Şəhərə Mövlud yağacaq – Mövlud Mövluda həsr olunmuş şeirlər

Şəhərə Mövlud yağacaq – Mövlud Mövluda həsr olunmuş şeirlər
15 avqust 2023
# 14:00

Bu gün Mövlud Mövludun doğum günüdür. O, 2017-ci il mart ayının 16-da özünü 17-ci mərtəbədən ataraq intihar edib. Yaşasaydı 34 yaşı olacaqdı.

Kulis.az Mövlud Mövluda həsr olunmuş şeirləri təqdim edir.

Mövluda

Aqşin Yenisey

Qocalmaq necə olur ki?

Adını yazıblar balaca bir daşın üstünə.

28 il vaxt keçir, ürəyində oxuyunca.

Ucalmaq necə olur ki?

Şəklini vurublar balaca bir daşın üstünə.

17 mərtəbəli bina kimi görsənir, dayanıb baxınca.

****

Göyə bir Mövlud düşdü...

Şəhriyar del Gerani

Uzağı -

yolların, dənizlərin, adamların uzağı.

Aşağı -

günəşlərdən, küləklərdən, yağışlardan aşağı.

Uşağı -

şəhərlərin, kəndlərin, küçələrin uşağı.

Bir gecənin qəfilində

yoxa çıxdı

bir şəhərin tifili.

Yoxa çıxdı kişmişi gülüşlü,

sevdalı-işıqlı,

böyük həqiqətlərin nadinc səfili...

Yoxa çıxdı yuxarı.

Yuxarı -

yalanlardan, zamanlardan, binalardan yuxarı...

****

Beləmi gələllər Qazağa, Mövlud

Bəxtiyar Hidayət

Bə Qazağa gələcəydin bayramqabağı

Süfrəmizin əvəzinə

Torpağımız açıldı qonağa, Mövlud

Beləmi gələllər Qazağa, Mövlud.

Bu gen dünya başına

Darıydı səbrin kimi

Yadındamı mən Üzeyiri ağlayanda

Demişdin məni də belə ağlayarsanmı

Ondan da betər ağladım səni

Soyudumu ürəyin

Torpağın kimi, qəbrin kimi

Kaş yara çıxaydı bu dilə, dodağa, Mövlud

Beləmi gələllər Qazağa, Mövlud

Sənin kitabını yumaq yerinə

Getdim cəsədini yumağa, Mövlud

Bükülüb dönmüşəm yumağa, Mövlud

Beləmi gələllər, Qazağa, Mövlud

Doğmaların qucaqladı məni

İyini məndən alırmış kimi

Mən sənə büründüm, sən ağa, Mövlud

Beləmi gələllər, Qazağa, Mövlud

Düşmədin yarpaq kimi

Enmədin bayraq kimi

Ürəyim çat verdi

Çırpıldığın torpaq kimi

Həmişə gözümdə

O atıldığın ucalıqda qalacaqsan

Sanki hesab ödəyirmiş kimi

Yenə düşdün hamımızdan qabağa, Mövlud

Beləmi gələllər, Qazağa, Mövlud

****

Mövlud üçün ağı

Elnur Astanbəyli

Gedən balam, dön bəri bax,

Bircə söz deyim, elə get...

Saçlarını qəşəng dara,

Köynəyini ütülə get...

Taleyin sənnən qəsdi nə?!

Belə ki, durdu qəsdinə -

Zalım dərdlərin üstünə

Bıçağını itilə get...

Həncəridi təzə yerin, -

İstidi, soyuqdu, sərin?

Darıxsan ya Əli Kərim,

Ya Eldar Baxışgilə get...

****

Mövludum üçün

Ehtiram İlham

Bu qəsdin, qərəzin nəydi –

Bağrımı didəcəm,oğlum

Gedəndə səni axtarıb,

Qoynunda yatacam, oğlum.

Ta bu boyda dostu tapsan –

“Bir əclaf oğlu əclafsan”.

…Sən bir əfsanəsən, gapsan,

Ölüncə ötəcəm, oğlum.

Yonun hayana getməli,

Varıb hayanda itməli?..

Akif Səməd, Şaiq Vəli

Yolunda bitəcəm, oğlum.

Bilsən, bu görüşü asan,

Məni özün qarşılarsan.

Goyun 17-ci qatından

Yanına gedəcəm, oğlum.

****

De ki, zarafatdı, Mövlud

Oğuz Ayvaz

əzab çəkirəm aşkım

deyərdin anana,

kimin günahkar olduğunu soruşardın

gecənin bir yarısı

əli qoynunda səni gözləyən anana...

hər şey toxunardı sənə

hər şey...

filmlər, kitablar, insanlar

bir atın sınmış ayağı üçün

ağlayardın günlərlə

taleyin ümidinə atılmış

arabanı qucaqlayıb hönkürərdin

mövcud olduğum üçün

üzr istəyirəm

deyib araq şüşələrinin

arxasında gizlənərdin

kəkələyərdin hərdən

hərdən qəfil gülərdin

dərddən güldüyünü anlamazdı heç kim

sən hamının əvəzinə böyüdün

geridə qalan adamlar balaca qaldı

həm qoca idin sən, həm də uşaq

böyük adamlarla

böyük söhbətlər edərdin

uşaqlara qoşulub çərpələng uçurardın hərdən

Tanrını panoramalı

kişiyə bənzədərdin

hamı ilə dost olardın birdən,

bir anda da küsərdin hamıdan

uşaqlara baxıb kövrələrdin

uşaq olardın onlarla

gözünün qabağında canlanardı

atanın ananın başını dəmir darvazaya döyməyi

susardın o an, çox susardın

bu haqda çox susardın...

sən gedəndən insanlar

çox ağlayır, Mövlud

17 mərtəbəli binalara baxıb ağlayır

nifrət edirlər hündür mərtəbələrə

söyürlər, qışqırırlar, Mövlud...

sən gedəndən yurdsuz qalıb qucaqlar

bütün qucaqların ünvanı sən...

sən gedəndən anam da yuxularıma gəlib biləsən

qaranlıqda səsi gəlir bircə

səni soruşur deyəsən.

sən hər gözümü bağlayanda,

uçan Mövlud

arada anamın yanına get

sənə yemək versin, çay versin

bir az danlasın səni

niyə belə etdin deyə

sən də onun əllərindən öp,

de ki, zarafatdı,

bir azdan qayıdacam...

****

Mövluda

Elvin Bakiroğlu

sənin gülən gözlərinə

baxıb gülümsəmək varmış.

"ulan Rza"nın yerinə

"ulan Mövlud" demək varmış.

artdı yoxa bürünənim,

göy üzündə görünənim.

ömür boyu sürünənin

içində kəpənək varmış.

ötən günəm, ötən çağam,

hər gün sınan oyuncağam.

sən ölmüsən, mənsə sağam,

məndə də nə ürək varmış...

****

Mövlud üçün

Aybəniz Əliyeva

Bir gün yazacam sənə,

Yenə də əngəlliyəm?

İndi əlim də tutmur,

Hələ çox kədərliyəm..

Bir gün yazacam sənə,

Yazacam ki, necəsən..?

Səni atan Tanrıyla

Necə yola gedirsən..?

Bir gün yazacam sənə,

Uçmaq necə hiss idi?

Ucalardan Ucalı,

Yerə vurmaq çətindi?

Bir gün yazacam sənə,

Deyəcəm ki, darıxma...

Qəbrin üstə su töküb,

Danışacam başdaşına.

Bir gün yazacam sənə,

Bağışlama istəsən,

Qazaxda yağış yağır,

"Çətirsiz" öyrəşmisən?

Bir gün yazacam sənə,

Havadan şeh düşəndə,

Məzarına gül düzüb,

İstanbuldan dönəndə.

Bir gün yazacam sənə,

İndi gedim, bağışla,

Sən də özünə yer et,

Mən gələndə qarşıla.

****

Çətirsiz Mövlud

Sevinc Elsevər

Mövlud Mövlud - “Çətirsiz”

çantasında gəzdirdiyi kitabı

açır çətir kimi

körpəsinin başı üstündə

gün vurmasın deyə

avtobusda pəncərə tərəfdə

oturan qadın

adamlar boylanırlar kitaba sarı

günəşli ölkələrində

pinqvin görmüş kimi

tanımadıqları yerli müəllifin və kitabın adını

pıçıldayırlar ürəklərində

bir dayanacaq sonra unudacaqlarsa da:

Mövlud Mövlud –“Çətirsiz”

Mövlud Mövlud –“Çətirsiz”...

kitabın arxasındakı şəkildən baxan

üzügülər adam

əl eləyir

avtobusdakı uşaqlara...

****

Mövlud üçün

Seymur Su

Yoxluğun bütün şəhəri ağuşuna alıb,

ey bircə fotosu qalmış adam.

Adamlar çoxdu, həddən çox;

qulaq pərdələrin yeyilib,

qalın divarlar nazilib.

Səslərdən hara qaçasan?

Dizlərin, biləyin, üzün-gözün çoxluqdan əzilib,

qaçış oxunu hara sancasan?

"Qaldır dabanını, Axilles! - deyə çığırsan da,

ölsə də qabırğalarından

həbsxana dəmirləritək yapışmış son insan da,

bu darmadağınlıqda, bu yerlə-yeksanda

səmanın hansı səmtini

Günəşin yatağı bilib uçasan?

Qapı arxasındakı xoxan da böyüyüb

uşaqlığından bu yana sənin qədər,

ey bircə fotosu qalmış adam.

Acmısan bilirəm,

doyurmur qarnını, öldürür bu ucuz kafe yeməkləri

bütün iştahını.

Qoy kənara yemək menyusunu,

əlindəki bazarlıq siyahını.

Acmısan bilirəm,

indi sən bütün uşaqlara həsədsən

ana döşlərindən doyan, gülümsəyən uşaqlara.

Bəlkə də ona görə devirmək istəyirsən

böyük adamların böyük qazanlarını

ocaq üstündən.

Bilirsənmi,

dünyanın hər yerində kağızdan ibarətik,

əslində,

heç kimik.

- diplomuq,

şəxsiyyət vəsiqəsiyik,

pul,

qatar bileti,

avtobus kartı..

Hətta sən özün də

ölümündən sonra sadəcə bir fotosan..

Bilirsənmi, ey bircə fotosu qalmış adam,

üzümüzdəki təbəssüm

daş kimi düşdü adamların başına.

Ağrı doğradı onları.

Onlarsa qarğış etdilər göylərə,

Günəş batdı.

Və bir daha gəlmədi.

****

Mövlud…Mövlud…

Aliyə

Yuxu, yaxşı, yaşıl, susuz, para

Diz, yoxdur, hara, darıxma, sil, şar,

Alın, necə, gözüm, birdən, sol, damar

Mövlud... Mövlud.. Mövlud... intihar...

Yazı, xəbər, hücum, söndür, şüar,

Boş, stol, kağız, dərman, iftar,

Soyuq, qapı, bulud, azan, quşlar,

Mövlud... Mövlud... Mövlud... intihar...

Oxu, birdən, qopuq, çətin, barmaq

Dibdən, çox yox, sətir, sual, var,

Yoxla, qalıq, yuxarıya, açar

Mövlud... Mövlud... Mövlud... intihar....

Açıq, hansı, bıçaq, pulsuz, çay,

Söndür, mənsiz, alma, dünya, onlar,

Uzaq, hava, geyin, yapış, dağlar

Mövlud... Mövlud... Mövlud... intihar...

****

Mövluda

KƏRAMƏT

İntihar mövsümü bitəcək, əlbət

Güllər də solacaq qəbrinin üstdə

Göylərin sonuncu mərtəbəsindən

Qorxma, at özünü səbrimin üstdə

Misralar vərəqdə intihar edir

Qızıl gül açıbdı asfalt...görürsən

Cismi vətəndaşdı, ruhu mühacir

Ağlaya-ağlaya nəyə gülürsən?

Bircə sığınacaq göz tapanmadın

Yaxınlar-uzaqlar hüdülədilər.

Tutub saxlamağa söz tapanmadın

Səni uçuruma itələdilər.

Baş rolda sənmiydin? "Olum, ya ölüm"

Beləcə sonlanır yas tamaşası...

Səhnədə pərdə də ağ kəfəndimi

Süpürgəçi qadın-son tamaşaçı...

****

Mövluda..

Elnaz Eyvaz

Dilimizdə söz idin,

danışırıq, bitmirsən

aşığın sözü kimi.

Gözümüzdə yaş oldun...

Dalımızca baxırsan

anasız quzu kimi...

Bəxtəvər ola bilmədin,

özün boyda daş oldun...

***

Soyuq dəyər, üşüyərsən.

De, torpağın qalındımı?

Qurtulmaq istədin dərddən,

heç olmasa, alındımı?!

Yaman dəymədüşər idin,

Xətrinə dəyənin yoxdu?!

Sən ki dost-tanış sevəndin,

qapını döyənin yoxdu.

Yenə elə gülürsənmi,

əlini vurub əlinə?!

Dərdli-dərdli susursanmı,

əlini qoyub belinə?!

Kim mənə elə ərk edər?!

Bundan belə, de, ay zalım.

Necə çırpdın göydən yerə,

daha düzəlmir əhvalım.

Mənə deməmiş getmisən,

küsmüşəm, gəl, barışmayaq.

Bircə kərə zəng elə, sus,

Mən ölüncə danışmayaq…

****

Göydən Mövlud düşdü

Məlahət Yusifqızı

Biri var idi, biri yox idi.

Varı az idi, yoxu çox idi.

Toy-düyünü yox günlərin

bir günü var idi.

O günün batan yerində

anasından nağıl istədi

Mövludun Ucal balası.

Çaşıb qaldı nağıl danışan.

Axtardı, axtardı...

bir igid tapmadı

o nağıla qəhrəman olası.

Az getdi, yüz getdi...

Dərə, təpə düz getdi.

Yoox! Çaşdım mən də.

Dərə, təpə tapmadı düz getməyə.

Göydələn binalar fürsət vermədi

bu nağıl bitməyə.

Mərtəbələr bir oldu, iki oldu...

Hər pillə bir nağılın tərki oldu.

Nağıl dili yüyrək,

dinləyəni kövrək olar.

Kövrələ-kövrələ

tavana zilləndi Ucalın gözü.

Tükəndi nağıl danışanın sözü.

Boylana-boylana qaldı hər ikisi.

Göydə nə üç alma var idi,

nə də qəhrəmanlığın ölçüsü, çəkisi.

Sonu necə bitər

üç alması düşməyən nağılın?!

Siz də bir işə yaramadınız.

Durun və dağılın.

Dayanıb, son dəfə həyatla görüşdü.

Göydən üç alma yerinə

Mövlud düşdü.

Bəli də...

Bəs insanlar nə bilmişdi?!

****

Mövlud Mövluda

Azər Qaraçənli

Sən özünü göydən atdın,

Göydə quşlar hanı bəs?

Sənə sağlıq deyilmişdi,

O alqışlar hanı bəs?

Sən özünü gecə atdın,

Quşlar yatan çağ olub,

Göydə yarasalar uçub,

Bir də bayquşlar olub.

Kor yarasa yaxın gəlməz,

Bayquş görsə tutarmı heç?

Uçan adam ağla gəlsə,

Qalan quşlar yatarmı heç?

Sən özünü yerə atdın,

Yerdə sular hanı bəs?

Arxanca su səpilmişdi,

O arzular hanı bəs?

Sən özünü atan yerə,

Bir su gəlib axmadı.

Arxanca səpilən sudan

Qabağına çıxmadı.

Bəs deyirlər yer üzünü

Qurudan çox su tutur.

Niyə səni torpaq tutur,

Niyə səni su tutmur?

Sən özünü damdan atdın,

Bir dam səni tutmadı,

Qan tutdu, qadalar tutdu,

Adam səni tutmadı.

Sən özünü göydən atdın,

Bir quş tutmadı səni.

Mövlud, səni qarğış tutdu,

Alqış tutmadı səni.

****

Mövluda

Aysel Fikrət

Hər gecə intihardı Səhərin günəşinə

sənin isə bu günün sabaha çıxmayacaq .

Bir anlıq əsarətin güc gəldi gülüşünə.

Ürəyin nə deyirdi? hər nə desə olacaq ..

Ürəyin istədi ki qanad açıb uçasan

bilirəm sən o anda hər bir kəsdən ucaydin

kas bircə söz deyeydin kas birce soz deyeydin

ele bir soz olaydi boz olümden qacaydin.

Dostların inanmır ki yalan olsun deyirler

Sənin o bir addımın peşman edib hər kəsi

Bəzən bir an gərəkdi həyatda qalmaq üçün.

Bəzən bir an bəs edir qarala göy qübbəsi .

sənin öz cəhənnəmin sənin öz olmazın var

az ömrünü deyəsən çox yollardan keçirib

səni yollar gətirib pillələri qaldırıb

səni o çəkdiklərin intihara yetirib ...

Axı nə bilmək olar? bilmək olurmu məgər ?,

Mən səni tanımırdım bir gör necə tanıdım.

var tələbə yoldaşı var əskərlik yoldaşı

biz səninlə deyəsən intihar yoldaşıyıq

o addımı atmaqa kim itələdi səni

kimin hansı sözündən asıldın qaldın yenə

bilirsən biz qonşuyuq arada iki kuçə

dünəndən ağlayıram tanımadığım sənə

Hər gecə intihardı Səhərin günəşinə

sənin isə bu günün sabaha çıxmayacaq

bir anlıq əsarətin güc gəldi gülüşünə

ürəyin nə deyirdi hər nə desə olacaq.

****

Mövludun əziz xatirəsinə

Aynur Cavid

Bu qədərmi yorulmuşdun.

Tükənmişdin bu qədərmi ?

Günahına kimlər girdi

Bu əcəlmi, bu qədərmi?

O çarəsiz anlarımda

Ölüm üçün dilənmişəm,

Bəlkə min yol, milyon kərə

Ölə- ölə dirilmişəm.

Qorxularım istəyimə

qalib olub,

İçimdəki bir mərhəmət

İncitməkdən incidiyim

Kəslər olub.

Ölə -ölə yaşamışam

Cəsarət ya çarəsizlik?

Bir cavab ver, yalvarımmı

Qışqırımmı…

Bir cavab ver!

Bu həyata etirazmı?

Var olana tüpürməkmi?

Sevənləri incitməkmi…

Bu gün səni günün, dostum

Xatirələr, düşüncələr

Kaşkilərlə bəzənibdi.

Gedişin bahar misali

Hamı sənlə süslənibdi.

Boğazıma düyünlənən

Bir udum söz.

İçimdə bir tükənmişlik

Kimə deyim, bir azca döz!

İnan mənə, yaşamağa

Dözüm yoxdu.

Hər gün bir dost itirməyə

Daha mənim gücüm yoxdu,

Daha mənim gücüm yoxdu …

****

Mövlud yağacaq

Çalğın Məhəmməd (İran)

Deyəsən ağrılar baş ağrı tutub

Deyəsən acılar hududdan keçir

Movlud intihardan keçə bilmədi

Deyəsən intihar movluddan keçir

Əziz oxucular,ana xəbərlər

Hava qarışıbdır bulud yağacaq

Bütün borcların axır qatından

Sabahdan şəhərə mövlud yağacaq...

# 4796 dəfə oxunub

Müəllifin son yazıları

# # #