"Skype"də qız soyundurmaq seksual inqilabdırmı?

"Skype"də qız soyundurmaq seksual inqilabdırmı?
2 fevral 2015
# 11:28

Seks inqilabı sözünün adından qorxmaq azad seksin mental səviyyədə “de-yure” qadağan olunduğu ölkədə təbiidir. Seks inqilabı haqqında ingilis Wikipedia-sında yazılıb: “Seks inqilabı və ya seksin liberallaşma dövrü 1960-cı illərdən 1980-ci illərədək Qərb dünyasında seksuallıq və şəxslərarası əlaqələrə bağlı davranışın ənənəvi kodlarını rədd edən sosial hərəkat idi. Seksin liberallaşmasına ənənəvi heteroseksual və monoqam əlaqələrdən (nikahlardan) kənarda da seksual əlaqələrin olması ilə razılaşmaq (qəbul etmək) daxildir. Kontrasepsiya (doğuş kontrolu), hamiləlik əleyhinə həblər, ictimai nudizm (çılpaqlıq), ailə quranadək olan seksual münasibətlərə normal yanaşılması, homoseksuallıq və seksin digər alternativ formaları və abortun leqallaşdırılması bunlara aiddir”.

Gördüyümüz kimi, seks inqilabı “hər kəs hər kəslə sekslə məşğul olmalıdır” deyimindən daha uzaqdır, nəinki Azərbaycan mentaliteti. Seks inqilabı sadəcə tələb edir ki, BAŞQASININ ŞƏXSİ, İNTİM HƏYATINA ONUN RAZILIĞI OLMADAN GİRMƏK OLMAZ. Bizdə seks inqilabı sözündən qorxanlar isə 2 şeydən qorxurlar:

1. Seks inqilabını yanlış anladıqları halda – hər kəs hər kəslə yata bilərsə, onların ana-bacıları, arvadları, ərləri başqaları ilə yatar. Cəmiyyətdə kütləvi inamsızlıq var. Mentalitetin sərt zəncirlərindən çıxa bilməyən cəmiyyət elə düşünür ki, əgər bu zəncirlərdən çıxsalar, xəyanətlərlə üzləşəcəklər. Bu, hələ onların az da olsa, etirafa cəsarət etdikləri məsələdir. Məsələn, hansısa kişiyə desən, “sən bacına inanmırsan ki, bu qədər nəzarətdə saxlayırsan?” qeyri-səmimi olsa, səni vuracaq. Səmimi olsa, deyəcək ki, qadın şeytandan yaranıb. Onlara inanmaq olmaz. Buraxdın, ağlına gələni edəcək və s.

Eləcə də qadınlar Azərbaycandakı kişilərin fahişə xidmətindən geniş istifadə etdiklərini bildiklərindən, bunu onların “kişiliyinə” bağışlayırlar. Yəni seks inqilabından qorxu bu halda ona əsaslanır ki, hər kəs hər kəslə yatmaq icazəsi alsa, onların qorxuya, ictimai qınağın təsirinə, ağsaqqal məsləhətinə əsaslanan, sevginin, qarşılıqlı hörmətin, bir-birini tanımağın mövcud olmadan qurulduğu ailələri dərhal dağıla bilər.

2. Seks inqilabını düzgün anladıqları halda – yəni “başqasının işinə burun soxmaq olmaz” məsələsini anlasalar, yenə əleyhinə çıxacaqlar. Axı onlar başqasının işinə burun soxmalıdırlar. Onların darıxdırıcı, yeknəsəq şəxsi həyatları, maraqsız arvadları və ya ərləri, seksual fantaziyadan məhrum yataqları başqasının həyatına möhtacdır. Əylənmək vasitələrinin kasad olduğu, hüquq və azadlıqlarını reallaşdıra bilmədiyindən hormonları başına vurmuş bir toplumda seksə aclıq pik həddə olmalıdır və elə həmin həddə yaxındır da. Ona görə də insanlar qapının deşiyindən baxmağa, “lüt filankəs” başlıqlı xəbərləri acgözlüklə oxumağa məhkumdurlar. Oğlanları qınayırlar ki, yatdıqları qızlar haqqında başqalarına danışırlar (bu da əli ayağının arasındakı xanımlarımıza bir əlavə bəhanə də verib ki, toya qədər heç kimlə yatmasınlar). Amma yeni evlənmiş xanımlar arasında da dəbdir ki, toy gecəsini bütün xırdalıqlarına, təsəvvürə gəlməyəcək incəliklərinə qədər rəfiqələrinə danışsınlar. Bu, ritualdır, sən danışmalısan ki, başqaları da ərə gedəndə danışsınlar və sənin “başqalarının intim həyatına burun soxmaq” ehtiyacın ödənsin.

“Skype-da qız soyundurdum” – bizimkilər bununla fəxr edirlər. Niyə? Çünki başqasının intim həyatına girirlər, intim yerlərinə baxırlar, ritualı yerinə yetirirlər. Bu, “atam gələndə siqareti gizlətdim” kimi bir şeydir.

Bəs seks inqilabı nə deyir? Deyir ki, başqasının penisi, vaginası onun özünündür, sənin deyil. O istəməsə, sən ona baxa və ya başqa şey edə bilməzsən. Deyir ki, kimin bakirəliyini nə vaxt, hansı şərtlərlə itirməsi qanunvericiliyin səhiyyənin qorunması haqda elmi dəlillərə istinadən qəbul etdiyi yaş həddi nəzərə alınmaqla hər kəsin öz işidir (bizdə cinsi əlaqəyə girmə yaşı 16-dır).

Seks inqilabı deyir ki, kim hansı növ sekslə məşğul olacaq – bunu özü seçəcək. Homo, hetero, transvestit və s. – hamısı insanın fərdi seçimidir. Deyir ki, qanunvericiliyin, dölü insan hesab edən rəyə əsasən qoyduğu müddət məhdudiyyəti nəzərə alınmaqla, hər kəs bətnindəki uşağı dünyaya gətirib-gətirməməkdə azaddır. Seks inqilabı deyir ki, evlənmək yalnız seksdən ibarət deyil ki, yalnız evləndiyin adamla seksual münasibətdə olasan. Axı insan 12-14 yaşından seks istəyir, 16 yaşından (bizim iqlimdə və bizim qanunvericiliyə görə) normal seksual münasibətlərə girə bilər və bu, onun fiziki, psixoloji durumunu yetkin insandan çox zədələməz.

Tutaq ki, biri 24 yaşında evlənir. Qeyd etdik ki, 12-14 yaşından insan seks istəyir. Deməli, 10 il bu adam yanmaqla məşğuldur. 10 illik yanğının nə demək olduğunu kiməsə izah etməyə ehtiyac yoxdur. Belə yanğını nəinki öz əri (arvadı) ödəyə bilməz, heç qrup sekslə də dəf edə bilməyəcək o yazıq. Enerji isə yığılmış vəziyyətdə qalacaq, bu da əsəb, gərginlik deməkdir. Bu da normal ailə həyatını istisna edir. Elə bilirsiniz, ailədaxili dəhşətli zorakılıqlar yalnız iqtisadi səbəblərdən artır? İnformasiya texnologiyası dövründə insanın min illik mentalitetlə ehtirasını zəncirləməsinin nəticəsidir bu zorakılıq aktları. Seks inqilabı deyir ki, ailə qururuqsa, normal ailə quraq, seksə, cinsi hormonlara, yanıqlığa əsaslanan ailə deyil. Və seks inqilabı onu da deyir ki, insanlara insan olduğuna görə qiymət verilməlidir, bakirəliyinin olduğuna, homo və ya hetero olduğuna görə yox.

Bunun evolyusiya yox, revolyusiya adlanmasının səbəbi isə təbii hüquqları özündə ehtiva etməsidir. Yəni kimsə seks inqilabının dediklərinə uyğun həyat tərzini tətbiq etmək istəyirsə, bunun təkamülü, islahatı yoxdur. Yəni bu günə qədər sənin vaginana qarışan adamlara, “bu gündən qasığıma qədər qarışa bilərsiniz, gələn ildən bunu döşlərə qədər məhdudlaşdıracağam” deyə bilməzsiniz. Təkamül bir-birinə zidd fenomenlərin yanaşı yaşamasını şərtləndirir, çünki keçid tədrici olur. Məsələn, quyruqlu insan doğulur, kişilərin döşləri var və s. Axı “təbiət inqilabları sevmir” (Çarlz Darvin).

Amma biz cəmiyyətdə yaşayırıq. Cəmiyyətdə bəzən təkamül çox eybəcər alına bilir. Bizdə “nə ətdir, nə balıq” vəziyyətinin, yəni seks inqilabının da, mentalitetin də istədiyi vəziyyətin olmamasının səbəbi bu yolu tədrici, təkamüllə keçmək prosesində olmağımızdır. Bu iyrəncliklərin yaşanmaması üçün seks azadlığına gedən yolun inqilabla keçilməsi qərara alınıb. Bunun 1968 boyda əvəzolunmaz təcrübəsi var. Bunun tədrici yolu yoxdur. Sən ya özünə hörmət edən insansan, ya da mentalitetin milyonlarla cüt gözü altında sevişən əxlaqsız.

Zaur Qurbanlı, Meydan Tv

# 2152 dəfə oxunub

Müəllifin son yazıları

# # #