"Anar həm də onu demək istəyir ki..." - Müzakirə

"Anar həm də onu demək istəyir ki..." - Müzakirə
31 iyul 2024
# 15:18

Kulis.az Xalq yazıçısı Anarın "Qatardan qalan adam" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Öymək, ya söymək? - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu:

“Anarın bu hekayəsi mənə 1995-ci ildə "Portret" silsiləsindən yazdığım bir yazının sonluğunu xatırlatdı: "Ölüm olmasaydı, o, ölümü kəşf eləyərdi. Özünə növbə çatanda isə əllərini qaldırıb deyərdi: qardaşlar, bir dayanın, belə haqsızlıq olmaz, ölürüksə, gəlin bir yerdə ölək...". Məşhur bir fikir var ki, insanın qiyaməti onun ölümüdür. Yaxud da tərsinə: hər kəsin ölümü onun qiyamətidir. Anarın qəhrəmanı da şüuraltı bir istəklə ölümünün qiyamətlə eyni vaxta düşməsni, o dünyaya bütün bəşəriyyətlə qol-boyun köçməyi arzulayır. Bu da olmasa, ən azı istəyir nüvə müharibəsinin daşını-qayasını da əridəcəyi dünya o günə qalsın ki, burada yaşamadığına görə hayıfsılanmasın. Bəlkə də, bu, ölümün astanasında duran hər kəsin arzusudur. Haqqa, ruha, əbədiyyətə inanmayan insan üçün ölüm cəza növüdür, ancaq yaxşı da, pis də ölürsə, ölümə cəza kimi baxmaq olmaz. Gənc biznesmen İshaq Salmanzadə o sadaladığım dəyərlərə inansaydı, nə ölümdən qorxar, nə də ölümün zəhmi altında zəbun olardı. Əminəm ki, o, şəkər xəstəliyini də ailəsi dağıldığına görə yox, məhz ölümdən qorxduğuna görə tapıb. Qırx min ildir babalarımızın canını alan əzrayılın bizə dəyməyəcəyini düşünmək sadəlövhlükdür. Atalar demiş, qorxunun əcələ faydası yoxdur. Hər kəs dünyaya tək gəldiyi kimi tək də gedir. Qiyamət sahibinin bu ölümlər tükünü də tərpətmir. Biz getsək də, qoca, imansız fələyin pəri öz işindədir, ömrümüzü üyüdə-üyüdə fırlanır... Yeri gəlmişkən, mən qiyamətin dağıdıcı proses olduğuna da inanmıram. Oxuculardan üzr istəyib "Leylinin məcnunluğu" adlı hekayəmdən misal gətirməklə fikrimi tamamlayıram: "Məcnun gəldiyi kimi də gedən ordunun dırnağından qopan oda, başından qalxan dumana baxa-baxa düşünmüşdü: yox, qiyamət belə səsli-küylü, belə odlu-alovlu olmayacaq. Qiyamətə nə səs, nə söz, nə tərpəniş qalacaq. Dünya köynəyindən, yer qabığından səssiz-küysüz, bir otu belə tərpətmədən, bir yarpağı əsdirmədən, bir qarışqanı küsdürmədən çıxacaq…"

Bakupost.az - Şərif Ağayar "Kulis”dən getdi

Şərif Ağayar:

"Anar müəllim özü "yazıçı belə olmaz" fikrinə nümunə olduğu kimi, yazdığı hekayə də "hekayə belə olmaz"a unikal misaldır. Mətn çox bərbaddır. Heysiz, enerjisiz, altında heç bir yaşantı, hiss dayanmayan süni söz yığınıdır. Qurduğu bütün kombinasiyaların "calaq yerləri" göz deşir. Ustalığın özü yox, imitasiyası var. Azadlıqdan uzaq düşmək, dünyaya vəzifə və şöhrət duyğuları ilə bağlanmaq, yüksək eqo, hirs-hikkə və kin yazıçını bu vəziyyətə salır. Təəssüf, Anar müəllim ədəbiyyatdan min ağac uzaq düşüb. Onun nəinki yazmaq, hətta ədəbiyyat ovqatına köklənmək gücü qalmayıb. Bu səbəbdən normal həcmli hekayədə bir dənə nəsr cümləsi tapa bilmirsən. Elə bil ssenaridir. Preambula və dialoq. O, gəncliyində də güclü mətn yaza bilmirdi, lakin kombinasiyalar, mütərəqqi mövzular, dramaturgiya, yaşantı müəllifi xilas edirdi. İndi bunların heç biri yoxdur. Yalnız hekayənin dekorativ skeleti var. Ölü mətn də saymaq olmaz. Çünki ölünün sümükləri orijinaldır".

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Rəşad Məcid:

"Bu hekayə dərin mülahizələrə , müxtəlif versiya və yanaşmalara imkan verən, çoxlu və fərqli nəticələrə gətirib çıxaran dəyərli bədii nəsr nümunəsidir.

Təbrik edirəm! Anar müəllimə bol enerji, yaradıcılıq şövqü, siqaretsiz həyat və qatardan düşməməyi arzulayıram!"

Qələbənin işığındakı şeirlər - Nərgiz Cabbarlı yazır...

Nərgiz Cabbarlı:

"Bu mətn “həyat – planlar qurduğumuz zaman başımıza gələnlərdir” mesajını çox ağrılı və təəssüfdoğurucu bir şəkildə qəfil, həm də sərt formada üzümüzə çırpır. Ola bilər, çox təkrarlanmış ifadədir, amma hekayə “gözüyumulu yazılmış mətn” təəssüratı yaratsa da, təsvir edilənlər oxucunun yaddaşında iz salır, darıxdırır, həyəcanlandırır, vəziyyətdən çıxmaq üçün hekayənin qəhrəmanı ilə birgə, hətta ondan da daha artıq dərəcədə yollar aramağa vadar edir. Oxucu ümid, qurulan, reallaşması gözlənilən planlar, yeni sevgi, yeni həyat arzuları müstəvisindən birdən-birə və qəfildən “Qatardan qalan adam”ın – İshaq Salmanzadənin uğradığı həyat fiaskosu ilə birlikdə “sən saydığını say, gör fələk nə sayır” uçurumuna yuvarlanır. Şəxsən mənim üçün yadda qalan gözlənilməz, qəfil sonluq, o sonluqla üzləşdiyim an hiss etdiyim boşluq hissi (“yəni elə beləcə də bitdi?!!!” sualı), bir də “yarısı həddindən artıq gözəl, yarısı isə kifir olduqlarına görə dünyada bütün qadınlara nifrət edən Ərkinazın sevgisizliyi” oldu (nə qədər insani bir hal!). Və o anda bir daha əmin oldum ki, cəmi bir neçə detal bəs edir bir insanın (əsərinin qəhrəmanının) həyatı haqqında çox söz deyə bilmək üçün. “Gözüyumulu yazılmış mətn” (bəlkə, “tələm-tələsik yazılmış mətn” də deyə bilərdim) təəssüratı içərisində belə bu dəqiq “zərbələr” (obraz, onun xarakteri, həyatı, münasibətləri, duyğuları və s. haqqında) vurulur və yadda qalır. Təbrik edirəm".

Əgər ən yaxın dostun müharibədə ölmüşsə... - Rasim Qaraca

Rasim Qaraca:

“Yazıçı Anarın son hekayəsi - "Qatardan qalan adam" son dərəcə qiymətlidir - gənc yazarlara qrafomaniyanın nə olduğunu izah etmək baxımından.

1. İlk növbədə onu deyim ki, hekayənin zamanı qarışmış haldadır. Bəzən yazıçılar bilərəkdən bunu edirlər, ancaq Anar bunu bacarıqsızlıqdan edir. Hadisələr bu günlərdə cərəyan edir, çünki hekayədə oxuyuruq ki 44 günlük savaş artıq baş verib - zamanın sərhədlərindən biri bu gündür. 32 yaşlı İshaq beynəlxalq layihələrdə iştirak edən inşaat firmasının sahibidir, ancaq ingilis dilini bilmir - tipik 60-70-ci illər sovet inşaat mühəndisinə aid bir xüsus. Bu məqam inandırıcı deyil. Bu gün Azərbaycanda beynəlxalq layihələrdə iştirak edən və ingilis dilini bilməyən 32 yaşlı bir mühəndis ola bilməz və bu yazıçının uydurması da deyil, sadəcə naşılığıdır, öz hekayəsinin zamanını idarə edə bilməməsidir. . Hekayənin qəhrəmanı bu və başqa özəllikləri ilə 80 yaşlı qocanı andırır - məsələn, artıq iynəyə bağlı şəkər xəstəsidir - "bir illik uğursuz nigahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsiylə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı". Qarsona dərdini başa sala bilmir, bir milyonçu olduğu halda üzərində ayfonu, onlayn tərcümə cihazı və s. yoxdur, açıq aşkar zamanədən geri qaldığı hər addımında bilinir. Budapeşt sürət qatarındakı vaqon-restoranda (yalnız sovet vaxtı olub qatarlarda burada təsvir olunan tipdə vaqon-restoranlar) siqaret istəyə bilməyəcək qədər acizdir əsərin qəhrəmanı. Dünya çaplı biznesmen olduğu halda iradəsiz bir insandır, 1 illik ailə həyatı, arvadı Ərkinazın (naftalin qoxulu bu adı da haradan tapıb yazıçı, bu gün belə adlar qoyulmur) qısqanclığı onu yarımcan hala salıb, cəmi 1 ildə ağır diabet xəstəsi edib (inandırıcı deyil) - bütün bunlar anaxronizm yaradır.

2. Hekayənin qarışmış zamanının daha bir ifadəsi İshaqın türk iş adamıyla Nyu Yorkda görüşü vədələşməsidir. Anarın yaradıcılığında qırmızı xətlə keçir bu - qəhrəmanlar hansısa uzaq məsafələrdən gəlir və ya gedir: Moskva, Dakar, Nyu-York. Sovet vaxtı kasıb soydaşlarının gedə bilmədiyi məkanları təsvir edib hava atmaq bir məziyyət idi. Bu yerdə də 32 yaşlı milyonçu İshaq sovetdən qalma ixtiyar bir görməmişi xatırladır. Burada da anaxronizm var. Yazıçı unudur, indi elə bir zamandır ki yerindən duran hər uşaq-muşaq dünyanın burasından vurub orasından çıxır, indi Nyu-Yorkla gözə kül üfürmək, oxucunu heyrətləndirmək mümkün deyil.

3. Ən təsirli səhnələrdən biri qatar vağzalında fahişəylə qarşılaşma səhnəsidir, - gopologiyanın bundan artığını uydurmanın mümkünsüzlüyü baxımından təsirlidir. Hələ bu cümlənin necə naşı əlindən çıxma olduğunu demirəm: "Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi." Hekayəni yazıb, ancaq oxumağı yaddan çıxardıb sanki. Bu cür divara təzək yapar kimi təsvirlər bir deyil, iki deyil hekayədə. Gələlim fahişəyə. Macarıstanda, günün günorta çağı sərin əlli fahişə arxadan yazıçını qucaqlayır, e... çaşdım, əsərin qəhrəmanını. Tanışlıqların pulsuz olduğu sovet zamanında da belə bir şeyin olması mümkün deyildi. Açıq-aşkar yazıçı arzularının sublimativ yansımasıdır məncə. Xüsusən "qadın diliylə dodaqlarını yaladı" cümləsi harikadır. Anarın erotik səhnələri təsvir edərkən özünün də halladığı əvvəllər ədəbi tənqiddə əksini tapmış məsələdir.

4. Zamanı qarışmış daha bir təsvir: "Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi." Macarıstanda, tualet qapısında yaşlı gözətçi - bu mənzərə 70-ci illərə aid olmalıdır sanıram. Ardınca yazır: "Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı." Hadisələr sanki bu gün cərəyan etmir, Avropa Birliyinin üzvü müasir Macarıstanda polis xarici vətəndaşı qəfəsə salıb qapısını bağlayarmı sizcə? Bütün bunlar inandırıcı olmamaqdan başqa, yazıçının köhnə dövrdə qaldığını, qəhrəmanın indiki zamanda hərəkət etdirə bilmədiyini göstərməkdədir.

Bundan əvvəl də Anarın bir hekayəsini təhlil etmiş və onun usta bir yazıçı olmadığını sübut etmişdim. Bunları yazmaqdakı məqsədim Azərbaycandakı ədəbiyyat prosesini yanlış tendensiyalardan qorumaqdır. Bir şeyi başa düşməliyik ki, vəzifəli olmaq hələ yaxşı yazıçı olmaq demək deyil.

Plagiatçılıq, gəvəzəlik, ürəkbulandırıcılıq... – Əsəd Cahangir Aqşini sərt  tənqid etdi

Əsəd Cahangir:

“Anar müəllimin yeni hekayəsini maraqla oxudum. İstedad yaşa baxmır. Ən ilginci müəllifin səmimiyyəti və elə bu səmimiyətlə də ictimai rəyə meydan oxumasıdır. Hekayə güclü nasir stixiyasi ilə yazılıb, ona görə birnəfəsə oxunur, oxucunu yormur. Final gözlənilməzdir, novellavaridir, bunun özü də müəllifin uğurudur. Sadəcə, hər şey elə bil qəfil bitir. Bir də hekayədə ümid yoxdur. Hər şey məhvə məhkumdur. Qiyamətdən qaçıs yoxdur. Hekayə bunu deyir. Doğrudan da, həyatın sonu bu deyilmi? Anar müəllimə can sağlığı və yeni belə mənalı, həyatı anladan əsərlər yazmağı arzu edirəm”.

Samirə Əşrəf: "Yazıçılıq kişi sənətidir" - Müsahibə

Samirə Əşrəf:

“Anarın nəsrini sevirəm. Dili çox axıcı, təhkiyəsi cəlbedicidir. Sadə, havadan, sudan başlanan hekayələrində qəfildən mahiyyət başqa səmtə yönəlir, hadisələr fərqli formada cərəyan edir. Mövzular boş deyil, hər birində yaşantı, real faktlar hiss olunur. Anar öz dövründə görüb yaşadıqlarını səmimiyyətlə çatdırmağı bacarır, bu mənada mən onun xaltura etdiyini görməmişəm. Hətta prototip özü olsa belə qəhrəmanı əclafdırsa, bu əclaflığı, meşşandırsa meşanlığı yaza bilir, bəraət qazandırmır. Bakı həyatını duymaq, 60,70,80-ci illərin ortasına düşmək üçün hərdən Anarın hekayələrini, povestlərini oxuyuram. Nostalji duyğuları tənzimləyən, oxucuya rahatlıq, özünəinam qazandıran həyati təcrübə ilə yazıb bütün mətnlərini. Azərbaycanlı oxucu Anarı oxumalıdır qənaətindəyəm. Oxumasa, nə isə itirərmi? Məncə, hə. Bakı həyatını, daşını divarını, ömrünü nəşriyyatlarda, redaksiyalarda bitirən insanların yaşantılarını, yaydan sonrakı payıza qalan küləkli Bakı bağlarını, insan tənhalığını, təkcənə ölmək hissi və bu hissin yaratdığı qorxunu duya bilməməkdir bu itki. Onun bütün qəhrəmanları təkdir, tənhadır. Və Anarın nəsrinin ən uğurlu məqamı da tənhalıq hissinin gözəl verilməsidir. Az yazıçıda bu məqamı tuta bilmişəm. Bunun əsas səbəbi də qəhrəmanlarının çoxunun prototipinin özünün olmasıdır. Bur dəfə müsahibə üçün Anar müəllimin yanına gedəndə, otağının qapısını açdım. Mənim gəldiyimi hiss etməmişdi. Otaqda ömrünün qürubunu yaşayan, müxtəluf xəstəliklərdən əziyyət çəkən, rəngi saralmış, tənha qoca vardı. Onda anladım ki, onun bütün qəhrəmanları məhz özüdür. Anar yaxşı yazıçıdır, əksini iddia edənlərə misalçün, "Macal" povestini oxumağı məsləhət görürəm. Amma Anar müəllimin bu hekayəsi alınmayıb. Maraqlı detallar var, lakin ümumlikdə tələskən yazılıb. Bu hekayədə xoşuma gələn məqamlardan biri idman paltarını geyinib rahatlıqla kupedə ləzzət alan meşşan qəhrəmanın birdən birə küçənin ortasında çarəsiz qalmasıdır. Bilmirəm Anar müəllim bu hadisə ilə özündən qisas alır, yoxsa qəhrəmanından. Hər halda qəddarlıqla yazılıb bu hissə. Ancaq müəllif hekayəni yazarkən sanki mən hələ də hekayə yaza bilərəm, lazım gəlsə, hekayənin son nöqtəsini də qoyaram iddiası ilə bitirib mətni. Bir də Anar, Elçin, onların digər nəsildaşları niyəsə 60,70-ci illərdən bu yana adlaya bilmirlər. Anar yenə müstəqillik dövründən bəri gələ bilib. Amma o, da hələ Türkiyə Bakı arasında var-gəl edir. Ümumilikdə isə, maraqla cərəyan edən, tələskənliklə bitən hekayə oxudum".

Bu, balaca Nuh tufanıdır - Qismət Rüstəmov

Qismət Rüstəmov:

“Anarın yeni dərc olunan “Qatardan qalan adam” hekayəsini oxudum. Bu, məncə, klassik novella ilə pritçanın qovuşağında yazılmış mətndir: sujetin sadə dillə, öz mətləbinə doğru birbaşa yolla ifadəsi, gözlənti (saspens) əraziləri yaratması baxımından novella, eləcə də finala doğru təhkiyənin sürətlənməsi (hətta tələsik görünməsi), ilk baxışdan bədbin ovqat doğurması, simvolik yığcamlığı baxımından daha çox pritçadır.
İndilərdə daha çox impulsiv, impressionist, ilkin təəssürat-mərkəzli yozumlar dəbdədir; bu, həmişə ötəri olur. Filologiyanın əsaslı anlayışları ilə yanaşsaq, Anar bütün yaradıcılığından qızıl xətt kimi keçən anlayış Zamandır. Anarın bütün mətnləri bu və ya digər yollarla Zamana (Xronosa) münasibətdir. Bu, ən sadə baxışla əsərlərinin adında belə görünür: “Gün keçdi”, “Macal”, “Dantenin yubileyi”, “Keçən ilin son gecəsi”, “Yağışlı gecə”, “Şəhərin yay günləri” və s. Hamısında vaxtla, zamanla, günün, ayın, ilin bir hisəssi ilə, müddətlə bağlı məqamlar sərlövhəyə çıxır.
Bir haşiyə. Analoji məntiqlə baxsaq, Şərif Ağayarın əksər əsərləri Məkanla (toposla) bağlıdır; “Daxal”, “Kərpickəsən kimi dastanı” ev tikməklə, məkan qurmaqla bağlıdır, “Gülüstan” qəsəbənin adıdır, “Arzulardan sonrakı şəhər”, “Ağ göl”, “Haramı” hamısı yer, məkan, topoqrafik işarələrdir. Məsələn, Kamal Abdullanın bütün yaradıcılığından qızıl xətt kimi keçən Əlyazmalardır (manuskriptlər). Təkcə əsərlərin adlarına fikir verin: “Yarımçıq əlyazma”, “Tarixsiz gündəlik”, yaxud “Unutmağa kimsə yox” romanında əsas motiv Vəng dağının ətəyindəki çiçəkli yazının sirrini tapmaqdır və s.
Hə, belə, bəlkə əsərləri şərh edərkən əvvəlcə əsas, köklü-köməcli filoloji anlayışları, xronotopları bilmək lazımdır. İndi Anarın hekayəsini oxuyarkən mənim ağlıma, səhv etmirəmsə, ana dilimizdə hələlik heç bir kitabı olmayan bir yazıçının hekayəsi gəldi: Cozef Konradın “Emi Foster”i. Yadıma gəlir, illər öncə İzmir-Bakı təyyarəsində Konradın bu hekayəsini oxuyub təsirlənmişdim. “Emi Foster” ABŞ-a getmək üçün mindiyi gəmi batan və İngiltərə sahillərinə sağ çıxan bir əcnəbinin – Yankonun əhvalatıdır. Yerlilər onu əvvəlcə yabanı, vəhşi bir məxluq kimi tuturlar, sonra Yanko bura uyğunlaşır, özünə bir iş tapır, orada Emi Fosterlə evlənir, bir övladı olur. Konrad deyir ki, evə dönüş yoxdur, uyğunlaşdığın yeni məkan da heç vaxt əsas evin olmayacaq. Finalda Yanko qürbətdə, heç kimin başa düşmədiyi dildə sayıqlayaraq ölür. Qəzadan xilas olur, sağ qalır, ancaq yeni məkan onun evi olmur. Məncə, Anarın yeni hekayəsində də oxşar atmosfer var, ancaq məkanla yox, yenə zamanla bağlı motivlər aktivdir: əvvəla qəhrəmanın biznes münasibətləri üçün səyahəti daha sürətli təyyarə ilə yox, daha nostaljik, daha keçmiş zamana xas qatarla həyəta keçirilir; ikincisi, hekayənin elə əvvəlindəcə məlum olur ki, qəhrəman bahalı “Rolex” saatını (yenə zamanla bağlı işarə) dostuna bağışlayıb, artıq o öz zamanını başqa bir zamana və məkana, eləcə də gələcəyə doğru gedən qatarda təhvil verib. Bundan sonra məlum olur ki, onun qolunda zamanı, cibində siqareti və pulu yoxdur. O, “məchula gedən” (Yəhya Kamal) bu qatarda heçnəsizdir, hətta linqvistik valyutası da (ana dili də) kara gəlmir, başqa dildə isə ancaq “yox” kəlməsini bilir. Bu, liberal-kapitalist dünyaya doğru gedən, qloballaşan dünyada başqa bir zamana aid olan yazıçının “itmiş zaman” haqqında elegiyasıdır. Və bütün elegiyalar kimi, deyəsən, bir az da vida məktubudur...”

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər:

“Hekayəni bir neçə gündür oxumuşam. Yadımda qəhrəmanın ölüm anında düşündükləri qaldı. Qiyamətlə bağlı düşüncələr. Triyerin "Melanxoniya" filmi mənə dəhşətli təsir eləmişdi. O filmdən sonra melanxoliyaya qapılmışdım elə. O filmdən sonra neçə vaxt bunu düşündüm: dünya dağılacaqsa Şekspir də məhv olacaq, Nizami də və s. Maraqlı gəldi hekayənin qəhrəmanının düşüncələri. Ona rahatlıq duyğusu verirmiş hamının eyni vaxtda məhv olacağını düşünmək. Nazim Hikmətin " Yaşamağa dair" şeirinin qəhrəmanı cəbhədə gözlərini əbədiyyətə yumarkən savaşın sonunun necə olacağını düşünür. Hekayə bu təsirlə yadımda qalacaq. Həyat qəribədir. Görəsən o son anda kim hansı duyğuyla rahatlanacaq? Bəlkə, yazıçı həm də onu demək istəyir ki, hər ölüm hər adamın öz qiyamətidir. Hər kəsin öz qiyamət günü var. Ağır söhbətdir”.


# 2351 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #