İçki qoxulu universitet - REPORTAJ

İçki qoxulu universitet - <span style="color:red;">REPORTAJ
10 oktyabr 2014
# 11:54

Təhsil universitet qapısından girənlərdən gələcəkdə hasilat almaq üçün elmin, biliyin əkildiyi tarlalardır. Elmlə, biliklə əhatələnmiş, hər bir insanı sağlam yetişdirmə məqsədi daşıyan müqəddəs sahədir.

Müasir mədəniyyətlər səviyyəsinə çatmağın ən önəmli addımıdır.

Ölkələrin və millətlərin inkişafının sacayağıdır.

Gənclərin şəxsiyyəti, ümidlə xəyal etdiyi gələcəyi, hədəfləri, nə istədiyi, ya da istəmədiyi, doğru ilə yanlışı ayırdığı məqamdır.

Həyat nərdivanının ilk pilləsi, beyni qidalandıran yeməyin mətbəxidir.

Universitet adına dünya akademiyasının sarsılmaz və vazkeçilməz bu təriflərini sıralayarkən, “Xəzər” Universitetinin lap yaxınlığında bütün bu deyimlərin böyük qismini yox edən mənzərə ilə qarşılaşır və ilk abzaslarda qeyd edilənlərin mənasızlığına şahid olursan.

O “Xəzər” Universiteti ki, diplomu xarici ölkələrdə tanınır, bir çox xarici ölkə vətəndaşları tərəfindən təhsil ocağı kimi seçilir. Söhbət universitetin əsas binasından (“Neftçilər”) gedir.

“Neftçilər” metrosundan çıxıb düz gəlirsən, 2-3 çayxananı keçib, ən son həyətin ortasında böyük plazmalı televizoru olan “Gələrsən, görərsən” çayxanasının düz yanına. Fərqli tərifi də ola bilər. Məsələn, metro çıxışında ətrafdan biri “Qardaşım, “Xəzər” Universiteti haradadır?”, - deyə soruşsa, “Buradan pivə qoxusunu izlə, qoxunun bitdiyi yerdən sağa dön, qarşındadır” – deyə bilər.

Bir müddət əvvəl qapalı fəaliyyət göstərən bu məkanın yalnız pəncərələrindən boylanan baxışlardan narahatlıq hissi keçirirdin. Çay və ya pivəsini qurtumlayan, yaxud nərd oynayan “kişilər” yolboyu gəlib-gedənləri süzürdülər. Havalar isindikcə məkanı genişləndirən çayxana sahibi müştərilərinin rahatlığını təmin etmək üçün hətta onlardan böyük plazma televizoru da əsirgəmədi. Daha neyləyəsən, az qalırsan əyilib keçəsən ki, mane olmayasan ki, rahat izləsinlər. Əks halda tv yerinə səni izləyəcəklər. İnsanların istifadəsi üçün nəzərdə tutulan əsas yolda bir neçə dəqiqə birini gözləmək məcburiyyətində qalsan, yolun qarşı tərəfində əyləşən müştərilərin “Qardaş, çəkilə bilərsən? Mahnının və xəyallarımın tam ortasında dayandın” - demə ehtimalı yüksəkdir.

Bu halda insanın ağlına bir şey gəlir: görəsən, yaşayış binalarına keçən bu küçə ilə ailələr necə gedib, gəlir? Xüsusilə, xanımlar hansı hissi keçirir? Hələ tələbələri demirəm. Hər gün əlində pivə, bığını köpüklə ağardıb üzünə gülən kişilərin baxışları altında hansı təəssüratla təhsil ocağına girirlər? O yol ki, böyük bir universitetə tək yoludur.

Danışan baxışlar

Hər gün bu çayxananın ortasından keçib universitetə daxil olan iki-üç xanımla söhbətləşmək imkanım olur.

Kişiləri məsxərəyə qoymaqdan çəkinməyən xanımlar artıq o baxışlara öyrəşdiklərini, kişilərin dəfələrlə söz atıb, arxalarınca danışdıqlarını dedilər: “Çalışırıq dərsdən birlikdə çıxaq. O qədər olur, söz atırlar, tanış olmaq istəyirlər, fikir verməyib gedirik. İstəməzdik, hər gün bu yoldan keçək. Ümid edirik havalar soyuyanda küçədən yığışalar”.

