Leyla Şıxlinskaya: "Kimin daha çox əziyyət çəkdiyini bilmirsən"

Leyla Şıxlinskaya: "Kimin daha çox əziyyət çəkdiyini bilmirsən"
13 iyun 2020
# 17:42

"Mart ayından Qubadayam, karantin bitənədək burada qalacağam. Ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm".

Kulis.az xəbər verir ki, bunu Azvision.az -a Xalq artisti Leyla Şıxlinskaya karantin günlərindən danışarkən deyib.

Aktrisa bildirib ki, hazırda Qubadakı otelində iki nəfərlə birlikdə özünütəcrid şəraitində yaşayır.

"Qubada balaca otelim var. Mart ayından orada aşpaz və gözətçimlə qalıram. Övladlarımdan biri ailəsi ilə Moskvada, digər qızım isə Sinqapurdadır. Karantinin sonunadək oteldə qalacağam. Burada ağac əkirəm, gülə, çiçəyə qulluq edirəm. Bitkiləri çox sevirəm. Otelin nə zaman açılacağı ilə bağlı insanlar tez-tez zəng edirlər. İzah edirəm ki, nə zaman icazə verilərsə, o zaman qapımız onların üzünə açılacaq. Mən də xalqımızın gəlib istirahət etməyini gözləyirəm, amma qanun qanundur, nə etmək olar.

Təəssüf edirəm ki, yay belə keçir. İnsanlar isti havada çox əziyyət çəkirlər. Uşaqlar, hamilə qadınlar üçün evdə oturmaq çox çətindir. Onlar üçün narahatam. Kimin daha çox əziyyət çəkdiyini bilmirsən. Vəziyyət bir az kədərlidir. Ümid edirik ki, yaxın vaxtlarda virus bitər və hər şey dəyişər. Nə edə bilərik ki".

Aktrisa karantin qaydalarına riayət etdiyini söyləyib: "Karantini sakit keçirirəm, əsəbləşmirəm, gül-çiçəklə məşğul oluram. Ən əsası gülümsəməyə çalışram. Əsəb- stresdən uzaq durmaq lazımdır, bütün xəstəliklərin başında o durur. Hər səhər yuxudan duranda Allaha şükür edirəm ki, bu gün də sağam, əlim tutur, ayağım gəzir. Mən bu fəlsəfə ilə yaşayıram".

# 3418 dəfə oxunub

Müəllifin son yazıları

# # #