İspaniyalı yazıçı: "Onu oxumadığım üçün utanıram" - Müsahibə

İspaniyalı yazıçı:  "Onu oxumadığım üçün utanıram" - Müsahibə
19 oktyabr 2023
# 17:00

Kulis.az görkəmli İspaniya yazıçısı Xavier Mariasla müsahibəni təqdim edir.

- Yataq otağınızdakı oxu masanızda hansı kitabları saxlayırsınız?

- Patrik Radin Kifinin "Heç nə demə" ("Say Nothing"), Con Mid Folknerin yeniyetməliyimdə ilk dəfə oxuyanda çox sevdiyim və o gündən bəri həmişə yenidən oxumaq istədiyim "Ay donanması" adlı maraqlı romanının yeni nəşri. Maraqla və bir az da təşvişlə gözlədiyim Corc Sondersin "Linkoln Bardoda" əsəri. Cüzeppe Tomasi di Lampedusanın "Viaqcio Avropada" adlı bioqrafik əsəri. Eyni yazarın "Bəbir" romanı da sevdiyim kitablardan biridir, ümumiyyətlə Lampedusanın yazdığı hər şeyi oxuyuram. Bir də Mişel de Montenin "Esselər"ini başdan-sona qədər yavaş-yavaş yenidən oxuyuram.

- Son oxuduğunuz möhtəşəm kitab hansıdır?

- Hələ bitirməsəm də, "Heç nə demə", həqiqətən, gözəl kitabdır. Oxuyarkən, bəzən, dəhşətə gəlirəm, bəzən də valeh oluram. Əsərin sloqanı "Şimali İrlandiyada cinayət və yaddaş haqqında real hekayə"dir... Mənə elə gəlir ki, hekayə "Basklar ölkəsində cinayət və yaddaş" (Basklar ölkəsi İspaniyada yerləşən muxtar regiondur. - tərc.) da ola bilərdi. Bilirsiniz, biz ispanlar 40 ildən çox ETA separatçı təşkilatının terroruna məruz qalmışıq.

Xavier Marias. Qualta - sim-sim

- Bu yaxınlarda ilk dəfə oxuduğunuz klassik roman olub?

- Roman yox, amma mən Şatobrianın "Məzarın o tayından xatirələr" əsərini indiyədək oxumamışdım. Şah əsərdir, göz qamaşdıran.

- Heç kimin adını eşitmədiyi kitablar arasında ən çox sevdiyiniz hansıdır?

- "Heç kim adını belə eşitməyib" demək böyük danışmaq olar, amma Riçard Hyusun yazdığı "Yamaykada güclü külək", nədənsə, o qədər də tanınmır, əslində Konraddan sonra yazılmış ən yaxşı Konradvari romandır. Ser Tomas Braunun "Hidriotafiya" əsəri də o qədər də məşhur deyil. Braun dövrünün Vinfrid Georq Sebaldıdır. İllər əvvəl bu əsərin ingilis dilində ən yaxşı əsərlərdən biri olduğunu düşünüb, ispan dilinə tərcümə etmişdim.

- Yaşayan romançılar, dramaturqlar, tənqidçilər, jurnalistlər, şairlər arasında ən çox kimi bəyənirsiniz?

- Deyəsən, müasirlərimi oxumuram. Onilliklər ərzində özümü "yeniləməyə" çalışdım, ancaq məhdud vaxtımı boş yerə sərf etdiyimi başa düşdüm. Amma Çarlz Simiç və Adam Zaqayevskinin poetikasına heyranam. Alis Munroya çox heyranam. Patrik Modiano (İspaniyada ilk dəfə 1980-ci illərdə mənim tövsiyəmlə nəşr olunub) və Culian Barnsa heyranam. Tarixçi Antoni Bivora heyranam. İndi xatırlamadığım bir çox başqa adamlar var, əlbəttə ki.

Spanish novelist Javier Marías dies in Madrid hospital aged 70 | Spain |  The Guardian

- Kitab üzərində işləyərkən, nələr oxuyursunuz? Yazarkən, nələri oxumaqdan çəkinirsiniz?

- Adətən, yazdıqlarımla əlaqəli şeyləri oxuyuram. Bunlar araşdırma materialları deyil, romanımın mövzusu və ya "ruhu" ilə bağlı şeirlər olur. Şekspirdən Kitsə, Eliotdan Uilfred Ouenə, Lope de Veqadan Maşadu di Asisə qədər uyğun hesab etdiyim hər kəsi. Müasir müəlliflərin romanlarından uzaq qalmağa meyilliyəm. Məni narahat etdikləri üçün yox, sadəcə, diqqətini yalnız öz romanına cəmlədikdə, bu müddət ərzində dünyadakı yeganə kitabın sizinki olması kimi axmaq fikirlə yaşamalısınız. Bəli, bilirəm, bu, həqiqətən, axmaq fikirdir və praktik olaraq mümkün deyil.

- Son dövrlər bir kitabdan öyrəndiyiniz ən maraqlı şey nədir?

- Öyrəndim ki, biz öz iradəmizə çox güvənirik. Halbuki çox da ümidlənməmək lazımmış. Bunu Stiven Runsimanın "Konstantinopolun süqutu: 1453" əsərini ildə cəmi iki kitab çap edən təvazökar nəşriyyatım "Redonda"da çap etdirdikdən sonra öyrəndim.

- İspan ədəbiyyatı haqqında daha çox öyrənmək istəyənlərə hansı kitabları tövsiyə edərdiniz?

- Mən milli ədəbiyyatlara inanmıram. Yazdığınız dil önəmlidir, amma ədəbiyyata gələndə ikinci plandadır. "İspan ədəbiyyatı" deyə bir şey yoxdur. İspaniyadan Servantesdən Xuan Benetə, Kevedodan Lorkaya, Xorxe Manrikedən Antonio Maçadoya, Lazarillo de Tomresdən Valle İnclana qədər böyük yazıçılar var, lakin onların hər biri digərlərindən çox fərqlidir. Açığı, özümü həmyerlilərimdən çox, başqa ölkələrin yazıçılarına daha yaxın hiss edirəm.

- Bir ədəbiyyat əsərində sizi ən çox təsirləndirən nədir?

- Yaxınlıq. Hərdən oxumağa fasilə verirəm və öz-özümə bunu deyirəm: "Bəli, nə qədər doğrudur, tam olaraq belədir. Bunu bilirdim, amma əlimdəki kitabı oxuyana qədər də bildiyimi bilmirdim".

Libros: Javier Marías en seis lecturas | Cultura | EL PAÍS

- Xüsusilə, hansı janrları oxumaqdan zövq alırsınız? Hansıları oxumaqdan çəkinirsiniz?

- Bədii ədəbiyyatdan zövq alıram, amma qorxulu hekayələr ən zəif yerimdir. Bəzən də tarix, şeir və fəlsəfə oxumağı sevirəm. Baxmayaraq ki, bu günlərdə doğru-düzgün fəlsəfə kitabları da yazılmır. Həddindən artıq dialoq olan və sakit oxumaq mümkün olmayan pyesləri çox oxumuram. Şikayətlər və xırdalıqlarla dolu olduğunu anladığım gündən bəri müasir xatirələrdən, gündəliklərdən də uzaqlaşıram. Bir çox insan özünü qurban kimi görməyi sevir.

- İnsanlar sizin kitab rəfinizdə hansı kitabı tapıb təəccüblənə bilər?

- Enid Blaytonun kitabları, yaxud Pelam Qrinvil Vudhausun kitablarını. Futbolla bağlı kitablar da ola bilər. Açığı, mən eklektik və macəraçı oxucuyam.

- İndiyə qədər hədiyyə olaraq aldığınız ən yaxşı kitab hansıdır?

- Cozef Konradın imzaladığı və içində öz əlyazması ilə yazılmış məktub olan "Səyyah" kitabı. Məktub belə bitir: "Mənimlə dost olsanız, qarşınızda danışa biləcəyiniz ağlı başında bir insan tapacaqsınız..." Bu xoşuma gəldi. Ayrıca onun bu kitabı bir neçə saniyəliyə də olsa, əlində tutmuş olması fikri də mənim xoşuma gəlir.

- Uşaqlıqda necə oxucu idiniz? Sevərək oxuduğunuz kitablar hansılar olub?

- Çox uşağın oxuduqlarını oxumuşam mən də; Jül Vern, Stivenson, Salqari və Dümanın macəra romanlarını. Riçmal Kromptonun "Sadəcə Vilyam" hekayələri məni yazıçı olmağa təşviq edib. Enid Blayton. Bir çox cizgi romanlar. Məsələn, "Rip Kirby" ən sevdiklərimdəndi.

- Tutaq ki, ədəbiyyat xadimlərinin iştirakı ilə şam yeməyi verirsiniz. Ölü, ya da diri, hansı üç yazıçını dəvət edərdiniz?

- İstədiyim son şey ədəbiyyat haqqında danışmaqdır, buna görə də mehriban, komik və hazırcavab olan yazıçıları dəvət edərdim. Məsələn, Karen Blinksen kimi daha çox tanınan İsak Dineseni, Mark Tveni, Lorens Sterni. Qorxuram ki, hamısı ölü yazarlar oldu.

Muere el escritor Javier Marías a los 70 años

- Özünüzü hansı məyusedici, pis hesab edilən, yaxud çox şişirdilmiş kitabı oxumağa, sevməyə məcbur hiss etmisiniz, amma yenə də bəyənməmisiniz? Yarımçıq qoyduğunuz son kitabı xatırlayırsınız?

- Coysun "Ulis" romanını. Düşünürəm ki, bu kitab köhnə realizmin zirvəsidir və öz dövrü üçün də qətiyyən yeni bir şey deyil. Bəzi yerləri çox yaxşıdır, amma ümumi götürəndə, həddindən artıq şişirdilib. "Dublinlilər"ə üstünlük verirəm. Knausqor var bir də. "Mənim mübarizəm"in 300 səhifəsini çətinliklə oxuya bildim. Kitabın ümumi həcmini nəzərə alsaq, o qədər də çox deyil. Amma yenə də 300 səhifə 300 səhifədir. Bunu dediyim üçün üzr istəyirəm, amma bir nöqtədən sonra artıq davam edə bilməyəcəyimi hiss etdim. Vaxtımı yenidən Prust oxumağa sərf etmək istəyərdim.

- Həyat hekayənizi kimin yazmağını istərdiniz?

- Mümkünsə, heç kim yazmasın. Əslində, özüm də yazmaram. Bunun mənim üçün heç bir mənası yoxdur, maraqlanmıram. Sadəcə, qeyri-adi, təəccüblü həyatlar haqqında oxumaq maraqlıdır. Həyatınız sizin üçün maraqlı ola bilər, amma başqaları bunu laqeydliklə dinləyəcək. Çox darıxdırıcı şeydir bu.

- Hansı kitabları təkrar-təkrar oxuyursunuz?

- Şekspirin pyeslərini. Məni ruhdan salmaq əvəzinə, daha çox yazmağa təşviq edir. Eliot və Rilkenin şeirlərini. Konrad və Henri Ceyms heç vaxt məyus etmir, Prust da. Həə, Lampedusanın da o tək romanı...

Javier Marías, indómito y refinado

- Hələ oxumadığınız üçün utandığınız yazıçılar və kitablar hansılardır?

- Belə həddindən çox kitab var. Mən hələ Tit Livini oxumamışam. Hələ də Kantı oxumadığım üçün utanıram. Primo Levini oxumamışam. "Orlando"nu oxumamışam. Oxumalı olduğuma əmin də deyiləm. Dostoyevskini də çox oxumamışam. Onu bəzən çox yazıq hesab edirəm.

Hazırladı: Nilufər Hacılı

Ədəbiyyat qəzeti

# 1624 dəfə oxunub

Müəllifin son yazıları

# # #