Kətana çökmüş Şuşa həsrəti

Kətana çökmüş Şuşa həsrəti
26 iyul 2013
# 13:59

Azərbaycanın musiqi beşiyi adlandırılan Pənahabad-Şuşa yurdumuza şairə-rəssam Xurşud Banu Natəvan, Mir Mövsüm Nəvvab, Qənbər və Səfər Qarabağı qardaşları, xalçaçı rəssam Lətif Kərimov kimi fırça ustalarını da bəxş etmişdir.

İşğal gününədək Şuşada yaşayıb-yaratmış rəngkarlar Rövşən Bayramov, Eldar Tağıyev, Tofiq Zeynalov, Valeh Məmmədov Şuşa təsviri sənət məktəbinin layiqli davamçılarıdır.

Xəzərin sahilində-küləklər şəhərində ömrünün 60-cı baharını Şuşasız keçirən fırça ustası Rövşən Bayramov ağlına da gətirə bilməzdi ki, gün gələcək bu böyük şəhərdə uca dağlar başında əsir qalan ürəyinin şüşəsinin-Şuşasının təbiət təsvirlərini, tariximizi yaşadan dolanbac küçələrini kətana köçürəcək. İnsan taleyinin ən ağır yükü olan yurd həsrəti yükümlüsünə çevriləcək.

Bir az əvvələ qayıdaq, onun Şuşalı günlərinə... Şuşanın tanınmış həkimlərindən Mehrab həkim, İbrahim xanın nəslindən olan ömür-gün yoldaşı İsmət xanımla birlikdə ocağında 11 övlad böyüdürdü. Təbiətən aristokrat ruhlu bir şəxs olan Mehrab həkim uşaqlarının estetik zövqlərinin formalaşmasına xüsusi önəm verirdi. Bəlkə də elə bu səbəbdəndir ki, incəsənətə ruhən bağlı olan doktor Bayramovun övladları-Sərvər arxitektor-zərgər, Ürfan dəmir üzərində döymə sənətinə yiyələndilər.

Böyüyəndə həkim olaraq özünün davamçısı kimi görmək istədiyi digər oğlu Rövşənin isə həvəsi rəngarlığa idi . Balaca Rövşən bir zamanlar Qacar süvarilərinin qərar tutduğu Topxana meşəsinin, Qarabağ xanı İbrahim xanın öz əsabələri ilə cıdır yarışmalarını şövqlə seyr etdiyi Cıdır düzünün saatlarla seyrinə dalar, bu ilahi gözəllikləri şəkil albomuna köçürərdi. Bu qədim şəhərin bakirə gözəlliyi sonralar gənc rəssamın yaradıcılığında silinməz iz buraxacaq və o , bu gözəllikləri özünün göz və qəlb yaddaşında Bakıya daşıyacaqdı.

Hələliksə gənc rəssam özünün bəxtəvər Şuşalı günlərini yaşayır, rəsm müsabiqələrində iştirak edir, aldığı diplom və təltiflərlə valideynlərini sevindirirdi. Orta məktəbi bitirdikdən sonra atasının tövsiyəsi ilə Tibb İnstitutuna daxil olan gəncin molbertə, fırçaya olan həvəsi, onu bu təhsil ocağını tərk etməyə sövq edir. O, sənətlərini Əzim Əzimzadə adına rəssamlıq məktəbinə verir və bu məktəbin ümidverici tələbələrindən birinə çevrilir. Dövrünün görkəmli rəssamlarından rəngarlığın sirlərini öyrənir. 1974-cü ildə incəsənət ocağını uğurla bitirən gənc fırça ustası yaradıcılıq arzularını reallaşdırmaq üçün Bakıda qalmağı deyil, ilham pərisi doğma Şuşasına dönməyi üstün tutur. Bu dağlar gözəlinin qaynar mədəni mühiti onu öz ağuşuna alır. Əsasən klassik üslubda yaradan rəssamın bu illər ərzində sənət uğurları da az olmur. O dövrün ümumrespublika, ümumittifaq miqyaslı müsabiqələrində uğurla iştirak edir və məhz bu uğurlarının nəticəsi olaraq SSRİ Rəssamlar İttifaqına üzv seçilir. Moskvada-Şərq muzeyində fərdi sərgisi təşkil olunur.

Ötən əsrin 80-ci illəri hər daşında qədim keçmişi yaşadan Şuşamızın tarixinə quruculuq və abadlıq illəri kimi daxil oldu. Qala bürcləri, tarixi abidələr restavrasiya olunduqca əsrlərin dolanbac yollarında itmiş, tarixi yaddaşımız da sanki yenidən bərpa olunurdu.

O illərdə Rövşən Bayramov da öz fırçası ilə bu abadlıq işlərində yaxından iştirak edirdi. Xan qızı Natəvandan bizlərə yadigar qalan Xan qızı bulağının ətrafındakı pannoları, Molla Pənah Vaqifin evinin yerində qoyulmuş şairin büstünün ətrafındakı divar rəsmlərini istedadlı rəngkar bir qrup şuşalı rəssamla birlikdə işləmişdir.

1982-ci ildə incəsənət məbədgahımız olan bu qədim şəhərdə-on səkkizinci əsrdə yaşamış varlı tacir olmuş Kəblə Abbasqulu ağanın malikanəsində respublika rəhbəri H. Əliyevin göstərişi ilə Şuşa Dövlət Rəsm Qalereyası fəaliyyətə başlayır və Rövşən Bayramovun qalereyaya direktor təyin edilir. Fırça ustasının təşkilatçılıq bacarığı sayəsində bu sənət ocağı qısa bir müddət ərzində nəinki Qarabağın, eləcə də respublikamızın tanınmış mədəniyyət mərkəzlərindən birinə çevrilir.

On salondan ibarət olan qalereyada 200-ə yaxın nadir təsviri sənət nümunələri saxlanılırdı. Qalereyanın qızıl fondunu Mir Mövsüm Nəvvabın öz kitablarına çəkdiyi İllüstrasiyalar təşkil edirdi. Bu təsviri sənət evində Qarabağın , eləcə də mərkəzdə-Bakıda yaşayıb-yaradan rəssamların fərdi sərgiləri təşkil olunur, yaradıcılıq gecələri keçirilirdi. Rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət növlərinə aid sənət nümunələri nümayiş olunurdu.

Bu tarixi mədəniyyət beşiyimizin-Şuşamızın çiçəklənmə dövrünü daxilən həzm edə bilməyən, mədəni baxımdan kasadçılıq çəkən, işi-peşəsi qonşularının mədəni-tarixi nümunələrini oğurlamaq olan daşnak tör-töküntüləri səksəninci illərin sonlarından başlayaraq öz məkrli niyyətlərini realizə etməyə başladılar. Plagiat tarixi yaradan bu etnik qrupun başlıca arzularından biri də möhtəşəm şəhəri-Şuşanı ələ keçirmək, qədim mədəniyyət mərkəzimizi dünyaya uydurma erməni mədəniyyətinin bir parçası kimi təqdim etmək idi.

Qarabağ savaşının ilk illərindən Rövşən Bayramovun da yurdunu sevən əksər şuşalılarla birlikdə doğma şəhərinin müdafiəsinə qalxır, gecələr keşikçi məntəqələrində elinin keşiyini çəkir. Bir çoxları kimi aydın sabahların heç də uzaqda olmadığını düşünür...

Şuşanın başı üzərində işğal kabusu dolaşmaqda idi.Uca dağlar başında təbiətin qənirsiz gözəli Şuşa bu kabusla üz-üzə tənha qalmışdı...

O yaradıcılığının şuşalı illərində vurğunu olduğu bu şəhərin bütün al-əlvan rənglərini ağ kətana köçürməyə can atmışdı, tək qaradan başqa...Mayın səkkizi, 1992-ci il Şuşamız işğal olundu, o gün şəhərin Qara Günü idi. Odlara qalanan qala şəhər qara geyinmişdi.

Sonralar illər ötsə də Şuşanın qara gününün qara rəngini heç zaman ağ kətana köçürməyəcəkdi rəssam. Daha doğrusu, köçürmək istəməyəcəkdi. Şuşasız keçirdiyi həsrətli illərdə bu şəhərə həsr etdiyi bütün tablolarında biz bu gözəl məkanı əlvan rənglər fonunda görürük.

O dövrün səriştəsiz ölkə rəhbərliyinin məsuliyyətsizliyi ucbatından digər tarixi-mədəni abidələrlə yanaşı, Şuşa dövlət Rəsm Qalereyası da orada nümayiş olunan bütün əsərlərlə birlikdə düşmən əlinə keçir. İllər ötsə də bu gün də həmin əsərlərin sonrakı taleyi qaranlıqdır.

Şuşasız qalan Şuşa rəsm Qalereyası Rövşən Bayramovun rəhbərliyi altında çətinliklə də olsa Bakıda fəaliyyətini yenə də davam etdirir. Bu illər ərzində istedadlı rəssam 17 məhəllədən ibarət qədim şəhərin bütün məhəllələrini yağlı boya ilə kətana köçürmüş, memarlıq incilərimiz olan Şuşa məscidlərinə aid tablolar yaratmışdır. Təkcə onu demək kifayətdir rəngkar Şuşanın işğalından sonra musiqi beşiyimizə həsr olunmuş 100-dən çox əsər işləmişdir. Bu əsərlərin müəyyən qismi respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəməkdədir.

Rəngkarın fırçasından çıxan rəsmlərdə təsvir olunan tarixi abidələrimizin bir çoxu əfsus ki, artıq mövcud deyil. Bu abidələr erməni vandalları tərəfindən yer üzündən silinmişdir. Şübhə yoxdur ki, gün gələcək biz əzəli ellərimizə dönəcəyik. Həmin abidələrin bərpası zamanı artıq indidən demək olar ki, rəssam Rövşən Bayramovun Şuşamıza aid təsvirləri əvəzsiz rol oynayacaq.

Ömrünün 60-cı baharını Şuşasız yaşayan rəssamın yurdumuzun bu nəğməkar beşiyinə həsr etmiş olduğu bütün rəsmlərində biz tarixi şəhərin abad günlərini görürük. Rəssam özü bu xüsusda söhbət düşəndə deyir: ”Mən Şuşanın odlara qalanan işğal gününü görmüşəm, işğaldan sonrakı dağıdılmış tarixi abidələrinə aid fotolarına ürək ağrısı ilə baxmışam. Ancaq doğulduğum, şirin xatirələri qəlbimdə yaşayan bu şəhərin qəsbkarlar tərəfindən dağıdılmış mənzərələrini kətana köçürməyə əlim gəlməyib. Azərbaycanımızın bu qənirsiz gözəlinin gözəl çağlarının təsvirini verməyə çalışmışam. Buna nə qədər nail olmuşam tamaşaçılarım, seyrçilərim deyə bilər...”

Bu gün Şuşanın işğalından sonra dünyaya gəlmiş, genetik qan yaddaşlarında Qarabağ mədəniyyətinin rüşeymlərini yaşadan körpələrimiz böyüyür. Onlar Qarabağın sabahdaşlarıdır. Hələlik incəsənət sahəsində ilk kövrək addımlarını atan bu körpələr gün gələcək Qarabağ mədəniyyətini öz çiyinlərində dünyaya daşıyacaq, bu diyarın təbliğatçılarına çevriləcəklər. Haqqında söhbət açdığımız rəngkarımızın ocağında da belə bir istedadlı körpə böyüməkdədir-nəvə Anar Bayramov. Balaca Anar Şuşa incəsənət məktəbinin rəssamlıq şöbəsində təhsil alır. Bir sıra ümumrespublika miqyaslı müsabiqələrdə uğurla iştirak etmiş, qalib olmuşdur. Hələlik rəssamlıqda ilk kövrək addımlarını atan Anarın arzularından biri də Şuşa rəssamlıq məktəbini dünyaya tanıtmaqdır. On yaşlı balaca rəssamın çəkdiyi rəsmlərə tamaşa etdikcə bir daha əmin olursan ki, bədxah qonşularımız müvəqqəti də olsa torpaqlarımızın bir qismini qəsb etsələr də, xalqımızın ruhunu yenə bilmədilər. Böyük bir mədəniyyətin daşıyıcısı olan millətimizin ruhu yenilməzdir, yenilməz ruhsa qələbələrin rəhnidir.

Ramiz Şuşalı

# 3653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #