"Bəsit, yarımçıq, uğursuz mətn" - Hekayə müzakirəsi

"Bəsit, yarımçıq, uğursuz mətn" - Hekayə müzakirəsi
15 avqust 2023
# 16:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Nihat Pirin "Pab rapsodiyası" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Fəxri Uğurlu:

"Təəssüf ki, Nihat Pir bar təəssüratını hekayəyə çevirə bilməyib. Ola bilsin, bu xatirələr Nihatın özü üçün çox əzizdir, ancaq yazıçı gərək öz yaddaşını başqalarına da sevdirə bilə. Təhkiyə ikinci şəxsin təkində olsa da, müəllif bu yazıda ancaq özündən danışır, öz duyğularından oxucuya pay vermir, özünü oxucuyla bölüşmür, özünü öz monopoliyasında saxlayır. Bu isə ədəbi-bədii yaradıcılığın qanunlarına tamamilə ziddir."

Samirə Əşrəf:

"Nihatdan oxuduğum ilk hekayə idi. Sözün düzü, çox adi, çox bəsit mətn təsiri bağışladı. Qəhrəmanın özünü ifadəsi, yanaşması, təsvirləri maraqlı idi. Ancaq mətn çox zəif idi, gücü, tutumu yox idi. Ona görə də, mənim üçün çox zəif mətn təsiri bağışladı. Mənə elə gəlir ki, yazmaq xatirinə yazmaq lazım deyil. Və yaxud hekayə hansısa ovqata düşürsən, təsirindən çıxa bilmirsənsə, - "bunu mütləq yazıyla ifadə etməliyəm" - düşüncəsiylə yazılmamalıdır. Hekayənin adı çox ağırdır. Düşünürəm ki, Nihat daha yaxşı hekayələr yaza bilər, onun potensialı, bu hekayədən qat-qat güclüdür. Ona görə də, daha yaxşı hekayələr gözləyirəm, nəinki belə zəif mətnlər..."

Nargis:

"Hekayədə boşluqda olan gəncin təkliyinin ilğimvari əksi təsvir olunur. Bu tərz hadisələr demək olar ki, hər gün baş verir. İlk baxışda bir gəncin təklik və boşluğunun romantik təsviri insanda kədərli duyğular oyatsa da, əslində, mövzu zəif işlənib. Cümlələrin bədii gücü azdır. Hekayə elə adındaca itirib. Fikrimcə, Nihat daha dərin mövzuları qələmə almalıdır."

Mirmehdi Ağaoğlu:

"Nihatın imzasını maraqla izləyirəm. Hər bir yeni yazısında özü özünü aşır, qələmini mükəməlləşdirir. Bu hekayə öz səliqəsi ilə dərhal diqqət çəkir. Mən bu mətni hekayədən çox etüdə bənzədirəm. Elə bil Nihat oturub pabda və müşahidələrini kağıza köçürməyə cəhd edib. Bu baxımdan mətn dəyərlidir və bu üfüqi gəzişmələr də diqqətəlayiqdir. Lakin hekayə məncə, tam alınmayıb, konfliktin səbəbi yoxdur, nəticə var..."

Rəvan Cavid:

"Məkanlar haqqında, oradakı situsiya haqqında, - həm də Nihat kimi poetikası bol və təhkiyəsi ikinci şəxsə təhkim edilmiş halda - yazmaq çətindir. Məkanlar haqqında deyilmiş. bütün sözləri təkrar etmək məcburiyyətində qalır müəllif. Məsələn, Nihat pabın içindən, iki masadakı duyğu selindən yazıb. Bu cür hekayələr Kortasarın yaradıcılığında bəs qədərdir. Ya da ən yeni ədəbiyyatımızda bir neçə belə nümunə var. Nihat bu təkrarçılığı təhkiyənin essevari poetikası və ikinci şəxsə müraciəti ilə pozub. Sonluq ənənəvi olsa da, oxucu bunu hiss edə bilmir. Müəllifin uğurudur bu da. Pabın, ordakı abu-havanın təsvirləri daha səliqəsiz olsa, məncə, hekayə də bir o qədər daha uğurlu alınardı. Çünki məkanlarla mətn arasındakı bağı qurmağın birinci şərti eyni estetikanı həm təsvirə, həm üsluba, həm də xarakterlərə ötürməkdir."

Əli Zərbəli:

"Əvvəla, qeyd edim ki, hekayələr haqqında rəy bildirmək mənə adətən çox çətin gəlir. Bəzən olur ki, hekayə zəif alınanda, təəssüratlarımı olduğu kimi bölüşmürəm, mətni eşələyib içindən müsbət nüans kimi qeyd edilə biləcək şeylər tapmağa çalışıram (“oxunaqlıdır, atmosfer var” və s.) Hətta Təvəkkül Boysunarın mətnlərində belə müsbət, ruhlandırıcı nələrsə tapıb göstərməyə çalışıram. Ancaq bəzən bu mümkün olmur.
Məncə, bu hekayə alınmayıb. Bunu bir yazıçı kimi yox, oxucu kimi deyirəm. Hekayəni ancaq bir cəhd kimi qiymətləndirmək olar. Mətn başdan ayağa klişe situasiyalardan yığılıb. Hətta bəzi bənzətmələr belə çox klişe alınıb. “O gün sən ilk dəfə gecə günəşi görmüşdün. O gün sən ilk dəfə gecə günəşin şəfəqlərini hiss eləmişdin, ona toxunmuşdun.”
Ümumi olaraq məndə yaranan təəssürat belədir: Elə bil kimsə tənha bir axşamda divanda uzanıb alınmamış sevgidən, sevgi iztirablarından bəhs edən bir türk (məhz türk) mahnısına qulaq asıb. Hisslərin istismarına fokuslanmış mahnı emosiyaları tarıma çəkib və nəhayət, həmin adam ömründə ilk dəfə hekayə yazıb.
Təbii ki, bu, Nihat Pirin ilk hekayəsi deyil. Sadəcə əvvəlki hekayələri məndə belə təəssürat yaratmamışdı. Böyük yazıçılar belə zəif mətnlər yazır. Bəzən elə olur ki, ən püxtə dövrlərində potensiallarının qat-qat aşağısında olan mətn yazırlar. Uzun sözün qısası, olan şeydi. Ümid edirəm ki, dostumuz bu fikirlərimdən inciməz. Nihata uğurlar arzu edirəm. Məncə, daha yaxşı hekayələr yaza bilər"

# 2154 dəfə oxunub

Müəllifin son yazıları

# # #