Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin saytı (xezerjurnali.az) fəaliyyətə başlayıb. Saytın arxiv bölümündə jurnalın müxtəlif saylarının tam elektron versiyasını oxumaq mümkündür. Bundan başqa, “Layihələr”, “Ədəbi-mədəni yeniliklər” və “Haqqımızda” adlı bölümlərindən Mərkəzin fəaliyyəti və jurnalda dərc olunan materiallar barədə informasiyalar yerləşdirilib. Xererjurnali.az saytının “Bu sayda” bölməsində son nömrədə yer alan tərcümə materiallarının anonsu verilib.
Qeyd edək ki, "Xəzər" dünya ədəbiyyatı dərgisi 1989-cu ildən nəşr olunur və hal-hazırda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi fəaliyyətini davam etdirir. İldə 4 nömrəsi işıq üzü görür. Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir. Jurnalın baş redaktoru yazıçı-tərcüməçi Afaq Məsuddur.