Azərbaycanda ataların öldürdüyü oğullar FİLM SÖHBƏTİ

Azərbaycanda ataların öldürdüyü oğullar FİLM SÖHBƏTİ
22 dekabr 2014
# 13:47

Kulis.Az Sevda Sultanova və Qan Turalının rejissor Asif Rüstəmovun 19 dekabrda Nizami Kino Mərkəzində premyerası keçirilmiş “Axınla aşağı” film haqda müzakirəni təqdim edir.

Qan Turalı: Sevda, filmin adı mənə qəribə gəldi: “Axınla aşağı”

Sevda Sultanova: Niyə?

Q.T.: Axı fizikadan bilirik ki, su yüksək mailli yerdən aşağı mailli yerə axır. Buna görə də axın sözü zatən aşağı sözünü də ehtiva edir. Bu mənada aşağı sözünü də vurğulamağa ehtiyac yoxdur.

S.S.: Çox dərinə getmə, sözü fiziki yox, bədii simvol kimi qavramaq lazımdır. Dünyaca tanınmış bir neçə rejissor hətta öz filmlərinin adlarını bilərəkdən qrammatik xətalarla yazıblar.

Q.T.: Əvvəldəcən onu deyim ki, film xoşuma gəldi. Mən Asif Rüstəmovun “Ev” filminə baxmışdım. Onun başqa filmi vardı?

S.S.: Bir neçə sənədli filmi var. “Axınla aşağı” onun ilk tammetrajlı bədii filmidir.

Q.T.: Asifin bu gün sabah 40 yaşı olacaq. Amma cəmi bir tammetrajlı film çəkib. Bu, əlbəttə ki, çox azdır. Avropada ya da elə Türkiyədə bu yaşda rejissorlar ondan artıq film çəkiblər. Hər film də yeni bir təcrübədir. Çünki rejissorluq çəkiliş meydançası olmadan öyrəniləsi bir şey deyil.

S.S. Bu cür radikal müqayisənin tərəfdarı deyiləm. Ölkədə kino sənayesi inkişaf etmədiyi üçün real maliyyə mənbəyi Mədəniyyət nazirliyinin verdiyi puldur. Bu sistemdə də bürokratik əngəllər var. Ona görə rejissorların yaradıcılığında böyük fasilələr yaranır. Hərçənd, dünya kinosunda az və ya sıfır büdcə ilə çəkilən film təcrübəsi də var. Məsələyə məhz bu rakursla yanaşanda problemi bir az da rejissorlarda axtarmaq lazımdır.

Q.T. Mədəniyyət nazirliyinin birbaşa maliyyələşdirməsi məncə, doğru deyil. Daha səmərəli variantlar tapıla bilər. Misal üçün bir filmə bir milyon manat verməkdənsə, həmin pulu beş film arasında da bölmək olar. O zaman rejissorlar və prodüserlər də filmin qalan büdcəsini kənar mənbələr hesabına təmin edə bilərlər. Axı, hansı böyük bir şirkət Mədəniyyət nazirliyi ilə birgə filmə sponsorluq etməkdən boyun qaçırar. Dövlət birbaşa film çəkməməlidir, o ancaq filmləri dəstəkləyə bilər. Türkiyədə belə sistem işləyir. Dövlət büdcənin bir hissəsini verir.

S.S.: Hə, bu dərin müzakirə tələb edir. Keçək filmə...

Q.T.: Keçək. Sənin xoşuna gəldi film?

S.S.: Ondan başlayım ki, “Axınıla aşağı” bu il “Nabat”dan sona çəkilmiş ikinci keyfiyyətli filmdir. Təklif edirəm ki, “Axınla aşağı” filmini bir neçə anlığa adi kriminal xəbər kimi oxuyaq. “Kür çayında 18 yaşlı oğlan batıb. Mingəçevir RPŞ-dən verilən məlumata görə meyitin axtarılması istiqamətində cəhdlər davam etdirilir”.

Bizim hər gün adi xəbər kimi oxuyub keçdiyimiz xəbərlərin arxasında əslində bütöv insan faciələri, ailə dramları dayanır. Asif Rüstəmov statistik kriminal xəbərin bədii həllini təklif edərək aktual problemə toxunub. Çox istərdim ki, nazirlik öz taleyimizdən, öz məişətimizdən və problemlərimizdən bəhs edən bu cür filmlərə diqqət ayırsın. Çünki “Axınla aşağı” kimi sosioloji-psixoloji filmlər haradasa Azərbaycanda inkişafdan qalmış sosiologiya elminin funksiyalarını da yerinə yetirir. Patriarxal, ya da hansı səbəblərdən doğan ailə faciələrinə daha ayıq, daha dərin nəzər salmağa imkan verir.

Q.T.: Azərbaycanda psixoloji problemlər, altşüura endirilmiş faciələr həddən artıqdır. Üstəlik də sosioloji problemlər. Filmlər də, bədii ədəbiyyat da bu problemləri ortaya çıxartmalıdır. İnsanlar istehlak etdikləri mədəni əsərlərdə özlərini tapmalı, düşündükləri fəlsəfi sualları orda görməlidir. İncəsənət insana yad bir şey olmamalıdır. Bizim incəsənət, xüsusilə də teatr və kino Azərbaycan insanına çox yaddır. Onun problemləri, ziddiyyətləri haqda düşünmək belə istəmir. Gerçəklikdən məhrum sənət yaşamaq hüququ qalmır. Elə buna görə də teatrımız və kinomuz faciəvi günlər keçirir.

S.S.: Razıyam. Asifin filminin ən böyük üstünlüyü nəql olunan əhvalatın günümüzlə sıx bağlı olmasındadır. Nəhayət ki, tamaşaçı böyük ekranda özünü, problemlərini görə bildi. Filmin başqa bir üstünlüyü rejissorun əhvalatı soyuqqanlı, pafosdan uzaq danışmasıdır. Amma soyuqqanlı olmasına rəğmən tamaşaçı maksimim emosional gərginliyi ala bilir, çox sakit templə dramatizm film boyu saxlanılır. Bəzi kadrlarda isə sanki bilərəkdən dramatik gərginlik azaldılır və məhz bu azalma tamaşaçıda daha çox psixoloji sarsıntı yaradır. Deyim ki, müasir dünya kinosunda çox işlənən metodlardan biridir. Sonra musiqi ilə çox səliqəli işlənilib. Yəni musiqi təsviri əzmir. Az və yerində səslənir, təsvirlə uyğunlaşır. Musiqini ona görə xüsusi qeyd elədim ki, bizim rejissorların çoxunun musiqi ilə işləmək problemi var.

Q.T.: Filmin mövzusu əslində gözlərdən iraq düşən bir mövzu haqqındadır: Ata hegemoniyası. Bizim kimi patriarxal (kişi mərkəzçi) cəmiyyətlərdə adətən qızlara qarşı edilən təzyiqlər qabardılır. Bu təzyiqi inkar etmədən oğulların da eyni problemi yaşadığını görürük. Hər halda “atalar və oğullar” problemi var. Turgenevin eyniadlı əsərində biz oğul Bazarovun faciəvi şəkildə ölümünü görürük. Cəmiyyət nəhəng bir əjdaha kimi atalarına oxşamayan oğulları yeyir. Biz bu filmdə Azərbaycan cəmiyyətinin iç üzünü görürük. O kosmetikasızdır, ənliksiz-kirşansızdır və o, bizə necə dəhşətli görünür. Azərbaycan atası ümumilikdə götürəndə çox repressivdir, acımasızdır və oğlunu özü kimi görmək istəməyəndə ən ağır tədbirlərə belə əl atır. O oğlunun azadlığını tanımır, ona şəxsiyyət kimi yanaşmır və onu bir plastilin kimi istədiyi formaya sala biləcəyini düşünür.

S.S.: Tamamilə razıyam. “Atalar və oğullar” dünya incəsənətinin klassik mövzusudur. Asif də klassik mövzuya fərqli yanaşmasını edə bilib. Filmin yarısına kimi müəllifin ataya qəddar münasibəti hiss olunur. Lakin sonra bu münasibət tədricən yumşalır, sanki rejissor sonadək qəddar qala bilmir, ataya mərhəmətli davranır, hətta onu bağışlayır. Ümumiyyətlə, Asif Rüstəmovla eyni yaşda olan rejissor nəslində “ata və oğul” probleminə intensiv müraciət var. Məsələn, Fariz Əhmədovun “Mayak”, Əli İsa Cabbarovun “Düyün”, Elmar İmanovun “Tabutdüzəldənin yelləncəyi”.

Q.T. Aktyor oyunu barədə mən peşəkar kimi danışmayacam. Amma baş rolun ifaçısı mənə son dərəcə gözəl təsir bağışladı. Namiq Ağayev ata obrazının bütün ziddiyyətləri ilə çox gözəl təqdim elədi. Bir də polyak aktrisa vardı, onun polyak ləhcəsi ilə danışdığı rus dilini bəzən anlaya bilmirdim, yaxşı ki, film ingilis dilində titrlərlə verilirdi.

S.S.: Polyak aktrisanın və Mehriban Zəkinin oyunu necə idi?

Q.T.: Məncə, Mehriban Zəki üçün bu rol uyğun deyildi. Rejissor Mehriban Zəkini tipik bir ev qadını kimi çəkmək istəyib, amma bu, alınmayıb. Bir də Mehriban Zəki rus dilində çox gözəl danışırdı ki, bu adi ev qadını üçün o qədər də tipik bir hal deyil. Bütün bunlar təbii ki, əhəmiyyətli məsələlər sayılmaya bilər. Polyak aktrisanın oyunu normal idi, bircə bəzən anlaşılmayan rusca səhnələri çıxsaq...

S.S.: Ev qadının rus dilində səlis danışıb-danışmaması əhəmiyyətsiz məsələdir filmdə. Məni hər şeydən əvvəl Namiq Ağayevin plastikası heyran elədi. Xüsusən də filmin bir yerində, onun arxadan çəkilmiş planı vardı. Bu planda onun yerişində, bədənin ifadəsində bütün tərəddüdləri, əzabları hiss edilirdi. Mehriban Zəki peşəkar aktrisadır, amma oyununun bəzi məqamlarında boşluqlar vardı. Məncə, bu, rejissorun günahıdır, rejissor həmin səhnələri effektli alınana qədər təkrarlamalı idi.

Q.T.: Səncə, filmdə qoyulan konfliktlər həll edildimi? Atanın mənəvi qatilliyi sübuta yetirildimi?

S.S. Məncə, film birmənalı olaraq atanın mənəvi qatil olması mesajını verir. Eyni zamanda, o, həyatımıza yenidən baxmaq imkanını da yaradır, başqa suallar da doğurur, ağrılı təəssürat qoyur. Və düşünürəm ki, bu, filmin uğurlarından biridir –yəni onun tamaşaçı ilə kontaktı alınır. Bir də başqa detala toxunmaq istəyirəm. Oğul boğulandan sonra onunla maraqlanmayan, arzularını bilməyən ata onu tanımaq istəyir, oğlunun dostu ilə söhbətləşir. Təəssüf ki, bu tanıma kiçik, bir - iki detalda verilib, əhatəli işlənməyib.

Q.T.: Filmin sonunda ata ilə ana barışır. Lakin məncə bu barışma tamamilə müvəqqəti xarakter daşıyır. Həm atanın oğluna görə peşmanlığı, həm də polyak qızın getməsi atanı müvəqqəti katarsisə aparır. Atanın xarakteri təkcə oğula və anasına göstərdiyi münasibətdə yox, eyni dərəcədə polyak qıza münasibətində də açılır. O polyak qızın arxasınca getmir, çünki bu ötəri həvəsdir və ata bundan sonra da eqoist bir qatil kimi yaşayacaq, kim bilir, yeni qurbanlar da tapacaq.

S.S.: Kompromissiz yanaşma elədin, Tural. Adətən ata-oğul konflikti zamanı qurbanvermə motivi olur. Və qurbanvermədən sonra qəhrəmanda katarsis baş verir. “Axınla aşağı” filmində də oğulun ölümündən sonra ata katarsis yaşayır. Bu, ağrılı, çətin katarsis olsa da...

“Axınla aşağı” “Yeni Azərbaycan kinosu”nun, yeni müəllif kinosunun ilk nümunələridir. Bir faktı da deyim. Dünya kinosunda meydana çıxmış cərəyanlar 1920-ci illər fransız avanqard kinosunun bazasında yaranıb, məhz avanqard kinoya borcludurlar. Bu mənada düşünürəm ki, “Nabat”, “Axınla aşağı” filmləri milli kinomuzda gələcək sıçrayışlar üçün ciddi bazadır.

Q.T: Son zamanlarda iki yaşlı nəslə mənsub rejissorun filmlərini gördük: Fikrət Əliyevin “Axırıncı dayanacaq”ı və Eldar Quliyevin “Dərvişin qeydləri”. Bu filmlərlə müqayisədə “Axınla aşağı” filmi həm estetik axtarışları, həm yüksək sənət meyarları, aktuallığı, novatorluğu baxımından fövqəladə bir filmdir. Eləcə də başqa bir gənc rejissor, Elçin Musaoğlunun “Nabat” filmi. Nazirlik gənclərə inananda ortaya çox gözəl işlər çıxır. Ümid edirəm ki, gənclərə olan diqqət daha da artacaq, çünki gənc rejissorlar özlərini çox gözəl göstərirlər.

# 3129 dəfə oxunub

Müəllifin son yazıları

# # #