Alma bu gecəni mənim əlimdən - Məmməd İlqarın şeirləri

Alma bu gecəni mənim əlimdən - Məmməd İlqarın şeirləri
21 fevral 2024
# 16:00

Bu gün tanınmış şair Məmməd İlqarın doğum günüdür.

Kulis.az bu münasibətlə şairi təbrik edir və şeirlərini təqdim edir.


Mən həmən oğlanam, a dağ yolları

Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız?
Belə maddm - maddım nə baxırsınız?
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
"Keflənən" oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.

Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər...
Əlimi uzatsam, əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.

Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı - qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.

Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm - ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.

Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları...

Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım - saman çöpləri...
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin, a dağ yolları
Mən həmən oğlanam, a dağ yolları.

***

İlahi! Belə də gözəl olarmı?
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən
Gör gülün nazını nə gözəl çəkir?...

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !



***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..

Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə
Bir bala sərçənin dərdindən belə…

Tapşır gözlərinə ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin,
Neynər dərdli kəsə dərd indən belə?!



***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.

Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.

Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!



* * *
"Sənə də qar yağdı, güvəndiyim dağ."
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki, dost-dostuna tən gərək,
Tənə gəlir bu dostluqdan mənə bə...

Nənəm derdi, bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..

Kişi gərək "qan bağlaya" şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm - Məmməd İlqar - indi mənə "bə"?



* * *
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
Görəllər, güləllər gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə

A göyçək

Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı –
Culadılar - sən çəkərsən, a göy*, çək.

Fağır canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!

Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən, bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi - olub yar adı,
Dörd göyçəyin axırında "a" göyçək.



***
Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm - ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən - ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!

Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!



***
Qarı dünya, bu nə qovğa, nə qaldı-
Aman ver, aman ver,a yağı, bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir.

Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb, gah durulub axdım hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı, bir-bir.

Məmməd İlqar, dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdın - qohum-qardaş seyrələ
Çəkilə dostların ayağı bir-bir.



***

Ölüb dirilirəm minillərdi ki,
Ölüm göstərirsən nə mənə, Tanrı?..
Sənin qəhrin hədər, mənim qargışım
Nə sənə yaraşar, nə mənə, Tanrı.

Nə sadiq əsgərdi kədər gör sənə,
Üzüm üzlər görüb, kədər görsə nə?..
Qıyma körpə gözdə kədər görsənə,
Qönçə yanaqlara nəm ənə, Tanrı.

Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər Savalanda qara, yaz daha?!.
Yüz də taleyimi qara yaz daha
Nəmənə dərddi ki, nəmənə, Tanrı?!.



***
Yönü Vətən sarı, qərib bir qoca,
Bayatı çağırır:- eləmi dağlar...
Necə göynəməsin, güşümləməsin-
Çəkilib köysünə eləmi, dağlar?

Dedim, de dərdini sən, əmi-bilmir...
Bilmir harda qalıb sənəmi, bilmir...
Baxtamı qarğasın, sənəmi, bilmir-
Viranə obaya, eləmi, dağlar?

Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz, ömürdən.
Obasız olumdan, elsiz ömürdən
Ölüm urvatdıdı, eləmi, dağlar?!.



***
Dünyada hər rəngin öz gözəlliyi,
Sorma ağ gözəldi, qara ya sarı?
Beçərə qaranı nə qarğıyım ki,
Baxt özü meyl edib qaraya sarı.

Hani, tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar...
Yetişdi ömür-gün saralan anlar-
Əcəb yaraşıqdı qaraya sarı.

Məmmədin İlqarı ay, qara yoxsa,
Adını anmazdı ay qara, yoxsa...
Nəsə pıçıldayır Ay qara, yoxsa-
Belə gülümsəməz qar, Aya sarı.

Pantomim təcnis

Dərdini dərdimin qardaşı sandım,
Yaş oldum yanaqda mən, belə-belə.
Bezdim yalanından qardaş, usandım,
Heç səni bilməzdim mən belə, belə...

Kimik bundan sonra, - elə beləyik...
Qıyıb can vermədik elə, beləyik...
Burda ikimiz də elə-beləyik,
Sən elə beləsən, mən belə belə!..

Dil tökdün Məmmədə - ay belə...filan...
Göydə Günəş belə, Ay belə, filan...
Məni sən yanıltdın, ay beləfilan-
Sənə neyləmişdim mən belə belə!!.



***
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül gülə-gülə
"Görəllər-güləllər”- gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül, gülə gülə.

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim -
Ağlar qoydu məni gül, gülə-gülə.

Anamın saçının qara vaxtları

Hopub yaddaşıma göy qurşağıtək,
Göynəyir sinəmdə, sinə dağıtək,
Ovunmur evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.

Ah, necə duruydu eşqim, ay Allah,
Nə qədər təmizdi ürəyim onda...
Nələr vəd etməzdi mənə xəyallar,
Nə daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.

Bilirdim Göylərdə qar var, yağış var,
Bilirdim yollarda eniş - yoxuş var,
Bircə bilmirdim ki, bu yer üzündə
Neçə "yox olmaq" var, neçə "çıxış" var
Anamın saçının qara vaxtları.

Belə hərlənəsi başım yoxuydu,
Belə sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.

Hələ ümidlərin sıx vaxtlarıydı,
Arzumun çoxunun sağ vaxtlarıydı,
Baxtımın, günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.

Deyim ki, yuxuydu - yuxu deyildi,
Deyim ki, nağıldı - axı deyildi?
Bir onu bilirəm, ay ağ saçlarım,
Anamın ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.


Anam üçün gecikmiş şeir

Adına urvatdı bir söz yazmadım,
Göynəyə-göynəyə yazıram indi...
"Ölürəm" - deyəndə qulaq asmadım, -
yerinə ölməyə hazıram indi...

Başıma çox bəla gələ bilərdi,
Bir az dünyanı da bilə bilirdim.
Hər kəsin anası ölə bilərdi,
Bircə sən ölməzsən elə bilirdim...

Sənsiz növrağımız necə dəyişdi,
Sonsuz möhnətlər var, ana, qarşıda
Sənin ömür payın quzeyə düşdü,
Qəbrini qurmuşuq günəqarşıda.

Günəş buludlara girəndə bildim
Nə üçün, nədən -
Onsuz həyat yetər sona - deyillər,
Mən səni torpağa verəndə bildim
Niyə torpaqlara Ana deyillər...

Qıl körpü

Məni bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha qismətim olmaz -
Görüş gecəmizdi - ən əvvəlimnən.

Ayrı qonaqlardı bu gələnlərim -
Kefcil dostlarıma oxşamır, ana,
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı, ana?

Bu gecə illərim ələnməlidi -
Ən gözəl ilim də, ən bekarı da!
Axır ki, bu gecə bilinməlidi
Bir belə günahın günahkarı da!

Bu gecə sonudu qaranlıqların,
Yaddaşım nurunu Aydan alacaq...
Kim kimə göstərib bu dar yolları,
Kim-kimi aldadib aydın olacaq.

Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan, ömrümü.
Bu gecə taleyim "qıl körpü" üstə -
Məhşər gecəsidi qalan ömrümün...

Məhşər gecəsidi - bilmişəm artıq,
Çəkəcəklər məni son imtahana.
Günahsız vaxtlarım,
duru vaxtlarım...
Bəlkə də, bəlkə də... Nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq -
Dəfnimə yığışır diri vaxtlarım?..

Alma bu gecəni mənim əlimdən,
Məni bu gecənin əlindən alma.
Bu gecə qorxum yox mənim ölümdən -
Bu gecə bir daha qismətim olmaz...

# 3238 dəfə oxunub

Müəllifin son yazıları

# # #