Əfv eylə, İlahim, yenə əfv eylə, İlahim  - Pünhanın qəzəli

Əfv eylə, İlahim, yenə əfv eylə, İlahim  - Pünhanın qəzəli
6 fevral 2021
# 12:27

Kulis.az qəzəlxan, meyxana ustası Pünhan Əzimlinin yeni qəzəlini təqdim edir.

Aciz degiləm, istəsən, ey qüvvəli şahim,
Xakı yıxar, əflakı yaxar naləvü ahim.

Bəxt olsa, qalardı şəbi-hicran ilə həmrəng
Gün keçdi səfid oldu bütün muyi-siyahim.

Zəhmət çəkib etsəm də könül xanəmi təmir
Hər dəfə zərər vurdu, evim yıxdı təmahim.

Mən əhvinə, ikramına, dərgahına talib
Yoxsa nə ümidim, nə gümanim, nə pənahim.

Eşqin mənə əl verməsə, durmazdım ayaqda
Tərkimdə həyatın yükü, çiynimdə günahim.

Ay doğmadı, gün çıxmadı yar ayrılığında
Zülmət gecəmin eynisidir nurlu səbahim.

Bir tövbəni yüz dəfə pozub bəlkə də Pünhan
Əfv eylə, İlahim, yenə əfv eylə, İlahim.

# 1544 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #