“Ədəbiyyata tərbiyəsizləri gətirdilər” SÖHBƏT

“Ədəbiyyata tərbiyəsizləri gətirdilər” SÖHBƏT
2 fevral 2015
# 16:13

Kulis.az gənc şairlər Anar Aminlə Ələmdar Cabbarlının söhbətini təqdim edir.

- Ələmdar, salam. Necəsən, kefin, əhvalın?

- Şükür Allaha, yaxşıyam.

- Söz var sözün əmisi oğludur, xalası oğludur, söz də var sözün ana bir, ata bir qardaşıdır. Mənə elə gəlir ki, Ələmdar Cabbarlı hərdən bunu unudur, şeirdə bibioğluyla xalaoğlunu ifadə edir. Məsələn, “Könlümə Kəlbəcər havası düşüb” şeirin çox xoşuma gəlir, amma orda yazırsan ki, Yenə bulud kimi dolubdu könlüm, Yadına obası, yuvası düşüb. Obası, yuvası sözü nə dərəcədə düzgündür. Bunu yurdu, yuvası yazsaydın daha yaxşı olmazdımı?

- Əvvəla, mənə elə gəlir, şairin ustalığı odur ki, o xalaoğlu sözü də gətirib qardaş eləyə bilir. İkincisi, həmişə haqlı sözlə razılaşmışam. Həmin şeirdə sözün qardaşını tapmamışamsa, bunu etiraf eləyirəm. Bu ondan irəli gəlir ki, mən şeiri birnəfəsə yazıram və sonra onu redaktə eləmirəm. Yaxşı ki, sənin kimi dostlar var, bunu tapırlar. Sən mənim bir şeirim haqqında da bu cür irad bildirmişdin – atama yazdığım şeirimdə Qəbrinin yanında ev tikmişəm ki, Qoy gözün həmişə üstümdə olsun misraları var. Sən dedin ki, qəbrin yanında ev olmaz, onu dəyiş. Mən də razılaşdım və növbəti kitabımda onu Qəbrinin səmtində ev tikmişəm elədim. Həm söz sözün qardaşı oldu, həm də vəzn yerində qaldı. Bu hamıda olub, böyük şairlərdə də.

- Hərdən düşünürəm ki, bu mədəniyyətlə, bu səliqə-sahmanla, bu abırla sən ədəbiyyata nə verə bilərsən? Yəni şair, yazıçı bu qədər tərbiyəli, bu qədər əxlaqlı olmalıdırmı? Bəlkə sən göründüyün kimi deyilsən, bu rola giribsən, bəlkə bizim tay-tuşların, nəsildaşların içində elə ən tərbiyəsizi sənsən. Yox, əgər belə deyilsə, göründüyün kimisənsə – bu qanacaq, bu kostyum, bu qalstuk ədəbiyyata nə verə bilər?

- Elə ədəbiyyatın evi onda yıxıldı ki, tərbiyəsizləri bura gətirdilər. Özü də gətirdilər, özləri gəlmədi, bilərəkdən, qəsdlə. Ədəbiyyat sözünün kökündə elə ədəb durur da, bunu bizə orta məktəbdə öyrədiblər. Ədəbiyyata elə mədəniyyətlə gəlmək lazımdır, səs-küylə, qışqırıqla, yaşlı yazıçıları söyməklə, ənənələri lağa qoymaqla yox. Qaldı tərbiyə məsələsinə, mən özüm haqqında deyə bilmərəm ki, tərbiyəliyəm, ya nəyəm. Amma nəyəmsə elə oyam. Mövlana demiş, göründüyüm və olduğum kimiyəm.

- Bir məşhur şeirin var. O şeir bu il hətta “İlin ən yaxşı şeiri” də oldu: “Dəymədim xətrinə, qız uşağıdı”. O xətrinə dəymədiyin qız kim idi, niyə onun xərtinə dəymədin, bəlkə dəyə bilmədin?

- Niyə dəymədiyimi şeirdə yazmışam da: Mən ondan intiqam ala bilərdim, Dəymədim xətrinə qız uşağıdı...

- Deyirsən, qız uşağının xətrinə dəymək olmaz da...

- Olmaz.

- Belə çıxır ki, gəlinin xətrinə dəymək olar, amma qız uşağının yox.

- Yox, elə çıxmır, ümumiyyətlə xanımların xətrinə dəymək olmaz.

- Ədalət Dəlidağlıya bir şeir yazmısan:

Bahar nəfəslisiz, təzə-tərsiniz,

Heç yerdə olmayan ləl-gövhərsiniz.

İkiniz bir yerdə Kəlbəcərsiniz –

Yarısı Məmməddi, yarısı sənsən.

Bu çox gözəl şeirdir, amma mənə elə gəlir ki, ləl-gövhər sözü çox köhnəlib. Bu, qafiyə xətrinə deyilmiş, “xaltura”dı. Onu başqa sözlə demək olmazdı?

- Əgər “ləl-gövhər” köhnəlibsə, onda “badi-səba”, “şəbi-hicran” dünəndən köhnəlib, Füzulini, Ələsgəri daha oxumaq lazım deyil. O sözün yeri elə oradır.

- Amma mən fikrimdə qalıram ki, söz yerində deyil.

- Əlizadə Nurinin bir şeiri var deyir ki, Mən sənə min dəfə bağışla dedim, Sən elə bildin ki, min günahım var. İndi sən dedin qəbrin yanında ev olmaz, mən onu dəyişdim, dedin obası-yuvası olmaz, razılaşdım. Bu o demək deyil ki, sən durub hər şeyə bir quş qoyasan.

- Ümumiyyətlə, ithaf şeirlərinə necə baxırsan? Şəxsən mənə elə gəlir ki, ithaf şeirləri yazmaq lazım deyil.

- Amma mənə elə gəlir ki, lazımdır. İthaf şeirləri belədir də, biri var hansısa zavod direktoruna, nə bilim icra başçısına, nazirə yazasan, bəli, belə ithaf şeirləri lazım deyil. Amma tutaq ki, mənim ithaf şeirim var – Ağa Laçınlıya, Arif Əmrahoğluna. Əlbəttə ki, bu lazımdır.

- Bu günlərdə Ənvər Rzanın, Hüseyn Kürdoğlunun kitablarını oxudum. Mənə elə gəlir ki, onların hər ikisi bu dilnən nəsr yazsaydılar, daha böyük əsərlər yaradardılar. Bu hava nədir, sazdırmı onları şeirə çəkən, ümumiyyətlə bu nə tilsimdir? Niyə Kəlbəcərdə, Laçında nəsr yox, şeir yaranır?

- Əvvəla, deyim ki, Ənvər Rza da, Hüseyn Kürdoğlu da böyük şairlərdir, onları Kəlbəcərlə, Laçınla məhdudlaşdırmaq olmaz, Azərbaycanın böyük şairləridir. Və onların əsl qiyməti ədəbi mühit tərəfindən, tədqiqatçılar tərəfindən verilməlidir. Düzdür, görkəmli tənqidçi, professor Şirindil Alışanlının elmi rəhbərliyi ilə İlham Məmmədli “Kəlbəcər ədəbi mühiti” adlı dissertasiya yazıb və orada adlarını çəkdiyin və çəkmədiyin şairləri tədqiq eləyib. Amma onların hər biri, eləcə də, Bəhmən, Sücaət haqqında ayrıca dissertasiyalar yazılmalıdır. Qaldı ki, onların nasir yox, şair olması, bu, əlbəttə ki, ənənədən gəlir. Kəlbəcər ədəbi mühiti deyilən bir anlayış var, bu ədəbi mühitdə nəsr olmayıb, sazdan, Dədə Ələsgərdən, Dədə Şəmşirdən gələn poeziya ruhu var ki, bu ruh hamını ovsunlayıb, öz sehrinə salıb. Və bir də əlbəttə ki, təbiət. Dağın başında şeir, qoşma, gəraylı gəlir insanın ağlına. Amma onu da deyim ki, indi Kəlbəcərdən, Laçından çıxan və maraqlı nəsr əsərləri yazan imzalar var ki, onların böyük yazıçı gələcəyi var.

- Məsələn...

- Fəxri Uğurlu, Şərif Ağayar...

- Yaxşı, şairləri başa düşdüm, niyə Kəlbəcərdə, Laçında hamı – hətta həkimlər də şeir yazır. Məsələn, biz tərəflərdə həkim şeir yazmaz, şeirlə məşğul olan konkret adamlar var, tutaq ki, Əlizadə Nuri, Salam, Aqşin... Hamının şeir yazması sözü urvatsız eləmir ki?

- Bu da müəyyən qədər ənənədən, mühitdən gəlir. O həkim də gözün açıb şeirin içində böyüyüb. Şeir kəlbəcərlilərin həyat tərzidir. Həkim o şeiri yazmaqla öz həyat tərzini sürür. Mən də razıyam ki, hərə öz işiylə məşğul olmalıdır. Məsələn, mən Türkiyədə həkimlərin yanında oldum. Baxırsan, ürək həkimidir – kitab rəfində ürək xəstəliyinə aid müxtəlif dillərdə kitablardır, monoqrafiyalarıdır, böyrək həkimidir – böyrəyə aid kitablardır. Amma bizdə, sən dediyin həkimlərin otağında hamısı şeir kitabıdır. Hələ üstəlik özləri də şeir yazırlar, kitab buraxırlar. Onda gərək mən də gedim, açıq ürək əməliyyatı eləyim.

- Ələmdar, ürək həkimi olsaydın, şairlərdən kimi əməliyyat eləyərdin?

- Nə bilim vallah, kim özünü mənə etibar eləsə onu.

- Qılman İman yaza bilmədiyinə görə ürək ağrısı tapıb, onu əməliyyat eləyə bilərsən?

- Puluna minnət...

- Ələmdar, sənin şeirlərinlə yanaşı bir xeyli hekayən var. Məsələn, “Aptekçi” hekayən çox xoşuma gəldi. Oxuyan kimi göndərdim Qan Turalıya, o da “Kulis”də çap elədi, onların da xoşuna gəlmişdi. Kitabında digər hekayələr də var, məsələn “Portret” də maraqlıdır. Amma “Aptekçi” ağrılı hekayədir və ağrısı ilə gözəldir. Mən hekayənin məzmununu sevimli yazıçımız İlqar Fəhmiylə danışdım, dedi, ssenariləşdirib gözəl film çəkmək olar. Mənə maraqlıdır, bu hekayə faktlar üzərində qurulub, yoxsa sırf müəllif təxəyyülünün məhsuludur?

- Mən daha çox şeir yazıram, hərdən bir hekayələr yazıram. Elə şeylər var ki, onu hekayədə daha yaxşı vermək olur. Sən də dəfələrlə mənə demisən ki, şeirdən bir az çıx, Kəlbəcər nəsrini gətir ədəbiyyata. İndi bu gələcəyin işidir, Allahın qismətidir. Qaldı “Aptekçi”yə, onun kökündə real hadisələr durur, amma əlbəttə ki, müəllif təxəyyülü də var. Bu hekayə saytlarda çap olunanda altından şərhlər yazılmışdı, Ayaz adlı bir oxucu yazmışdı ki, bu hekayəni hər dəfə oxuyanda hönkürüb ağlayıram. Bu mənim yeganə əsərimdir ki, özüm də onu dəfələrlə oxuyub ağlamışam. Burda belədir də, biri gəlir Kəlbəcərdə aptek açır, amma heç kim ondan dərman almır. Heç bilmirlər ki, dərman nədir. Çünki Kəlbəcərin özü bütövlükdə həkimdir, Kəlbəcər təbiətin aptekidir, Onun yamacı, yalı, havası, suyu dərmandır, sazı, şeiri də ruhun dərmanıdır. Burda heç kim xəstələnmir, aptekçi də başını götürüb qaçır. Amma Kəlbəcərin işğalından sonra onun müştəriləri elə kəlbəcərlilər olur. Kəlbəcərdə Koroğluya oxşayan kişilər indi Məşədi İbadın hambalına oxşayırlar və gəlib ondan torba-torba dərman alırlar. Bax bu, faciədir. Bu yaxınlarda Hidayətin hələ 1982-ci ildə Kəlbəcər haqqında yazdığı şeirini oxudum. Orda belə bir misra var idi: Bu saf hava sağlamlığın ətridirmi... Həqiqətən də, Kəlbəcərin hər tərəfindən sağlamlıq ətri gəlirdi.

- Hidayət demişkən, sənin səfir Hidayət Orucov haqqında məqaləni oxudum. Məqalə də yaxşı idi, Hidayətin misal gətirdiyin şeirləri də. Sən orda Hidayətin təbiət şeirlərindən bəhs edirsən. Yuxarıda misal gətirdiyin şeirdən də danışırsan. Amma mənim üçün maraqlıdır, Musa Yaqub dura-dura Hidayət Orucovun təbiət şeirlərindən yazmaq nə dərəcədə doğrudur? Adamlara bunu izah eləmək olmur. Deyirlər, Musanın vəzifəsi, vəzifədə qohum-əqrəbası yoxdur deyə bu belə olmalıdır?

- Əvvəla, mən səfir Hidayət Orucovdan yox, şair Hidayətdən yazmışam. İkincisi, gəl məsələləri qarışdırmayaq. Musa Yaqub çox böyük şairdir, mənim üçün əsl xalq şairi elə Musa Yaqubdur, ən çox mütaliə elədiyim şairlərdən biridir, xeyli şeirini əzbər bilirəm. Mən onun haqqında da yazacağam. Hərçənd ki, Musa Yaqubun buna ehtiyacı yoxdur, amma mənim var. Bilirsən, ədəbiyyatda heç kəs heç kəsin yerini dar eləmir. Hidayətin şeirləri, lap elə təbiət mövzusundakı şeirləri məni tutubsa və mən ondan yazmışamsa, bundan faciə düzəltmək lazım deyil. Özün də etiraf elədin ki, məqalədə Hidayətin gözəl şeirlərindən misallar var. Əsas faciə odur ki, kimdənsə məqalə yazırsan, amma orda misal göstərməyə bir yaxşı nümunə, bircə bənd yoxdur. Bu həm də faciədir, ona görə ki, son dövrlər bu cür yazıların sayı hədsiz artıb. Görürsən, bir çinli və adını şair, yazıçı qoymuş adamdan yazırlar, hətta bəzən cəmiyyətdə, ədəbi mühitdə müsbət imici olanlar bunu yazır və oxucu bir yana, özləri öz yazdıqlarına şübhə ilə yanaşırlar. Bilirlər ki, bu, əsər deyil, bəlkə də bunu o yazıçı deyilənin özü də yazmayıb, kiməsə yazdırıb – onu da bilir, amma ondan yazır. Bax, riyakarlıq budur. Adamlara bunu izah eləmək olmaz. Yoxsa mənim Hidayətdən yazdığım məqaləni izah eləməyə nə var ki... Əslində mənim o silsilədən olan məqalələrim yaxşı şeirə, yaxşı mətnə yazılıb, yəni fərd olaraq Hidayətə və ya bir başqasına yazılmayıb. O yazını yazanda Hidayətin səfir olub-olmaması məni qətiyyən maraqlandırmayıb. Çünki bütün vəzifələr kimi səfirlik də müvəqqətidir. Hidayət də nə vaxtsa, səfir olmayacaq, amma şeirləri həmişə oxunacaq.

- Ələmdar, mən müsahibə aldığım adamı çək-çevirə sala bilərəm, amma mətnlərlə. Elə adam var ki, müsahibini aşağılamağa çalışır. Bu daha çox, yaxınlarda səndən də müsahibə götürən Kəramət Böyükçölə aiddir. Səncə, adamlardan müsahibə alanda onlara yuxarıdan aşağı baxmaq nə dərəcədə doğrudur?

- Adam müsahibə götürdü, ya götürmədi, hər kəsə hörmətlə yanaşmalıdır. Hətta küçədə ondan saatı soruşana da hörmətlə cavab verməlidir. Qaldı ki, Kəramətin müsahiblərinə yuxarıdan aşağı baxmasına – bəzi müsahibələrində görmüşəm ki, Kəramət kimlərləsə, belə deyək, məzələnir. Amma mənimlə müsahibəsində bir dənə də artıq söz olmadı. Bəzi adamlar da var ki, əksinə o özü müsahibə alana yuxarıdan aşağı baxır. Bu mənada Kəramətdən razıyam ki, bəzilərinə öz həqiqi yerini göstərir.

- Bəzi dostlar deyir ki, Ələmdarın şeirlərini Kəlbəcərdə hamı yaza bilir. Ondansa nəsr yazsa, o “Aptekçi”ni yazsa daha yaxşı olar. Məsələn, olmaz ki, 5 il şeir yazmayasan, nəsr qanadını inkişaf etdirəsən. Yoxsa, yaza bilmirsən, elə bir atımlıq barıtın var idi...

- Əvvəla, deyim ki, çap olunmayan xeyli hekayəm var, yəni barıtım bir atımlıq deyil. İkincisi, məsələ kəmiyyətdə deyil. Yusif Səmədoğlu bir romanla imzasını ədəbiyyata həkk elədi. Çox maraqlıdır, Anar bu yaxınlarda bir müsahibəsində dedi ki, heç birimiz “Qətl günü” kimi əsər yazmamışıq. Yəni bu mənada çox yazmaq şərt deyil. Amma deyirsən ki, beş il şeir yazma, nəsr yaz – bu mümkün olan iş deyil. Şeir ovqat işidir, beynimə gəldisə yazmalıyam. Bilirsən, yazmaq plan deyil, öhdəçilik deyil. Yaradıcılıq hesabat üçün də deyil, ayda nə qədər yazmışam, neçəsi şeirdir, neçəsi hekayədir. Səməd Vurğunun bir məqaləsi var, orada yazır ki, bizim bəzi yazıçıların əsərləri səliqə ilə karton cildə tikilmiş protokolları xatırladır. Bu karton cild ehtimal ki, aylıq hesabat üçün hazırlanıb. Ədəbiyyat 1 ay üçün, 5 il üçün yaranmır. Qaldı ki, deyirsən dostlar deyir, mən hekayəni şeirdən yaxşı yazıram, məncə, o dostlar – bəlkə də dırnaqarası dostlar onu səmimiyyətlə demir. Məsələn, mən dişimlə-dırnağımla “Bizim söz” qəzetini buraxırdım. Bizim dostumuz, özü də dırnaqarası yox, həqiqi dostumuz Cavid Zeynallı “525-ci qəzet”də cəmi ikicə nömrəsi çıxan qəzeti yıxdı-sürüdü. Söz sözü gətirdi, ona görə deyirəm, birdən Cavid elə bilər ki, ona qarşı kinim var. Yazdı ki, qəzetin məzmunu zaydı, amma dizaynı, tərtibatı əladı. Əslində isə bizim dizaynerimiz yox idi, qəzeti özümüz dizayn edirdik, tərtibat bərbad idi, amma mən ixtisasca redaktoram – tam məsuliyyətimlə deyirəm ki, məzmun 2 sayı çıxmış qəzet üçün əladan da əla idi. Yəni, Anar, bəzən fikri bilərəkdən çaşdırırlar.

- Aqşin Yeniseyin romanında belə bir yer var: deyir ki, Ələmdar Cabbarlı uzunqulağını Yazçılar Birliyinin qabağında saxlayıb, qalxdı Anarın yanına. “Cənnətdə terror aksiyası” əsərində. Amma bir şair kimi ona münasibətin necədir? Məsələn, onu eşidəndə, ya oxuyubsansa oxuyanda münasibətin necə oldu. Ümumiyyətlə, Aqşinə münasibətin necədir? Siz eyni vaxta ədəbiyyata gəlmisiniz.

- Aqşin barədə onu deyə bilərəm ki, nəsr əsərlərini oxumamışam. Oxumadığım mətn haqqında danışa bilmərəm. Şeirlərin oxumuşam. Aqşin bizim yaşıdların arasında ən istedadlı şairlədən biridir və oturuşu, duruşu, davranışı, həyat tərzi ilə şairlərin birincisidir. Bunu birmənalı şəkildə deyirəm, onun mənim haqqımda nə deməsindən, nə yazmasından asılı olmayaraq. İndi gələk uzunqulaq məsələsinə. Deyirsən, yazır ki, Ələmdar Cabbarlı uzunqulağını Yazıçılar Birliyinin qabağında saxlayıb, qalxdı Anarın yanına. Mən bunu heç hardan oxumamışam, səndən, bir dəfə də Qılmandan eşitmişəm. Həzrət Əli deyirdi ki, həqiqət gözlə qulaq arasındadır, eşitdiyinə inanma, gördüyünə inan. Mən indi də dəqiq bilmirəm ki, həqiqətən Aqşin mənim haqqımda belə bir şey yazıb, ya yazmayıb. Mənə elə gəlir ki, o, belə bir şey yazıbsa, bunu fərdiləşdirmək lazım deyil ki, Aqşin Ələmdar haqqında belə yazıb, mənim ona cavabım nə olacaq. Sən dedin onu “Cənnətdə terror aksiyası” adlı əsərində yazıb. Mənə elə gəlir ki, bir şair haqqında onun bədii mətnini qırağa qoyub, bu cür sözlər yazmaq – yenə də deyirəm əgər yazıbsa – bunun özü elə terror aksiyasıdır. Bunun özü elə mənəvi terrordur. Özü də fərd olaraq Ələmdar Cabbarlıya qarşı yox! Bu, ədəbiyyatın özünə terrordur, insanların ədəbiyyata olan həvəsinə, inamına terrordur.

- Ələmdar, şeir yazdın, şair oldun, həyatında nə dəyişdi?

- Bir tərəfdən baxanda yaxşıya dəyişdi. Yazdım, ürəyimi boşaltdım. Bir tərəfdən baxanda, yəni şəxsi həyat baxımından, bəlkə də mənfiyə dəyişdi. Tutaq ki, mənim şeir yazmayan məktəb yoldaşlarım bu gün daha yaxşı yaşayır, daha bahalı maşınlar sürür, bəzən də o bahalı maşınlarını saxlamadan yanımdan keçirlər. Bəlkə şeir yazmasaydım, mən də iş adamı ola bilərdim, kiməsə xeyrim dəyərdi, Anar Aminin kitabını çap elətdirərdim. Amma indi bir iş adamı tapmıram ki, desin, gəl kitabını çap eləyim. İş adamlarımız hələ ki, müğənnilərə klip çəkdirir, maşın alır...

- Bəs sənin kitabların necə çıxır?

- Mənim son vaxtlar çıxan kitablarımın hamısı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən buraxılıb. Allah Qənbər Şəmşiroğlunun canın sağ eləsin.

- Ədəbi prosesdə o qədər də fəal deyilsən. Niyə Ələmdar gözəl şeirlər, hekayələr yazır, amma lazımınca görünmür. Ədəbi mühitdə qruplaşmalar var, bir-birini təbliğ edirlər. Sən onların heç birində yoxsan. Bu, nədən irəli gəlir, sən hamıdan istedadlısan, yoxsa tənbəllikdən gəlir bu?

- Ədəbi mühitdə fəal deyiləm fikriylə razılaşa bilmərəm. Müntəzəm olaraq yazılı və elektron mətbuatda şeirlərim, hekayələrim, publisistik yazılarım çıxır. Kitablarım çap olunur, onlar haqqında yazırlar. 2014-cü ildə “İlin ən yaxşı şeiri” müsabiqəsinin qaliblərindən biri oldum, qurultay ərəfəsində AYB Gənclər Şurasına üzv seçildim. Ötən il Türkiyədə keçirilən Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil etdim... Əgər fəal olmaq, ədəbi mühitdə görsənmək yaşlı yazıçılara söz atmaqdırsa, Anarın əleyhinə məqalə yazmaqdırsa, mən heç vaxt o cür fəal olmayacam.

- Sözündən belə çıxır ki, ustadları ancaq tərifləmək lazımdır...

- Biri var ustad, bir də var özünü ustad sayan. Əgər bir adama ustad deyirsənsə, o ustad adını haqq eləyibsə, onun heç bir tərifə ehtiyacı yoxdur.

- Anarın son əsərinə Pərvin adlı bir gənc ön söz yazıb. Səncə Anarın buna ehtiyacı var?

- Əslində, bir görkəmli yazıçının öz əsərini ön söz yazmaq üçün gənc bir yazara verməsi alqışlanmalıdır. Bu da Anarın ustadlığıdır.

- Amma əksini düşünənlər də var...

- Bilirsən, bu cür məsələlərə hərə öz əxlaqı ilə yanaşır. Elə adam var minlərlə çirkabın içində bir yaxşını tapır, elə adam da var ki, bircə dənə də çirkab olmayan yerdə min dənə çirkab görür. Yəni onun gözünə belə görünür. Hər şeydə yaxşını görmək Peyğəmbər əxlaqıdır. Allah bizə bu əxlaqı nəsib etsin.

- Bu il 35 yaşın tamam olur. Mən istəyirəm ki, sən 35 x 3 = ƏLƏSGƏR ÖMRÜ yaşayasan. Etirazın yoxdur?

- Ələsgər ömrü yaşayıb-yaşamayacağım Allahın işidir. Şükür məsləhətinə. Amma Ələsgərdən söz düşmüşkən, maraqlı bir detalı deyim. Deməli, Dədə Ələsgər hardansa aşıqlıqdan gələndə gecəyə düşür və gecəni mənim babamın evində qalır. Hərdən düşünürəm ki, mənə şairlik Ələsgərin babamın evinin divarlarına hopan ruhundan keçib.

- Ələmdar, sonda nə demək istəyirsən, bir sözün, bu nataraz suallara görə məndən narazılığın varmı?

- Sənin xarakterin elədir ki, narazılıq bildirmək yersizdir, istənilən halda özünü haqlı sayırsan. Amma səmimi deyirəm, heç bir narazılığım yoxdur. Əgər sənin maraqlı suallarını mən maraqsız cavablandırdımsa, üzrlü say. Sağ ol ki, ilin-günün bu vaxtı, bir məşhur sözdə deyildiyi kimi, heç kəs heç kəsin kitabını oxumadığı bir vaxtda mənlə ədəbiyyatdan, şeirdən danışırsan. Heç müsahibəni demirəm, vaxtını mənlə keçirirsənsə, oturub mənlə bir çay içirsənsə, bunun özü elə böyük qiymətdir.

- Onda, gedək çay içək. Amma, acqarına yox – yeməkdən sonra...

# 2181 dəfə oxunub

Müəllifin son yazıları

# # #