Vəcihə Səmədovaya həsr olunmuş albom təqdim olundu

Vəcihə Səmədovaya həsr olunmuş albom təqdim olundu
22 may 2015
# 21:46

Mayın 22-də "Xalq" Bankın baş ofisində “Xalq Əmanəti” layihəsi çərçivəsində Əməkdar incəsənət xadimi, rəssam Vəcihə Səmədəovya həsr olunmuş “Rəngkarlıq və qrafika” bədii albomunun təqdimat mərasimi keçirilib. Kulisin məlumatına görə mərasimdə rəssamlar, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak edib.

Kitab layihənin sayca on ikinci nəşridir. Təqdim olunan “Rəngkarlıq və qrafika” bədii albomu fırça ustasının yaradcılığının müxtəlif mərhələlərini ehtiva edir. Ötən əsrin 50-ci illlərində öz bədii dili ilə novatorluğa imza atan sənətkar böyük kolorist qabiliyyəti, istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində uğur qazandı. Onun əsərlərinə məxsus rəng təravəti, kompozisiya quruluşunun orijinallığı dünyaya xüsusi baxışı əks etdirir.

Rəssamın Azərbaycan təbiətinin əsrarəngiz inciləri-Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri-müasirləri olan ağıllı, savadlı, özünə güvənən, iradəli, amma Şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlət malik qadınların gözəl portretlər qalereyası, kəndlilərin, zəhmətkeşlərin milli çalarlarla dolu həyatını əks etdirən tabloları, Bolqarıstan motivləri, avtoportretləri estetik və bədii dəyərə malik olan, tamamlanmış təsviri sənət əsərləridir. Vəcihə Səmədova qısa ömür sürsə də yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri ilə, Azərbaycan Rəssamlıq İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də unudulmur.

Əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində Xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və Mikayıl Müşfiqin seçilmiş əsərləri çap edilib.

Vəcihə Səmədovanın əsərlərinin ekspozisiyası mayın 23-dən avqustun 23-dək “Xalq Bank”ın baş ofisində və “Gəncə” filialında fəaliyyət göstərəcək.

Layihənin rəhbəri Rafiq Həşimov, nəşrin tərtibçisi Emin Məmmədov, bədii tərtibatçı və dizayneri Tərlan Qorçu, mətnin müəllifi Şirin Y. Məlikov, redaktoru Səlim Babullaoğludur.

# 1088 dəfə oxunub

Müəllifin son yazıları

# # #