Rəqs Ansamblının 80 illik yubiley tədbiri keçirilib

Rəqs Ansamblının 80 illik yubiley tədbiri keçirilib
20 sentyabr 2016
# 10:40

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Kulis.Azın Azərtaca istinadən verdiyi xəbərə görə, tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Gecədə ansamblın arxiv fotolarından ibarət slayd nümayiş etdirilib.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək musiqi mədəniyyətimizin tarixində 80 illik yol keçmiş, əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yubileyinə toplaşdıqlarını deyib. Bildirib ki, böyük Üzeyir bəy Azərbaycan musiqi mədəniyyətinin xəzinəsini zənginləşdirmək və milli musiqini təkmilləşdirmək, nota köçürərək geniş xalq kütləsinə çatdırmaq, gələcəkdə Avropa musiqisinə inteqrasiyasını təmin etmək məqsədilə 1938-ci ildə belə bir kollektivi yaratdı. Müxtəlif dövrlərdə kollektivə Ü.Hacıbəyli ilə yanaşı, tanınmış bəstəkarlardan Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı rəqsləri, xor əsərləri təşkil edir.

Qeyd edilib ki, Azərbaycan musiqi mədəniyyətinin təbliğində müstəsna xidmətlərinə görə ansambl 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb. 1992-ci ildə kollektivə böyük bəstəkarımız Fikrət Əmirovun adı verilib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan mədəniyyətinin və yaradıcı insanların böyük hamisi ulu öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə “Üzeyir musiqi günü” kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan musiqisinə böyük diqqət və qayğı göstərirlər.

Vurğulanıb ki, ötən illər ərzində ansambl təkmilləşərək bugünkü səviyyəyə gəlib çatıb. Xarici ölkələrdə keçirilən Azərbaycan günlərində bu ansambl çıxış edir.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın baş katibi Düsen Kaseinovun adından ansambla təbriklərini çatdırıb. O, TÜRKSOY-la Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əməkdaşlığından söhbət açaraq təşkilatın xətti ilə kollektivin UNESCO səhnələrində çıxış etdiyini diqqətə çatdırıb. Elçin Qafarlı ansamblın türk dünyasında yaxşı tanındığını vurğulayaraq onun bədii rəhbəri Ağaverdi Paşayevə TÜRKSOY-un plaketini, kollektivin veteranlarına isə təşəkkürnamələr təqdim edib.

Yubiley tədbirində Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının rektorları, Xalq artistləri Fərhad Bədəlbəyli və Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, Xalq Artisti Azərpaşa Nemətov, Milli Məclisin deputatı Aydın Mirzəzadə və Xalq Artisti Roza Cəlilovanın video təbrikləri təqdim edilib.

Kollektivi təbrik edənlər arasında Konstantin Moskoviç (Moldova), “Günay” milli rəqs ansamblı (İran), “Qulbanu” rəqs ansamblı, “Səhər” milli rəqs ansamblı (İran), Türkiyə Dövlət Xalq Rəqsləri Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansabmlı, “Cəngi” estrada folklor ansamblı da yer alıb.

Gecədə, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında mahnı və rəqslər təqdim edilib.

# 1441 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #