Kəmalə Ələkbərova
Türk dilindən tərcümə lazımdırmı?
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Hər həftə kulis.az saytında bir mövzu üzrə 4 məruzə və müzakirə yayımlanacaq. İlk panelimiz “Türk dilindən tərcümə lazımdırmı?” mövzusundadır. Mövzu üzrə məruzəçilər Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar, Qəmər Alxanova, Kəmalə Ələkbərovadır. Bu dəfə Kəmalə Ələkbərovanın məruzəsini təqdim edirik.
Türk dilindən tərcümə nəyə lazımdır? Bu son zamanlar ən çox qarşılaşdığımız suallardan biridir. Biz türkdilli xalq olduğumuza və Türkiyə türkcəsi ilə dilimiz çox oxşar olduğuna görə bəziləri tərcüməyə ehtiyac olmadığı tezisini irəli sürürlər. Əlbəttə, onların da özlərinə görə arqumentləri var və onlar da haradasa haqlıdırlar. 100 ildən çox zaman keçməsinə baxmayaraq vəziyyətimiz yenə də Sabirin 1910-cu ildə “Günəş” qəzetində “Osmanlıcadan tərcümə türkə – bunu bilməm” adlı taziyanəsində olduğu kimidir. O məşhur misranı hamımız əzbər bilirik. Amma çoxu Əliqulu Qəmküsarın Sabirə verdiyi cavabdan xəbərsiz ola bilər:
Osmanlı dili çünki mürəkkəbdir ərəbdən,
İşkalə salır qareni iş bu səbəbdən,
Türkə eləyib tərcümə, etsək onu islah –
Asanraq edər faidə bəxş elmü ədəbdən.
Türk dilindən tərcümənin vəziyyəti elə bu gün də belədir. Gündəlik həyatda türk dilindən Azərbaycan dilinə tərcümə edən çox sayda insanla qarşılaşırıq. Bu insanların savad və biliklərindən zərrə qədər şübhə etmirik. Ancaq obyektiv olmaq lazımdır. Türk dili ilə eyni dil ailəsinə aid olsaq da, dillərimizdə kifayət qədər fərqlər var. Əgər biz bu gün türk seriallarını rahat başa düşürüksə, demək bütün ölkə türk dili üzrə mütəxəssisdir?! Balaca uşaqlarımız da türk dilində cizgi filmi izləyirlər. İndi uşaq leksikonunda o qədər türkcə söz var ki... Bu o deməkdir ki, uşaqlar ən yaxşı tərcüməçilərdir?
Dil bilməyən hər hansı bir insan bir filmi diqqətlə izləsə, yəqin ki, filmin mövzusunu anlayar. Bizim insanlar 1 həftə Türkiyə istirahətindən sonra özlərini türk dilinə vaqif hesab edirlər. Bəs türk dilində müəyyən qədər söz bazası olmayan insan bu dildə bədii əsər, elmi məqalə oxuya bilərmi? Və ya o məqaləni tam anlaya bilərmi?
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi digər dillər kimi türk dili üzrə də tərcüməçilərin hazırlıq səviyyələrini artırmaq üçün ixtisasartırma kursları təşkil edib. Bu kurslarda tərcüməçilik sənətinin incəliklərini, onun görünməyən xüsusiyyətlərini öyrətməyi planlayırıq. Bir dili bilmək o dildən tərcümə edə bilmək deyil. Bəzən ancaq ana dilinə tərcümə edən tərcüməçilərlə də qarşılaşırıq. Tərcüməçi hər iki dili ədəbi dil səviyyəsində bilməlidir. Çox təəssüf ki, bu gün türk dilindən Azərbaycan dilinə tərcümə edənlərin üçdə biri qədər türk dilinə tərcümə edə bilən tərcüməçilər çox azdır. Əgər bizim türk dilindən tərcüməyə ehtiyacımız yoxdursa, məntiqlə türklərin də bizim dilə tərcüməyə ehtiyacları olmamalıdır.
Çoxları türk dilindən tərcüməyə “uyğunlaşdırma” deyir. Amma qəbul etmək lazımdır ki, bu dildən tərcüməyə ehtiyac var. Çünki biz ortaq tarixə, ortaq dəyərlərə sahib millətik. Əgər hamı bu dili bilirsə, buna nə ehtiyac vardı? Sizə öz arqumentlərimizi saysaq, yəqin siz də bizə haqq qazandırarsınız. Bu gün Türkiyə türkcəsində 190 mindən artıq termin var. Bu qədər termini dil daşıyıcılarının bilməsi belə inandırıcı deyil. Türk dili çətin dildir. Azərbaycan dili ilə nə qədər qohum olsa da qrammatikasında, cümlə quruluşunda bəzi fərqlər var. Türk dilinin lüğət tərkibi çox zəngindir. Osmanlı imperatorluğu bir zamanlar 3 qitəni əhatə etdiyi üçün bu gün türk dilində minlərlə alınma sözlər istifadə edilməkdədir. Dövr dəyişdikcə dil də dəyişir, inkişaf edir. Çünki dil canlı varlıqdır, dəyişir. Türk dili çox dinamik olduğu üçün yeni sözlər yaradılır. Türk dilində neologizmlər Azərbaycan dilində olduğundan qat-qat çoxdur. Bəzi terminlər ingilis və fransız dillərindən alınma olsa da, bəzilərinin türk dilində qarşılıqları yaradılmışdır. Türk dilində eyni kökdən yaradılmış müxtəlif mənalı sözlər var. Özlem (həsrət), özet (xülasə), özgü (məxsus, aid), özne (mübtəda), özerk (muxtar), özveri (fədakarlıq) və s. kimi.
Türk və Azərbaycan dillərində fərqli mənada işlədilən sözlər haqqında da danışmaq istərdim. Bu sözlər haqqında saysız-hesabsız lətifələr belə vardır. Amma çox təəssüf ki, dilə bələd olmayan bəzi tərcüməçilər də bəzən çox gülünc səhvlərə yol verirlər. Hər iki dildə fərqli mənalarda işlədilən sözlər qəbilindən çəlik – bizim dildə əsa, türkcədə polad; dairə – bizim dildə həndəsi fiqur, türkcədə mənzil; çeynəmə – bizim dildə çeynəmək mənasını verən bu sözün türkcə tapdalamaq mənası da vardır; qızğın – Azərbaycan dilində isti, qaynar, türkcə əsəbi; qoca, qocaman – bizim dildə yaşlı, ixtiyar, türk dilində yekə, iri və s. kimi yüzlərcə söz tərcüməçi tərəfindən düzgün mənimsənilməlidir. Bu tipli sözlər qəbilindən oxşama, saxlama, qoltuq, yazlıq, yay və s. kimi çox sayda nümunə vermək olar. Tərcüməçi tutuşmağın alışmaq, alışmağın öyrəşmək olduğunu bilmirsə və ya diqqət etmirsə demək türk dilindən dilimizə tərcümə labüddür.
Ədəbi dilin görünməyən, bəlkə də ən çox görünən cəbhəsi təbii ki, kütləvi informasiya vasitələri və xüsusən də internetdir. Bu gün xəbər, əyləncə və s. saytlarında çoxlu sayda tərcümə xətalarına rast gəlirik. Yaxınlarda çox tanınmış bir xəbər saytında “Bil Geytsin atasının çiftçi olduğunu söyləməsini” oxudum. Azərbaycan ədəbi dilində “əkinçi” sözü varkən niyə bu söz işlədilmişdir? Demək ki, ya tərcümə edən məlumatsızdır, ya da tərcüməyə başdansovdu yanaşılıb. Türkiyəyə aid başqa bir xəbərdə isə “eniştə” sözünə rast gəldim. Dilimizdə “yeznə” sözü ola-ola türkcəsini işlədən birisinin leksikamıza vurduğu ən ağır zərbədir bu.
