Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”

Şəhriyar del Gerani: “Oxuculardan üzr istəyirəm”
14 iyul 2020
# 11:52

“Xəstəlikdən tamamən sağalmışam. Keçən həftə müayinə olundum, heç bir simptom qalmayıb, ağ ciyərlərin vəziyyəti əladı.”

Bu sözləri Kulis.aza açıqlamsında ötən ay koronavirusdan müalicə alıb evə buraxılan tanınmış şair Şəhriyar del Gerani bildirib. O daha sonra əlavə edib:

“Orqanizmi daha yaxşı bərpa etmək üçün əlavə müalicələrə ehtiyac var. Apteklərdə dərmanlar hədsiz baha və azkeyfiyyətli olduğu üçün xalq təbabətindən yararlanıram. Bal və çörəkotu qarışığı çox xeyirli, effektivdir. Məsləhət görürəm hamı istifadə etsin. Müxtəlif otlardan dəmləmələr içirəm.”

Ş.Gerani daha sonra yazar kimi fəaliyyətindən danışıb:

“Ümumi ruhani vəziyyət isə məmləkətin halı. Ölkədə vəziyyət necədirsə, məndə də eynən elədir. Heç bir yaradıcı jest, qəti şəkildə işgüzar təklif yoxdur. Bütün qələm dostlarım kimi özümü yararsız hiss edirəm. Üfüqlərdə də işartı görünmür. Oxu, öyrən, çalış-vuruş nələrəsə yiyələn, amma puç və faydasız ol. Bax, məsələ budur. Adamı yoran, məhv edən də məhz bu bozumtul puçluqdur. "Kəlilə və Dimnə" rəvayətləriylə dialoq yaradıb silsilə hekayələr yazmışam. "Kəl ilə Dimnə"; "Şətrəbanın faciəsi"; "Bəs Bəndəba hara getdi?"; "Kəlilə və Dəlilə" və sairə hekayələr çağdaş üslub və təhkiyədə işlədiyim didaktik, tərbiyəvi əhəmiyyətli nəsr nümunələridir. Düşünürəm, buna ehtiyac var. Adamlar dəhşətli dərəcədə tərbiyəsizləşir. Mən ədəbiyyatın islah etmək gücünə inanıram. Nədən ki, özüm də az-çox bununla islah olunmuşam. Digər mövzularda da bir neçə hekayə işləmişəm. Yumoristik əhvalatlar, tələbə həyatı, sevgi hekayətləri və s. Di gəl, nə çapa verməyə stimul var, nə də kitab etməyə. Qonorar verilmir, perspektivlər yox, niyə çap edim ki? Stimul yoxdur. Açığı, dərc olunmaq, yayınlanmaq eyforiyasına qapılacaq yaşımız da keçib, başımız da. Nəşrin və yayımın xərclərini qarşılayan ya bir qurum, ya bir şəxs olsa, düşünmək olar bu hekayələrin və ya romanın çapını. Şeirlər kitablarım da yeni nəşrə getməlidir. Onların da aqibəti eynən, qalıb. Adam oxuculardan da utanır. Hər dəfə soruşanda bir bəhanə tapıb vəziyyətdən çıxıram. İndiysə, açıq deyirəm, "Əzizlərim, vəziyyət budur. Mənlik bir şey deyil. Mən yalnız bu vəziyyətə görə sizdən üzr istəyə bilərəm". Xülasə, sözüm ona, özümüzü peşəkar səviyyədə ifadə etməyə müstəvi tapmırıq. Bir tərəfdən də ömür uzanıb gedir. Necəsə, nə təhərsə mənəvi güc tapıb ruhani müvazinəti saxlamaq lazım, ömrü nələrləsə doldurmaq gərək. Əsas odur, Allah hər şeyi görür və bilir.”

# 2958 dəfə oxunub

Müəllifin son yazıları

# # #