Azərbaycan xalçaları ABŞ-ın məşhur müzeyində

Azərbaycan xalçaları ABŞ-ın məşhur müzeyində
27 aprel 2018
# 17:28

ABŞ-da fəaliyyət göstərən, 7 min eksponatın qorunduğu “Metropoliten” muzeyində 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən (ASC) APA-ya verilən məlumata görə, muzeydə nümayiş etdirilən bu xalçalar Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Qazax - Borçalı, Quba, Şirvan və Təbriz qruplarına aid qiymətli sənət əsərləridir.

Cəmiyyətdən bildirilib ki, həmin xalçaların fotoşəkilləri ilə yanaşı, muzeydəki inventar nömrəsi və toxunduğu dövr barədə də məlumatlar əldə olunub: “Metropoliten” muzeyində sərgilənən ən qədim Azərbaycan xalçaları XVII əsrdə toxunub. Muzeyin kolleksiyasındakı xalçaların çoxu XIX əsrə aiddir. “Metropoliten”də sərgilənən xalçalar ölçülərinə görə fərqlənir və əsasən yun xalçalardır”.

“Azərxalça” ASC “Metropoliten” muzeyindən fotoşəkilləri əldə edilmiş qədim Azərbaycan xalçalarının çeşniləri əsasında həmin xalçaların toxunmasını qarşıya məqsəd qoyub.

Qeyd olunub ki, “Metropoliten” muzeyi ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərir. Muzeyin ekspozisiyası 600 kvadratmetrdən çoxdur. Muzeyi bir il ərzində 5 milyondan çox insan ziyarət edir. “Metropoliten”ə eksponatların böyük hissəsi şəxsi kolleksiyaçılar tərəfindən verilib. Burada Rembrandtın avtoportreti, Velaskesin “IV Filipin portreti” kimi şah əsərlər, məşhur İtaliya rəssamlarından Bottiçellinin, Tisianın əsərləri yer alıb.

Muzeydə Asiya qitəsinin incəsənətinə dair nadir eksponatlardan ibarət böyük kolleksiya sərgilənir. “Metropoliten”də Asiyanın bütün sivilizasiyalarını, tətbiqi incəsənətini, rəssamlığını, heykəltəraşlığını, bədii metal tökmə sənətini əks etdirən bir çox eksponatlar var.

# 1315 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #