Abid Tahirli
Türkiyəni dünyaya tanıdan xanımın xatirəsinin
təsiri və təəssüratı ilə
Bu günlərdə Türkiyədən tanınmış təhsil işçisi, mahir publisist-tədqiqatçı, Azərbaycan mədəniyyətinin yaxın dostu Ömər Özcandan ünvanıma «Kubbealtı Akademisi Mecmuası»nın 2015-ci il tarixli 173-cü nömrəsində dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlu ilə bağlı dərc olunmuş yazı göndərilmişdir. Mövzu maraqlı və tanış olduğundan (ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən və bir qədər sonralar da – mühacirət mətbuatını araşdırarkən prof. Əhməd Cəfəroğlu və onun naşiri olduğu «Azərbaycan yurd bilgisi» dərgisinə bir neçə məqalə həsr etmişdim), məcmuədəki yazı dərhal diqqətimi çəkdi. Yeri gəlmişkən qeyd edim ki, vaxtı ilə Azərbaycan mühacirlərindən Mirzə Bala Məmmədzadə, Hüseyn Baykara öz əsərlərində «Azərbaycan yurd bilgisi» haqqında bəhs etmişlər. Vilayət Quliyev, Nikpur Cabbarlı, Əbülfəz Quliyev, Xaləddin İbrahimli, Vaqif Sultanlı, Asif Rüstəmli, Mirzə Ənsərli, Elşən Əlülhəsənli, Məşiağa Məhəmmədli, Altuntac Məmmədova, Rəşad İlyasov və bir sıra digər tədqiqatçılar, publisistlər də Azərbaycan mühacirət problemləri, o cümlədən mühacirət tarixi, mətbuatı və ədəbiyyatşünaslığı ilə bağlı araşdırmalarında bu mövzuda dəyərli əsərlər qələmə almışlar. Qardaş Türkiyədə də Ə.Cəfəroğlunun irsi, həyat yaradıcılığına dair xeyli əsər yazılmışdır. Səbahəddin Şimsir Azərbaycan mühacirətinin Türkiyədəki fəaliyyətindən bəhs edərkən, «Azərbaycan yurd bilgisi» dərgisinə də yer ayırmışdır.
Məcmuədə dərc olunan xatirənin aktuallığını, əhəmiyyətini nəzərə alaraq, onunla bağlı təəssüratlarımı bölüşmək istərdim. Əvvəla, «Kubbealtı Akademisi Mecmuası» barədə. Bu, 1970-ci ildən fəaliyyət göstərən Kubbealtı Akademisi Kültür və Sanat Vakfinin dövrü nəşrlərindəndir. Adını Osmanlı dövlətində sədr-əzəmin (vəzir) və digər ali hakimiyyət orqanları təmsilçilərinin mühüm dövlət işləri ilə əlaqədar müzakirələrin keçirilməsi və müvafiq qərarların qəbul edilməsi üçün Divanı Humayuna (məclis, toplantı) Topqapı sarayında ayrılmış bir yerdən – Kubbealtından götürmüş vəqfin məramı, qayəsi elm, fikir və sənətdə türk millətinə xas tarixdən gələn dəyərləri əsas götürərək nəsilləri milli düşüncə və sənət mərkəzi ətrafında toplamaqdır. Bu məqsədə nail olmaq üçün Vəqf konfranslar, simpoziumlar keçirir, müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edir, nəşriyyat fəaliyyəti ilə məşğul olur, kitablar, bülletenlər buraxır. Yuxarıda haqqında bəhs etdiyimiz məcmuə də Vəqfin nəşrlərindəndir.
Məcmuənin sonuncu – 173-cü nömrəsində dərc olunan yazı görkəmli türkoloq, Azərbaycan mühacirətinin parlaq siması, istiqlal mücahidi, İstanbul Universitetinin professoru, «Azərbaycan yurd bilgisi» dərgisinin naşiri və redaktoru Əhməd Cəfəroğlunun qızı Nazan Ölçərə aiddir və «Babam prof.dr. Ahmet Caferoğlunun anısına» adlanır. Bu xatirə bir çox cəhətləri ilə aktual və əhəmiyyətlidir:
- dünya türkologiya elminə misilsiz töhfələr vermiş prof. Əhməd Cəfəroğlunun irsini və həyatını, iş metod və prinsiplərini daha dərindən öyrənmək;
- Türkiyədəki Azərbaycan mühacirlərinin fəaliyyəti, onların Türkiyənin ədəbi-mədəni, ictimai həyatındakı rolu və yeri ilə daha yaxından tanış olmaq və dəyərləndirmək;
- prof. Fuad Körpülü, Mir Yaqub Mir Mehdiyev, Ayaz İsaqi kimi görkəmli xadimlərlə Əhməd Cəfəroğlu arasında sıx əməkdaşlıq və dostluğa çevrilmiş şəxsi münasibətlərə bələd olmaq;
- prof. Əhməd Cəfəroğlunun məsləyinə bağlılığı, eləcə də bir sıra digər şəxsi keyfiyyətləri ilə tanış olmaq üçün bu xatirə mötəbər məxəzlərdəndir.
Digər tərəfdən isə bu yazı dünya muzey mədəniyyətinin patriarxlarından, muzey işinin canlı əfsanəsi Nazan Ölçərin də tərcümeyi-halına, keçdiyi çox zəngin, şərəfli, şöhrətli həyat yoluna bir daha qısaca da olsa, nəzər salmağa vəsilə olur ki, bu barədə bir qədər sonra bəhs edəcəyik.
Nazan xanım xatirəni maraqlı girişlə – qədirbilənliklə başlayır: «Atam prof.dr. Əhməd Cəfəroğlunun yaşamı, pedaqoji fəaliyyəti və türkologiya dünyasındakı öncü çalışmaları haqqında çox sayda nəşrlər buraxıldı. Yetişdirdiyi dəyərli elm adamları, tələbələri istər nəşrlərdə, istərsə də toplantı, konfrans və digər tədbirlərdə onun xatirəsini əziz tutublar. Əksəriyyətini tanıdığım köhnə dostlara vəfaları üçün təşəkkür edirəm». Xatirə müəllifi bu yazıda atasının «müstəsna bir ata və əmsalsız bir yol göstəricisi» kimi xatırlamaq istədiyini bildirir və onun üçün də əvvəlcə Əhməd Cəfəroğlunun tərcümeyi-halına qısaca nəzər salmağı lazım bilir. Müəllif haqlı olaraq belə hesab edir ki, «bir çox davranış biçiminin qaynağı» onun keçdiyi həyat yolu ilə bağlıdır. Nazan Ölçər atasının 1899-cu ildə Gəncədə, ticarətlə məşğul olan ailədə dünyaya gəldiyini, özündən böyük iki bacısı, bir qardaşı olduğunu, kiçik yaşlarında ikən əvvəl atasını, sonra anasını itirdiyini və əmilərinin himayəsində qaldığını yazır. Gəncədə orta təhsilə yiyələnir, Kiyevdə Ali Ticarət Məktəbinə daxil olur. Lakin ölkədə baş verən hadisələr görə Vətənə qayıtmaq məcburiyyətində qalır, silaha sarılaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Universitetində qısa vaxt təhsilinə davam edir, ölkənin Qızıl Ordu tərəfindən işğalından sonra isə Azərbaycanı tərk edərək Türkiyədə yerləşir və İstanbul Universitetində görkəmli türkoloq, prof. Fuad Körpülünün tələbəsi olaraq türkologiya təhsilinə başlayır. Nazan xanım yazır ki, «atam məmləkətinə duyduğu böyük həsrətə rəğmən, o illərdən heç bəhs etməzdi, sanki qaysaqlamış yaraya toxunmaq istəmirdi».
Prof. Əhməd Cəfəroğlu ailəsində cümə günlərinin xüsusi yeri vardı. Hər cümə axşam yeməyinə böyük tədarük görülər, plov bişirilər, qonaqların gəlişi səbirsizliklə gözlənərdi. Xatirədə oxuyuruq: «Bu məclislər dəvətə ehtiyacı olmayan bir ənənəyə çevrildiyindən müsafir olmadan süfrəyə oturulduğu heç bir cümə gününü xatırlamıram». Cümə məclislərində hər həftə fərqli müsafirlər olsa da, qonaqların ikisi daimi idi: Azərbaycanlı Mir Yaqub bəy və Kazanlı Ayaz İshaqi bəy. «Ailəmizin bir parçası olan bu iki yaşlı müsafir mənim də çox sevdiyim və hər cümə günü həyəcanla gözlədiyim kişilər idi» - yazan Nazan xanım qonaqların arasında siyasi səbəblər üzündən vətənlərindən ayrı düşən Türkistanlı, başqırt, tatar, Azərbaycanlı tarixçilər, şairlər, əcnəbi türkoloqlar olduğunu və onların elmi, siyasi mövzularda uca səslə, ehtirasla mübahisə etdiklərinin şahidi olduğunu qeyd edir və yazır ki, qonaqlar bəzən anlamadığım bir dildə danışırdı, anam sonralar onların rus dilində söhbət etdiyini deyirdi. Nazan Ölçər məclisdə anasının ona öyrətdiyi Yəhya Kamalın son şeirlərindən əzbər söylədiyini, pianoda müxtəlif mahnılar ifa etdiyini xatırlayır.
Nazan Ölçər Əhməd Cəfəroğlunun Universitet tələbələrindən olan anasının ədəbiyyatı sevdiyi qədər musiqi və incəsənətə də böyük maraq göstərdiyini, eyni zamanda «mükəmməl bir ev sahibi» olduğunu, müsafirlərə, xüsusi ilə Mir Yaqub bəyə və Ayaz İsaqi bəyə diqqət, qayğı göstərdiyini vurğulayır. Nazan xanım azyaşlı olsa da, atasına böyük ehtiram bəslənildiyini müşahidə edə bilmişdi: «Hər cür bayram, tarixi, əlamətdar gün, düyün və ya cənazənin birlikdə yaşandığı kədər və nəşədə ortaq olunduğu ortamda atama böyük bir sayğı göstərildiyini çocuq gözümlə belə görməkdəydim». Bu hörmət, bu nüfuz «onun kimsədən əsirgəmədiyi insani tavrından qaynaqlanırdı». Əhməd Cəfəroğlu kasıblara, xəstələrə yardım edir, kimsəsizlərə sahib çıxırdı.
Nazan Ölçər qonaqların önəmli kişilər olduqlarını söhbətlərindən hiss etdiyini, lakin Vətənləri üçün «nə qədər dəyərli» olduqlarını illər sonrası öyrəndiyini yazır. Nazan Ölçər atasının hər yay «Anadoluya dil araşdırmaları üçün gediş hazırlığını», çətinliklərlə dolu bu uzaq səfəri səbirsizliklə, az qala günlərini saya-saya gözlədiyini, Bağdad və Ərzurum Universitetlərində türkologiyaya dair yeni bölümlər açmaq üçün fədakarlıqla çalışdığını, İstanbuldakı «Azəri Kardeşlər Yardımlaşma Dərnəyi»ndəki fəaliyyətini maraqlı bir dillə təsvir edir, unudulmaz xatirə kimi yada salır, eyni zamanda «qara buludların» da onların ailəsindən yan keçmədiyini, atası ilə anasının ayrıldığını kədərlə yada salır.
Nazan Ölçər də hələ gənc yaşlarından atası kimi «oxumaq, başarılı olmaq, ən önəmlisi isə bunları onun bəlkə görməyəcək olma ehtimalı təlaşına qarşı hər şeyə qısa müddətdə nail olmaq istəyi yaratmışdı. Nazan xanım yazır ki, atam alman dilinin elm dili olduğunu bildirir və mənim də bu dili dərindən öyrənməyimi israr edirdi.
Nazan Ölçər atası Əhməd Cəfəroğlunun türkologiya sahəsindəki xidmətlərini özünəməxsus və yığcam ifadə edir: «Dillərin tarixdə daima başlıca mədəniyyət daşıyıcısı olduğu gerçəyini bütün həyatı boyunca müdafiə etdi: dillərdən kəlmə və isimlərdən yola çıxaraq bənzərsiz mədəniyyət tarixi araşdırmalarının öncüsü oldu».
Xatirə-yazı həzin notlarla bitir: «Atamı 40 il öncə, 6 yanvar 1975-ci ildə ürək infarktından itirdik. Bir neçə gün əvvəl yoldaşlarımızla evimizdə yeni il gecəsinə hazırlığa qatılmış, yeni il gecəsi coşqu ilə rəqs etmiş, hər kəsi heyran etmişdi… Bu gün geri boylananda atamdan zəngin miras qaldığını, ondan nə qədər çox şey öyrəndiyimi görür və məni bir daha dərin heyranlıq və həsrət hissi bürüyür».
Yuxarıda qeyd etdiyimiz kimi, bu xatirə dünya şöhrətli müəllifin – Nazan Ölçərin də tərcümeyi-halı və fəaliyyətinə, nəsillərə nümunə mənalı, şərəfli ömür yoluna bir daha qısaca olsa da, nəzər salmağa vəsilə oldu.
Nazan xanım İstanbuldakı Avstriya liseyini bitirdikdən sonra təhsilini və elmi dərəcəsini Almaniyada Münhen Lyudviq Maksimillian Universitetində tamamlamış, bir müddət həmin Universitetdəki və Vyanadakı Etnologiya, Berlindəki İslam İncəsənəti muzeylərində çalışmış, İstanbulda 1972-ci ildən işləməyə başladığı Türk və İslam Əsərləri Muzeyində (Osmanlı imperiyasının baş memarı Sinanın (1489-1588) ucaltdığı Süleymaniyyə məscidində 1913-cü ildə fəaliyyətə başlamış, 1983-cü ildə XVI əsrin möhtəşəm tikililərindən olan İbrahim Paşa Sarayına köçürülmüşdür) az sonra direktor vəzifəsinə irəli çəkilmiş və bu muzeyə 25 il rəhbərlik etmişdir. Həmin dövrdə muzey öz tarixinin ən parlaq illərini yaşamış, sərgiləri, mədəni-kütləvi tədbirləri ilə nəinki Türkiyəyə, bütün Avropaya səs salmış, əsrlərlə muzeyçilik ənənəsi olan qoca qitənin, o cümlədən Fransa, İtaliya, Almaniya kimi muzey ölkələrinin yüksək mükafatlarına, Avropada hətta ilin ən yaxşı muzeyi adına layiq görülmüşdür. Muzey quruculuğuna, muzey işinin təşkilinə dair həm Türkiyədə, həm də xaricdə müxtəlif dillərdə dəyərli əsərləri nəşr olunmuş Nazan xanım 2003-cü ildə Bern universiteti tərəfindən fəxri doktorluq dərəcəsinə layiq görülmüşdür.
Nazan Ölçər 2002-ci ildən Saqib Sabançı Universiteti nəzdində fəaliyyətə başlayan Saqib Sabançı Muzeyinə direktor təyin edilir. Üstündən illər keçəcək Funda Özkan «Radikal» qəzetində Saqib Sabançı muzeyi ilə bağlı məqaləsində yazacaqdır ki, Nazan Ölçəri dövlət itirdi, Sabançı tapdı (15 may 2008).
Məşhur Topqapı Sarayı Muzeyinin (Fateh Sultan Mehmet tərəfindən 1478-ci ildə inşa edilmiş Topqapı Sarayında Mustafa Kamal Atatürkün əmri ilə 1923-cü ildən rəsmən fəaliyyətə başlasa da, XIX əsrin sonlarından – Sultan Abdulməcid dönəmindən İstanbula gələn ali qonaqlara muzey kimi göstərilirdi) direktoru prof.dr. İlbər Ortaylı Nazan Ölçərin muzeyçilik sahəsindəki fəaliyyətini yüksək qiymətləndirir və onu «Sarayın kethüda xanımı» (Milliyet.com.tr 27 iyul 2009), «Avropanın bir nömrəli muzey müdiri» («Vatan», 2 noyabr 2009) adlandırır.
Təxminən 10 il əvvəl Türkiyənin tanınmış köşə yazarlarından Ərdal Şəfəq Nazan Ölçər haqqında «SABAH» qəzetində dərc etdirdiyi «Atlı köşkdə bir saraylı» adlı məqaləsində (29 yanvar 2006-cı il) bədii ifadə vasitələrindən – az qala bütün müsbət mənalı məcazlardan ustalıqla və qəhrəmanına layiq istifadə etmişdir. Müəllif Nazan Ölçəri gah «Türkiyə ilə Avropa arasında hər il yeni kültür körpüsü quran bir qəhrəman» , gah «uyarlıqlar dialoqunun sakit, amma son dərəcə təsirli bir memarı», gah da «dünya sənətinin ən böyük ustalarını türk xalqına tanıdan missioner» adlandırır. Mərhum Saqib Sabançının «Elə bir muzey yaradaq ki, Pikassonun da əsərlərinin sərgisini təşkil edə bilək» – təklifinə Nazan xanım «Mən çılğın ideyaları sevir və onları həyata keçirməyə can atıram» – demiş, qısa müddətdə dünya standartlarında bir muzey yaradılmasına nail olmuş və ona rəhbərlik etmişdir.
Ərdal Şəfəq haqlı olaraq Nazan xanımı «dünyanın ən öndə gələn muzeyçiləri sırasında görür», yazır ki, onun aldığı ödülləri saymaqla qurtarmaz. Türkiyə, Fransa, Almaniya, İtaliyada… Nazan Ölçərin bir-birinin ardınca təşkil etdiyi sərgilərin bütün dünyada əks-səda verdiyini vurğulayan publisist sonda yazır: «…İstanbulluların əlindən tutub zorla, önlərinə düşərək çağdaş kültür yoluna yönəltdi. Sadəcə İstanbulluları deyil, bütün Türkiyə xalqını da…».
2013-cü ildə Nazan Ölçərin təltif edildiyi «Chevalier dans l’Ordre National de la Légion d’Honneur» nişanının (yeri gəlmişkən Nazan xanım 1991-ci ildə Fransa Mədəniyyət Nazirliyi tərəfindən «Chevalier des Arts et des Lettres» nişanına da layiq görülmüşdür) Fransada keçirilən təqdimat mərasimində xəbərdə Nazan xanım çıxışını bu cümlələrlə bitirir: «Mənim ömrüm ürəyimdəki arzuları həyata keçirməyə yetməz, amma bizdən sonra gələn nəsil bundan sonra da uzun bir yolda yürüyəcəkdir» (Yasəmən Bay. Milliyet.com.tr).
Professor Vilayət Quliyevin «İstanbulda bir xanım – Nazan Ölçər» adlı oçerkində bir türk publisistindən gətirdiyi sitat sərrast və yerindədir: «Türk müəlliflərindən birinin dəqiq müşahidə etdiyi kimi, Əhməd Cəfəroğlunun ən böyük şah əsəri isə, heç şübhəsiz, dünya miqyasında tanınan qızı, muzeyşünas alim Nazan Ölçər-Cəfəroğludur. Nazan xanım atasının türk dili, ədəbiyyatı və folkloru sahəsində başladığı və yarım əsr şərəflə daşıdığı estafeti türk xalq sənəti sahəsində eyni uğurla davam etdirir. Kiçik ailə sülaləsi – ata və qız son səksən il ərzində türk mədəniyyətinin öyrənilməsinə, dünya miqyasında təbliğinə əvəzsiz töhfə vermişlər».