Allah var, amma mən ona inanmıram

Allah var, amma mən ona inanmıram
19 iyun 2015
# 19:45

Kulis Günel Natiqin “Vladimir Mayakovski - ölüm bütün cəhdlərin sonuncusu” məqaləsini təqdim edir.

Onun şəxsiyyəti indiyədək sual doğurur, amma bir məqam şəksizdir - o, dahi idi. O, poeziyaya öz həqiqətini gətirmişdi: “Poeziyaya hansı səslə gəlirsiz, gəlin, təki öz səsinizlə gəlin”. Bu səsin arxasınca gedən, eksperimentlər edən çox oldu; çoxları üçün o, azadlıq simvolu idi...Özü isə bacardığı qədər azad idi. İçində inciklik vardı: “Allah var, amma mən ona inanmıram”. Dünyanın ədalətsizliyi onu yaşamağa qoymurdu.

...Böyük rus şairi, dramaturqu Vladimir Mayakovski 1893-cü ildə, Gürcüstanın Kutaisi bölgəsinin Bağdadi kəndində doğulub. Atası meşəbəyi idi. Volodyadan savayı, ailədə iki qız uşağı böyüyürdü. Bir müddətdən sonra ailə Kutaisiyə köçür və Mayakovski Kutaisi Liseyində təhsil almağa başlayır.

Burlyuk deyirdi ki, Mayakovskinin yaddaşı Poltavaya gedən yola oxşayır, orda hər ayağın izi var. Amma bununla belə, tarixlər yadında qalmırdı... Atası dünyasını dəyişəndə 13 yaşı vardı. Qəribə ölüm idi. Kağızları bir-birinə tikərkən barmağını sancaq yaralamış və qanına infeksiya keçmişdi. Volodya çox şeyi anlamasa da, ona da aydın idi ki, artıq həyatları bambaşqa olacaq. Atasının dəfnindən sonra cəmi 3 manatları qalmışdı. Nə etməli? Ağıllarına ilk gələn stol-stulları satıb tez-tələsik şəhərdən köçmək olmuşdu. Heç özləri də bilmirdi, niyə məhz Moskvaya gedirlər. Axı, orada, demək olar ki, heç kimləri yox idi...

Volodya Moskvada klassik gimnaziyaya daxil olur, ancaq təhsil haqqını ödəyə bilmədiyindən xaric edilir...

Bir dəfə yenə “Poltavaya gedən yolun yolçusuydu”; xatirələr ona aman vermirdi, xatırlayır ki, günlərin birində onu nöyüt satmağa göndərmişdilər. 10 manat qazanc qalmışdı. Sevincinin həddi-hüdudu yox idi. Nə edəcəyini çox da düşünmədən, mağazadan dörd şəkərli çörək alıb yemişdi. O vaxtdan çörək onda acı xatirələr oyadırdı...

Ailə ayda cəmi 10 manat təqaüd alırdı. Yaşamaq mümkün deyildi. Volodyanın az-çox rəssamlıq qabiliyyəti vardı. O, rəsmlər çəkir, müxtəlif əşyalara naxış salırdı. Xüsusilə rəngbərəng pasxa yumurtaları yaxşı yadındadır; onları kustar mağazada 10 qəpikdən satırdı. O vaxtdan istənilən kustar, əldəqayırma əşya onda kədərli duyğular oyadırdı...

Rus futurizmi və Marksizm

Fəlsəfəyə meyli vardı. Xüsusilə marksizm onu özünə çəkirdi. “Marksizmin girişi qədər mənə təsir edən incəsənət nümunəsi tanımıram”, - deyirdi. O vaxt gimnaziyada qeyri-leqal jurnal çıxırdı. O da jurnal üçün kiçik məqalələr yazmağa başlayır. Özü də fərqində olmadan, inqilabi ovqatda yazırdı. 1908-ci ildə bolşeviklərin partiyasına daxil olur. Bir müddətdən sonra inqilabi fəaliyyətinə görə həbs olunur, amma yetkinlik yaşına çatmadığı üçün həbsdən azad edilir. Özünü incəsənətə həsr etməyi qərara alan Mayakovski rəssamlıq peşə məktəbinə daxil olur. Orada rus futuristlərinin təşkilatçısı David Burlyukla tanış olur.

Burlyuk - bütün günü əlləri cibində, mahnı zümzümə edərək gəzib-dolaşan bu adam, ilk baxışda Mayakovskiyə ciddi təsir bağışlamır. Ancaq təsadüfi ünsiyyət onları bir-birinə sevdirir. “Daviddə müasirlərinin ona laqeydliyindən yaranmış sənətkar qəzəbi vardı, məndə isə köhnəni dağıtmağın zəruri olduğunu düşünən insan ruhu”, - deyirdi Mayakovski, - “hər ikimiz klassikanı yeknəsəq və darıxdırıcı sayırdıq. Beləcə, rus futurizmi yarandı”.

Növbəti gün Mayakovski bu ruhda ilk şeirini yazır. Amma o, şeirin zəif alındığını düşünürdü, ona görə onu özünün yazdığını deməyə utanır, Burlyuka: - “Bir tanışım yazıb”, - deyir. Onlar bu vaxt axşam gəzintisinə çıxmışdılar. Şeiri dinlər-dinləməz, Burlyuk ayaq saxlayır və diqqətlə Mayakovskiyə baxıb deyir: “Bunu özünüz yazmısınız! Siz ki dahisiniz!”

Bu tərifə layiq olmasam da, belə bir möhtəşəm epitet məni sevindirdi”, - yazırdı Mayakovski, - “və mən özümü bütünlüklə poeziyaya həsr etməyi qərara aldım. Həmin axşam özüm də fərqinə varmadan şairə çevrildim”.

Mayakovski futuristlərin almanaxında çap olunmağa başlayır. Üsyançı xarakteri şeirlərdə də özünü göstərirdi. İnqilabi ovqatda yazdığına görə peşə məktəbindən qovulsa da, həyatından məmnun idi. O, həmfikirləri ilə Rusiyanı gəzib-dolaşır, futurist incəsənətini təbliğ edirdi. Artıq o, özünü işinin ustası sayır, mövzuya bütünlüklə hakim ola bilirdi. Bu illərdə gənc şair “Şalvarlı bulud” əsəri haqqında düşünməyə başlayır.

Onun qadınları

Mayakovski qadınlara qarşı laqeyd deyildi. Həyatında saysız-hesabsız qadın olsa da, yeganə muzası Lilya Brik idi. Lilya Rusiya Məhkəmə Palatasının üzvü Yuri Aleksandroviç Kaqanın qızıydı. İlk gəncliyindən ədəbiyyatla sıx bağlı olan Lilya Brik - Pasternak, Şklovski, Xlebnikov, Kamenski kimi məşhur qələm adamlarıyla dostluq edirdi. Mayakovski haqqında isə hələ 1913-cü ildə eşitmişdi. O zaman Mayakovskinin həyatında 17 yaşlı sevgilisi Elza var idi. Lilya Brik isə Osip Brik ilə evli idi.

Mayakovskini Brik ailəsiylə Elza tanış edir. Onlar o vaxt Jukovski küçəsindəki mənzildə yaşayırdılar və sonralar Mayakovski bir müddət onlarla bu mənzili paylaşacaqdı... Tanışlıq zamanı o, “Şalvarlı bulud” şeirini oxuyur və dərhal da onu Lilyaya həsr edir.

Mayakovski həmin günü “ən sevimli tarix” adlandırır. Həyat, beləcə, davam edir... Mayakovskinin Lilyaya bağışladığı üzüyün içində onun adının, soyadının baş hərfləri vardı: “Lyub”. Və bu, onun əbədi sevgi etirafı idi... Lilya ölən günə kimi üzüyü barmağından çıxarmayacaqdı...

Lilya Myakovskini görən gündən az qala yer üzünün bütün kişiləri gözündən düşmüşdü. Mayakovski ilə müqayisədə hamı “küt” və “eybəcər” idi. Ona məktublarında yazırdı ki, mən sənin xəyalınla yaşayıram, gecə-gündüz səninlə danışıram, səni hiss edirəm... Lilyada Vladimiri qorumaq instinkti vardı, bu hiss onun məktublarında da duyulur. Mayakovski də onu zərərli ola biləcək vərdişlərdən qoruyurdu. Məktublarının birində Lilya Mayakovskini sevindirmək istəyirdi: “Əzizim, mən daha içmirəm, görürsən, hər şey yaxşıdır”.

Amma Mayakovski üçün “yaxşı” anlayışı qəliz mahiyyət daşıyırdı. Başqaları üçün vacib olan şeylərin onun üçün əhəmiyyəti yox idi və ya əksinə. Məsələn, o, Lilyanı bütün varlığı ilə sevdiyinə baxmayaraq, kənarda da macəra axtarır və hər dəfə bağışlanmasını xahiş edirdi. Hərçənd özü də anlayırdı ki, bəlkə də bu onun son şansıdır. Nəticədə hər ikisi izahı mümkün olmayan mürəkkəb hisslər yaşayırdı.

Tatyana Yakovlevaya məktub

Mayakovskinin lirikası özünəməxsus və orijinaldır. Onun sevgi şeirləri birbaşa sevgiyə aid deyil, amma tam mənası ilə sevgini ifadə edir. “Tatyana Yakovlevaya məktub” kimi.

O, sosializmi sevirdi, onun üçün sevgi - Vətən sevgisi boyda idi. Yəni insana olan sevgi Vətən sevgisindən böyük ola bilməzdi. Bu şeirində də o, öz sevgisindən Vətəndən danışdığı kimi danışır.

Tatyana Yakovleva 1925-ci ildə Parisə - əmisi, rəssam Yakovlevin yanına getmiş və həyatını həmişəlik bu şəhərlə bağlamışdı. Mayakovski onu 1928-ci ildə Parisdə görür və bu gözəl, aristokrat xanıma vurulur. Hətta ona evlənmək təklif edir. Tatyana Mayakovskiyə yalnız bir şərtlə ərə getməyə razı idi - o, Sovet İttifaqını tərk edib Parisə gəlsin. Mayakovski Moskvaya qayıdır və Tatyanaya məktub yazır. Bu şeirdə kəskin sarkazmla bərabər, kiçik bir ümid də vardı. O, şeirdə yazırdı ki, heç bir sevgi ehtirası vətənpərvərlik duyğularına üstün gələ bilməz. Eyni zamanda, Paris məhəbbətindən söhbət açır və yazırdı ki, o, parisli qadınları sevmir, çünki onlar bər-bəzək, makiyajla öz təbii varlıqlarını ustalıqla pərdələyirlər...

Sonda Tatyananı Vətənini sevməməkdə qınayır və günahlandırırdı... Bir ildən sonra Mayakovski onun ərə getdiyini öyrənir. Romantik Paris məhəbbəti, beləcə, qəmli sonluqla bitir...

20-ci illərin sonlarında o, ən yaxşı pyeslərini yazır: “Taxtabiti” və “Hamam”. Bu əsərlərdə o, dövrün acı reallıqlarına gülürdü. Amma Mayakovskinin, bürokratizmi satira hədəfinə alması onun üçün yaxşı qurtarmır. Rəsmi versiyaya görə, bu kimi problemlər Sovet İttifaqında mövcud deyildi. “Mövcud olmayan” problemlərin təsviri rəhbərliyə xoş gəlmir. Qəzetlərdə Mayakovskinin əleyhinə tənqidi məqalələr peyda olur, onu yaradıcı birliklərdən xaric edirlər. İndiyə qədər bəxti üzünə gülən şair birdən-birə uğursuzluğa düçar olur.

1930-cu ildə o, 20 illik yaradıcılığına həsr olunmuş sərgi təşkil edir, amma heç kim, hətta keçmiş həmkarları da sərgiyə maraq göstərmir. Mayakovski son gücünü toplayıb həyatındakı “qara zolağın” bitəcəyi anı gözləyirdi.

Qəribəlikləri

Mayakovski həyatda olduğu kimi, şeirlərində də inqilabçı baxışlarını gizlətmirdi. Şeirlərində söyüş söyür, açıq-saçıq ifadələr işlədirdi. Yaxından tanıyanlar onun qumarbaz olduğunu söyləyirdi. Bəzi şayiələrə görə, məhz qumara olan aludəçiliyi ona həyatı bahasına başa gəlmişdi. Axı ölümünün əsl səbəbini heç kim bilmirdi... Vasvası olmasına baxmayaraq, evində çoxlu it-pişik saxlayırdı. Hətta ev sahibi mənzili “heyvanxanaya” çevirdiyinə görə onu boşaltmasını xahiş etmişdi.

Çox az adama bəllidir ki, ədəbiyyatdan savayı, o, kinematoqrafiya ilə də sıx bağlı idi. Bir neçə ssenari yazmış, hətta filmlərin birində aktyor kimi də oynamışdı. Yeri gəlmişkən, Lilya Brik öz məktubunda onunla filmlərin birində tərəfmüqabil olmaq arzusunu gizlətmirdi. Lilya Brik... Bütün yollar son nəhayətdə bu qadına gedib çıxırdı.

Bu, qəribə sevgi idi. Onlar bir müddətə ayrılır, kənarda macəra yaşayır, sonra yenidən hər şeyi unudur və yalnız bir-biriləri üçün yaşayırdılar. Yenidən şair vəcdə gəlir və yeni əsərlər yaradırdı. Onun, az qala hər əsərinin Lilya ilə bağlı tarixçəsi var...

Son məktub

“Lilya, mən görürəm ki, sənin qərarın qətidir. Bilirəm ki, mənim israr etməyim sənə əzab verir. Amma bu gün böyük bir faciə yaşadım və bu məktub mənim üçün saman çöpü kimidir. Mən heç vaxt belə ağırlıq hiss etməmişdim, görünür, çox böyümüşəm. Əvvəllər, sən məni qovanda, inanırdım ki, biz nə vaxtsa görüşəcəyik. İndi isə mənə elə gəlir ki, məni həmişəlik həyatdan qoparıb atıblar və bir də heç vaxt heç nə olmayacaq. Sənsiz mənə həyat yoxdur. Səndən məni bağışlamağını istəmirəm. Sənə heç nə vəd edə bilmərəm. Bilirəm, elə bir vəd yoxdur ki, səni mənə inanmağa məcbur eləsin. Və elə bir üsul, vasitə də yoxdur ki, səni görə bilim və sən bundan əzab çəkməyəsən. Buna baxmayaraq, yazmaya bilmədim... Əgər sonuncu dəfə cəhd etmək istəsən, məni bağışlayacaqsan. Mənim fikrimdə, xəyalımda ancaq sən varsan. 7 il qabaq səni necə sevirdimsə, bu gün də eyni məhəbbətlə sevirəm. Əmr et, nə istəyirsən tələb et, hər şeyə razıyam. Əgər bu məktub sənə ağrıdan və nifrətdən savayı, hansısa başqa hisslər də yaşatdısa, Allah xətrinə, cavab ver. Əgər yazmasan, bu mənim üçün böyük faciə olacaq”.

Son bir ildə onun bütün həyatı alt-üst olmuşdu. Qəzetlərdə haqqında tənqidi materiallar dərc olunurdu, bundan başqa, səsini itirmək qorxusu vardı. “Hamam” tamaşası isə uğursuzluğa düçar olmuşdu...

Lilya Brikə yazılan məktub, müəllifinin özünün dediyi kimi, boğulan adamın saman çöpündən yapışmasına bənzəyirdi. Bu, bəlkə də həyatda qalmaq üçün son cəhd idi. Bəlkə də bu illər ərzində Lilyanı ona görə çox sevirdi; hər dəfə ona yenidən başlamaq üçün daha bir cəhd eləmək şansı verdiyi üçün.

Tapançanı beyninə dirəmiş bu adam indi, son dəqiqədə anlayırdı ki, Lilya ona - öz başına çarə qıla bilməyən bu hərdəmxəyal şairə cavab verməməklə, ona daha bir cəhd şansı verir. Bu cəhddən necə istifadə edəcəyi isə artıq onun öz qərarı idi...

Aydın yol

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

# # #