Nabokovun ən məşhur hekayəsi: “Çorbun qayıtması”

Vladimir Nabokov

Vladimir Nabokov

2 iyul 2022
# 21:00

Kulis.az Vladimir Nabokovun "Çorbun qayıtması" hekayəsini təqdim edir.

Kellerlər ər-arvad operadan gecə gec çıxdılar. Havanın belə cansız olduğu, titrəşən köndələn dalğaların kilsənin sudakı əksini yeddi əsrdən çoxdur ustufca tutqunlaşdırdığı həmin sakit alman şəhərində, Vaqner insanı bəs deyincə musiqiylə doyurmaq üçün ədvalı təqdim edilən, tələsik olmayan iş idi.

Operadan sonra Keller həyat yoldaşını ağ çaxırı məşhur olan elit bir gecə klubuna apardı. Kellerlərin içi dəbdəbəli şəkildə işıqlandırılmış avtomobilləri cansız küçələrdən sürətlə şütüyərək onları balaca, amma təqdirəlayiq evlərinin qabağında düşürəndə, gecə saat ikini təzəcə keçirdi. Yarpaqların dəlmə-deşik kölgəsi küçə fənərlərinin bozumtul parıltısında oynaşan səkiyə birinci qədəmi Oom Pol Krugerə çox oxşayan, tösmərək, qoca bir alman olan cənab Keller basdı. Maşından düşmək növbəsi çatanda qadın koppuş ayağını aşağı salladı, paltarını bəzəyən muncuq dənələri və Kellerin nişastalı köynəyi bir anlıq işıqda bərq vurdu. Qulluqçu onları girişdə qarşıladı və verəcəyi xəbərin ağırlığını hələ üstündən atmamış, qorxu dolu pıçıltıyla Çorbun gəldiyini dedi. Frau Kellerin rus tacir sinfinə mənsub şəcərəsiylə uyğunluq içində olan təravətli dəyirmi sifəti təlaşla titrədi və qıpqırmızı oldu:

“Dedi ki, qız xəstədir?”

Qulluqçunun pıçıltıları get-gedə tezləşirdi. Cənab Keller çallaşmış bir çəngə saçını ətli ovcuyla arxaya daradı; uzunsov üst dodağı və dərin qırışlarıyla az-maz meymunu xatırladan enli sifətinə qoca bir kişinin çatmaqaş ifadəsi oturdu.

Qumral parikini örtən tülün ucunu tapmağa çalışarkən eyni yerlə əlləşib duran Xanım Keller başını iki tərəfə yelləyərək donquldandı: “Sabaha qədər gözləmək istəmirəm. Ah, Tanrım, Tanrım! Xeyirə deyil bu, düz bir aydır məktub gəlmirdi.”

Keller bir zərbəyə silindir şapkasını dala itələdi, qırtlaqdan çıxan təmiz ruscasıyla dilləndi: “Adamın başı çatmır, əgər qız xəstədirsə, hansı cürətlə qızı yenə o rəzil otelə aparıb?”

Amma qızlarının xəstə olduğunu düşünməkdə səhv edirdilər. Çorb qulluqçuya belə demişdi, çünki belə demək daha asan idi. Əslində, xaricdən tək qayıtmışdı; arvadının necə öldüyünü, bu barədə qayınanasına, qayınatasına niyə heç nə yazmadığını, xoşuna gəlsin-gəlməsin, açıqlamağa məcbur olması ağlına yalnız indi gəlmişdi. Hər şey elə çətiniydi ki. Necə başa salacaqdı dərdini təkbaşına, kənar ünsürlərlə pozulmağına icazə vermədən, heç kimlə bölüşmədən çəkmək istədiyini? Arvadının ölümü ona nadir görülən, fikrə-xəyala sığmayan bir hadisə kimi gəlirdi, elə bil heç nə elektrik cərəyanıyla – şüşə qablara həbs ediləndə ən saf, ən parlaq işığı verən elə həmin cərəyan idi – baş tutan bu ölümdən saf ola bilməzdi.

O bahar günü arvadı Nitsa şəhərindən bir neçə kilometr uzaqlıqda, magistral yolda fırtınanın aşırdığı elektrik dirəyinin telinə gülə-gülə toxunduğu andan bəri Çorb üçün dünyaya aid bütün səslər yoxa çıxmışdı. Dünya qəfildən geri çəkilmişdi, qollarında ən yaxın kəndə daşıdığı ölü bədən belə Çorba yad, gərəksiz görünmüşdü.

Arvadının torpağa veriləcəyi Nitsa şəhərinin vərəmli, narahat keşişi məsələnin detallarını dilindən almaq üçün onu boşuna sıxışdırmışdı: Çorb soyuq təbəssümlə cavab vermişdi. Gün boyu çınqıllı sahildə rəngbərəng daşları ovuclayıb bir əlindən o biri əlinə ata-ata oturmuş, sonra qəfildən cənazə mərasimini gözləmədən Almaniyaya qayıtmışdı.

Bal ayı boyunca birlikdə gəzdikləri bütün yerlərdən dala-dala qayıtdı. Qışı keçirdikləri, indi alma ağaclarının çiçək açdığı İsveçrədə otellerdən başqa heç nəyin fərqinə varmadı. Ötən qış gəzintiyə çıxdıqları Qara Meşələrə çatanda baharın ürəyə yayılan sərinliyi də yaddaşını tərpətmədi. Şimal sahilindəki son gəzintilərindən qabaq arvadının ona göstərdiyi o bənzərsiz, xırda, ortası bəyaz zolaqlı, girdə, qara çınqıl daşını təzədən tapmağa necə çalışmışdısa, indi də yol kənarındakı arvadının heyrət nidasıyla qarşıladığı hər şeyi tapmaq üçün əlindən gələni edirdi: bir qayanın profildən bənzərsiz görünüşü, çatısı gümüşü pulcuqlarla örtülü bir daxma, qara bir şam ağacı, bəyaz, xırda bir şəlalənin üstündəki piyada körpüsü və insana bir öncəgörlüyün gerçəkləşməsi kimi gələn bir şey: muncuq-muncuq şeh damlaları ilə örtülü iki teleqraf telinin arasındakı hörümçək torunun genişliyi. Arvadı ona yoldaşlıq edirdi. Balaca çəkmələri sürətlə irəliləyir, əlləri dayanmadan elə hey tərpənir, tərpənirdi, ağacdan yarpaq qoparır, ya da yanından keçdiyi daş divarı sığallayırdı; dayanmaq bilməyən, xəfif, gülümsəyən əllər. Onun balaca simasını görürdü, sıx, tünd çilləri və solğun yaşılını dəniz dalğalarının yalayıb cilaladığı şüşə qırıntısına bənzəyən iri açılmış gözləriylə. Çorba elə gəlirdi ki, birgə fərqinə vardıqları bütün xırda şeyləri toplamağı bacarsa – beləcə, yaxın keçmişini yenidən qursa – arvadının obrazı ölümsüzləşəcək və əbədiyyətə qədər onun yerinə keçəcək. Ancaq gecələr dözülməz idi. Arvadının irrasional varlığının gözlənilməz dəhşətiylə dopdolu gecələr. Səyahətinin üç həftəsi boyunca heç yatmamışdı; indi yorğunluqdan keyimiş halda onunla rastlaşıb evləndiyi sakit şəhərdən ötən payız ayrıldıqları nöqtədəki qatar stansiyasına düşürdü.

Saat axşam səkkiz civarıydı. Evlərin dalından kilsənin qülləsi qürubun qızılı-qırmızı xəttinin qabağında aydın bir qaraltı kimi görünürdü. Stansiya Meydanında sıra-sıra elə həmişəki at arabaları dururdu. Həmişəki qəzetsatanların alatoranlıq fəryadı əks-səda verirdi. Tutqun baxışlı həmişəki qara it bir üzünə afişalar yapışdırılmış sütunun yanında sısqa dal ayağını qaldırıb “Parsifal”in oynanacağını xəbər verən afişanın qırmızı hərflərini nişan almaqla məşğul idi.

Çorbun baqajı bir çemodan və sarımtıl qəhvəyi rəngli böyük sandıqdan ibarət idi. Bir fayton onu şəhərə apardı. Arabaçı bir əliylə sandığı tarazlıqda tutmağa çalışarkən, o biri əliylə tənbəl-tənbəl üzəngiləri tutmuşdu. Çorb xatırladı ki, adını dilinə gətirmədiyi adam faytona minməyi sevirdi.

Şəhər operasının tinindəki dar küçədə otaqları həftəlik, ya da saatbaşı kirayə verilən, mənfi şöhrətli, üç mərtəbə köhnə bir otel vardı. Qara boyağının töküldüyü yerlərdə həndəsi şəkillər əmələ gəlmişdi. Yıpranmış pərdələr xumarlanmış pəncərələri örtər, otelin gözə dəyməyən qabaq qapısı heç vaxt kilidlənməzdi. Solğun, amma ədəbaz bir xidmətçi Çorbu rütubət və qaynanmış kələm iyi verən əyri-üyrü bir dəhlizdən keçirib bir otağa apardı. Çorb çarpayının üstünə asılmış, zər-zibalı çərçivəsi olan çəhrayı-ağ tablodan anladı ki, bu otaq arvadıyla ilk gecələrini keçirdikləri otaqdır. Hər şey arvadını əyləndirmişdı o gecə – düz qabaqlarında dəhlizə qusan, pencəksiz, gonbul kişi, bəxtlərindən bu qədər dəhşətli bir oteli seçmiş olmaları, əlüzyuyandakı sarı və gözəl bir saç teli, amma onu ən çox güldürən evdən qaçmaqlarıydı. Aşağıda qonaqlar yemək üçün toplaşarkən, arvadı kilsədən evə gələn kimi, paltarını dəyişmək üçün öz otağına keçmişdi. Möhkəm parçadan tikilmiş kostyumdakı atası meymunvari sifətindəki narahat təbəssümlə əlini qonaqların çiyninə qoyur, öz əliylə qədəh-qədəh brendi təqdim edirdi. Həmin ərəfədə anası ən yaxın rəfiqələrini ikinəfərlik qruplara bölərək gəlinlə bəyin yataq otağını gəzdirirdi: ən sevimli sifətiylə astaca yekə yorğanı, portağal çiçəklərini, çarpayının qabağında üstünə qotik hərflərlə “MƏZARA QƏDƏR BİRLİKDƏYİK” cümləsi yazılan kilimlə yanaşı qoyduğu (bir cütü tüklü və böyük, o biri cütü cıncıq-mıncıqlı, qırmızı və balaca) tərlikləri göstərirdi. Hamı salat yemərə doğru gedərkən, Çorbla arvadı tez bir-biriylə razılaşıb arxa qapıdan qaçmışdılar və yalnız ertəsi gün ekspres qatarın tərpənməyindən yarım saat qabaq çemodanlarını götürmək üçün evə qayıtmışdılar. Xanım Keller səhərə qədər hönkürə-hönkürə ağlamışdı; Çorbu (qəpiyə güllə atan bir rus mühaciri və ədəbiyyatçısı olduğu üçün) həmişə şübhəylə qarşılayan əri isə indi qızının seçiminə, içki məsrəflərinə və heç nə bacarmayan yerli polisə lənətlər yağdırırdı. Çorbgilin getməsindən sonra qoca kişi bir necə dəfə operanın arxa küçəsindəki otelə baxmağa getmiş və o gündən bəri o qara, yarıkor bina bir cinayət xatirəsi kimi onu həm diksindirmiş, həm də özünə çəkmişdi.

Sandıq içəri gətiriləndə Çorb gözlərini çəhrayı portretə zilləmişdi. Xidmətçi gedəndən sonra əyilib sandığın kilidini açdı. Otağın bir küncündəki nəmdən şişmiş oboyun arxasında bir siçan divarı eşələdi, sonra təkərli bir oyuncaq kimi sıçrayıb ordan çıxdı. Çorb çimçəşərək yerində fırlandı. Elektrik lampası tavandan şirin-şirin sallanır, şnurunun kölgəsi yaşıl divan boyunca süzülür və divanın kənarında qırılıb yoxa çıxırdı. Çorb gərdək gecəsi bu divanda yatmışdı. Çarpayıda yatan arvadı isə bir uşağın nizamlı ritmiylə nəfəs alıb-vermişdi. O gecə arvadını bircə dəfə (boynundan) öpmüşdü. Aralarındakı sevişmə sayıla biləcək yeganə şey bu idi.

Siçan yenə hərəkətə keçmişdi. Bəzi xırda səslər silah səsindən daha qorxunc olur. Çorb sandıqdan əl çəkib otaqda addımlamağa başladı. Bir pərvanə vızıltıyla lampaya çırpıldı. Çorb qapını açıb çölə çıxdı.

Aşağı düşəndə nə qədər halsız olduğunu hiss etdi. Küçəyə çıxanda isə may gecəsinin bulanıq mavisi başını gicəlləndirdi. Bulvara burulanda sürətlə yeriməyə başladı. Meydan. Daşdan bir “Hersoq”. Şəhər parkının qara kütlələri. Şabalıd ağacları çiçəkləyirdi. Amma onda payız idi. Toylarından bir gün qabaq uzun bir gəzintiyə çıxmışdılar. Səkiyə səpilmiş ölü yarpaqların nəmli, elə bil, bir az da bənövşəyi, torpaq kimi ətri necə də gözəl idi! O sehirli, bulud yüklü günlərdə səma qəmli bir bəyazlıqda olurdu; qara səkinin ortasındakı, içində nazik budaqların əks olunduğu xırda su gölməçəsi isə pis aşkarlanmış fotoya bənzəyirdi. Boz rəngli daş evlər saralan ağacların yumuşaq, sakit yarpaqlarıyla bir-birindən ayrılırdı; Kellergilin evinin qabağındakı qovaq ağacının solan yarpaqları da şəffaf üzümlərin rənginə bürünmüşdü. Qapı barmaqlıqlarının dalında bir neçə ağcaqayın gözə dəyirdi, bəzilərinin gövdəsinə sarmaşıqlar dolanmışdı, Çorb arvadına Rusiyada sarmaşığın ağcaqayınlara qəti dolanmadığından danışmış, arvadı da sarmaşığın nazik yarpaqlarındakı qırmızılığın ona ütülənmiş kətan üstündəki xəfif pas ləkələrini xatırlatdığını demişdi. Səki boyunca palıd və şabalıd ağacları sıralanmış, qara gövdələri yaşıl yosunla örtülmüşdü; arabir bir yarpaq budaqdan qopur, bir paket kağız parçası kimi köndələninə yola düşürdü. Arvadı yolun təmir edildiyi yerdə, çəhrayı kərpic topasının yanında tapdığı oyuncaq bellə bir yarpağı tutmağa çalışırdı. Bir az irəlidə, fəhlələrin kamazından burulub çıxan bozumtul-mavi duman yan-yan süzülür, budaqların arasında dağılırdı – dincini alan bir fəhlə bir əli belində, havaya qaldırdığı əlindəki balaca bellə öz-özünə oynayan, ölü yapraq kimi xəfif gənc qadına tamaşa edirdi. Yarpaq əlindən qaçdıqca qadın gülürdü. Çorb belini azca əyib arvadının dalınca yeriyirdi, ona elə gəlirdi ki, xoşbəxtlik belə qoxuyur, ölü yarpaqlar kimi.

Indi isə şabalıd ağaclarının gecəyə məxsus bərəkətiylə ağırlaşan şosseni az qala tanımırdı. Qarşısında bir küçə fənəri parlayırdı, fənərin şüşə örtüyünün üstünə bir budaq sallanmışdı, budağın ucundakı işığı əmən yarpaqlar yarıbayarı şəffaflaşmışdı. Çorb evə yaxınlaşdı. Həyət qapısının həsir hörgüsü vurma işarəsinə oxşayan kölgəsiylə səkidən ona tərəf sürünüb ayaqlarına dolandı. Əsas girişin və çınqıllarla döşəli alaqaranlıq yolun axırında bu tanış evin ön fasadı xəyalat kimi ucalırdı, açıq pəncərədəki yeganə işıqdan başqa hər tərəf zil qaranlıq idi. Kəhrəba rəngli yarığın içində isə qulluqçu qız qollarını geniş açaraq qar kimi ağappaq bir çarşafı çarpayıya sərirdi. Çorb onu yüksək səslə çağırdı. Bir əliylə hələ də bərk-bərk qapını tutmuşdu, ovcuyla dəmirin nəmli təması xatirələrin ən kəskiniydi.

Qulluqçu sürətlə ona tərəf gəlməkdəydi. Xanım Kellerə sonradan danışacağı kimi ən birinci diqqətini çəkən qapını tezcə açsa da, Çorbun sakitcə səkidə durmağa davam etməsiydi. Qulluqçu sözünə belə davam etmişdi: “Şapkası yox idi, küçə fənərinin işığı alnına düşürdü, qan-tər içindəydi, saçları alnına yapışmışdı. Operadadılar dedim.Niyə tək gəldiyini soruşdum. Gözləri böyümüşdü, baxışı məni qorxutdu, deyəsən çoxdandır təraş da olmamışdı. Yavaşca dedi, onlara de ki, qızları xəstədir. Soruşdum ki, harda qalırsız? Əvvəllər qaldığımız yerdə dedi və əlavə etdi ki, vacib deyil, sabah yenə gələrəm. Gözləyin dedim, amma qulaq asmadı, getdi.”

Beləcə Çorb xatirələrin qaynağına geri qayıtdı, əzab verən, amma yenə də xoşbəxtliklə dolu bir imtahan sona çatırdı. Görüləsi yeganə iş evliliklərinin ilk gecəsində qaldıqları bu otaqda bir gecə keçirmək idi; ertəsi gün imtahan bitəcək, arvadının obrazı mükəmməlləşəcəkdi.

Ancaq bulvardakı skamyalarda oturan tutqun siluetlərin arasından keçib yoxuşdan yuxarı, otelə tərəf yorğun-arğın gedərkən, Çorb qəfildən, halsız olsa da, çılpaq elektrik lampası və pıçıltılı dəlikləri olan həmin otaqda tək yata bilməyəcəyini başa düşdü. Meydana getdi, şəhərin ana küçəsi boyunca var-gəl etdi – artıq neyləməli olduğunu bilirdi. Fəqət axtarışı bir az uzun çəkdi: bura sakit və mərifətli şəhər idi, Çorb sevgi satın ala biləcəyi ara küçələri tanımırdı. Ancaq qulaqları uğuldamağa, ayaqları yanmağa başlayanadək bir saat çarəsizcəsinə fırlandıqdan sonra o balaca küçəyə girdi, girən kimi də onu çağıran ilk qıza yaxınlaşdı:

“Bütün gecə” – dedi Çorb, sıxılmış dişlərini az qala heç aralamadan.

Qız başını yana çevirdi, əl çantasını havada yellədi və dedi:

“İyirmi beş”

Çorb başıyla razılaşdı. Ancaq çox sonra, təsadüfən göz gəzdirəndə laqeydliklə fərqinə vardı ki, qız yıpransa da, kifayət qədər gözəldi, lülə kimi saçları da sarıdır.

Qız həmin otelə əvvəllər başqa müştərilərlə də bir neçə dəfə gəlmişdi. Onları yuxarı çıxanda qaça-qaça aşağı düşən, solğun sifətli, sivri burunlu xidmətçi dostcasına qıza göz vurdu. Onlar dəhlizdə addımlayarkən qapılardan birinin dalından bir çarpayının (bir kötük mişarla ikiyə bölünürmüşcəsinə) üstündəki ağırlıqla ritmik şəkildə cırıldadığını eşitdilər. Bir neçə qapı o yanda eyni yeknəsəq cırıltı bu dəfə başqa otaqdan gəlirdi; bu qapının yanından keçəndə qız üzündə soyuq, oyunbaz ifadəylə çevrilib Çorba baxdı.

Çorb sakitcə qızı otağa saldı və o saat da dərin bir yuxunun həsrətiylə yaxasını düymədən xilas etməyə girişdi. Qız ona sürtündü, təbəssüm edərək soruşdu: “Balaca bir hədiyyə verəsən bəlkə?”

Çorb ona xəyaldaymışcasına dalğınlıqla baxırdı, nədən ki, qızın istəyini gec başa düşdü.

Qız pulları alıb səliqəylə çantasına qoydu, yavaşca köks ötürdü və yenə ona sürtündü.

“Soyunum?” – deyə soruşdu saçını oynadaraq.

Çorb donquldandı: “Hə, yatağa gir, sabah yenə pul verəcəm.”

Çorbun dalğın halından və soyuqluğundan bir az çaş-baş qalan qız sual dolu gözlərini ondan ayırmadan tez-tələsik paltarının düymələrini açmağa başladı. Çorb paltarlarını səliqəsiz, tez-bazar çıxardıb yatağa girdi və üzünü divara çevirdi.

Qız təxmin etməyə çalışdı: “Deyəsən hərifin qəribə şeylərdən xoşu gəlir.” Ağır-ağır paltarını qatladı, bir stulun üstünə qoydu. Çorb artıq dərin yuxuya getmişdi.

Qız otağı gəzdi. Pəncərinin yanındakı sandığın qapağının açıq olduğunu gördü, çöməlib qapağın qırağından sandığın içini görməyə çalışdı. Gözlərini qıyıb çılpaq qolunu diqqətlə uzadaraq bir qadın paltarına, bir coraba və ipəkli qumaş parçalara toxundu – hamısı eləcə sandığa dürtülmüşdü və onlardan elə gözəl qoxu gəlirdi ki, qız hüznləndi.

Sonra ayağa durdu, əsnədi, baldırını qaşıdı və corablarını çıxsaq, lümlüt halda pəncərənin pərdəsini çəkdi. Pərdənin arxasındakı pəncərənin bir qanadı açıq idi, qətifəvari dərinliklərdə opera binasının bir küncü, gecənin maviliyində çöl tərəfi ayırd edilən Orfeyin daşdan qara çiyinləri və qaranlığın içində qövs cızaraq yoxa çıxan alaqaranlıq fasad boyunca düzülmüş işıqlar seçilirdi. Aşağıda, uzaqlardakı aydınlıq qapılardan çıxan balaca qaranlıq siluetlər, faraları titrəşən, üst-başları par-par yanan arabaların sürüşərcəsinə yaxınlaşdığı yarım dairə formasındakı işıqlandırılmış pilləkənlərə yığışırdılar. Ancaq qələbəlik dağılışandan, parıltı itəndən sonra qız pərdələri örtdü. İşığı söndürdü, Çorbun yanına uzandı. Yuxuya getməmişdən qabaq əvvəllər bir ya da iki dəfə bu otaqda olduğunu düşündü: divardakı portreti tanımışdı.

Qızın yuxusu bir saatdan çox çəkmədi: Hövlnak, boğuq bir inilti səsinə oyandı. Qışqıran Çorb idi. Gecə yarısından sonra oyanmış, yerində çevrilmiş, arvadının yanında yatdığını görmüşdü. Dəhşətli şəkildə, var gücüylə çığırırdı. Bəyaz bir qadın ruhu yataqdan sıçradı. Titrəyə-titrəyə işığı yandıranda, Çorbu çarşaf-yorğanın içində, üzü divara oturmuş gördü, üzünü örtdüyü barmaqlarının arasından dəli kimi yanan gözləri görünürdü. Sonra astaca əlini üzündən çəkdi, yavaş-yavaş qızı tanıdı. Qız qorxu içində nəsə deyərək tələm-tələsik köynəyini geyinirdi.

Çorb özünə gəlib dərindən nəfəs aldı, əzabın bitdiyini anladı. Yaşıl divana keçdi, qıllı baldırlarını əlləriylə örtərək, üzündə mənasız bir təbəssümlə fahişəyə baxa-baxa eləcə oturdu. Bu təbəssüm qızı lap qorxutdu, çevrildi, son düyməni də ilgəyə keçirdi, çəkmələrinin ipini bağladı, şapkasını taxdı.

O anda dəhlizdən danışıq və ayaq səsləri eşidildi.

Qulluqçunun kədərli səslə dayanmadan eyni sözü dediyi eşidilirdi:

“Amma baxın ha, içərdə bir qız da var.”

Qırtlaqdan çıxan, qəzəblə bir səs cavab verirdi:

“Bayaqdan deyirəm, o qız mənim qızımdı.”

Ayaq səsləri qapının önündə durdu. Sonra qapı döyüldü.

Qız masadan çantasını götürüb qərarlı şəkildə qapını axıra qədər açdı. Qarşısında bozarmış papağı, nişastalı köynəyində parıldayan mirvari düyməsiylə qoca bir cənab durmuşdu. Onun çiyinlərinin üstündən saçında şalı olan, gonbul bir xanımın yaşlı gözləri baxırdı. Onların arxasında gözləri bərəlmiş, çəlimsiz qulluqçu barmaqlarının ucuna qalxmış, əl-qol hərəkətləriylə qızı çölə çağırırdı. Qız qulluqçunun hərəkətlərini başa düşdü və qoca kişini ötüb dəhlizə çıxdı, kişini başını çevirib qızın dalınca həmin təəccüblü gözlərlə baxdı, sonra müşayətçisiylə birlikdə içəri girdi.

Qapı bağlandı. Qız və qulluqçu dəhlizdə qaldılar. Qorxu dolu nəzərlərlə bir-birlərini süzdülər, qulaq asmaq üçün qapıya tərəf əyildilər. Amma otaqdan səs gəlmirdi. İçəridə üç nəfərin olduğuna inanmaq çətin idi.

“Danışmırlar” – deyə pıçıldadı qulluqçu və barmağını dodaqlarına apardı.

Tərcümə etdi: Qismət /sim-sim.az/

# 6423 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #