Rəsmi kimliyini daşımayan vətənin vətəndaşı - Güneydən şeirlər

Türkan Urmulu

Türkan Urmulu

11 noyabr 2022
# 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən Türkan Urmulunun şeirlərini təqdim edir.

Türkan Urmulu 1985 ildə Güney Azərbaycanın Urmu şəhərində anadan olub. 8 yaşında ilk şeirini fars dilində yazıb və 13 yaşından sonra öz ana dilində yazmağa davam edib. “Gördüm adında” ilk şeir kitabı 2002-ci ildə Urmuda nəşr olunub. “Özgə Toz” adlı ikinci şeir toplusu isə 2011 ilində Bakıda “Qanun” nəşriyyatı tərəfindən yayımlanıb.

Türkan şeir, hekayə və feminizm ilə ilgili olan əsərlərin tərcüməsi ilə də məşğuldur. Bakıda yayımlanan Maya Angelounun "Fenomenal Qadın” adlı şeir toplusu və Bell Hooksun “Feminizm hər kəs üçündür” adlı kitab Türkan Urmulunun tərcümə kitablarıdır.

***

Tam təsadüf,
Kafedə qarşılaşmaq kimi,
Payızlı axşamın birində
bu uzaq şəhərin özgüvəninə inad.
Çox yaxşı bildiyin
ana dilimizdə bax gözlərimə.
Gözlərində sevginin ən gəlişmiş qrameri
düzəlt baxışlarımdaki xətaları.
Tam təsadüfsüz,
bu gecənin menyusunda yağış var yenə,
sən varsan…
şərab…
Əl çəkməyin ürəyimdən heç biriniz,
yağışla pəncərənin orqazmına az qalır yenə,
sənə…
və bütün təsadüf teorilərinin çürüməsinə…

***

Niyə hamı bir yana, sən bir yana?
Sən niyə bu qədər gərəklisən?

Bütün eşitlik qaydalarını pozan
hər an, hər yerdə hazır
hüzurun...
O hər gün məni
aynaların ağ saçlarına
astaca gülümsədən,
ağır əngin,
hüzurun...

Bir də ürəyimdən aya qədər yüksələn ahəngin...
biz sistematik sevgilərin
peşəkar rəqqasları,
Əlbəttə ki, mən hələ kimsəyə
səninlə ayın ürəyində
rəqs etdiyimizi deməmişəm.

Təki əksilməsin hüzurun,
vaxtında çiçəklənən
ən xoşbəxt Orxideya kimi
bu sevgi heç solmasın.
Əlbəttə ki, hər şey
tam “qaydasında” qalsın.

***
Rəsmi kimliyini daşımayan
vətənin vətəndaşı.
Rəsmi xəritələrin sömürdüyü coğrafiyanın
rəsmi sürgünlərindən biri,
adımı yanlış səsləyənlərin babalı
onu rəsmən yanlış yazdıranların boynuna.
Adımı səsləməyənlərin babalı
onu hərdən
rəsmən yazdırmağa belə qoymayanların boynuna.
İndi qoy
bütün rəsmi çizgilərin ürəyinə cızıq salım.
Qoy indi mən
səni görməyə gəlim.
Zümrüd quşu qanadı oxşayan
əllərinə toxunmağa...
sevgili!
Mənə qanad lələklərindən
qələm gətirməyi unutma.
Qənşər şeirlərimə gəbə
qənşər duyğularım...
Sevgili!
qoy adımı adının yanında yazım.
***
İnlər damlalar
ağıt kimi yağırdı yağış o gecə,
şəhər bütün işıqlara gecikmiş,
qaranlıq...
fastfoodların belə bağladığı saatlar.

Ora birinci dünyanın
ən ünlü xiyabanlarından biri.
Ora hər gecə polislərin unutduğu
omba-bacaq
qadın organlarının sərgisi...

Tanrının məsləhətindən umudu kəsmiş,
günahlarımızın mələk qurbanları
üsyan, onların göylərə açılmış şəmsiyyələriydi...
şeir yox,
o gecə ancaq ağıt yazıldı...


# 2595 dəfə oxunub

Müəllifin son yazıları

# # #