... olsaydım – Alov İnannadan yeni şeir

... olsaydım – Alov İnannadan yeni şeir
25 fevral 2021
# 10:30

Kulis.az şair-esseist Alov İnannanın yeni şeirini təqdim edir.

... olsaydım

Ağac olsaydım,
köklərimdə
necə dadardı torpaq?

Dəniz olsaydım,
bezərdimmi
ancaq göy üzünə baxmaqdan?

Quş olsaydım,
gülə bilərdimmi
sərhədlərə?

Çiçək olsaydım,
uğunub gedərdimmi
arıların qıdığından?

Böcək olsaydım,
çiçəkcə və küləkcə
bilərdimmi?

Qaya olsaydım,
sərtliyim qalardımı
duman məni qucaqlasa da?

Qar dənəsi olsaydım,
necə vidalaşardım
buludlardan qopanda?

Bulaq olsaydım,
üşənərdimmi isinməyimdən
çaylara qovuşanda?

Balıq olsaydım,
necə səslənərdi qulağımda
ləpələrin səsi?

Cığır olsaydım,
arzulayardımmı
yoğunlayıb yol olmağı?

Səhra olsaydım,
ilğımlarıma
özüm də inanardımmı?

Heç nə olsaydım,
necə olardı
heç nə?

Fevral, 2021

# 3137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #