Əməkdar artist Sevil Xəlilovanın doğum günüdür

Əməkdar artist Sevil Xəlilovanın doğum günüdür
10 yanvar 2024
# 12:30

Bu gün Əməkdar artist Sevil Xəlilovanın doğum günüdür.

Kulis.az-ın məlumatına görə, Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970) təhsil alıb, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib.

Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. "Kölgələr pıçıldaşır"da Çeşmə, "Şəhərin yay günləri"ndə Qumru, "Dəli yığıncağı"nda Zəvvar, "Əliqulu evlənir"də Humay, "Kimdir haqlı?"da Məlahət, "Büllur sarayda"da Səadət, "Təhminə və Zaur"da Mədinə, "Üç quruşluq opera"da Kitti, "Nişanlı qız"da Zərifə, "Vaqif"də Gülnar, "Fedra"da Enona, "Poçt şöbəsində xəyal"da Züleyxa, "Köhnə ev"də Mələk, "Hərənin öz payı"nda Xədicə xala, "Afət"də İlçay, "Dirilən adam"da Telli, "Ölülər"də Məşədi Orucun anası, "Ölüləri qəbristanlıqda basdırın"da Güləndam, "Eloğlu"da Cəvahir xanım və s. rollarını ifa edib. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb.

Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisanın bir qız övladı var.

# 1183 dəfə oxunub

Müəllifin son yazıları

# # #