Aydın Talıbzadə: Belə film Azərbaycanda olmayıb

 Aydın Talıbzadə: Belə film Azərbaycanda olmayıb
4 may 2015
# 07:17

Kulis Aydın Talıbzadənin “Nabat” filmi haqda yazdığı “Olum və ölüm arasında dözüm” məqaləsini təqdim edir.

Elçin Musaoğlunun tammetraylı “Nabat” bədii filmi 1992-ci ildə Qarabağ olaylarının, Qarabağ savaşının bir epizodu, bir fraqmenti haqqında 22 il sonra çəkilmiş ekzistensianal kinopritçadır.

Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb.

Film müharibə bölgəsi üçün səciyyəvi “dözülməz oluma dözmək, dözmək, ölənəcən dözmək” niyyətinə köklənmiş yaşantıların implisit şəklidir, yəni poetik lövhələrin müxtəlif mürəkkəb fiqurlarla toxunmuş obrazlı zəncirindən ibarət kinotəhkiyədir. Odur ki, filmə danışıq lazım deyil, söz lazım deyil, süjet lazım deyil. İkonoqrafik cərgəyə bax, səsi, hənirtini, musiqini dinlə, gördüyünün, eşitdiyinin mənasına var: hər şey həməncə aydınlaşacaq.

Elçin Musaoğlunun filmində ağrı ikonalaşır, tənhalıq, qorxu, ölüm, şəhidlik vizual qatda rənglərlə, formalarla eyhamlaşdırılır; adi predmet, tutalım, lampa, paltar, qapı, araba, uyuq kadriçi strukturda birdən-birə dönüb ikona qədərincə estetikləşir. Məhz ikonoqrafik cərgənin suggestivliyi seyrçinin emosional yaşantısını şərtləndirir, onu epizodun ovqatı içinə atıb duyğulandırır.

Hər gün tənha, yaşlı bir qadın boş, kimsəsiz qalmış “lal” kənd evlərinin taxta qapılarını bir-bir açıb neft lampalarının fitilini kibritlə alışdırır və onları gətirib pəncərə önünə qoyur.

Təəccüb.

Hər gün tənha, yaşlı bir qadın boş, kimsəsiz qalmış bir dağ kəndini lampaların işığı ilə “dirildir”.

Heyrət.

Hər gecə pəncərə şüşələrində şəfəqlənən işıq kəndi müqəddəslik haləsi kimi qoynuna alır və qoruyur.

Sevgi.

Yox, bu, tənha, yaşlı qadının döyüş taktikası, partizanlığı, savaşı deyil. Bu onun ibadəti kimi bir şeydir, ümid ayinidir, kəndin ruhlarına sayğısıdır.

Sitayiş.

O, istəmir ki, kənd ölsün; o, istəmir ki, yurdun işığı həmişəlik sönsün; o, istəmir ki, evlər düşmənə yetim-yetim baş əysin; o, istəmir ki, şəhid oğlunun və ərinin qəbrini tərk edib getsin, doğmalarının qəbirlərinə xəyanət etsin.

Bir vətəni bir “Nabat”la qorumaq olar!

“Qalsaq da, qalmasaq da,

Yaşasaq da, yaşamasaq da

Bura bizin evimizdir”,

Qarabağ bizim evimizdir!

Gedin, baxın və öyrənin: görün ki, tənha, yaşlı bir qadın bir kəndi necə müdafiə edə bilər! Görün ki, bəzən, sadəcə, olmaq, yurdunda olmaq, özün olmaq, qaçmamaq, dişini-dişinə sıxıb yaşamaq, dözülməz oluma dözmək, dözmək, ölənəcən dözmək düşməni necə sarsıdır, düşmənə necə diz çökdürür.

Sən qaçanda ölümdən qorxub qaçırsan; kifayətdir ki, qorxmayasan; onda qaçmağa ehtiyac qalmayacaq: onda sənin qarşında heç bir yağı tab gətirməyəcək; onda səni heç kim öldürə bilməyəcək.

Ölüm əcəllə gəlir: insanı əcəl öldürür, güllə yox.

Bir vətəni bir Nabatla qorumaq olar: bu şərtlə ki, dözməyə cəsarətin çatsın.

Rejissor film boyu Nabatı aram-aram izləməkdən, qəribə bir natura kimi, xarakter kimi uzun-uzadı müşahidə etməkdən elə bil ki fəxr duyur, qürur duyur, zövq duyur: kameranın bərəli gözü (Əbdülrəhim Bəşərat) Nabata zillənib durur, onun jestini, davranışını, yeriş tərzini, məişətinə məxsus əşyaları, getdiyi torpaqlı yolu, əlinin üstündəki damarları, bir kasa südə çörək doğrayan barmaqlarını bir an belə diqqətindən yayındırmır.

Təəccüb, heyrət, sevgi, sitayiş: filmin emosional inkişaf xətti bunun üzərində qurulub; kamera Nabatın yanından əl çəkmir və elə hey dayanmadan çəkir, Nabatın ölmüş ərinin meyitini şıdırğı yağış altında çəkən arabanı da, insanın payına düşmüş əziyyəti də çəkir, çəkir, çəkir...

Tərəzinin bir gözündə xeyir, o birində – şər, birində olum, digərində ölüm: arada dözüm...

Film dözümü çəkir...

Rejissor və operator heç yerə tələsmirlər: Nabatın dünyasına aid nə mövcudsa, onlara sanki səcdəyə gəlmiş adamların heyranlığı ilə yanaşırlar. Nə üçün? Çünki tənha, yaşlı qadının dözümü və özünə inamı, özünə arxayınlığı fenomenal bir qəhrəmanlıqdır, insan ruhunun ilahi möcüzəsidir. Nabat kənd uyuğudur, Hindistanın arıq, sısqa, asket yoqları kimidir, amma film onu gətirib-gətirib “müharibə ikonası”na, “dözüm ilahəsi”nə çevirir.

Filmin finalı dediklərimə sübut: artıq lampalara tökülən neft də qurtarıb; bir gecəyə çata, ya çatmaya. Nabat bilir ki, sabah lampaları yandırmaq mümkün olmayacaq. Gəlir evinə, lampa işığında yalın ayaqlarını mis ləyənin suyuna basıb yuyunur; seyrçi divarda üzərinə parçla su axıdan qadının yalnız kölgəsini görür. Nabat qüsl eləyir. Nabat ölümünə hazırlaşır.

Səhər açılıb. Nabat özünün ən yaxşı libasında, südlü kofe rəngli kəlağayısında skamya əvəzinə pəncərə önünə uzadılmış ağac gövdəsinin üstündə mum fiqur kimi, Budda kimi, yoq kimi, daş heykəl kimi dinməzcə, hərəkətsiz əyləşib. Kamera ustufca ona yaxınlaşır. Dənə-dənə qar yağır kəndə, dağlara, Nabatın həyətinə, evinə, yarıqapalı donuq gözlərinə... Qar yağır Nabatın ruhuna...

Nabat şəhid oğlunu basdırdı, ərini havanın nifrinində təkbaşına dəfn elədi. İndisə onu basdıracaq bir kimsə yox kənddə... Nabat dəfn edilməmiş ölüdür... Bəlkə də ölümsüz kabusdur?..

Bəlkə də...

Amma bütün hallarda o, qalibdir; kəndini tərk etmədi, evini tərk etmədi, əzizlərinin qəbirlərini tərk etmədi: kişi kimi ölmək nədirsə, elə budur; qürurlu ölüm elə budur!

Film genetikaya, bilincsizlik sferasına ünvanlanan işarələrin plastikasında mövcuddur: daha doğrusu, rejissor bu işarələri, simvolları sanki şeir plastikasında kadrlaşdırır.

Eləcə də filmin adı. Nabat Azərbaycanda qadın ismidir. Hətta bizim folklor milli düşüncədə ailə stereotipini göstərmək üçün məhz bu addan faydalanır. Azərbaycanlı kişidən soruşurlar: “Arvadının adı nədir?” Deyir: “Nabatdı”. Təzədən xəbər alırlar: “Əhvalın necədir?” Cavab verir: “Babatdı”. Bir də sual eləyirlər: “Çörəyin necədir?” Söyləyir: “Bayatdı”. Yəni orta statistik azərbaycanlı ailəsinin səciyyəvi sosial və mental modeli; yəni hamı bir-birinə oxşayır; yəni adilik, sıravilik sindromu... Filmin rejissoru isə bu adilikdən haradasa brutal bir kinopoeziya yaradır: adidə qəhrəmanlığı, möcüzlüyü, sehri və sonsuz insan sevgisini kəşf edir.

Nabat həm də bərk kristallaşmış qənddir, dünya xalqlarının bunu anlamasından ötrü sözü əcnəbi dillərə “şüşə konfet” kimi çevirirlər. Əslində isə nabat xüsusi şirniyyat növüdür, çətin sınır, çətin parçalanır... Dadı da ağızdan hələm-hələm getmir... Farslar onu “nəbat” kimi tələffüz eləyirlər.

Ruslar fəlakəti bildirmək, köməyə çağırmaq üçün çalınan kilsə zənglərinə “nabat” deyirlər. Nabat kilsə zənglərinin xorudur.

A.Tarkovskinin filmlərində bir də görürsən ki, qəfil meh üfürdü, çəmənliyə gəldi, gəldi, gəldi, otları sığallayıb, yarpaqları yalayıb keçdi, yox oldu, itdi. “Nabat” filminin fakturası ilə də hərdən zəif zəng səsləri “gəzir”: sanki bir kut zınqırov haradansa peyda olub ehmalca cingildəyə-cingildəyə harasa gedir.

Elə isə “zəng kimdən ötrü çalınır?” Ernest Heminqueyi xatırlayın, romanları bir stəkan şəffaf suya bənzəyən Amerika yazarını.

...“Nabat” müharibənin, savaşın, ağrının səssizliyində yaşanan sakit bir dözümdür: burada nə şivən var, nə göz yaşı, nə bağırtı, nə də təziyə. Sən burada hamıya və özünə qalib gəlmiş tək bir insanı görürsən.

İran aktrisası Fatimə Mötəməd Arya Nabatı elə bu stixiyada oynayır; qəmbər kimi emosiyasız üz, müqəvva, uyuq görkəmi və sona qədər özünə, kəndinə, fikrinə, inadına, ruhuna sadiq qalmaq: film buna görə Nabatı sevir və yalnız Nabatla maraqlanır. Filmin fakturasında Nabat yağlı boya ilə çəkilmiş tablodur, bu fakturaya digər nə daxilsə, tablonu tamamlamaqdan ötrü cızılmış cizgilərdir. Mötəməd Aryanın personajı heç nədən şikayətçi deyil, heç nəyə təəssüflənmir, heç kəsi qarğımır: bir zahidə kimi öz yükünü daşıyır. Çünki hər şey Allahdandır və o öz Allahı ilə, öz Allahında güclüdür.

Bu film, əslində, bir neçə filmdir və ya belə deyək də, bir neçə mövzunun filmidir: onu ayrı-ayrı seqmentlərə bölmək mümkündür ki, bu seqmentlərin hər biri də bütöv bir əsər qismində ekranlaşdırıla bilər: məsələn, “Qadın və süd”, “Məsciddə göyərçinlər”, “Müharibə fotoaparatı”, “İşığın qaranlığı”, “Dişi canavarla rəqs”, “Qəbiristanlıq uyuğu”... Bu onu göstərir ki, film polisemantikdir və müxtəlif müstəvilərdə yozulub müxtəlif cür mənalandırıla bilər. Hərçənd bütün bu müxtəlifliklər bir fikirlə, bir ideya ilə düyünlənir: Qarabağ bizim evimizdir və bu evi bir “Nabat”la qorumaq olar!!!

“Nabat” dünya ilə müasir kino dilində danışan bir filmdir; elə bir film ki, özünə “arthaus”, “intellektual kino” parametrlərində yer bulur. Şübhəsiz ki, “Nabat” müəllif kinosudur. Rejissor əksər kadrlarda minimalizm prinsipləri ilə işləyir, sərt gerçəkçi təsvir üslubunda məişəti insana, insanı da öz məişətinə proyeksiya eləyir; amma ara-sıra dözəmmir və kadrın içində başlayır predmetlərlə şeir yazmağa. Ona görə də bu filmə baxanda hərdən adama elə gəlir ki, Ramiz Rövşən haradasa hansı bir hücrədəsə əyləşib öz şeirlərini ürəyində özü üçün təkrar eləyir...

Dözülməz oluma dözmək, dözmək, ölənəcən dözmək...

Həyatla barışanda özündən qopursan: qopduğun yer köz bağlayır və sənin gözün o közdən heç havaxt ayrılmır. Dözmək barışmaq deməkdirmi? Əsla!

Dözürsənsə, deməli, barışmırsan: barışanda dözməyə ehtiyac qalmır.

Nabat dözüm idealıdır: sonacan özgür olmaq idealıdır.

Amma “Nabat” həm də “kasıb kino”dur, əlbəttə ki, büdcə baxımından. Di gəl ki, kino sənətinin estetikası baxımından o qədər genişdir ki... Mən burada türk rejissorları Semih Kaplanoğlu ilə, Nuri Bilgə Ceylan ilə salamlaşdım, İran kinosundan Abbas Kəyarüstəmini, Möhsün Məhməlbəfi tanıdım, rus kinosundan Andrey Tarkovskini gördüm. Onu da gördüm ki, Elçin Musaoğlu bu rejissorların sənət konseptlərini öz kinematoqrafiyasında “əridib” və dünya kinosunun bir nömrəli adları siyahısına öz adını da yazdırıb. Bu, Elçin Musaoğlunun kinematoqrafiyasıdır: bu, Elçin Musaoğlunun üslubudur. Vallah da ki, ƏHSƏN!

# 1574 dəfə oxunub

Müəllifin son yazıları

# # #