Şah İsmayılın Şəms Təbrizinin məzarı üzərində tikdirdiyi 3 minarə - XOYDAN XÜSUSİ REPORTAJ

Şah İsmayılın Şəms Təbrizinin məzarı üzərində tikdirdiyi 3 minarə - <span style="color:red;">XOYDAN XÜSUSİ REPORTAJ
28 dekabr 2014
# 21:15

Şərqin qəribəliklərindən biri tanınmış şəxsiyyətlərin bir neçə yerdə məzarının olmasıdır. Dövrümüzdə bu kimi məsələlər hətta dövlətlərarası mübahisələrə də yol açır. Məşhur azərbaycanlı sufi alim Şəms Təbrizinin ölümü kimi dəfn olunduğu yer də müəmmalıdır. Türkiyənin Konya şəhərində Mövlanə Cəlaləddin Ruminin qəbrini ziyarət edənlər burada Şəms Təbrizinin də qəbri olduğu deyilən yerə baş çəkirlər. Konyadakı məzarın da Şəms Təbriziyə məxsus olduğu mübahisəlidir.

Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Hətta bəzi kitablarda onun şahzadə olduğu da deyilir. İranın Mədəni İrslərin Qorunması Təşkilatının Xoy şəhəri üzrə idarəsinin əməkdaşı Rza Bayramzadənin sözlərinə görə, dərviş həyat tərzini seçən və dərin zəkaya malik Şəms Təbrizi çoxsaylı səfərlər zamanı dövrünün məşhur elm və irfan adamları ilə görüşüb müzakirələr aparırmış.

“Lakin bu görüşlər onu qane etmir. Şəms ona təsir edəcək, ona söz öyrədəcək və onun da söz öyrədə biləcəyi bir şəxsin axtarışında olur. Hicri-qəməri təqvimi ilə 642-ci ildə Anadolu istiqamətinə hərəkət edir. Xan karvansarasında Mövlanə ilə görüşürlər. Mövlanə bu görüşdən sonra şerə üz tutur. Buna kimi o şer deməzdi”.

1244-cü ilin 26 noyabrında Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında baş tutan bu görüş tarixdə çox məşhurdur. Cəlaləddin Rumi ilə görüş və bu tanışlıq möhkəm dostluğa çevrilir. Müasirləri onların bu görüşünü iki dənizin qovuşması kimi qiymətləndirir.

“Mövlanənin Şəms Təbriziyə olan hədsiz məhəbbəti onun şagirdlərini narahat etməyə başlayır. Bundan sonra Şəms Təbrizi Konyanı tərk etməyə məcbur qalır və Xoy şəhərinə köçür. Hazırda onun qəbri bu şəhərdədir”.

Şəms Təbrizi əvvəl də iki dəfə Konyanı tərk edərək Dəməşqə gedib. 1246-cı ildə isə sonuncu dəfə Konyanı tərk edir, Xoya köçdükdən 2 il sonra burada vəfat edir.

Bu qəbir Xoy əhalisinin və turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir. Qəbirüstü abidə şəhərin mərkəzində üstüaçıq kompleksdə yerləşir. Rza Bayramzadənin sözlərinə görə, bura vaxtilə qəbiristanlıq olub, məşhur üləmalar burada basdırılırmış. Hazırda Şəms Təbrizinin qəbrindən başqa burada bir üləma qəbri də var.

Qəbrin Xoy şəhərində olması tarixi kitablarda da öz əksini tapıb.

Bu qəbir Şəmsin ölümündən sonra hökmdarların da ziyarət yeri olub. Səfəvi hökmdarı Şah İsmayılın Xoya səfərindən sonra qəbrin yerləşdiyi ərazi bərpa olunur və kompleksə çevrilir.

“Xoy şəhəri Səfəvi hökmdarı Şah İsmayıl Xətainin qışlağı olub. Şəms Təbrizinin qəbrinə ehtiram olaraq Şah İsmayıl Xətai burada 3 minarə tikdirib. Hazırda dövrümüzə kimi bu minarələrdən biri qorunub saxlanıla bilib. Bu minarənin tikintisində qoşa buynuzlarından istifadə olunub ki, bu da qüdrət rəmzidir”.

Minarələrin tikintisində minə yaxın kəllə sümüyü və buynuzlardan istifadə olunub. Rza Bayramzadə bildirir ki, minarələrdən biri Osmanlının hücumu zamanı, digəri isə Birinci Dünya müharibəsində dağıdılıb. Vaxtilə Sultan Süleyman Qanuninin də bu qəbri ziyarət etməsi onun haqqında yayılan hekayətlər sırasındadır.

2007-ci ilin sonlarında Mövlanənin 800 illiyi çərçivəsində Xoyda İran parlamenti sədrinin də iştirak etdiyi böyük tədbir keçirilib. Şəmsin məzar daşı yenilənib, büstü qoyulub. Hazırda qəbrin üstündəki əsl daş Xoy muzeyində qorunur.

Əslində dərviş həyatı yaşayan Şəms Təbrizi bəlkə də heç özü də qəbrinin olması tərəfdarı deyilmiş.

"Vəfatımızdan sonra bizim qəbrimizi dünyada axtarma,

Çünki bizim məzarımız arif insanların könlündədir".

# 2127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #