Gənc aşıqların diski təqdim olundu

Gənc aşıqların diski təqdim olundu
6 sentyabr 2016
# 10:15

Sentyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Misri” - gənc aşıqların səs incisi” adlı audio diskin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək aşıq sənətinin hazırkı inkişaf mərhələsindən söz açıb.

M.Qasımlı deyib: “Müasir Azərbaycan aşıq sənəti özünün sənət həyatında yeni bir mərhələni fəth etməkdədir. Bu baxımdan ulu öndər Heydər Əliyevin ölkəmizdə müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyası və bu strategiyanın ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi qeyd etmək lazımdır. Bütün bunlarla yanaşı, aşıq sənətinin UNESCO səviyyəsinə qaldırılması, milli musiqimizə və ümumiyyətlə muğam və aşıq sənətinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və qayğını da qeyd etməliyik”.

Məhərrəm Qasımlı bildirib ki, aşıq sənətimizi gələcək nəsillərə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirilir. Bu gün həyata keçirilən “Misri” - gənc aşıqların səs incisi” adlı layihə də bu qəbildəndir.

Diqqətə çatdırılıb ki, diskdə Azərbaycanın bütün bölgələrindən olan 15-35 yaş arası 30-dək gənc aşığın repertuarı toplanıb. Həmçinin, burada ilk dəfə olaraq Balakən və Zaqatala rayonlarından olan gənc tamburçu aşıqların repertuarı da yer alıb.

Qeyd olunub ki, layihənin həyata keçirilməsində məqsəd aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanılması və bu sənətin bölgələrdə geniş şəkildə yayılmasını təşkil etməkdən ibarətdir.

Sonda diskin təqdimatı olub.

Tədbir aşıq musiqisindən ibarət konsert proqramı ilə davam edib. /AzərTac/

# 1121 dəfə oxunub

Müəllifin son yazıları

# # #