Qarabağ qazisinin ad günü

Qarabağ qazisinin ad günü
18 fevral 2016
# 13:30

"Harda işləyirsən, müəllim?" sualına "qul bazarında" deməyə əvvəl-əvvəl özünə sığışdırmırdı; zəhmət çəkib beş il ali məktəb oxumuşdu. Amma gizlədəsi bir şey də yox idi. Hər şey göz önündə idi. Balalarını ac qoymayacaqdı ki! Başladı yavaş-yavaş bu suala öyrəşməyə, - həm özü, həm də qohum-qardaş, tanış-biliş... Daha soruşmurdular ki, harda işləyirsən. Onu tanıyanlar, xasiyyətinə bələd olanlar sadəcə "müəllim, yenə əvvəlki yerindəsən?"- deyə soruşurdular. O da, başının hərəkətilə dinməzcə "hə" deyirdi.

Bir dəfə, cəmi bir dəfə öz iş yeri barədə yalan danışmalı oldu, o da, həmin dəqiqə yalanının üstü açıldı. Özü də pis açıldı. Komandiri bir gün ölüm ayağında onu yanına çağırmışdı.

- Malış, əsgərliyin ilk günü aramızda olan söhbət yadındadır?

Əlbəttə yadındaydı. Belə gün yaddan çıxar?

- Hə... – demişdi, - elə gün yaddan çıxar?

...Həmən gün komandir onu yanına çağırıb: “Malış, orduya niyə gəlmisən?” – demişdi və gözgörəti onun boyunun balacalığına eyham vurmuşdu. O da, boy-buxununa yaraşmayan bir böyüklüklə: “Vətəni azad etməyə, milləti rusun qulu olmaqdan qorumağa!” - demişdi və indiki kimi yadındadı, onun bu sözləri komandirin gülüşünə səbəb olmuşdu. İndi yataqda can verən komandir o vaxt onu bağrına basıb demişdi: “Nə bu vətən, nə də bu millət bir daha qul ola bilməz. Çünki bizlər varıq, sən varsan, mən varam...”

Sonradan, özünün etirafına görə, komandir ilk dəfə öz əsgərlərinin qabağında ağlamsınmışdı.

İndi komandir ölüm ayağında onu görmək istəmişdi və o, “yenə həminki işindəsən, məllimsən?" soruşanda, "hə, əvvəlki işindəyəm"- demişdi.

Komandir:

- Millətin balalarına yalan öyrətmə, məllim! Onlara vətəni sevməyi öyrət. Öz balaların kimi! - deyəndə o, hönkürüb ağlamışdı; ilk dəfə olaraq komandirinə yalan danışdığı üçün, qul bazarında işlədiyini gizlətdiyi üçün olmazın xəcalət çəkmişdi.

Amma onun bu yalanının ömrü çox sürməmişdi. Aptekə dərman dalıyca gedən cəbhə dostu Kazım içəri girər-girməz:

- Şərəfsizlər!... - deyib az qala ağlamağa başlamışdı. O da, hər şeydən xəbərsiz, nə baş verdiyini soruşanda, Kazım əsəbi halda - Rədd ol sən də! Təpənə dəysin sənin azadlığın da! Vətəni azad edib, ali savadın ola-ola, özün qul bazarında işləyəcəkdinsə, nəyinə lazım idi bu azadlığın?! Sənin dilə-ağıza sığışmayan azadlığına görə indi məni aptekdən vızıldatdılar eşiyə. Deyirəm, qızım, dərmanların qiymətini de görüm pul çatır, ya çatmır. Nə desə yaxşıdı mənə? Deyir, get pulun çatanda gələrsən. Mənə lazım idimi bu azadlıq?

Kazım sakitləşəndən sonra onu da dedi ki, aptekdə işləyən qız onun "pulum yoxdursa, nə etməliyəm?" sualına "get özünü as"- deyib. Kazımsa özünü asa bilməzdi; çünki o hələ də səngər həsrəti ilə yaşayırdı.

O gün komandir onun dolmuş gözlərinə baxıb təəssüflə başını yelləmişdi:

- Niyə məni aldatdın?

O isə utandığından, pərtliyindən başını aşağı salıb, handan hana ağır-ağır dillənmişdi:

- Səni incitmək istəmədim, komandir...

- Bədbəxt vətənin qul bazarı da vətəndir, xan sarayı da. İstədiyin azadlığın dadını kimi xan sarayında, kimi qul bazarında çıxarar, bunu unutma... - bu komandirin son sözləri oldu... O, indiyə qədər də özünü komandirin ölümündə günahkar hesab edir; qorumaq istədiyi komandirini öz acı taleyilə sarsıtmışdı...

- Yetim, işləmək istəmirsən haa... – tanış bir səs onu xəyallardan alıb oturduğu soyuq daşın üzərinə qaytardı. Başını qaldırıb baxdı. Özüdür ki var: köhnə müştərisi İntiqam idi. İllərdi bu adamın bağında işləyirdi. Köhnə tanış idilər deyə heç vaxt onunla qiymət söhbəti etməzdi. Odur ki, sakitcə qapını açıb maşına oturdu. İntiqam isə bığının altından gülüb, bu gün iş zad yoxdu, dedi, səni qonaqlığa aparıram. Bu gün atamın əlli yaşıdır, ona ad günü edirik.

Çox üzücü xəbər idi. Bu halla, bu üst-başla dünyaya pul pəncərəsindən baxan bir ailənin ad gününə necə gedəcəkdi. Özü də pulun yox vaxtı. İntiqamı elə də sevməzdi, di gəl çörəyinin xatirinə razı olurdu onun bağında işləməyə. Hər kəlməsindən lovğalıq, təkəbbür yağan bu adamın kaprizlərinə bircə şeyə görə dözürdü: axşam evə bir parça çörək aparsın. İntiqam isə nədənsə onu çox sevirdi. Həmişə yarızarafat, yarıgerçək: “Bilmirəm nədəndir, səni yaman çox istəyirəm” - deyirdi. – “Elə bil bu maşını mənə atam yox, sən bağışlamısan. Bağımı, evimi, şirkətimi sən vermisən mənə”.

Qapıya əl atdığını güzgüdən görən İntiqam:

- Hara düşürsən?- dedi- Səni atama sürpriz edəcəyəm. Bilirsən niyə ancaq səni aparıram bağımızda işlətməyə? Ona görə ki, mənim də atam sənin kimi müharibə veteranıdır. Bu qədər adamın içində ancaq sən əzizsən mənə. Yoxsa quldan çox qul var, ay müəllim. – İntiqamın özündən razı halda irişməyi onun onsuz da olmayan əsəblərini yerindən oynatmışdı. Deyəsən, bunu özü də hiss elədi:

- Əsəbləşmə, sən canın, dost acı deyər, eşitməmisən? Mənim atamdan sənin bir fərqin var: sən fərsiz veteransan, amma atam zirək veteran, yenə hırıldadı və onun bu saxta gülüşü beynində güllə qatarının uçuş səsini verirdi...

…O gün çox dəhşətli gün idi. Göydən hər iki mənada od yağırdı. Ermənilər üç günlük hücumdan sonra son döyüşə girirdilər. Təpə nəyin bahasına olursa olsun qorunmalı idi. Yüksəklik əldən gedərsə, sağ, sol cinahlarda yerləşən Azərbaycan ordusunun əsgərləri pis vəziyyətdə qala bilərdi. Üç günlük ağır döyüş sıralarını seyrəltmişdi. Komandir bütün əsgərləri yığıb gecə ikən xəbərdarlıq etmişdi: “Kim arxaya bircə addım dursa, özüm öz əllərimlə güllələyəcəyəm onu! Qoymaram ermənilər əziyyət çəksin. Gecə kim istəyirsə, hava qaranlıq ikən rədd olsun getsin arxaya, amma döyüş başlayandan sonra kimsə qaçmaq istəsə, öz bəxtindən küssün!”

Sonra üzünü ona tutub xüsusi tapşırığını vermişdi: “Malış, döyüşdən qaçanı yerindəcə güllələyirsən!” Döyüş vaxtı üzbəüz düşmənə cavab atəşi verməklə bərabər tez-tez arxaya boylanırdı. Döyüş dostlarının Starik dedikləri qranatatan nəsə özünü şübhəli aparırdı. Düşmənin iki tankı sürətlə səngərlərə yaxınlaşırdı. Onları vurmaq əvəzinə səngərdə sağ-sol edən Starik sanki nəyəsə məqam axtarırdı. Kazımın ayağa qalxıb düşmən tankını vurması ilə düşmən snayperinin onu yerə uzatması demək olar ki, eyni anda oldu. Amma xoşbəxtlikdən güllə ölümcül olmadı. Onu kənara çəkən komandirin, Yetim, Stariki vur, şərəfsiz qaçır, deməsilə geri dönüb qaçan Stariki görmüşdü. Bu çətin məqamda 18 yaşlı əsgərlərin gözünü qorxudacaq bu hərəkət onu nə qədər qəzəbləndirsə də, Starikin erməni olmaması əlini boşaltmışdı, özü bilə-bilə, yaxın məsafədən onu qəsdən ayağından vurmuşdu ki, ölməsin. Amma o gün daha qaçmaq istəyən olmadı. Starikdən başqa. Çünki həmin döyüşdən cəmi dörd nəfər salamat qurtula bildi. Əlavə qüvvələr özünü təpəyə yetirənədək təpədə onunla komandiri və iki yaralı dostu qalmışdı: Kazım və Starik…

İntiqam onun susduğunu görüb maşını yavaşcadan işə saldı. Yol boyu ürək ağrısı onunla bərabər idi. İntiqamın qəlbinə dəymək istəmirdi, həm də heç olmasa ölkədə bir nəfər veteranın yaxşı yaşadığını gözü ilə görmək istəyirdi ki, qürur duya bilsin. İntiqamın səsi onu ağrılı xəyalların əlindən alıb çıxardı: “Mənim atam Haramıda döyüşdə yaralanıb. Söhbət edir ki, sona qədər vuruşduq, amma səngəri tərk eləmədik. Deyir, düşmən tankını vurub neçə-neçə canlı qüvvəni məhv edib həmin döyüşdə. Mənim atam qəhrəmandır e, yoxsa sənin kimi. Yəqin döyüş vaxtı hardasa gizlənənlərdən olmusan. İncimə ha, zarafat edirəm, atam deyirdi döyüş vaxtı malışlar çox qorxurdu...

Maşın şadlıq sarayının qabağında dayananda İntiqam onun sual dolu baxışlarını görüb:

- Ad gününü burda edirik. – dedi. – Qarabağ qazisinin ad günü "Qarabağ" şadlıq sarayında olmayıb harda olacaq? – həmişə olduğu kimi pis-pis güldü.

Birlikdə salona girdilər. İntiqam onu boş stulların birində oturdub, müharibə veteranıdır, dedi və özü gedib oynayanlara qoşuldu. O, sakitcə durub zalı seyr edirdi. Beynini bir sual durmadan taqqıldadırdı: “Nə günümüzə oynayırıq axı?”

- Malış, xoş gəlmisən! - sözünü eşidib ayağa durduğu stula bir də otura bilmədi. Yerindəcə quruyub qalmışdı. Dili-ağzı bağlanmışdı.

İntiqamın:

- Bu da bizim bu günün, həm də Qarabağın qəhrəmanı! - deyib təqdim etdiyi adam Starik idi...

# 1100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #