Həsən Turabov kimə gicbəsər demişdi? LƏTİFƏLƏR

Həsən Turabov kimə gicbəsər demişdi? LƏTİFƏLƏR
28 mart 2013
# 08:30

Minlərlə insanı səhnədə güldürməyi bacaran sənətkarlarımızın səhnədən kənar davranışları müxtəlif lətifələrin yaranmasına səbəb olub.

Kulis.Az teatrşünas-tənqidçi İlham Rəhimlinin “Səhnəsiz gülüş” kitabında korifey sənətkarlarımızla bağlı qələmə aldığı məzəli əhvalatlardan bir neçəsini təqdim edir.

Adama gəzmək qalacaq

Xalq artisti Ağasadıq Gəraybəyli bir neçə ay idi xəstə yatırdı. Xəstəxanada, sonra evdə müalicədən sonra Gəraybəyli, nəhayət, özünü babat hiss edərək teatra gəlir. Teatrın giriş qapısından girəndən teatra hay düşür ki, bəs, Ağasadıq Gəraybəyli işə gəlib. Kimi elə qapıda, kimi dəhlizdə ustada “Həmişə ayaq üstə” deyib, gözaydınlığı verir.

Aktyor elanbəndin yanından keçəndə o vaxtı populyar gənc aktyor Əlabbas Qədirovu görür. Əlabbasın kefi “yuxarı” imiş. Ağasadıq Gəraybəyli görür ki, Əlabbas heç yerindən qımıldanmadı. Özünəməxsus “xırıltılı” – qəltanlı səslə deyir:

- Salam əleyküm, Əlabbas.

Əlabbas xumar gözlərlə altdan yuxarı ustadı süzüb deyir:

- Ağasadıq qədeş, çoxdandı görünmürsən, xeyir ola?

Ağasadıq Gəraybəyli ürəyiyananlıqla və kövrək səslə cavab verir:

- Ay Əlabbas, üstünə sağlıq, bərk xəstələnmişdim...Nə başını ağrıdım, getdim o dünyanı gördüm, qayıtdım.

Kefi ala buludda olan Əlabbas heç tövrünü pozmur:

- Yaxşı eləmisən, Ağasadıq qədeş, adama gəzmək qalacaq.

“Zimni”sini oxu

Aktyor Eldəniz Zeynalovun dostlarından birinin atası rəhmətə gedir. Şaxtalı hava imiş, sulu qar yağır və bərk də külək əsirmiş. Dəfn karvanı Qurd dərəsini keçib qəbiristanlığa çatır. Maşından düşəndə Eldənizi möhkəm üşütmə tutur. Qayıdıb maşında oturmağı özünə ar bilir. Bir az dişini-dişinə sıxıb dözür.

Rəhmətliyi qəbirə qoyub üstünü torpaqlamağa başlayanda molla məzarın baş tərəfində yerə çömbəlir. Qoltuğundan bəzi vacib Quran surələri yazılmış, qara parçaya bükülü dəftərçəsini çıxarıb vərəqləyir. “Yasin” surəsini axtaranda dörd-beş addımlıqda durub titrəyən Eldəniz Zeynalov uca səslə deyir:

- Molla əmi, qərdeşimsən, camaat üşüyür. O oxuduğunu qısa elə. Yəni “zimni”sini oxu. Ölən öldü qurtardı, heç olmasa biz gedib evimizə sağ-salamat çata bilək.

Gicbəsər

Milli Dram Teatrı Türkiyənin İstanbul şəhərinə növbəti qastrola gedir. Qastrolun açılışı olan axşam İstanbul şəhər bələdiyyəsi azərbaycanlı səhnə ustalarının qaldığı oteldə ziyafət verir. Su içmək istəyən Həsən Turabov yanında əyləşmiş Telman Adıgözəlovdan soruşur:

- Telman, sən bilərsən, türklər ofisianta nə deyirlər?

- Həsənağa müəllim, hərdən yaşlılara “qarson” deyirlər. Ancaq, əsasən, “dəliqanlı” deyib çağırırlar. Özü də cavan oğlanlara belə deyirlər.

- Dəliqanlı desəm xətirlərinə dəyməz?

- Yox, nə danışırsınız, qətiyyən.

Təbiətcə ağır olan Həsən Turabov onlar əyləşmiş süfrə mizinin önündən keçən cavan oğlana üzünü tutur. Sağ əlini də başı bərabəri yuxarı qaldırıb orta səslə:

- Dəliqanlı, - deyir.

Ofisiant onlara məhəl qoymadan iti addımlarla mətbəxə tərəf keçir.

Həsən onun arxasında baxanda başqa bir ofisiant əlində dolu bir sini mətbəxdən çıxıb onlara tərəf gəlir. Həsən yenə əlini qaldırır.

- Dəliqanlı...

Çağırışı eşitməyən ofisiant başqa mizə yaxınlaşıb sinidəkiləri süfrəyə düzür.

Həsən dodağını büzür.

- Alə, Telman, bunlar hamısı qulaqdan zəif eşidir?

Telman görür ki, Turabov rahatsız olur, tez dillənir:

- Həsənağa müəllim, darıxmayın, indi özləri sizə yaxınlaşacaqlar.

Elə bu dəmdə başqa cavan boş sini ilə bufetə tərəf gedir. Həsən yenə əlini azacıq qaldırır, bir qədər uca səslə çağırır.

- Ey dəliqanlı...

Səs-küy olduğundan bu da Turabovu eşitmir. Həsən dilxor olub əsəbiləşir. Ortadan keçən ofisianta üzünü tutub ucadan deyir:

- Alə, gicbəsər...

Ofisiant yüyürərək onun yanına gəlir:

- Buyurun, əfəndim.

- Get su gətir mənə.

- Təkcə sumu, abi?

- Həri.

- Tamam, başım üstə, - deyib, ofisiant iti addımlarla onlardan uzaqlaşır.

Telman Adıgözəlovu gülmək tutur. Həsən təbəssümlə ona baxıb deyir:

- Bəs sən deyirdin “dəliqanlı” demək lazımdı? Gördün, əsl adları elə gicbəsərdi...

Filarmoniyaya “giriblər”

Ömrünün son aylarında Xan Şuşinski Filarmoniyaya gəlibmiş. Dəstələnib söhbətləşirmişlər. Ətraf da adamla dolu, çoxu da cavan.

Xan Şuşinski sağa-sola baxıb, qəlyana astaca qullab vurur. Başını tərpədə-tərpədə üzünü Habilə tutub:

- Ay Habil, - deyir. – Filarmoniyaya nə çox oxuyan yığışıb?

Habil Əliyev elə bil bu sualı gözləyirdi. O dəqiqə deyir:

- Xan əmi, bunlar rayonlardan gələnlərdir. İnstituta girə bilməyiblər, boş qalmamaq üçün filarmoniyaya “giriblər”.

# 5413 dəfə oxunub

Müəllifin son yazıları

# # #