"Bu mətn əhvalat təəssüratı bağışlayır, gerçəklik yoxdur, sünidir" - Hekayə müzakirəsi

"Bu mətn əhvalat təəssüratı bağışlayır, gerçəklik yoxdur, sünidir" - Hekayə müzakirəsi
10 yanvar 2024
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Alpay Azərin "Məhkəməsiz" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Mirmehdi Ağaoğlu:

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

"Alpay Azər hekayələrinin maraqlı mövzusu olur. Onun tarixlə, konspirologiya ilə, siyasətlə yoğrulmuş bir neçə hekayəsini oxumuşam. Məncə, həmən mövzularda Alpay maraqlı, oxunaqlı (gəlirli) kitablar yaza bilər.

Bu hekayəyə gəldikdə isə tapıntı yaxşıdır, həm tarix var, həm də müasir dövr. Zənnimcə, Alpay alimin həyatını gerçəkliyi ilə verə bilməyib, sünilik çoxdur, məhkəmə problemi də ciddi görünmədi. O hissələri daha dərindən işləmək olardı".

Orxan Həsəni:

Qırmızı ayaqqabılar - Orxan Həsəni

"Süjet olduqca maraqlıdır. Mətn özünü oxudur. Səyahətnamələr, Ərəbistan, Şamaxı, sevgi, alimin güzəranı, oğru aləmi, məhkəmə. Mətndə bir dənə də boşluq yoxdur. Ərazisi genişdir. Qaş düzəldərkən göz çıxardan, çıxılmaz vəziyyətə düşən qəhrəman və onu vəziyyətdən xilas edən gözlənilməz qüvvə.

Gördüyüm mənfi cəhət yalnız mətnin hekayədən çox əhvalat təssüratı bağışlamasıdır..."

Təvəkkül Boysunar:

Dərmansız - Təvəkkül Boysunar

"Çox ləzzətlə oxudum. Bundan əvvəl başqa bir müəllifin həcmcə bu mətndən qat-qat qısa olan bir hekayəsini zülm-billahla, yorularaq və sıxılaraq oxumuşdum, hekayədən də heç nə yadımda qalmamışdı. Amma bu hekayə, uzunluğuna baxmayaraq, o qədər gözəl yazılıb ki, zövqlə oxunur. Oxucu sıxılmır, yorulmur. Çünki müəllif nala-mıxa vurmur, uzun-uzadı və mənasız detallarla 21-ci əsrin məşğul oxucusunun vaxtını alıb zəhləsini tökmür. Hadisələr sürətlə inkişaf edir, müəllifsə bu sürətə heç bir qəza etmədən sonacan sadiq qalır. Təkcə elə birinci cümləni götürsək, demək olar ki, müəllif birbaşa mətləbə girməkdə çox usta davranır, axıcı və hamar bir cümləylə birbaşa situasiya yaradır, oxucu istər-istəməz ilişib mətndə qalır. Alpay Azərin üslubu üçün bu, çox xarakterikdir. Dil çox dinamik və hərəkətlidir. Elə bil ki, arın-arxayınca bir atın üstündə oturub çapmaqdasan. Başqa bir gözəl məqam isə odur ki, müəllif hekayədə qətiyyən dahilik nümayiş etdirməyə, oxucunu guya göz yaşına qərq etməyə və başqa şeylərə uğursuz formada can atmır. Sadəcə adi və maraqlı bir əhvalatı gözəl şəkildə qələmə alır.

Alpay müəllimi həm təbrik edirəm, həm də təşəkkür edirəm bu gözəl mətn üçün.

İstedadları bu hekayədən zövq almayacaq qədər kasad, xarakterləri isə bu hekayəyə laqeyd qalıb, bundan qat-qat zəif olan hekayələri paylaşacaq və tərifləyəcək qədər qüsurlu və çirkin olan yazıçı həmkarlarımın şərəfinə bu hekayəni feysbukda öz oxucularımla paylaşmaq üçün səbirsizləndiyimi hiss edirəm".

# 1485 dəfə oxunub

Müəllifin son yazıları

# # #