"Oskar" qazanan ilk ingilis aktrisa - Çörçill onun haqqında nə demişdi?

"Oskar" qazanan ilk ingilis aktrisa - Çörçill onun haqqında nə demişdi?
5 noyabr 2025
# 14:00

5 noyabr məşhur ingilis aktrisa Vivyen Linin doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Vivyen Li (Vivyen Mari Hartli) 1913-cü ildə Hindistanda Yorkşir əsilli ingilis ailəsində dünyaya gəlib.

Təhsilini İngiltərədə və Avropanın monastır məktəblərində alıb.

1932-ci ildə London Kral Dram Akademiyasına daxil olub.

Həmin il britaniyalı vəkil Herbert Li Holmen ilə evlənib və onun soyadını peşə adı kimi götürüb.

Vivyen ilk dəfə 1934-cü ildə "Hər şey yaxşıya doğru" (“Things Are Looking Up”) filmində rol alıb, daha sonra bir neçə britaniya filmi ilə çıxış edib və 1935-ci ildə səhnəyə "Yaşıl qurşaq" (“The Green Sash”) tamaşası ilə addım atıb.

O dövrdə səhnə səsi zəif olsa da, cəlbedici görünüşü və səhnə enerjisi diqqəti cəlb edib.

Elə həmin il tanınmış prodüser Aleksandr Korda onunla müqavilə imzalayıb. Qısa zamanda şöhrət qazanan Li bu illərdə artıq evli olan aktyor Lourens Olivye ilə münasibət qurub. Onlar sonradan birlikdə həm səhnədə, həm də filmlərdə rol alıblar.

1938-ci ildə Olivye və Li Hollivuda gediblər: Olivye "Uğultulu təpələr" filmində baş rolu oynayacaqmış, Li isə Marqaret Mitçelin məşhur romanı "Küləklə sovrulanlar"ın ekran versiyasında Skarlet O’Hara roluna sınaq üçün gedib.

Hər kəsi təəccübləndirərək o bu rolu 1400 namizəd arasından qazanıb.

Filmdəki unudulmaz ifası ona dünya şöhrəti və “Oskar” mükafatı qazandırıb.

Bununla da, Vivyen Li Oskar mükafatı qazanan ilk ingilis aktrisa olub.

Bir dəfə jurnalist ona “Sizcə, gözəlliyiniz sizi teatrda kölgədə qoymur?” deyə sual verib. Li gülümsəyərək cavab verib: “Əgər gözəllik səhnədə kölgə yaradırsa, işıq rejissora aiddir.”

1940-cı ildə Olivye ilə evlənib və cütlük daha sonra "Hamilton xanımı" (“That Hamilton Woman”) (1941) filmində birlikdə rol alıb. Bu filmə hətta Uinston Çörçill də heyran qalıb və onu “ən sevdiyim film” adlandırıb.

Çörçill həmçinin onun ifasını “vətənpərvərlik nümunəsi” kimi qiymətləndirib.

1944-cü ildə çəkilən "Sezar və Kleopatra" filminin çəkilişləri zamanı Li hamilə olub, çəkiliş meydanında baş verən bir qəza nəticəsində uşağını itirib.

Bəzi kino tarixçiləri onun sonrakı illərdə yaşadığı manik-depressiv psixozu bu hadisə ilə əlaqələndiriblər, amma başqa mənbələrdə qeyd olunur ki, xəstəliyin əlamətləri artıq 1930-cu illərin sonlarında görünməyə başlayıb.

1951-ci ildə çəkilmiş, Tenessi Uilyamsın pyesi əsasında hazırlanan “Arzu tramvayı” (“A Streetcar Named Desire”) filmində Blanşe DuBoa obrazını canlandırdığına görə Li ikinci dəfə "Oskar" mükafatı qazanıb.

Bu roldakı ifası dərin və faciəvi psixoloji gərginliyi ilə tamaşaçılara unudulmaz təsir bağışlayıb.

1963-cü ildə Brodvey səhnəsində “Tovarich” adlı musiqili tamaşada baş rolda oynayıb. Tamaşa, ümumilikdə, uğursuz sayılsa da, Li bu rola görə “Tony” mükafatına layiq görülüb.

Aktrisa karyerasını 1966-cı ildə Nyu-Yorkda səhnələşdirilən Anton Çexovun “İvanov” əsəri ilə böyük uğurla tamamlayıb.

O, daha sonra Edvard Olbinin “Həssas tarazlıq” (“A Delicate balance”) əsərinin səhnə məşqləri üzərində işləyərkən 9 iyul 1967-ci ildə Londondakı mənzilində ölü tapılıb.

Vivyen Linin külü Londonda, evinin yaxınlığındakı gölə səpilib – bu, onun arzusu imiş.

Britaniya poçtu 1985-ci ildə onun şərəfinə poçt markası buraxıb.

1999-cu ildə Amerika Film İnstitutu onu “Bütün dövrlərin ən böyük aktrisalarından biri” elan edib.

# 169 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər