalda.

2015-ci il dekabr ayının 6-a qədər mən Dərbəndi uşaqlıq dövrümün üzüm dərbəndisi, tarix, bir də müxtəlif yazılardan qiyabi tanıyırdım. Elə bir zəmanədə yaşayırıq ki, mütləq harasa getmək üçün bir səbəb lazımdır, yoxsa bizi heç bir qüvvə yerimizdən tərpədə bilməz. Sərhəddən 75 kilometr o yana gedib Dərbəndi görməyə müyəssər olmazdıq. Səbəb ol səbəb ki, Dərbəndə bənd olan bir cavan oğlan, daha dəqiq, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ər-Toğrul Kamalov bizi (bəndəniz, Yuğ əhlindən Qasım Nağı və demək olar ki, bütün teatrlarının ocağında bir od yandıran Oktay Mehtiyev) Dərbənd teatrının “Ac həriflər” tamaşasının premyerasına və ordakı əzizlərimizlə tanış olmağa dəvət elədi. Şərəf duyduq və müşərrəf olmaq üçün yola düşdük.

Vallah, heç belə bir siftə-bismillah gözləmirdim. “Dəmir qapı Dərbənd”, “Dərbənd-Bağlı qapı” bunları çox eşitmişdim. Amma bura həm də “Qəliz qapı Dərbənd” imiş, sən demə. Deməli, bir neçə ay öncə Qırmızı körpüdən qonşu Gürcüstana keçmişdim. Özümü elə rahat hiss etmişdim ki...

Eyni minvalla da Samux keçid məntəqəsinə yaxınlaşıb sərhəddi keçmək istəyirdim. Uzun çək-çevir, yazı-pozu, yoxlamadan sonra birtəhər keçdik demişdim ki, ala-qaranlıq bir “Qazelin” içində 600-700 metrlik neytral zonanı keçmək üçün bir saat da gözləməli olduq. Həm də elə bil 90-cı illərə düşmüşdük. Əlqərəz, bu qəliz qapıdan da sağ-salim qurtulduq. Bizi qarşılamağa gələn Ər-Toğrulu görən kimi soyuqdan və bir az da sıxma-boğmadan qırışan üzümüzün donu açıldı. Qol-boyun olduq, Ər-Toğrul bizə teatrın qazelini nişan verdi, dərhal oturduq. Sürücüyə: “Dər-e bənd - qapını bağla” dedi və Dərbəndə yollandıq.

Səhəri günü, dekabr ayının 7-si Dərbənd Azərbaycan Teatrının “qabağına qoyub ağlanılası” binasına gəldik. Çox acınacaqlı bir şəraitdə idi. Azərbaycan prezidentinin avqust ayında Dərbənd Azərbaycan Teatrı üçün yeni bina tikilməsi barədə imzaladığı Sərəncam və ilkin olaraq beş milyon manat vəsait ayrılması faktı olmasaydı, bu narahatçılıqla bağlı ayrı bir yazı yazılmalıydı. Ömür vəfa eləsə, inşallah, mən də yaxın 2-3 ildə Dərbənddə tikiləcək gözəl bir teatr binasının açılışında iştirak etmək, o teatrın səmimi sənətçilərinin sevincinə qoşulmaq istərdim. Ya qismət...

Əbdürrəhim bəyin “Ac həriflər”inə baxmamış yaxşıca yeyib-içdik. Ac-acına tamaşadan bir şey anlamazdıq yoxsa. Dərbənd Azərbaycan Teatrı məlum səbəbdən tamaşalarını, bir qayda olaraq, Dərbənd Ləzgi Teatrının səhnəsində təqdim edir. Növbəti tamaşa da elə bu teatrın səhnəsində baş tutdu. Əvvəlcədən deyim ki, düzü, teatrın öz binasındakı şəraitsizlik şəraitini görəndən sonra o əhval-ruhiyyə və səhnədə normal məşq imkanının olmaması baxımından “Ac həriflər”dən elə də bir performans gözləmirdim. Nə yaxşı ki, yanılmışdım...

Tamaşa Xan əminin “Qarabağ şikəstəsi” ilə başlayır. Azərbaycanın rəsmi sərhədlə bölünmüş tarixi torpağı Dərbənddə, ac qurdların torpağını gəmirdiyi nisgilli Qarabağın şikəstəsini dinləmək çox qəribə bir duyğudur. Özü də Xan əmidən. Azca kövrələn təhər olmuşduq ki, qəfil Xan əmini estrada musiqisi əvəz elədi. Sümüyə düşən bu musiqi ilə yerimizdə dingildəməyə başlamışdıq ki, yenə Xan əmi qayıtdı. Rejissorun təklifini qəbul etdik. Deməli, tamaşa dual xassəlidir. Pərdələr açılan kimi bunun şahidi olduq. Səhnənin yarı tərəfi köhnə müsəlman bozbaşxanası, yarısı da müasir kafe. Musiqi həlli, rəssam işi, səhnə tərtibatından tutmuş, aktyorların geyiminə qədər hər şey yerində idi tamaşada. Düzdü, bəzi hallarda, məsələn Həsən dayının yarımsaqqallı sifəti onun oyununu “xortdanvariliyə”, “babayqalığa” çəkirdi. Amma aktyorun plastikası və özünəməxsus şirin ifa tərzi bu “xortdanvariliyi” insana unutdurdu. Rejissor Zərbəli obrazını aktrisaya tapşırmışdı. Bu mənə görə sürüşkən məqam və tamaşanın müvazinətini itirməsinə səbəb ola biləcək bir risk idi. Di gəl ki, aktrisa rejissorla əl-ələ verib elə bir oyun sərgilədi ki, biz mat-məəttəl qaldıq. Son ana qədər mən Zərbəlinin qadın olduğuna inanmadım. Halbuki, bunu sezmək elə də çətin deyildi. Tamaşaçılar, içi biz qarışıq Zərbəlinin oyununa xeyli güldük. Deməli Ər-Toğrul, əslində, Zərbəlini aktrisaya verməklə heç bir riskə getməmiş, əksinə, çox uduşlu bir gediş etmişdi. Mənim üçün maraqlı məqamlardan biri və ən əsası o idi ki, kiçik, epizodik səhnəsi olan aktyorlar belə oyununu bacardığı qədər boş, sadəcə söz, keçid xətrinə təqdim etmədi. Bu, tamaşada, aktyor oyununda olduqca önəmli bir məsələdir. Nəzərə alsaq ki, kolektiv tamaşanı oynadıqları səhnədə cəmi 1-2 gün məşq edib və ümumiyyətlə, mövsüm ərzində vur-tut 2-3 dəfə tamaşa oynayırlar, onda sıradan görünən, elementar oyun diqqəti prinsipinə niyə bu qədər önəm verdiyimi anlayarsınız. Beləliklə “Ac həriflər”in Həsən dayısı, Zərbəlisi və bildiyiniz həmən personajlar. Bəzisi dəyişik, bəzisi yerində... Hə, bir də həmkarım Ər-Toğrulun yaradıcı “xuliqanlığı”. Bu da həm ustadından, həm də gəncliyə xas maksimalizmindən irəli gəlir, məncə. Məhz elə bu yaradıcı “xuliqanlığına” görə Rusiyanın tanınmış rejissoru, Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin teatrlar üzrə kuratoru, Mahaçkaladakı Rus Dövlət Dram Teatrının bədii rəhbəri Mavled Danialoviç Tulparov tamaşadan dərhal sonra səhnəyə çıxdı və aktyorlarla bir cərgədə durub üzünü tamaşaçılara və eyni zamanda Ər-Toğrula tutub dedi: “Mən bütün kollektivi təbrik edirəm! Bu gün sizlər bu səhnədən bizə bir bayram ovqatı yaşatdınız. Amma əsas sözüm teatrın baş rejissoru, bu tamaşaya quruluş verən Ər-Toğruladı. Ər-Toğrul, sən bu işinlə teatra öz dilini, teatr dilini qaytardın. Sən bu işinlə öz rejissor dəsti-xəttini nümayiş etdirdin. Aktyorların gözündə işıq, sənin arxanca qarış-qarış getdiklərini gördük. Mən əminəm ki, sənin bu teatrda fəaliyyətə başlamağınla Dərbənd Azərbaycan Teatrının yeni, məhsuldar və perspektivli bir dövrü başlayır. Biz olduqca gözəl bir performans izlədik. Uğurlar!”

Məhrumiyyətlər kompleksi yaşayan Dərbənd Azərbaycan Teatrında ortabab bir tamaşaya baxacağımızı zənn edirdik. Halbuki qətiyyətli, səsi, hərəkətləri, səhnə cazibəsi ilə rejissorun yozumuna cani dildən ləbbeyk deyən aktyor oyununa, kamil bir tamaşaya baxdıq. Əslində, tamaşanı təhlil etmək istəmirdim və belə baxanda heç etmədim də. Ona görə ki, bəndənizin bu xüsusda heç bir iddiası yoxdur. Amma beşcə bəndi qeyd etməyi vacib hesab edirəm.

1. Dərbənddə Azərbaycan teatrı olub və bu gün də ayaq üstədir.

2. Mədəniyyət və Turizm Nazirliyi iyirmi dörd yaşlı Ər-Toğrul Kamalov adlı gənc bir oğlana o teatrın baş rejissorluğunu etibar edib və nə yaxşı ki, edib.

3. Teatrın kollektivi, kiçiyindən böyüyünə Ər-Toğrulu özlərinə sadəcə təyin olunmuş baş rejissor yox, yaradıcı rəhbər hesab edir və bu olduqca önəmlidir.

4. Hər ikimizin ustadı mərhum Vaqif İbrahimoğlunun : “Öyrən, öyrət, dəstək ol, özün kimi ol və bil ki, uğursuzluq deyilən bir nəsnə yoxdur. Hər uğursuzluq adlanan nəsnədə mütləq bir uğur, qazanc, ibrət var,” - həyat prinsipini, Ər-Toğrul öz otağında Vaqif portreti ilə baş tacı edib.

5. Təmameye-süxən: Ey sənətsevərlər, teatrallar və başqaları! Bilin və agah olun ki, Dərbəndimizin teatr bəndi möhkəm iplərlə bağlıdır.

Bu teatra bənd olanlara eşq olsun!

Mir Sahib

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

# # #