Bu gün dilimizə Türkiyə türkcəsinin təsiri ilə keçən oturuşmuş “önəm”, “dəstək”, “cıvar”, “rəğmən” və s. kimi çox sayda sözlər vardır. Bu sözlərin dilimizə keçməsinin qarşısını ala bilmərik. Amma mən bir dilçi kimi istərdim ki, yeni terminlər, yeni sözlər yaradılsın. Tərcüməçi mənasını bilmədiyi, ancaq qarşılığı olan sözü deyil, dilimizdə qarşılığı olmayan özü yaratdığı sözü dilimizə qazandırsın. Tərcüməçi həm də dilçi, mütəxəssis olmalıdır. Mən türk dili ilə əlaqəsi olmayan, ancaq bu dili bildiyini zənn edən “tərcüməçi” deyil, çox sayda “tərcümə ilə məşğul olan” insanlar gördüm. Təbii ki, onları da başa düşmək lazımdır. Burada maddi maraq daha ön plandadır. Ancaq onu da unutmamaq lazımdır ki, tərcüməçi olmaq böyük məsuliyyət tələb edir. Həm əsərini tərcümə etdiyi xalqın, həm də öz xalqının qarşısında. Buna görə də hər hansı dildə bir neçə söz bilən insandan tərcüməçi olmaz.
Bir dil üzrə tərcüməçi olmaq, o dili daşıyan xalqın adət-ənənəsini, tarixini, mədəniyyətini, milli xarakterini bilmək deməkdir. Təkcə dili bilmək kifayət deyil, o dildə istifadə edilən ifadələri, atalar sözlərini, deyimləri bilmək lazımdır. Əgər əsərdə “beşer şaşar” deyimi varsa, tərcüməçi də onu “bəşər çaşar” kimi tərcümə edirsə demək, biz artıq sözün bitdiyi yerdəyik.
Türk dilindən tərcümə olunmuş bir əsərlə qarşılaşdım, “olur olur” adında. Bizim dildə bu ad nə ifadə edir? Heç nə... Türk dilində isə bu bir deyimdir. Bizim “olacağa çarə yoxdur” mənasını daşıyır. Çox adi bir misal: biz “diqqətinizə görə təşəkkür edirik” deyirik, türklər “diqqətiniz üçün” deyirlər. Dillərin bir-birinə çox bənzəməsinin meydana gətirdiyi məsələlərdən biridir. İlk baxışda belə sadə, bəsit görünən çox sayda nümunə gətirmək olar. Bu gün türk dilini bildiyini hesab edənlərin, türk dilindən tərcüməyə ehtiyacın olmadığını iddia edənlərin bu xüsusları nəzərə almalarını xahiş etmək istərdim.
Yaxın günlərdə sosial şəbəkələrin birində “Saytlarımızda Google Translate İnciləri...” başlıqlı internetin tərcümə etdiyi sözlərlə qarşılaşdım. Zarafat olsun deyə, Googlda Kənan Evreni – Kənan Kainat, Savaş Ayı – Müharibə Ay, Fikrət Ormanı – Fikrət Meşə kimi tərcümə etmişdilər. Bütün bunların arxasında acı həqiqətlər də gizlənir. İnanın ki, türk dilində mətni tərcümə proqramına verib tərcüməçi olduğunu iddia edənlər belə var. Bu proqram ancaq tanıdığı sözləri tərcümə edir, mətnin məzmununa, sözün kontekstinə nəzarət edə bilmir və nəticə çox dəhşətli olur. Saytlarda müxtəlif məzmunlu yazılar oxuyuruq. Bəzi yazılara baxanda yazının tərcümə, həm də çox naşı tərcüməçi əlindən çıxmış tərcümə olduğu hiss edilir.
Dilimiz dinimiz kimi müqəddəsdir, gəlin onu sevək və qoruyaq. Bu məsələdə əsas iş təbii ki, yenə kütləvi informasiya vasitələrinin üzərinə düşür. Onlar özləri dilimizin keşiyində dayanmalı, ilk növbədə özləri dilin bütün qanunlarına əməl etməlidirlər. Necə deyərlər “çörəyi ver çörəkçiyə birini də üstəlik”.