Təbriz dolusu sevgi – Güneydən şeirlər…

Təbriz dolusu sevgi – Güneydən şeirlər…
15 may 2022
# 13:00

Kulis.az “Sözün Güneyi” layihəsindən Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadinin şeirlərini təqdim edir.

Gəlməz

Getmək zamanı gəldi, gedək durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.

Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.

Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.

Boş sözlərə uydun sən özün, neyləsin özgə?
Təqsiri rəqibin nədi, yox, vurmağa gəlməz!

Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.

Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.

Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.


Soruş

Şəklini fərş üstə doğratdım, bıçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

Küçənizdə

Gördüm səni mən ilk dəfə öz küçənizdə,
Dil tutmadı heç bir yol atam söz küçənizdə.

Salxımla bitib gözlərim üstündə məhəbbət,
Gəl, əl uzadıb bircəsini üz küçənizdə.

Göstərmə gözəl gözlərini hər kəsə, vallah,
Çox qorxuram axır vuralar göz küçənizdə.

Min gənc o qara gözlərinin bəndinə düşmüş,
Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.

Sal sevgi odun könlümə bağrım başı yansın,
Bu sevgidən arzumdur olam köz küçənizdə.

Axşamdan inan sübhəcə səndən danışırdıq,
Tanrımla gəzirdik o gecə biz küçənizdə.

Təbriz dolusu sevgi gətirdim qucağımda,
Tökdüm qapına, qoy qala Təbriz küçənizdə.

Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,
Addım ata bilməz daha sənsiz küçənizdə


Yağış altda

Mən könlümü bir gün sənə satdım yağış altda,
Sandım ki, yatan vaxtı oyatdım yağış altda.

Ağzımda susan dil səni görcək işə düşdü,
Ağzım dolu bir dəfə söz atdım yağış altda.

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,
Saldım üzümə, azca yubatdım yağış altda.

Gəzdik təpədən-dırnağa islandıq o axşam,
Sən hey sözü kəsdin, mən uzatdım yağış altda.

Addımlar ilə Təbrizi başdan-başa ölçdük,
Öpdüm səni atdıqca hər addım yağış altda.

Addım başı könlüm qəzəl istərdi gözündən,
Bilməm ki, nələr onda yaratdım yağış altda?

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,
Səndən ürək axırda qopartdım yağış altda.

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,
Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

Dərviş, o yalan sevgini bir boğçaya yığdım,
Getdim, görüşən yerdə boşaltdım yağış altda.

# 2918 dəfə oxunub

Müəllifin son yazıları

# # #