Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz
2 noyabr 2024
# 17:45

Kulis.az Bernard Şounun həyat və yaradıcılığı haqqında Aygün Əzizin məqaləsini təqdim edir.


“Mənim zarafatım həqiqəti söyləməkldir. Dünyada bundan məzəli heç nə yoxdur”.

ADINDAN ZƏHLƏSİ GEDƏN ADAM

İrland dramaturqu Corc Bernard Şou 25 iyul 1856-cı ildə satıcı Corc Şou ilə rəqqasə Lüsinda Şounun ailəsində dünyaya göz açıb. Ailədə ondan savayı iki qız da böyüyürdü. 1876-cı ildə oğlan yeniyetmə olarkən anası qızlarını da götürüb məşuqu ilə Londona qaçmışdı. Üç il sonra 20 yaşlı Corc anasının yanına köçdü. Və taleyinin qəribə, ziddiyyətli, maraqlı məqamları başladı. Həyat onun üçün çox maraqlı bir ssenari hazırlamışdı. Onun həyat hekayəsinə nəzər salaq.

Londonda, o, əvvəlcə, qəzetlərdən birində işə düzəlir. Özünü inkişaf etdirmək, biliklərini artıqmaq məqsədilə Corc mütaliədən usanmır, həyat haqqında fəlsəfi düşüncələrə qapılır, cürbəcür sosial problemlərin həlli yollarını düşünür. 28 yaşına çatanda Londonda yenicə yaradılmış və sosializm ideyalarını tərənnüm edən “Fabi Cəmiyyəti”nə qoşulur. Elə bu hadisədən bir az sonra gənc özünü jurnalist kimi sınamaq qərarına gəlir. Bir müddət sonra “London World” mətbu orqanında 6 il musiqi tənqidçisi kimi fəaliyyət göstərir.

Adı haqqında çox maraqlı bir nüansı xatırlatmaq yerinə düşər. Əsl adı Corc Bernard Şou olsa da, atasına olan daxili qəzəbdənmi, ya nədənsə, heç vaxt adının tərkib hissəsi olan Corcu sevməyib və hər zaman hər yerdə özünü sadəcə Bernard Şou kimi təqdim edib. Ümumiyyətlə, xasiyyətində və hadisələrə münasibətində bir-birinə zidd məqamlar olan şəxsiyyət olub. Fikir dəyişiklikləri ilə tanınıb. Maraq dairəsi güclü olub. Müxtəlif vaxtlarda boksa aludə olub, avtomobillərlə maraqlanıb, hətta sürücüsünün əlindən rulu alıb maşın sürdüyü və sürücüsünü qorxutduğu da olub. Bir ara dəllallıqla məşğul olub, kassir işləyib. Amma bütün bunlar peşəkar yazıçı və dramaturqa çevrilməzdən əvvəl olan şeylərdir.

ƏT YEMƏSƏ, ÖLƏCƏKMİŞ

Gəncliyində yoxsulluqdan əziyyət çəkən Bernard Şou ət yeməkdən qənaət məqsədilə yox, etik səbəblərdən imtina etmişdi. Yazıçı vegetarian reseptləri toplamağı sevirdi. 1972-ci ildə onun reseptlərindən ibarət kulinariya kitabı nəşr edilib. Vegetarian olmağına təəccüblənən və gülən dost-tanışlarına deyirmiş: “Ət yeməsən öləcəksən deyən həkimlər məni təngə gətiriblər”. 90 yaşına çatanda bığaltı qımışaraq yazmışdı: “Əla! Daha məni heç kəs mənasız məsləhətləri ilə usandırmır; mənə ət yeməsən öləcəksən deyən həkimlər özləri çoxdan ölüblər”.

192 SƏHİFƏLİK “HEÇ NƏ HAQQINDA KİTAB” VƏ YARITMAZ ELİTA

Adamsız adaya getməli olarsa, hansı 5 kitabı götürərdi sualına satiranın ustası sayılan ədib özünəxas tərzdə 5 boş səhifəli kitab götürəcəyini demişdi. Maraqlıdır ki, bu ideya 1974-cü ildə “Harmony Books” nəşriyyatını 192 səhifəlik tamamilə ağ vərəqlərdən ibarət kitab buraxmağa sövq etdi. Təəccüblü də olsa, bu “boş kitablar” tez bir zamanda satıldı.

Yazıçı kimi heç də asanlıqla şöhrət tapmayıb. Roman yazmaqdan pyes yazmağa keçəndən sonra uğur ona yar oldu.

Birinci Dünya müharibəsindən sonra (1914-1918) B.Şou “Ürəklərin qırıldığı ev” pyesini təqdim edir və bu , cəmiyyətdə böyük səs-küy yaradır. Bəs səbəb nə idi buna? Yazıçı müharibəsonrası dövrdə olan hərc-mərclikdə, pozğunluqda, keşməkeşdə birbaşa olaraq Britaniyanın elitasını və hakim dairələrdə oturan məmurları qınayırdı. Yox, yox, qınamırdı, birmənalı olaraq bütün mənəvi zibilliklərin kökündə onların olduğunu deyirdi. Həm də qorxmadan. Cəsarətlə. Birbaşa üzlərinə çırpırdı bu həqiqəti. O, pyesində müharibəni töhmətləyir, bəşəriyyəti onun inamını sarsıtdığına görə məzəmmət edirdi. Artıq yazıçı hələ o vaxt dünyada harmoniyanın olacağına şübhə ilə yanaşırdı, çünki dərin zəkası və iti ağlı ilə əmin idi ki, insanlar yalnız öz fikirlərini və inadlarını yeritdikcə, öz mənafelərini güddükcə, bəşəriyyət ağ günə çıxmayacaq.


İRONİYA ONUN ƏN GÜCLÜ SİLAHI İDİ VƏ SƏRRAST ATƏŞ AÇIRDI

Yaşlanan vaxtı B.Şounun 4 əsəri işıq üzü gördü və dərhal da şedevrə çevrildi: “Piqmalion”, “Sezar və Kleopatra”, “Mayor Barbara” və “İnsan və ali insan”. Bu əsərlərində də incə görünsə də dərin məqamlar vardı və Şou teatra, səhnəyə yeni nəfəs gətirdi. Obrazlarının dili, nitqi, çoxmənalı replikaları ilə cəmiyyətə mesaj ötürməyi ustalıqla bacardı. Romanları elə də səs yaratmasa belə, pyesləri vasitəsilə cəmiyyəti silkələyirdi. Fəlsəfi, siyasi, sosial mövzuların girdabına enməyə və tamaşaçını o girdaba endirməyə müvəffəq olan dahi idi Şou. İroniya onun ən güclü silahı idi və sərrast atəş açırdı.

Bütün ömrü boyu qələmindən 60-a yaxın pyes çıxan yazıçı ədəbiyyat arenasında tənqid etdiyi Şekspirdən sonra ikinci yerdə qərar tutub.

“NOBEL”İ “OSKAR”A QARIŞAN YEGANƏ YAZIÇI

Tarixdə həm Nobel mükafatı, həm də “Piqmalion” pyesinin ekranlaşdırılmasına görə ABŞ kinoakademiyasının “Oskar” mükafatına eyni vaxtda layiq görülən ilk şəxsdir. Birincidən imtina etməyə çalışıb, ikincisinə isə şəxsiyyətini təhqir edən fakt kimi yanaşıb. Nobel mükafatına əsərlərində idealizmlə humanizmin tərənnümü, eyni zamanda da incə satirasına görə layiq görülüb.

1925-ci ildə “Nobel”in yalnız medalını qəbul edən yazıçı pul mükafatını şəxsən özü götürməkdən imtina edərək bütün vəsaitin İsveç ədəbiyyatının ingilis dilinə tərcümə edilməsi üçün xərclənməsinə qərar versə də, sonradan kasıb adamlardan maddi yardım göstərilməsi məqsədilə xahiş və yalvarış dolu məktublar almış və bu hərəkətinə görə çox peşman olubmuş. Lakin necə deyərlər, sonrakı peşmançılıq fayda verməz.

DƏYMƏDÜŞƏR ŞƏXSİYYƏT

Keçən əsrin 30-cu illərində ölüm hökmünün lehinə çıxışlar edib. Bu məsələdə onu alman füreri ilə müqayisə edərək kəskin tənqid atəşinə tutanlar az deyildi. Çünki, Şou düşünürdü ki, qazla boğmaq kimi ağrısız üsulla cəmiyyəti zərərli ünsürlərdən – parazitlərdən təmizləmək aydın gələcək üçün zəmin rolunu oynayacaq. Dəymədüşərliyinə görə müəyyən məsələlərdə hətta fikir haçalığına görə tənqidə məruz qalıb. Birinci Dünya müharibəsi zamanı birmənalı olaraq Almaniyanı töhmətləsə də avtoritar rejimin pərəstişkarı olub.

Sosializmə olan dərin inamı onun yolunu bu tərəflərə də salıb. Sovet İttifaqına rəğbət bəsləyən yazıçı Leninə və Stalinə yüksək qiymət verib. 1931-ci ildə SSRİ-yə səfər edib və Stalinlə görüşüb, ancaq 1933-cü ildə ingilis mətbuatını Sovet hökumətinin uğurları barədə yazdıqlarını yalan adlandıraraq açıq məktubla hiddətli çıxış edib.

Yazıçı qəti şəkildə din və peyvəndin əleyhinə olub.

1933-cü ildə ABŞ-a səfər edən yazıçı bu ölkəni dəhşətli yer adlandırıb. Heç Hollivud da onun ürəyincə olmayıb. ABŞ-ı tərk edərkən rahatlıq hiss etdiyini bəyan edib.

Həyatı boyu bir çox insanlarla məktublaşıb. 250 mindən artıq məktub yazdığı qeyd edilir. Məktublaşdığı adamların arasında çoxlu məşhur adamlar, habelə uşaqlıq dostları Lord Alfred Duqlas və “Gözəgörünməz adam”, “Zaman maşını” kimi fantastik şedevrlər yaradan yazıçı Herbert Vells də var.

Vilyam Şekspirə münasibətində də ziddiyyətli məqamlar var: onun əsərlərini demək olar ki, söyürdü, dramaturqun özünə də münasibəti pis idi, lakin eyni zamanda onu mütəfəkkir və dahi də adlandırırdı.

Ateist idi. Hərçənd insanın bu dünyaya gəlişi kimi gedişinin də bir təcrübə olması qənaətində olub.

Suçiçəyindən üzündə qalan çopurları gizlətmək üçün saqqalına həmişə rəng qoyub.

Rixard Vaqnerin musiqisinə aludə idi.

Ədəbiyyatçı olmaqdan başqa B.Şou həm də polemika ustası, gözəl natiq və aktivist idi. Qadın haqları və işçi sinfinin istismar edilməsi problemləri ilə ciddi məşğul olub.

PLANTONİK EŞQİN TƏNTƏNƏSİ

Həyatının az qala yarısını tək-tənha yaşayıb. Çox təsadüfi hallarda bir-iki qadınla qısa müddətli əlaqəsi olduğu deyilir. Evlilik barədə özünəməxsus və çoxlarınınkından fərqli düşüncələri olub. Məsələn, o, məhəbbəti kosmik güc adlandıraraq təknikahlılığın qatı tərəfdarı kimi mövqeyini bildirib. Yalnız bir qadına, 42 yaşında ürəyinə sahib çıxan xanım Şarlotta Peyn-Taunsendə həqiqətən sevgi ilə bağlanıb. Böyük sərvətin varisi olan xanım Şarlotta qatı sosialist idi. İdeoloji cəhətdən də onların bir-birinə bağlı olduqlarını görürük. 45 il nikahda olsalar da, münasibətlərinin platonik olduğu deyilir. Hətta belə fikir də dolaşır ki, xanım ölənə qədər bakirə qalıbmış. Özü bu haqda deyirmiş: “Ər-arvad olaraq biz intim münasibətin yer almadığı yeni növ bir münasibət qurmuşuq. Açıq-saçıq münasibət, intim yaxınlıq tam olmasa belə, bu bizim üçün ən unudulmaz və gözəl xatirələrlə zəngindir”.

Belə ər-arvadlığa baxmayaraq, onlar bir-birinə dəlicəsinə bağlı idi. Toydan bir az qabaq Şarlotta çox vacib səfər üstə imiş. Eşidəndə də ki, Bernard ağır xəstələnib, səfərini yarımçıq qoyub onun yanına gələrək qulluğunda durub. Bernard hətta onun sayəsində sağ qalıb. Xanım onu o qədər çox sevirdi ki, balaca uşaq kimi qayğısına qalır, bir dediyini iki etmirmiş. 1943-cü ilin yazında sevimli arvadının xəstələnməsi və tezliklə dünyasını dəyişməsi ilə Bernardın növrağı çönür. Tamamilə ruh düşkünlüyünə qapılan, pəjmürdə yazıçını müasirləri tez-tez Londonun küçələrində sərgərdan gəzərkən müşahidə edirlər.

ÖLÜM - ÖMRÜN SON SƏFƏRİ

Tənhalığını pişiklə ovunduran B.Şou artıq onsuz yatmırdı. Pişik onun daimi yoldaşı olmuşdu; dizinin üstündən başqa yerdə yatmırmış. Bağçada tez-tez gəzişən, xatirələri ilə təsəlli tapan yazıçı bir dəfə ayağı ilişərək yıxılır və bir daha ayağa qalxa bilmir. Yaş özünü göstərmişdi. Sağalmaq üçün onda daha nə həyat eşqi, nə də güc qalmışdı. Sevimli Şarlottası onu gözləyirdi. 7 il onu tək qoyduqdan sonra artıq yola düşmək zamanı gəlmişdi.

2 noyabr 1950-ci ildə həyata gözlərini yuman incə satiralı, iti ağılıı yazıçı-dramaturqun nəşi öz arzusu ilə səssiz-səmirsiz heç bir xüsusi mərasim təşkil edilmədən kremasiya edilib və külləri ən çox sevdiyi və tənha qocalıq dövrünü yaşadığı bağçasında 7 il yoxluğunun əzabını çəkdiyi Şarlottasının küllərinin böyründə torpağa tapşırılıb.

Əsərlərinin birində “Nə qədər çox arzum varsa, bir o qədər də çox yaşamaq üçün səbəblərim var, çünki qane olub dayanmaq ölümə bərabərdir” demişdi. Ateist olmasına baxmayaraq, ölümü insanın yeni, növbəti həyat təcrübəsi kimi qəbul edən ədib 1950-ci il 2 noyabrda 94 yaşında həyata gözlərini yumdu. Nekroloqunu da ölməzdən qabaq yazıb hazır qoymuşdu. Qəzetdə onu verdilər...

EPİLOQ ƏVƏZİ

HƏYATINDAN MARAQLI VƏ MƏZƏLİ ANLAR

“Nə qədər pul qazanmalısınız ki, özünüzü xoşbəxt hiss edəsiniz?” sualına qımışaraq “Qonşularımın qazandığımı güman etdiyi qədər” cavabını vermişdi...

Varlı və çox tosqun bir tanış arıq görkəmli yazıçıya yuxarıdan aşağı baxaraq sual vermişdi: “Sizə baxanda elə güman etmək olar ki, sanki bütün İngiltərə aclıq içindədir”. B.Şou tövrünü pozmadan tarixi cavab vermişdi: “Sizə baxanda səbəbkarın siz olduğunu düşünmək olar”.

Bir amerikalı maqnat yazıçı ilə hansısa bayram tədbirində rastlaşanda ikincinin dərin düşüncələrə daldığını görüb demişdi: “Nə düşündüyünüzü bilmək üçün bir dollar verməyə hazıram”. Yazıçı cavab vermişdi: Əşi, boş şeydir. Mənim fikrim bir dollara layiq deyil”. Maqnatın marağı artmış və yenidən sual vermişdi: “Qəribədir, axı nə düşünürsünüz ki, dəyəri bir dollara belə dəymir?”. “Sizi”, - deyə ədib istehza etmişdi.

# 1955 dəfə oxunub

Müəllifin son yazıları

# # #