Sakinlər isə artıq buna öyrəşdiklərini, bəzən səs-küyün gecə yarısına qədər çəkdiyini deyir. Yaxın binada yaşayan bir xanım: “Fərqi yoxdur, bunlar elə bil, adam görməyiblər. Bu günlərdə o biri çayxanada (metroya tərəf çayxanalardan biri) dava düşmüş, səsləri aləmi götürmüşdü. Dedilər, binada yaşayan bir nəfər polisə şikayət edib ki, söyüş səsi evə gəlir. Üstəlik gecə yarısına qədər səs-küydən evdə dayanmaq olmur, ailəmizlə həyətdən keçə bilmirik”.

Bəylərlə çayxanada

Düşündüm ki, nərd oynayıb, çay içən, ya da pivəni başına çəkib tv əvəzinə yoldan keçənləri izləyən kişilərin gözündən baxım, görüm bu vazkeçilməz istirahətin əyləncəsi nədir. “Çayxanada qızın nə işi var?” - deyimini yox sayıb, gəldim bu məşhur məkana. Əyləşib, qonşu masalardakı bəyləri müşahidə etməyə başladım. Hava qaraldıqca, çayxananın yanına gələn maşınların sayı artır, masalar dolmağa başlayırdı. Bir anlıq hiss etdim ki, tv-dəki 3-cü sinif musiqi proqramı qalıb bir kənarda, mən də onlar kimi önümüzdən keçənləri izləyirəm.

Məkana hər gələn digərləri ilə görüşür, arabir mənim varlığımdan narahat olub, üz bürüşdürənlər da olurdu. Rəngi masanın rənginə bənzər çayımı içə-içə mən də düşünməyə başladım: “Görəsən, bura xanımlar üçün nəzərdə tutulsaydı, necə olardı? Yenə burdan yola baxardılar, yoxsa yoldan bura?. Ya da çayxana yerinə, tələbə və müəllimlərin də faydalanacağı fast-food tərz kafe necə olardı? Gənclərin dərsdən sonra birlikdə vaxt keçirə biləcəyi xoş bir məkan...”

Bu sualları düşünə-düşünə məkandan ayrıldım. Budəfəki baxışları görəydiniz...

İndi isə məni bir məsələ maraqlandırır, görəsən müxtəlif ölkələrdən gələn tələbə və müəllimlər müqayisə etdikdə bizə yuxarıdan aşağı baxırmı? Təbii, xaricdə içki məkanları çoxdur, amma əminəm ki, belə biabırçılıq heç yerdə görməyiblər.

Müxtəlif ölkələrdə içki satışına münasibət

“Gələrsən, görərsən” çayxanasının “ilhamlanaraq” Avropa və Dünya ölkələrindəki içki qadağalarının hansı məkanlara tətbiq edildiyini araşdırdım.

Bir çox Avropa ölkəsində spirtli içki satışı universitet və məktəblərdə qadağandır. Eyni şəkildə təhsil mərkəzinin yaxınlığındakı market, kiosk və restoranlarda da içki satışına icazə verilmir.

Türkiyədə universitetə 100 metr məsafədə spirtli içkilərin satışı qadağandır.

Kanada, Tailand və Litvada küçədə içki içmək qadağandır.

İtaliyada küçədə içki içmək qadağandır, lakin Roma kimi turistik bölgələrdə 00:00-a qədər sərbəstdir.

İspaniyada küçədə içki içmək qadağandır, lakin Madrid və Barselona kimi yerlərdə göz yumulur, hamı çevrəni rahatsız etmədiyi halda içə bilir.

Hollandiyada küçədə içki içmək qadağandır, cəzası da 40 evrodur, lakin xüsusilə, Amsterdamda ətrafı rahatsız etmədiyi halda göz yumulur.

Ən sərt tədbirlər Fransa və Rusiyada həyata keçirilir.

Bir çox şəhərdə saat 21.00-05.00-a qədər küçədə içki istifadəsi 12 noyabr 2012-ci ildən bəri qadağandır.

Rusiyada saat 22.00-07.00-a qədər marketlərdə içki satışı və ictimai yerlərdə içki qadağandır.

Sevinc XanQızı

# 2608 dəfə oxunub

Müəllifin son yazıları

# # #