Gənc Tamaşaçılar Teatrında yeni tamaşalar

Gənc Tamaşaçılar Teatrında yeni tamaşalar
13 iyun 2014
# 14:09

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında üç yeni tamaşanın məşqi gedir.

Bunlardan biri U.Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Teatrdan kulis.az-a verilən xəbərə görə, tamaşanın premyerası gələn mövsümə təsadüf edəcəkdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rejissoru Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin Əməkdar İncəsənət Xadimi Sergey Qrisaydır (Sankt Peterburq).

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Ikinci tamaşa S.Əliyevin real faktlar əsasında səhnələşdirdiyi “Şeytan ailəsi” pyesidir. Eyniadlı pyes əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur. “Şeytan ailəsi” tamaşası narkomaniya probleminə diqqəti çəkəcək.

Əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Növbəti tamaşa isə azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuşdur. Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Qoğalın nağılı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Hər üç yeni tamaşa yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcəkdir.

# 1379 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #